adalet.az header logo
  • Bakı -°C

Oğuz Ayvaz: Qonşu qonşunun vayfayına möhtac

OĞUZ AYVAZ
26866 | 2019-04-23 13:49
A- A+

Dövrümüz insanı, intellektuallar demiş, post insanı tənhalıq zamanını yaşayır.

Ciddi deyirəm, zarafat etmirəm. İnsanı insandan internet ayırdı. Daha heç kim heç kimə qonaq getmir, tez-tez görüşmür. Artıq hər kəsin öz dünyası var. Milyonlarca tənha dünya...

O dünya bizim paralel dünyamızdı. Orda ehtiraslanır, üzülür, sevir, darıxır, gülürük. Ancaq hamısı süni, saxta, simvolik. Hərdən köhnə filmlərə baxıram. 80-85-ci illər Azərbaycan, türk filmlərinə. Ordakı aktyorların üz cizgiləri, gözləri, sağlamlıqları diqqətimi çəkir. Necə də məmnun, mutlu, nikbin görünürlər. Bəlli olur ki, o dövr insanı real münasibətlər, həqiqi sevgilər, gərçək sevinclər, ünsiyyətlər yaşayırdı.

Yaratdığımız tənha dünya bizi durmadan çağırır: bizim Tanrımız sənsən, gəl bizi idarə elə.

Axı niyə dövran dəyişdi? Niyə biz bir-birimizdən min kilometr uzaq düşdük? Halbuki bu qədər yaxın ola-ola... Axırıncı dəfə qonaq getməyim yadıma düşür. Süfrə açılıb, hər kəs yemək yeyir. Gördüm ki, hamı tez-bazar yeyib qurtarmaq istəyir. Yeməyin ləzzətini almırlar. Kənara qoyduqları telefonları səs çıxardır: mesaj gəldi, zəng gəldi...

Qonaqlıqda ağsaqqal bir kişi divanda tək başına oturub gözünü döyürdü. Qarınları doyan ev əhli öz dünyalarına çəkildilər. Ağsaqqalın yanına keçdim. Düz üç saat fasilə vermədən söhbət etdik. Necə ləzzət elədisə qonaqlıqdan getmək bilmirdim. Kişinin uşaqlıq illəri, əsgərlik, ruslar, eston qızları...

Daha qonşu qonşunun külünə yox vayfayına möhtacdı. Doğurdan da elədi. Neçə dəfə təzə qonşu qapımızı döyüb, deyib ki, vayfayınızın kodunu deyərdiniz. Bax beləcə bu dövr insanı tənhalaşır.

İndi dünya depressiya dövrünü yaşayır. Qloballaşma, soisallaşma adlı o qədər tədbirlər, konfransalar keçirilir, məqalələr yazılır. Hamısının da bir mesajı var: insan tənhalaşsın!

İnternetin yayılmadığı zamanları xatırlayıram. Hələ onda diskə, video kasetlərə marağımız vardı. Bir film üçün, mahnı üçün dükan-dükan gəzirdik. Qardaşımla Kamal Sunalın filmlərini şəhərdə axtardığımız günlər. Necə də böyük həvəslə onun filmlərini tapmağa çalışırdıq. Tapanda da uşaq kimi sevinir, evə tələsirdik. Yaxud da Sezen Aksunun, Elvis Preslinin mahnıları üçün...

Qərara gəlmişəm. Artıq hər həftə tanıdığım adamların evinə qonaq gedəcəm. İnternetdən işim üçün istifadə edəcəm. Feysbuku gündə 1-2 saat istifadə edəcəm.

Dostlarımı yenidən qazanmağa çalışacam. Amma nə faydası olacaq? Dünyanı dəyişə bilməyəcəm. Yenə insanlar internetdən sevdiyi adamlar kimi yapışacaq.

Kaş insanlar kitab xəstəliyinə tutulardı. Hər kəs oxuduğu əsərlərdən danışardı. Bunun üçün görüşərdik. Onda da ədəbiyyat ədəbiyyat olmazdı, hə?

Bəlkə siz düşünəsiniz, neyləyək? Neyləyək ki, insanlar bir-birlərinə qarşısın. Təklifləriniz varsa, yazın, elan edin.

Mən demirəm ki, internetsiz dünyada yaşayaq. İnterneti intellektimizi inkişaf etdirmək üçün istifadə edək. Yaşamağa, münasibətlərə, ünsiyyətlərə daha çox zaman ayıraq.

TƏQVİM / ARXİV