adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  XIII (DAVAMI)

AQİL ABBAS
926 | 2023-02-14 09:10

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Arvadı Surenə:

- Ay kişi, uşağa niyə qarğış tökürsən?

- Ay itin qızı, onun qucağındakı avtomata bax. Şakir onu Əzrayılın əlinnən almışdı. İndi o avtomat götürüf əzrayıllıq edir, şandığa. Yox, day mən xəjələtimdən yaşaya bilmərəm. Sabah Şakir qayıdanda onun üzünə, bu kəndin camaatının üzünə nejə baxajam, xayxırıf sifətimizə tüpürəjəhlər? Toyunu da Şakir eləmişdi, Rəmişi də gətirmişdi. Toydan pul da götürmədi, dedi, mənim adımnan yaz nəmərə. İndi bu qurumsaq oğlu qurumsaq Şakirlə yediyim bir ton çörəyə tüpürdü. Yoox, mən buna dözə bilmərəm. Qoy bir evə gəlsin, Həzrət Abbas haqqı, ya onu öldürəjəm, ya özümü...

… Suren oğlunu öldürə bilməyəcəkdi. Surenin oğlunu Ovçu Ədilin qardaşı oğlu Müşfiq öldürəcəkdi. Hələ o günə vardı…

… Hələ Suren Şakirin evinin eyvanında başına qapaz salıb ağlaya-ağlaya bağırırdı, Şakir də Lökbatanda yataqxananın kafesində başına qapaz salıb ağlaya-ağlaya söyürdü – həm özünü, həm də Sureni. Şakiri sakitləşdirə bilmirdilər, vurub stol-stulu da aşırtdı, sonra da kafedən çıxdı.

Bir az hava almaq istədi. Dəniz tərəfdən meh əsirdi, amma bu meh Abdal-Gülablı meşələrənin mehi deyildi, heç dəniz mehi də deyildi. Bu mehdən dəniz qoxusu deyil, neft qoxusu gəlirdi.

İndiyədək bircə dəfə çimərliyə getmişdi, o da arvad baş-beynini aparıb, zəhləsini tökəndən sonra:

- A kişi, dərədən o qədər su daşımışam ki, ayaqlarım şişib, hələ də ağrıyır, deyirlər dəniz qumu xeyir eləyir. Altında maşın, nə olar, canın çıxar bircə dəfə məni dənizə aparsan?

- Az, sarsax-sarsax danışma, elə bircə pilyajımız əskiydi.

- Çimməyə demirəm ey, ayaqlarımı quma basdırarıq.

Şakir arvadı qoltuğuna vurub bir dəfə aparmışdı Lökbatanda xəstəxanaya, görsün arvadın ayaqlarının dərdi nədi. Həkim də xeyli dərman yazmışdı, demişdi bunları qəbul eləsin, amma bu dərmanlar az tapılır.

Şakir resepti götürüb gəlmişdi aptekə:

- Qızım, maa bu dərmannar lazımdı.

Aptekçi qız reseptlə tanış olandan sonra demişdi ki, bu dərmanlar bizdə yoxdu.

Şakir təzədən bayıra çıxıb yenidən qayıtmışdı və üzünü aptekçi qıza tutub demişdi:

- Qızım, ordan maa iki kilo kartof, iki kilo soğan, iki kilo da badımcan çəh ver.

Qızın gözü dörd olub hirslə soruşmuşdu:

- Ay dayı, sən nə istəyirsən?

Şakir də elə həmin tonda təkrarlamışdı:

- Eşitmədin? İki kilo kartof, iki kilo soğan, iki kilo da badımcan.

Aptekçi qız:

- Sən hansı kənddən gəlmisən?

- Üstüaçıx kəttən.

Bu vaxt geyimli-gecimli, qalstuklu bir nəfər üstündə «müdir» yazılmış otaqdan çıxıb soruşdu:

- Nə səs-küydü, nə lazımdı?

Aptekçi qız üzünü müdirə tutub:

- Görmürsən, kəndçi nə deyir?

Müdir:

- Nə lazımdı, qardaş?

- İki kilo kartof, iki kilo soğan, iki kilo da badımcan.

- Qardaş, bizi dolamısan, görmürsən bura aptekdi?

Şakir:

- Aptekdi? - dedi, sonra cibindən resepti çıxarıb verdi müdirə; - Aptekdisə, onda bu dərmannarı ver.

Müdiri gülmək tutdu, aldı reseptə baxdı və dedi:

- Lotu oğlansan, axşam tərəfi gəl, bütün dərmanlar hazır olacaq, apar.

Şakir də axşam gedib dərmanları alıb gətirmişdi, amma elə bir xeyiri olmamışdı.

İndi arvada dedi:

- Az, bir ətəh pul verif o qədər dava-dərman aldım, xeyri olmadı, indi pulsuz qumun xeyri olajax?!

Gördü çox zəhləsini tökürlər, arvad bir tərəfdən, uşaqlar bir tərəfdən, bir gün yığdı Surenin maşınına, kafedən Market Vəlişi də çağırdı:

- Ə, nemes, gəl otur, gənizə gedirih, səni də aparım bir yaxalan. Yüz ildi çimmirsən, kirin-pasın tökülsün.

Market Vəliş kafeni uşaqlara tapşırıb tez yüyürüb oturdu qabaqda, getdilər üzügüləbətinə – Şıxova.

Çimərlik adamla dolu idi.

- A kişi, camaatı görürsən, bütün şəhər burdadı.

- Az, bunnar kefinnən gəlir ey.

Axtarıb bir boş yer tapdılar. Təbii ki, arvadın donunu çıxarmağa qoymadı:

- Az, donunu çıxartma, camahat bədənini görüf qorxuf-eliyər.

- Nə olub mənə? Darvazamızın ağzında süləndiyin nə tez yadından çıxıb?

Nə isə, arvad donunu çıxarası olmadı, Şakir qumu qazıb onun ayaqlarını quma basdırdı. Özü və uşaqları isə soyundular, əyinlərində uzun, qara içtuman dənizə girmək istədilər. Bu dəniz deyildi, mazut idi başdan-ayağa. Uzun illər Sovet hökuməti bu dənizin neftini daşıyıb aparmışdı, bizə qalan da suyun üzərindəki bu mazut idi. Çiynərə-çiynərə girdilər dənizə. Su qurşağına çatanda dayandı, uşaqlara da dedi ki, məndən arxada durun. Üzməyi bilmirdi, ümumiyyətlə, ağdamlılar üzməyi bilmir. Ağdamda dəniz yox, Kür yox, Araz yox. Bir Sarıcalıda su anbarı vardı, bir də Çaybağça, ora da şəhərin dəcəl uşaqları gedirdi. Şakir Sarıcalı su anbarını çox görmüşdü, yol kənarı idi, Ağcabədiyə, Ağdamın Ağcabədi tərəfdəki kəndlərə gedib-gələndə görmüşdü, amma Çaybağçanın adını eşitmişdi. Qarqarda da su ildə bir dəfə yaz gələndə olurdu, onda da sel dağı-daşı dağıdırdı. Sel nəinki adamları, hətta maşınları belə qabağına qatıb aparırdı. Şakir də bütün ağdamlılar kimi, balta kimi üzürdü.

İndi dayanmışdı qurşağadək suyun içində, bir addım qabağa getməyə qorxurdu. Market Vəliş isə özünü vermişdi dərin yerlərə, qeyri-ağdamlı kimi üzürdü.

Şakir:

- Ə, nemes, belə üzməyi harda öyrənmisən?

- Ə, bilmirsən, mən marskoy flotda qulluq etmişəm?! Özü də orda niyə durmusan bəri gəl.

Şakir:

- Niyə, bu su o sudan döyül?- sonra da çimərlik paltarında ceyrana oxşayan xanımları göstərib dedi: - Ə, nemes, sən öl, bunnarı görən çətin Ağdama qayıda.

Dənizdən qayıdanda da arvadı evə qoyub uşaqları götürüb getdi hamama ki, mazutdan təmizlənsinlər. Evə qayıdanda da dedi:

- Arvad, bir də mənnən dəniz istəsən, səni qumda yox, aparıf Quzannıda basdırajam.

Day arvad da bir söz demədi, ayağının ağrısı da kəsməmişdi. İllərin ağrısı birgünlük qumla çıxmazdı.

İndi neft qoxulu meh onu bir az sakitləşdirdi. Amma nə qədər elədi Surenin avtomatlı oğlunu yadından çıxara bilmədi. Hara baxırdı Surenin avtomatlı oğlunu görürdü.

Yenidən qayıdıb girdi kafeyə. Yenə bərk domino gedirdi, televizorda da hansısa bir duzsuz müğənni bir sarsaq mahnı oxuyurdu. Yüz qram da araq süzüb içdi və domino oynayanlara dedi:

- Ə, bir az da bərk şaqqıldadın, bəlkə ermənilər daminonun şaqqıltısını eşidif qorxuf qaşdılar.- dedi və getdi evə.

Yataqxananın dəhlizində qadınlar yığışıb yenə «Santa-Barbara»ya baxırdılar. Ona elə gəldi ki, bu müharibə qurtaracaq, amma «Santa-Barbara» qurtarmayacaq.

Sir-sifətindən zəhrimar tökülən Şakiri görən qadınlar özlərini yığışdırdılar. O isə heç nə demədən girdi olmayan evinə. Uşaqlar dərslərini hazırlayırdılar. Arvad da bir tərəfdə yatmışdı.

Abdıl-Gülablıdan çıxandan Şakir xəcalətindən arvada yaxın durmamışdı. Hərdən qaçqın dostlarını da söyürdü:

- Ə, xəjələtinizdən arvadın yanına nətəər girirsiz?

Uşaqları görəndə yenə özünü saxlaya bilmədi, onları bağrına basıb təzədən hönkürməyə başladı. Uşaqlar da qoşuldu atalarına. Ağlaşma səsinə arvad yerindən qalxdı:

- Yenə zəhərlənmisən?

Ürəyindən arvadı döymək keçdi, amma uşaqlarının yanında heç vaxt arvada əl qaldırmamışdı. İndi də əli qalxmadı.

Şakirgildən ağlaşma səsi gəldiyini eşidən qonşular gəldilər ki, görsünlər nə olub. Şakirdən yox, arvadından soruşdular:

- Nə olub, nə ağlaşmadı?

Arvadın yerinə Şakir cavab verdi:

- Arvadın atası ölüf.

Qadınlar Şakirin arvadını qucaqlayıb başladılar başsağlığı verib ağlamağa.

Şakirin arvadı:

- Allah ətinizi töksün, Şakirdi dana, deyir. Tanımırsız Şakiri?

Gələnlər başlarını bulayıb dinməz-söyləməz çıxıb getdilər.

Şakir də elə paltarlı-paltarlı yıxılıb yatdı. Yuxusunda da kəndlərini gördü. Yenə Surenin avtomatlı oğlunu gördü. Onların evini yandırdığını gördü. Və çox qəribədir ki, oğlu evi yandırırdı, Suren də həyətdə hönkür-hönkür ağlayırdı. Sonra Surenin oğlu Şakirin gözü qarşısında arvadını da, uşaqlarını da güllələdi, sonra bir neçə güllə də Şakirə vurdu. Güllələrin ağrısından Şakir ayıldı, öz-özünə dedi:

- Qalsın qulluğunda, Suren, Allah ömür versə oğluyun başını özüm kəsəjəm. Mən kəsə bilməsəm də oğlannarım kəsəjəh…

… Gün gələcəkdi Şakirin övladları da, Müşfiq Abbasovun oğlanları ilə birgə Böyük Vətən Müharibəsində Şuşayacan gedəcəkdilər. Kəndlərinin də, bütün şəhidlərin də qisasını alacaqdılar, amma heç kəsin başını kəsməyəcəkdilər. Çünki ermənilər kimi faşist deyildilər. Təslim olan əsirləri də incitməyəcəkdilər, çünki ermənilər kimi faşist deyildilər. Surenin oğlunu da Müşfiq vurub öldürəcəkdi. Qələbə sevincini də Daşaltında yaşayacaqdılar, amma geri dönməyəcəkdilər. Orduda qalıb qulluq edəcəkdilər. Hələ o günə çox vardı. Hələ Şakirin uşaqları onu qucaqlayıb mışıl-mışıl yatırdılar. Hələ dövran Surenin oğlunun dövranı idi.

Şakirin gözünə qarmonu sataşdı, heç kimə lazım olmayan qarmonu, bir də əlinə götürməyəcəyi qarmonu. Uşaqları oyatmamaq üçün ustufca qalxdı və qarmonu götürüb olmayan evindən çıxdı. Getdi Turac arvadın olmayan evinin qapısını döydü. Qapını Turac arvad açdı, Şakiri görüb təəccüblə soruşdu:

- Şakir, heç bilirsən saat neçədi? Bu gecə vaxtı xeyir ola?

- Xeyirdi, inşallah.

Turac arvad gülüb dedi:

- Ə, sonra yataqxanada söz çıxar.

Şakir də güldü:

- Ay arvad, sən sağsağansansa, mən də qartımış qarğayam, qorxma.

Keçdi içəri. Əlindəki futilyarı qoydu yerə:

- Saa söz vermişdim, al bu da qarmon, ver uşağa. Deynən əmin bağışdıyıf.

Sonra da əlini cibinə salıb bir topa pul çıxartdı:

- Al, uşağa təzə əyin-baş al. Qoy məktəbə təzə paltarda getsin.

Turac arvad kövrəlib Şakirin boynunu qucaqladı:

- Şakir, dədeyin Mazdoxdakı goruna qurban olum.

- Ehh, ay xala, indiyə gor qalar? - dedi və qayıtdı özünün olmayan evinə.

Arvadı da yuxudan ayılmışdı:

- A kişi, bu gecə vaxtı hara getmişdin?

- Bazdığa.

Arvad aley verdi:

- Nəynən Alış?! Yıxıl yat, uşaqları da oyatma.

Şakir bu dəfə soyundu, uşaqları oyatmamaq üçün girdi arvadın yanına. Arvad qəşş elədi:

- Boyy, gün hardan doğdu, ə?

- Az, ağlına başqa şey gətirmə, bizim günümüz çoxdan batıf, - sonra da arxasını arvada çevirib yatdı.

 

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV