adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Biz bu dünyanın qonağıyıq...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
768 | 2024-04-02 11:28

...İnsanlar elə bilirlər ki, bu dünyaya əbədi gəliblər. Həmişə yaşayacaq, yaradacaq, kef edəcək və illəri yola salacaq. Amma müəyyən zaman kəsiyindən sonra əksəriyyəti anlayır ki, biz bu dünyaya qonaq kimi gəlmişik. Deməli, qonaq kimi gəlmişiksə, elə özümüzü də qonaq kimi aparmalıyıq. Ancaq özlərini dünyanın sahibi kimi aparan, hətta Allahlıq iddiasına düşən və heç nədən qorxub-eləmədən, insanlara zülm edən adamlar da var. Onlarınsa işi çox ağır olur. Başqa sözlə demiş olsaq, yaxşı əməllərdən çox, pis əməllərin sahibinə çevrilir. Yəni Allahın dediyi yolla deyil, şeytanın göstərdiyi yolla hərəkət edir və axırda da gedib düşürlər Cəhənnəmə!..

...Doğma kəndimizdəyik, həmişə bu kəndin yazı da, yayı da, payızı da, qışı da gözəl olur. Gözəl Bəhmənlinin, gözəl də insanları var. Onlarla bir dəfə görüşsən, sanki sehirli bir aləmə düşmüş olursan. Çünki buranın adamları göy üzü kimi təmiz, bulaq suyu kimi duru, bal kimi şirindirlər. Və bu bal kimi şirin adamlardan biri də məclisinə yığışdığımız şəhid Elçin Süleymanovun atası Tehran qardaşımızdır. O Tehran ki, oğlu Elçinin dərdinə dözə bilmədi və çıxıb getdi onun yanına. Nə qədər təsəlli versək də, nə qədər yanında olsaq da, onların heç bir köməyi olmadı. Həmişə darıxdı, göz yaşını içinə axıtdı və axırda da vüsal yolunu oğlu Elçinə qovuşmaqda gördü... 

...O, tək bizim üçün deyil, Bəhmənli üçün, el üçün qənimət adam idi. Mənən dünyanın ən varlı insanı idi desək səhv eləmərik. Çünki kasıb canıyla bütün qohum-əqrabanın, bütün elin-obanın xeyirində, şərində orda olardı. Hər yerə birinci özünü çatdırardı. Məni hamıdan çox istəyirdi, mən də onu hamıdan çox xətrini uca tuturdum. Bir sözlə, biz bir-birimizlə nəfəs alırdıq... 

İndi də onun qapısında bütün bəhmənlilər 40 məclisinə toplaşıblar. Başqa kəndlərdən də şəhid anaları, şəhid ataları var. Yaxalarında da şəhid övladlarının şəkilləri. Adam onlara baxanda ürəyi para-para olur və istəyirsən ki, ürəyini çıxarıb onların dərdinə məlhəm qoyasan, dərman edəsən. Mən şəhid analarının bu qədər yaxın olduğunu bilmirdim. Füzulidə bütün şəhid anaları bir-birini tanıyır. Övladlarının doğum və anım günündə onların qapısına gedir, dərdlərinə şərik olurlar. Allah onlara dünya boyda ürək verib və Allah onlara bir də dünya boyda səbir də əta edib. 

 

Kəndimizin hər üç mollası məclisdə əyləşib. Öncə məclisi, vaxtilə alman dili müəllimi olmuş və sonradan bu yolu seçmiş, dini mükəmməl bilən Fəxrəddin müəllim aparır. Sonra məclisə molla Məcid, molla Abbas da gəlir və onlar “Qurani-Kərim”in bir neçə surəsini ucadan oxuyurlar. Hamı sükut içindədir. Milçək uçsa, səsi eşidilər. Amma deyəsən, milçəklər də bu səsi eşidib, öz dünyalarına gediblər. Quran səsini eşitməyən insan kar, kor və laldır. Çünki  bu səs insanın bütün ruhuna, qəlbinə və iç dünyasına bir nur gətirir və biz də bu nurun içindəyik...

...Yavaş-yavaş məclis sona çatır. Qohum-əqrəbanın çoxu həyətdə, stulda əyləşib. Sinif yoldaşlarım – Təbriz, Zülfüqar, Veysəl, Şirin, Allahverdi... eləcə də kəndimizin çox böyük ziyalılarından biri olan Kamran müəllim də onların əhatəsindədir. O, uzun illərdir hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışır. Bəhmənlinin ən ağır, ən çətin günündə insanların arasında olub və onlara arxa durub. Üstəlik də kənddə çox böyük işlər görüb - asfalt yol çəkdirib, yeni trasformator qoydurub, artezan qazdırıb. Bütün bunlara görə, kənd camaatı onun rəhmətə gedənlərinin ruhuna dualar edir, özünə və balalarına cansağlığı arzulayırlar. Kamran müəllim Bakıda yaşasa da, amma həmişə Bəhmənlidə, bütün yas məclislərində, xeyirdə iştirak edib. Elə bu sadəliyinə, səmimiliyinə görə də camaat onu çox istəyir. 

Hamı Tehranla bağlı xatirələrini danışır, ötən günləri yada salır. Kamran müəllim də Tehranı yada salmaqla yanaşı, kənddə əmək fəaliyyətinə başladığı hüquqşünaslıq vaxtından partkomluğa qədər hamısını bir-bir xatırlayır. Bir-birindən gözəl, bir-birindən maraqlı anları kino-lenti kimi bizim gözümüzün önünə gətirir və onları yada salır. Həmin dövrdə onunla bir yerdə məsul vəzifədə çalışan insanların çoxu Allahın dərgahına qovuşub. Və Kamran müəllim onları da şirin, yadda qalan, maraqlı danışığı ilə bir daha yada salır və biz də həmin insanları xatırlayırıq, yada salırıq...

...Dünya bax belədir, bir gün gələn, bir gün də getməlidir. Amma baxır Allahın dərgahına sən necə qayıdırsan. Şəhid Elçin Süleymanovun atası Tehran qardaşımız kimi Allahın dərgahına qovuşmaq çox böyük xoşbəxtlikdir. Heç onun ölümü hiss olunmur. Hamımız elə bilirik ki, o, sağdır. Çünki onu yaşadan və bizə sevdirən yaxşı əməlləridir. O, əməllər ki, Allahın dərgahında ona çox böyük dəyər verilir. Və düşünürük ki, Tehran qardaşımızın yeri elə Cənnətdir. 40 məclisində də Bəhmənlidə Cənnət havası vardı. Və bu Cənnət havası bu eli, bu obanı bizə bir daha ürəkdən sevdirdi. Biz bu dünyada qonağıq. Qonağıqsa, deməli, Allahın yoluyla getməli və Onun yanına da yaxşı əməllərlə dönməliyik! Bax belə!..


 

TƏQVİM / ARXİV