adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"Bir xatirə dəftərinə bənzəyir ömrüm" - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1591 | 2023-11-07 12:17

44 günlük zəfər savaşımız bizim 30 il çəkdiyimiz ağrı-acınıbir andaca unutdurdu. Bu Qələbə Vətəndə vətənsiz günlərimizin, qaçqınlığımızın- köçkünlüyümüzün, məzar yerləri tapmaq nisgilimizin tarixin arxivinə verilməsi ilə çiynimizdəki ağır yükü qaldırdı.

Qarabağa gedən ruhların ziyarəti qəbul oldu. O ruhlar bizim 30 illik nisgilimizə hamıdan öncə sevindilər. Çünki onlar şəhidlərin ruhu idi!Vətən üçün, torpaq üçün, millət üçün- bütövlükdə var olmağımız üçün özlərini şəhid edənlərin ruhları idi!

Gəlin etiraf edək ki, biz 2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi xəbərini eşidəndə qəddimiz düzəldi. Şuşada dalğalanan bayrağı görəndə başımız göylərə dəydi. Bir millət kimi öz varlığımızı məhz UCALIQDANhər kəsə göstərdik. Dünya gördü ki, biz varıq, var olmuşuq və var olacağıq. Çünki biz , bütövlükdə TÜRK ,günəş zərrəsiyik. Amma həmin tarixə qədər biz əzablı yollar da keçdik…

Artıq bəlli statistika var. Torpaqlarımızın işğalı dğvründə, eləcə də onun azadlığı uğurunda gedən döyüşlərdə verdiyimiz şəhidlərin, qazilərimizin sayı da bəllidir. Həmin o şəhidlərin sırasında Azərbaycanın bütün bölgələrini təmsil edən vətən övladları var. Həmin o şəhidlərdən biri də Qədim Nəqşicahanda, yəni Naxçıvanda doğlumuş, həyatının ilk gənclik illərini yaşayan, özünəməxsus istedadı, fərqli xüsusiyyətləri və birdə vətən sevgisi olan İlkin Seyidovdur.

Müqəddəs bir ocaqda, yəni Seyid Mirnəzir ağanın evində dünyaya gələn İlkin düşmənlərin baş qaldırdığı günlərdə özünü irəli atdı. Naxçıvanda Xüsusi Təyinatlıların sırasına qoşuldu və göstərdiyi şücaətlə qısa bir zamanda həm döyüş dostlarının, həm də onu tanıyan hər kəsin hörmətini qazandı.

İlkin Seyidov qısa həyatı dönəmində məktəbdə də, məhəllədə də. xüsusi təyinatlı polis dəstəsinin üzvləri arasında da özünü hər kəsəsevdirə bildi. Ona görə də onun şəhidlik zirvəsinə yüksəlməsi bir əqidənin, bir məsləkin gerçək nəticəsi kimi qəbul olundu. Yəni İlkin özünü həm vətəninin fədaisi, həm də şəhidi kimi görürdü. Bax bu səbəbdən də onun barəsində danışılan xatirələr, qələmə alınan yazılar son dərəcə inandırcı , düşündürücü və İlkinin adına layiqdir.

Bu gün oxuculara təqdim etdiyim "Bir xatirə dəftərinə bənzəyir ömrüm " (sənədli povest) kitabı onun həyatının, keçdiyi qısa , həqiqətdə isəböyük ömür yolunun səlnaməsidir. Yazıçı- publisist Fərid Rəhimlinin qələmə aldığı sənədli povestdə hadisələr birbaşa Naxçıvamda cərəyan edir. Yəni müəllif İlkinin doğulduğu evdən, oxuduğu məktəbə, yaşadığı məhəllləyə oradan isə İlkinin döyüş dostlarına qədər yol gedib , onlarla təmas qurub və İlkinin obrazını yaradıbdır.

Kitabı oxuduqca İlkinlə həmsöhbət olur və açıq-aydın görürsən ki, bu cür oğullar məhz Vətən üçün doğulur. Vətəni ucaltmaq üçün dünyaya gəlir!.

Fəridə Rəhimlinin kitabında İlkinin çəkdiyi rəsm əsərləri, eləcə də onun ailə albomundan fotolar həmçinin doğmalarının, dostlarının, valideynlərinin, eləcə də İlkinin adını daşıyan qardaşı oğlu İlkin Seyidzadənin təyarəçi geyimində fotosu da yer alıb.

Kitabda İlkin haqda söylənilənlər müəllif tərəfindən bir “Ilkin nağılı” kimi təsvir olunub. Bu nağılın sonunda onun qəhərəmanlığı göz önündə dayanır. Şükürlər olsun ki, bu qəhərmanlıq böyük zəfərimizin sütunalrından biridir. Bütövlükdə isə hər bir şəhidimiz, hər bir qazimiz qələbimizi bütövləşdirən güclərdir.

Şəhidlərimizin məkanı cənnət, qazilərimizin canı sağ olsun.

TƏQVİM / ARXİV