adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Andranikin qulağıyla kar olan dünya - Emin Piri yazır

Emin Piri
325 | 2022-03-30 12:17

Çoxlarına təqvimdən başqa bir anlamı olmayan 31 mart. Faciə faciəni unutdurur. Necə ki, Qarabağ və digər məsələlərdən, faciələrdən sonra mart kimi olaylar bir qədər kölgəyə çəkilmiş oldu. Yalnız dövlətin və az qismdə şəxsin sayıqlığı nəticəsində az-çox gündəmə gətirilir.

Bir faciəni unutmaq digər gələcək faciənin müjdəçisi olur. Eynilə, mart hadisələri və sonrakı onillər ərzində yaşadıqlarımız.

Bu tip soyqırımlar xəstəlikdir. Bəli, məhz xəstəlik. Yoluxucu xəstəlik. Bir beynə düşdüsə minləri, on minləri, hətta milyonları yoluxduracaq.

Əşi, dünyanın nə vecinə...

Beyinlərdən beyinlərə, ruhlardan ruhlara yayılan, insanı zombiləşdirən, şovinizmdən belə daha qorxulu xəstəlik. Bu yoluxucu düşüncə xəstəliyi bir dəfə beyinə düşdüsə onu nə hansısa vaksinlə sağalda bilə, nə də kökünü kəsə bilərsən. Yalnız bir yolu var, o da həmin beyni dəyişməkdir.

"Erməni soyqırımları” ilə baş qatan dünyanın bu fəaliyyətinin heç də erməni sevgisindən də olduğunu düşünmürəm. Bu canfəşanlıq türk və müsəlmana olan nifrətdəndir. Lap bu cümlədən türkü də çıxaq, müsəlmanı da. Gələcəkdə özündən artıq güc ola biləcəyini düşündükləri bütün millətlərə, cəmiyyətlərə qarşı.

Nə 1918-ci illərdə on minlərlə müsəlmanın qətliamı, nə də Qarabağdakı faciələr önəmli deyil onlara.

Hə, ara-sıra ədalətli qərarların da şahidi oluruq. Keçmiş Yuqoslaviyada baş verənlər haqqını müəyyən dərəcədə tapdı.Günahkarlar cəzalandırıldı. Buna qısqanclıqla yanaşmıram. Ədalətin bərpasıdır, amma qərbin Yuqoslaviya rəhbərliyinə qarşı qıcığı olmasaydı, əmin olun, o hadisələr də sadəcə statistikadan başqa bir şey olmayacaqdı.

İndi nə etməli? Gözləməliyik ki, qərb nə zaman erməni siyasətçilərini, rəhbərlərini, o hadisələrin günahkarlarının varislərini şantaj etmək istəyəcək?

BMT-nin nə bilim qətnamələri var idi işğal olunmuş rayonlarla bağlı...O qətnamələr nəyi həll etdi və ya qətnaməni həyata keçirməkçün dünya özü nə etdi?

Hə, həmin ölkələr nəsə etməyə çalışır, yeni bəyanatlar verir. Amma bizim əleyhimizə...

Andranikin qulağıyla kar olan dünya öz dediklərini belə eşidə bilmir. Bərkdənmi qışqıraq?

Jestika diliylə onlara başa salmağımız isə gecdir. Çünki onda da gözlərini yumacaqlar.

  • Iyul:
  • 2

TƏQVİM / ARXİV