adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

DiNDiRMƏ QƏMLi KÖNLüMü...

VAHİD ƏLİFOĞLU
26438 | 2010-03-20 01:06
... Koroğlu qılıncını sıyırıb təpildi düşmən qoşununun ləşkərinə. Bir sağa biçdi, bir sola biçdi baxdı ki, bu xına o xınadan deyil. qılıncını bir tərəfə tullayıb, sazı vurdu qoltuğuna və asta qaçan namərddi deyib tüpürdü dabanına...
   
   
   
   "Koroğlu" dastanından.
   
   
   
   ...İndi mənə aydın oldu ki, mərd at kimi qaçar. Arxasına baxmadan, kişnəyə-kişnəyə. Amma nə billah edirəmsə, dabana tüpürməyinən qaçmağının əlaqəsini tapa bilmirəm...
   
   ...Burda hamı "Ruhani" sədaları altında yatıb "Göyçə gülü" havasının nəvazişi ilə oyanırdı... Analar bayatı çələngi hörürdülər:
   
   
   
   ...Əzizinəm, sal yana,
   
   Dara zülfün, sal yana.
   
   Vallah, bir ah çəkərəm,
   
   Kür quruyar, sal yanar...
   
   
   
   ... Atalar hər biri bir dağarçıq dolusu hikmət olan atalar məsəlləri icad edirdilər. Körpələr bələkdə "Segah" üstə ağlayırdılar. Oğullar da bekar durmurdular. Əllərini qulaqlarının dibinə atıb oxuyurdular:
   
   
   
   ...Bəxtim qara, gözüm yaşlı,
   
   Sinəm dağlı, başım daşlı...
   
   Harda qaldın, qələm qaşlı,
   
   Gəl, yarama məlhəm eylə...
   
   
   
   ... Polkovnik Nikolayev beş-on "sarı qulaqla" gəlib çıxdı Qarabulağa. Təşviş, səksəkə içində yaşayan camaatın elə bil gözlərinə işıq, qollarına təpər gəldi. Kəndlərdən kimin nəyə gücü çatırdısa yığıb göndərirdi rayon mərkəzinə. "Xilaskarlar" yerləşmişdilər "Köndələnçay"ın axar-baxarlı sahlindəki "Çənlibel" restoranına... Təsadüfə bax, ey... Yemək-içmək sel kimi axırdı... Hətta bu rusların Rusiyadakı qohum-əqrabaları da yaddan çıxmamışdı...
   
   ... Belə bir xəbər yayılmışdı ki, beş-on günə bu ruslar Qarabağı ermənilərdən elə təmizləyəcəklər ki, kirvə tutmağa bir dığa da qalmayacaq. "Yeddi samuray" və yaxud da "Yeddi oğul istərəm" filmlərini unutmamısınız ki?... Sonralar məlum olacaq ki, bu ruslar Şuşanın alınmasında da iştirak ediblər. Ermənilər tərəfdən...
   
   ...Bütün günü Qarabulaq Ərgünəşdən top atəşinə tutulurdu, amma "Çənlibel"in ətrafına bir dənə də mərmi düşmürdü...
   
   ... Gözlənilmədən ermənilər çıxdılar "Məngələnata"ya. Görənlər bilir ki, "Məngələnata" elə bir mövqedə yerləşir ki, bu dağın başı ermənilərin əlinə keçdisə, deməli Qarabulaq əldən getdi...
   
   ... Başçı, uzun illər rayon toylarının "yaraşığı", müasir yanaşma ilə desək "manıs", kabinetdə rayonun baş tamadası ilə növbəti toyun gedişat ssenarisini müzakirə edirdi ki, bir hərbçi girdi içəri. Başçı "manıs" başını qaldırıb kabinetdə peyda olmuş hərbçini başdan-ayağa süzdü və əsəbi şəkildə dedi:
   
   - Nədi? Nə istəyirsən?.. İçəri girəndə icazə almaq yadından çıxıb?...
   
   Hərbçi başçı "manıs"ın kobud, saymazyana münasibətindən "alınsa" da, demək istədiklərini qısa və konkret çatdırdı ona:
   
   - Bəy, ermənilər çıxıblar "Məngələnata"ya...
   
   Başçı "manıs" baş vermiş hadisənin ya ciddiliyini dərk etmədi, ya da özünü tam qanmazlığa qoyub dedi:
   
   - Mən neyniyim? Nikolayevi tap, əncam çəksin. Bir aydı onu nədən ötrü yemləyirik?...
   
   ... Şahın üç yaşı təzəcə tamam olmuşdu. Ağ sifət, qaraqaş, qaragöz şirin bir uşaq idi. İkinci il idi ki, məmləkəti "idarə" edirdi. Hadisələr təxminən böyük Mirzə Fətəlinin "Lənkəran xanın vəziri" əsərindəki dövrə təsadüf edirdi... Sarayın ətrafındakı bağda şah vəzirin, vəkilin nəvələri ilə "gizlənpaç" oyunu oynayırdı. Oyunun demək olar ki, ən maraqlı məqamı idi. Şah böyürtkən kollarının arasına soxulub gizlənmişdi, vəzirin nəvəsi iki saat idi ki, onu gəzirdi, hələ tapmamışdı... Bu vaxt vəzir və qoşunbaşı daxil oldular bağa. Hər ikisi ətrafı diqqətlə gözdən keçirib titrək və həyəcanlı səslə çağırdılar:
   
   - Qibleyi-aləm, Qibleyi-aləm! Mühüm xəbər var. Gizləndiyin yerdən çıx...
   
   ... Böyürtkən kolları aralandı. Şah didilmiş paltarda, cızılmış sifətdə çıxdı vəzirin və qoşunbaşının qarşısına... Elə bu an vəzirin nəvəsi ağacların arasından çıxıb qaça-qaça yaxınlaşdı şaha, sağ əlini şahın kürəyinə vurub qışqırdı:
   
   - Vurdum, vurdum. İndi də sən yumacaqsan...
   
   Şah sözsüz ki, öz şahlığını göstərməliydi və elə göstərdi də. Ayaqlarını yerə döyə-döyə cığallıqla atılıb-düşdü:
   
   - Yox, bu kov deyil. Məni sən tapmamısan...
   
   Vəzirin hövsələsi bir tikə olsa da, birtəhər əsəblərini boğub yalvara-yalvara dedi:
   
   - Qibleyi-aləm, mənə rəhm et. Qoşun darmadağın oldu. Düşmən qoşunları bir başa bura gəlir...
   
   Şah əhəmiyyətsiz və mənasız bir xəbər eşitmiş kimi üz-gözünü turşudub vəzirə göstəriş verdi:
   
   - Vəzir, rum padşahının mənə bağışladığı pəhləvan hardadı? Gündə bir öküz yeyən pəhləvanı bəs nə vaxta saxlayırıq?...
   
   Vəzir udqunub öskürdü, sonra bütün kişiliyini və qeyrətini cəmləyib bir nəfəsə dedi:
   
   - Qibleyi-aləm, pəhləvan keçib düşmən tərəfə...
   
   ... Şahın göyçək üzü əyildi. Məsum gözlərinə qorxu və təlaş çökdü. Sifəti bomboz bozardı. Xırda, güclə eşidilən su şırıltısı gəldi. Qoşunbaşı torpağın üstünə qoyduğu alnını azca qaldırıb baxdı irəli. Şahın qızılı saplarla işlənmiş şalvarının ayağından su süzələnib buğlana-buğlana düz burnuna tərəf axıb gəlirdi...
   
   ...Başçı "manıs" tamadanı yola salıb kabinetdə var-gəl edirdi. Vaxt keçdikcə və təzə bir xəbər gəlmədikcə istər-istəməz darıxırdı, narahatçılığı get-gedə artırdı. Hərbiçi gedəndən başlamış atışma səsləri dəqiqələr ötdükcə güclənirdi və daha aydın eşidilməyə başlayırdı... Telefon zənginə diksindi. Cəld dəstəyi qaldırıb yaxınlaşdırdı qulağına və tanış səsi eşitdi:
   
   - Bəy, Nikolayevdi danışan. Mən "Məngələnata"nın başındayam, ermənilərlə bir yerdə...
   
   Başçı "manıs" körpünü keçəndə sürücüyə işarə etdi ki, saxlasın. Sürücü maşını saxladı. "Manıs" tüstüsü göylərə dirəklənən şəhərə xeyli tamaşa edib, sağ əlini qulağına söykəyib "Qarabağ şikəstəsi" üstə belə bir bayatı oxudu:
   
   
   
   Əzizinəm, qalasız,
   
   Şəhər olmaz qalasız.
   
   Mən getdim Beyləqana,
   
   Siz salamat qalasız...
   
   
   
   ... O vaxtdan on beş il keçsə də, sürücü söz düşəndə gözlərinin yaşını sel kimi axıdıb deyir:
   
   - Bəyin səsi hələ də qulaqlarımdadı...
   
   
   
   P.S. Biz kövrək, hissiyyatlı millətik. Bir səfir Enn Dersi var idi. Azərbaycanca danışanda elə bilirdim ki, nəinki Şuşa, İrəvan da bizimdi...

TƏQVİM / ARXİV