ƏL BORCU VERİLƏN AĞDAM - Aqil ABBAS yazır

AQİL ABBAS
1443 | 2024-07-23 13:48

Bu gün Ağdamın işğal günüdür. 27 il bu ağrı-acını yaşamışıq. 27 ildə 270 il qocalmışıq. Əslində  yaşamamışıq ey, çoxumuzun ürəyi dərddən partlayıb. Doğma  atam da Ağdam acısını yaşaya  bilmədi. Montində bağda  dostları ilə söhbət edərkən «bu türklər niyə gəlmədi» deyib  ruhunu götürüb  çıxıb getmişdi Ağdama. 

Ağdamlılar son anadək əyinlərinə kəfən  geyinib uşaqdan-böyüyə səngərdə vuruşdular.  Altı könüllü batalyon vardı, bir də Şirin Mirzəyevin hərbi hissəsi. 

Sonra  Surət Hüseynovun 709-cu briqadası gəldi, könüllü batalyonları səngərlərdən zorla çıxarıb dedilər ki, siz çıxın, şəhəri biz müdafiə edəcəyik. 
Və necə müdafiə elədilər?! Şəhəri döyüşsüz-filansız ermənilərə təslim etdilər. Sonra da Ağdamın kənarında  kabab yeyə-yeyə dedilər ki, əl borcu vermişik, qaytaracağıq.

Bu «əl borcu» 27 il çəkdi. 

Və Surət Hüseynovun «əl borcu» verdiyi Ağdamı 27 ildən sonra Ali Baş Komandan, Cənab prezident İlham Əliyevin  sərkərdəliyi ilə Müzəffər ordumuz  şəhidlərimizin qanı bahasına azad elədi. 

İstəyirdim işğalla bağlı  nəsə yazım, gördüm gücüm çatmır. Gördüm o ağrı-acını yenidən yaşayıram və ürəyim dözmür. 

Ona görə də «Tut arağı, donuz kababı və Aşotun məktubu» povestindən  bir parçanı oxuculara təqdim edirəm.

(Povestdən bir parça)

Girdi Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərinə. Şəhər böyük bir tikinti  meydançasına oxşayırdı. Qaynayırdı şəhər. Amma heç kim heç nə tikmirdi. Sökhasök, daşıhadaşı idi. Təkcə Var-Yoxdan olmuş Dünyanın  Ən Varlı Şəhərinin dövlətini deyil, daşını, divarını, taxta-puşunu  söküb  aparmırdılar, həm də uşaqların sevincini, cavanların sevgisini, yaşlı adamların xatirələrini, göz yaşlarını daşıyırdılar. Küçələr tırlarla doluydu. Qarğa-quzğun kimi darışmışdılar şəhərin canına.  Çoxu hansısa başqa bir dildə danışırdı, arada azərbaycanca da sözlər eşidirdi. Maşınların demək olar ki, əksəriyyətinin  nömrələri başqa dildə yazılmışdı. Ara-sıra  Ermənistan nömrəli  maşınlar da gözə dəyirdi.  

Fikirləşdi ki,  bunlar necə müsəlmandırlar, öz qardaşlarının ev-eşiyini  dağıdıb aparırlar. O yorğan-döşəyin içində necə yatacaqlar, o apardıqları televizorda necə futbola baxacaqlar? O apardıqları stol-stulda oturub necə çay içəcəklər, çörək yeyəcəklər? Və fikirləşdi ki, oğruluqla qəhbəlik  qırx gün çəkər… 

… Amma bunların  oğurluqla  qəhbəliyi  qırx gün yox, otuz il çəkdi… 

…  Tırların  arasından maşını bir təhər sürüb keçdi. Bu da bazar, az qala atom bombası satılan bazar. Vurhavurla bazarı da daşıyırdılar. Vaxtilə səs-küydən qulaq tutulan bazarda indi bir ölü sükut vardı. 

Qabağına  çıxan ilk salamat ev Artuşun evi  oldu.  Evin hasarına iri bir xaç çəkilmişdi və üstünə də  ermənicə «Artuşun evi» yazılmışdı. Erməni evi olduğundan əl dəyilməmişdi. Artuşu elə də yaxşı tanımırdı, amma bilirdi ki, şəhərdə  böyük hörməti var. Əvvəl  maşın ustası olmuşdu, sonra  profilaktoriya açmışdı. Artuşun evini də keçdi və başladı  Faxıgilin evini axtarmağa.  Nəhayət, tapdı, hələ söküb dağıtmamışdılar. O da yanmış evlərin birindən bir kömür tapdı, Faxıgilin  hasarına bir xaç  çəkdi  və yazdı «Aşotun evi». Özü də  həm ermənicə yazdı, həm də azərbaycanca. 
Girdi həyətə. Bu həyətdə Faxının  atası Məmməd kişi  onlara çox  kabab çəkmişdi. Çox yeyib-içmişdilər, danışıb-gülmüşdülər, vaxtilə  bu evin  ən əziz qonağı olmuşdu...

… İndi bu əziz qonağı qarşılayan olmadı… 

… Evin qapısı  açıq idi. Girdi içəri, qonaq otağına göz gəzdirdi, hər şey yerində idi. Hiss olunurdu ki, hələ yağmaçılar bu evə girməyib. Divardakı xalça da, xalçanın üstündə  Faxının almanlarla müharibədə həlak olmuş  babasının  portreti də yerindəydi. Heç  nəyə əl dəyməmişdi, küncdəki televizora da.  
İlk dəfə  rəngli  televizoru da  Faxıgildə görmüşdü. Bu televizorda futbola  baxmağın ayrı ləzzəti vardı. Evdəkilər də bilirdi ki,  futbol günü Aşot mütləq gələcək, gələndə də  özü ilə turşu, mürəbbə və bir də çöl  quşları gətirəcək. Onlar  futbola  baxarkən  Faxının anası da onun gətirdiyi kəkliklərdən gözəl bir  çığırtma  bişirəcək, sonra da  yeyib-içəcəklər. 

Bu futbolların içində ən maraqlısı «Neftçi» ilə «Ararat»ın oyunu idi. «Ararat» qol vuranda Aşot  çığırıb-bağırardı, «Neftçi» qol vuranda Faxı ilə atası.

Onda Markarov  «Neftçi»də oynayırdı, sonra qaçıb getdi «Ararat»a. 

Faxı  deyirdi:

- Qaqa, bu Markarov şandığa niyə xayın  çıxdı? Dəyyus! 

Aşot:

- Xayın niyə olur, gedib öz komandasına. 

Mübahisə  böyüyərdi, son nöqtəni Faxının atası qoyardı:

- Qaçmasaydı, valyuta  alveri  üstə Əli Rəhmanov kimi onu da tutacaqdılar. Qaçıb canını  durtardı dana.

Gəldi oturdu televizorun  qabağındakı kresloda, özü də dəməkgərmədən. Təbii ki, işıq olmadığına  görə  televizor işləmirdi. Ekranın aşağısına Rəmişin şəkli yapışdırılmışdı. Aşot da Rəmişi çox sevirdi. Rəmişin xətrinə bir  maqnitofon da almışdı. Valsatan Abbasa da  bir ətək pul verib Rəmişin nə qədər lent yazısı vardı almışdı. Və axşamlar həyətdə maqnitofonu  qoyurdu stolun  üstünə, bütün səsini verirdi. Qonşular da yığışardı onun  həyətinə ki,

Rəmişə qulaq assınlar. 

Qulaq asan ermənilərdən biri:

- Kaş bu köpəyoğlu erməni olaydı. 

Bu vaxt evə  dörd-beş nəfər  adam girdi. Başladılar başa düşmədiyi hansısa bir dildə danışmağa,  nə isə tələb edirdilər.

O da azərbaycanca, özü də ağdamlı ləhcəsiylə soruşdu:

- Ə, nə çığırıf-bağırırsız? Kimsiz, burda nə sülənirsiz?

Əslində «sülənirsiz» demədi, elə bir söz dedi ki, özünüz başa düşdüz də. 

İçlərindən  biri azərbaycanca dedi:

-  Bəradər, niyə söyüş söyürsən? Azərbaycanlısan?

- Yox, erməniyəm.

- Bəradər, bu evi  komendant beş yüz dollara  bizə satıb. Bizimdi, dur bas bayıra. 

«Bas bayıra» sözü Aşotun xoşuna gəlmədi. Qalxdı ayağa, az qaldı azərbaycanca danışanı vura, gördü ki, bunlar çoxdu, qorxdu. 

Dedi:

- Komendant  pox yeyif. Bu evi mən sahibindən dörd min manata  satın almışdım, sənədlər də kənddə məndədi. 
İki yalan  danışdı. Birincisi, o Faxıya  iki min manat  borc vermişdi. Və Faxı da Ayrikanı qaçıra bilməyəndən sonra pulu da qaytarmışdı. İki mini də  üstünə  qoydu ki, bir az inandırıcı olsun. Bəlkə bu evin iyirmi-otuz min manat  qiyməti  vardı, hələ  içindəkiləri demirəm.  İkincisi də, onda heç bir sənəd yox idi, kim idi bunu gedib arayıb-axtaran?

Gələnlər Aşotun  qırımını  görüb:

- Bağışla, bəradər - deyib,  çıxıb getdilər komendantdan pullarını  almağa.  

Ermənilər adətən  adi evləri üç yüz dollara, bahalı evləri beş yüz dollara  satırdılar dilini bilmədiyi bu adamlara.

Aşot yendi evin zirzəmisinə.  Bilirdi ki, Faxının zirzəmidə yaxşı içkiləri var, xüsusilə də  Şampan zavodda hazırlanan konyaklar. Üç litrlik balonlarda olurdu. Bir-iki dəfə o da kəklikdən, turacdan vurub aparmışdı zavodun direktoru  Siyavuş müəllimə pay. Siyavuş müəllim də ona  hər dəfə bir balon konyak bağışlamışdı:

- Ə, Aşot, konyak belə olar ey, İrəvan konyakının adı çıxıf. 

Balonlardan  birini götürüb  qalxdı  yuxarı, yenə dəməkgərmədən oturdu  kresloda.  Balonu açdı, elə balondanca konyakdan bir az içdi…

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV