adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Aqil ABBAS: MÜƏLLİM  VURAN YERDƏ GÜL BİTƏR

AQİL ABBAS
14093 | 2022-01-08 10:33

Müəllim şagirdi yerə yıxıb eşşək sudan gələnə kimi, dəli inək balasını  çığnayan kimi  çığnadı...

 

Məşhur filmdə deyildiyi kimi:

 

- Yaz ki, pilləkandan yıxılıb ölürlər.

 

- Davud, bəlkə yazım ki, yıxılıb  əzilirlər.

 

- Ölürlər, yaz, o yaxşıdı.

 

Üç gündür sosial şəbəkədə bir məktəb direktorunun yuxarı sinif şagirdinə yüngül bir sillə  vurmasını paylaşırlar.  Və şəbəkədə müəllimi linç edirlər – polisə veriblər, araşdırırlar  və sair və ilaxır.  Türklərdə belə bir söz var: «Hoca vurduğu yerdə gül bitər».

 

Müəllimin şagirdinə zor tətbiq eləməsinin əleyhinəyəm. Amma müəllimin buna görə linç edilməsinin də əleyhinəyəm.

 

Uşağı  atası döyə bilər, anası döyə bilər, amma müəllim hansısa bir tərbiyəsizliyinə görə  bir balaca  tənbeh edəndə  aləm dəyir bir-birinə.  İndi bir  jurnalist araşdırmır ki,  o məktəb direktoru şagirdini niyə bu cür tənbeh edib, hansı hərəkətinə görə.

 

Müəllim  şərəfli işdir və özü də ən çətin bir peşədir. Bir sinifdə 35 şagird,  müxtəlif ailələrdə  tərbiyə görmüş, hərənin bir xarakteri, oxuyanı-oxumayanı, dəcəli və sair və ilaxır. İndi müəllim bunların hamısı ilə dil tapmalı, həm onlara  elm öyrətməli, həm də  təlim-tərbiyəsi ilə məşğul olmalıdır.

 

Bir dəfə yazmışdım, bu maaşla bizim uşaqlara dərs deyən müəlimlər hamısı  milli qəhrəmanlardı. Bizi yetişdirən, adam edən  müəllimlərimizdir. Bizim hamımız müəllimlərə  borcluyuq. Amma biz bunları unuduruq.

 

İndi məktəb direktoru bir şagirdi tənbeh edir. Məktəbdə 1000-1500 nəfər  şagird  təhsil alır, yenə deyirəm, hərəsi də bir xarakterə malik. İndi  heç  birimiz bilmirik ki, bu məktəb direktoru niyə şagirdi belə tənbeh edib. Şagird  nə etmişdi, hansı xətaya  yol vermişdi və sair və ilaxır. İndi araşdırırlar. Yəqin sonda  məktəb direktorunu işdən çıxaracaqlar, günahkar o çıxacaq.

 

Hər bir şagird müəllimin  övladıdır. Müəllim öz doğma övladını necə sevirsə, şagirdini də elə sevir. Ata-ana övladını sevgidən hər hansı bir xətasına görə cəzalandırırsa, müəllim də şagirdin hər hansı bir  xətasına görə sevgidən onu cəzalandırıb.

 

Əziz valideynlər, hər bir xırda tənbehdən ötəri əvvəl özünüz məsələni  araşdırın, sonra  polisə müraciət edin.

 

Müəllim övladınız üçün yanan bir şamdır, o şamı söndürməyə tələsməyin.

 

TƏQVİM / ARXİV