Amerikalı olmaq cəhənnəm, hələ amerikalının iti olmaq ayrı xoşbəxtlikdi. Qəzetələrdə bir xəbər qarşıma çıxdı, çox üzüldüm, iki gündü özümə gələ bilmirəm. İren An adlı bir amerikalının 12 yaşlı bir iti ölüb. İt nə it? Yemə, içmə, xətti xalına, gül camalına tamaşa elə. Hələ gör onu hansı şampunlarla çimizdirirmişlər, hansı ətirlərlə ətirləyirmişlər, yemək-içməyi də… adamın lap ağzı sulanır. Adı da Bu. İngilis dilində bilmirəm, amma Azərbaycan dilində adı bir az pis səslənir. Belə iti olanın sahibi gör nə gözəllikdəymiş ey.
Seyid necə deyib: «İt demə, o dəxi bizim birimiz, belə ölülərə fəda dirimiz».
Deyirəm, nə yaxşı Trampın iti ölməyib ey. Yoxsa heyfini müsəlman ölkələrinin birindən çıxardı.
Mənim də bir itim var, o da çox gözəldi, şirindi, şəkərdi, adam kimi it dili bilir. Özü də çox həssasdı. Nəinki yad adam görəndə, hətta Amerikanın peyki həyətimizin üstündən uçanda az qala zənciri qıra. İren Anın iti kimi şampunla çimizdirə bilməsəm də, yağışda özü elə qəşəng çimir ki, hətta damcılarla oynayır da. Hürüşü də musiqilidi, səsi bizim telekanallardan düşməyən bəzi müğənnilərin səsindən məlahətlidi.
Düzdü, yemək-içməkdə özüm kimi korluq çəkir, amma mən özüm müdirə giley-güzar etmədiyim kimi, o da mənə giley-güzar etmir. Bir qarnı ac, bir qarnı tox ikimiz də birtəhər yola veririk.
İren Anın iti barədə ona danışdım. Dedim, ay nemes, o itin Facebookda 16 milyon izləyicisi varmış, itin ölümü az qala dünyanı şoka salıb. Sosial şəbəkələr başsağlığından partlayır. ABŞ-ın telekanalları yas yerindən reportajlar verir, qəzetlər şəklini manşetə çıxarıblar. Sən ondan əskik deyilsən ha, mən də sənin şəklini çəkib qoyacam Feysə, qoy dünya səni də tanısın. Görsünlər özüm kimi necə ağıllı itim var, həm də özüm kimi yaraşıqlı.
İndi müdirdən xahiş elədim, sağ olsun, sözümü yerə salmadı, pul istəyəndə sifətini turşutsa da, it söhbətini danışanda güldü getdi. İcazə verdi ki, itimin şəklini həm saytda, həm də qəzetdə o amerikalının acığına dərc edim. Özü də mənim itimin adı Bu deyil ey, Arçi Balddı. Ada bax ey: Arçi Bald. Bir Arçi Bald deyəndə yeddisi də adamın ağzından tökülür.
Hələ bu günlərdə videosunu da çəkib paylaşacam.
Baba Pünhan nə təhər yazmışdı:
İt Oğuzun günündə, Oğuz da it günündə.
Şair Oruc Qoşqarlı şair dostlarını başına yığıb yemək-içmək verirmiş. Babat vururlar, Oruc Qoşqarlı başlayır tulasını tərifləməyə, ay filan şampunla çimizdirirəm, ona necə yal bişirtdirirəm, gündə neçə katlet yeyir və sair və ilaxır.
Gənc şairlərdən biri deyir:
- Ay Allah, məni Oruc Qoşqarlının iti elə.
Amerikalının iti olmaq da xoşbəxtlik imiş. Amma yazıq mənim itim .


Bakı -°C
