adalet.az header logo
  • Bakı -°C

Azərbaycan Futbolu - Əl-Fatihə

OĞUZ AYVAZ
21551 | 2018-11-23 12:54
A- A+

Bugünkü yazımızın mövzusu sevimli komandamız Azərbaycan millisi olacaq. Sevindik ki, milli komandaların seçmə mərhələ sistemi dəyişdi. Zəif komandalar bir yerdə, ortabab komandalar bir, güclülər də bir qrupda yer alacaq. Şükür dedim içimdən. Biz ki, cırtdanların içində ən güclü olacağıq. Çifayda. Qrupumuzdakı ölkələrə baxaq: Malta, Kosova, Farer adaları. Və biz bu qrupdan şərhsiz birinci olmalıydıq.

Ancaq fikir verin, qrupun lideri Kosova oldu. Özü də bizi 4:0 darmadağın edərək. Matçı şərh edən diktorumuzun elə bir heç vecinə deyil. İnsan əsəbləşər, emosiyalara qapılar, ya da bir xeyli susar, danlayar, etiraz edər. Heç nə, eləcə deyir, vəssalam. A kişi milli bizimdi, niyə komndamıza fikir bildirmirsən? Niyə tənqid etmirsən? Türk futbolu da hazırda itin günündədi. Di gəl, onların şərhçiləri komandaları uduzanda səsləri elə kədərli, hüznlü eşidilir. Deyirsən, heyf Türkiyə millisindən. Az keçmir komandaları haqda fikir bildirir, analizlər edir.

Biz niyə özümüzü dağın başına qaldırırıq? Kosova kimi komandasına rüsvayçı hesabla uduzmaqla? Diqqət edin: Azərbaycanda Futbol İttifaqı1914-cü ildə, Kosovada isə 2014-cü ildə yaradılmışdır. Arada 100 illik böyük fərq var. Tarixlərində ilk dəfə bu cür böyük hesablı qələbəni də bizi rüsvay edərək əldə ediblər. Azərbaycan futbolu adına bunun tək açıqlaması var: Biabırçılıq!

Matçdan sonra Qurban Qurbanov deyir ki, "Rəqib həqiqətən güclüdür. Həm, psixoloji cəhətdən, həm ustalıq səviyyəsi baxımından bizdən üstün idilər.” Qurban müəllim, rəqib daha dünən futbol meydanlarına ayaq basıb. Təzəcə UEFA onlara lisenziya verib. Özü də Kosova Bakıxanov qəsəbəsi boyda ölkədir. Nə deməkdi bu, bizdən güclüdülər, ustadırlar. Ayıb deyil? Bu nə qorxaq analizdi? Niyə axı biz Kosovadan qat-qat zəif olmalıyıq? Nə vaxta qədər bu cür açıqlamalar eşidəcəyik? Bu niyələr deyəsən laaap çoxalacaq.

Daha sonra da qeyd edir ki, "Futbolçuların üstünə çox getməyək. Bu gün komandamızın gücü tam bilindi.” Niyə getməyək? O oyunçular milli forma altında oynayırlar, Azərbaycanın adına mücadələ edirlər. Xeyir ola mənim ölkəmin adını batırırlar? Baş məşqçisənsə onlara öz sözünü keçirməlisən, yeri gələndə ata kimi şapalaqlamalıdır ki, oyunda savaşsınlar, canlarını dişlərinə sıxsınlar. Yoxsa ki, maaşım gəlir, vəssalam, şüt-tamam olmasın. Bu haqda o qədər yazılır, danışılır, heç bir xeyri də olmur.

Niyə bölgələrimizdə futbol yoxdur? İsmayıllıda, Şəkidə, Qubada, Qusarda, Kürdərmirdə, Salyanda, Qazaxda, Lənkəranda, Astarada, Naxçıvanda, Mingəçevirdə, Şamaxıda, Yevlaxda və digər adını çəkmədiyimiz rayonlarımızda futbol adına bir şey yoxdu. O zaman biz hansı futboldan danışaq? Bu məsələrə görə AFFA məsuliyyət daşıyır.

Uşaq futbolundan da danışaq. Danışsaq guya faydamız olacaq. Uşaq yaşlarımda futbol meydanlarından əl çəkməzdim. Bütün günü oynayardıq, qar, yağış demədən. İndi baxıram, məhəllələr, stadionlar boş, bir-iki uşaq topa könülsüzcə toxunurlar. Bu mənzərələr mənə çox toxunur. Daxilən içimdəki futbol sevgisi qar dənəcikləri kimi əriyib yoxa çıxır. Üstəlik də Azərbaycan futbolunun bu günü də.

Atam beynəlxalq futbol çempionatlarına tamaşa edərdi. Həmişə kasıb, iqtisadi cəhətdən zəif ölkələrə daha çox azarkeşlik edərdi və bu sevgini bizə də aşılayardı. Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı; Qana, Kamerun, Seneqal, Fildişi Sahili, Anqola və s. Bir də yadımdan çıxmayan bir cümləsi var: "Kasıbların futbolu da kasıb olur!”

İndi futbol haqqında xatirələrim yaddaşımda rəqs edərkən düşünürəm ki, burjuaziya öz kirli əlləri ilə futbolun həyəcanını pula bulaşdırdı. Mənə elə gəlir, uşaqlığımla bərabər, saf, təmiz, unudulmaz futbol da həyatımdan çıxıb getdi...

Nə qədər yazsaq, müzakirələr etsək də ölkəmizdə futbol canını tapşırmaq üzrədir. Gedib Joze Maurinyonu, Fatih Terimi də gətirsən, biz düzələn deyilik. Qısası, futbolumuzdan əlimizi üzək!


P. S. Yazını işləyərəkən Aqil müəllim içəri girdi, dedi, nədən yazırsan, dedim, futboldan. Möhkəm güldü. Dedim, nəyə gülürsünüz, dedi, heç yadıma bir jurnalistin vaxtilə dediyi aforizm düşdü: "Azərbaycan milli komandası Argentinanın formasını geyinmişdi, amma Masallının "Viləş" komandası kimi oynayırdı. İndi bizim milli də bu dəfə "Real Madrid"in formasını geyinmişdi, amma "Səbail" kimi oynayırdı."

TƏQVİM / ARXİV