adalet.az header logo
  • Bakı -°C

Vətən təəssüratları 2026 (İkinci yazı) - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
34 | 2026-09-22 09:00
A- A+

Yazının əvvəli burada

Yollar

Həmişəki kimi deyil, çox yerdə dağılıb. Yolsuzluğu, həm də Türkiyə türklərinin bu sözü işlətdiyi mənada, hiss etmək olur. Mənim əsas istifadə etdiyim Zabrat–Pirşağı və oradan da Buzovnaya gedən yollar ya dağılıb, ya da qazılıb-tökülüb.
Bir neçə il öncə çəkilmiş yol niyə dağılsın, niyə qazılıb-tökülsün? Necə deyərlər, soruşmaq məndən, cavab tapmaq sizdən.

Qonaqların gözü ilə

Qonaqların gəlişinə qədərki ötən zamandan yazmayacağam, yazını uzatmağın mənası yoxdur. Zaman gəldi və qonaqların bəzilərini qarşılamaq üçün ayrı-ayrı günlərdə hava limanına getmək lazım gəlirdi.

İlk qonağımızı qarşılayıb mərkəzdəki otellərdən birinə yola düşürük. Bu qonağın atası Almaniyada doğulub, özü İsveçrədə dünyaya gəlib, orada böyüyüb, hazırda isə Niderlandda ali təhsil alır. Bu yerdə bir haşiyə çıxım.

Dünya çox balacadır

Hava limanından otelə gedəndə yol boyu söhbət olsun deyə bir neçə ay öncə xanımımla Almaniyaya getdiyimi dedim. Yol yorğunu idi, hər halda, buna elə də diqqət etmədi. Qonağı otelə yerləşdirib evə qayıtdıq.

Sabahı gün həmin qonağı oteldən götürüb şəhərə çıxdıq. Hələlik həmin oteldə qalan yeganə qonağımız olduğu üçün, tək qalmaması naminə ona bir qədər artıq diqqət göstərməli idik. Qısası, bir yerdə əyləşib söhbət etdiyimiz zaman yenə də bir neçə ay öncə Almaniyaya getdiyimizi dedim. Hansı şəhərə getdiyimizi soruşdu. Mən də Koxem (Cochem) şəhərinin adını çəkdim və bəyəndiyimizi bildirdim.

O da tez: “Onun yaxınlığında bir şəhər var, Traben-Trarbax (Traben-Trarbach) şəhəri. Mənim atam orada doğulub. Nənəmin evi hələ də oradadır”, — dedi.

Gülümsədim: “Təsadüfə bax, ora da getmişdik. Körpünün bir başında maşını park edib körpünü keçdik və düz sona qədər getdik. Orada bir kilsə var idi. Yanında da evlər. O qədər gözəl evlər idi ki, çoxusunun şəklini çəkmişəm...” — deyən kimi sözümü kəsdi:
“Mənim nənəmin evi oradadır”, — dedi və tez internetdə evin şəklini axtarıb taparaq mənə göstərdi.

Gözləri gülürdü. Mən həmin evin də şəklini çəkdiyimi deyən kimi telefonda sürətlə nəsə yazmağa başladı və bir qədər sonra: “Atama yazdım, danışdıqlarımızı. Sevindi və çox qəribə təsadüf olduğunu dedi”, — söylədi.

Güldüm: “Dünya balacadır. Doğrudan da təsadüfə bax: atan Almaniyadan olsun, İsveçrədə doğulub böyüyəsən, sonra Niderlandda oxumağa gələsən və orada Azərbaycanda doğulmuş, indi Niderlandda yaşayan biri ilə rəfiqə olasan, sonra da onun toyunda iştirak etmək üçün Azərbaycana gələsən. Sən burada rəfiqənin ata evini, uşaqlığının keçdiyi evi görəsən. Məlum ola ki, rəfiqənin atası da sənin ata evində, sənin də, özünün dediyin kimi, uşaqlığında tez-tez getdiyin, gözəl xatirələrin olan ata evini görüb, hətta evin şəklini çəkib”, — dedim.

Deyirlər ki, avropalılar soyuqqanlı olurlar. Amma bu, səni yaxından tanıyana qədər belədir, çox vaxt. Bizim bu söhbətimiz zamanı bu gənc qızın gözlərinin dolmasını görəcəkdiniz. Dünya doğrudan da balacadır.

Ardı var. 

Vüqar Abbasov.
Niderland. 
Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı

  • Avqust:
  • 28

TƏQVİM / ARXİV