adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Təmiz adam

FAİQ QİSMƏTOĞLU
41023 | 2014-03-08 01:01
... Gözünü açıb ətrafına baxanda və yanındakılara nəzər-diqqət yetirəndə çox şeyə məəttəl qalırsan. Eşitdiklərin və gördüklərin tamamilə bir-birindən fərqlənir. Biri təmizlikdən danışır, biri düzlükdən dəm vurur, biri də yıxılana arxa durmaqdan söz açır. Amma əsl həqiqət isə deyilən kimi olmur. Yəni bunu həmin adamlar üzdə deyirlər və əməlləri o qədər də dürüst olmur...
... Elə şeylər var ki, onu Allah-Təaladan başqa heç kəç görə və bilə bilməz. Ən azından ona görə ki, kimi danışdırsan özünü haqlı hesab edəcək və deyəcək ki, mənim tutduğum yol düz yoldur. Ona görə də deyirik ki, kimin düz və əyri yol tutduğunu ancaq Allah-Təala bilir. Çünki bizim bu dünyada bildiyimiz bir çox həqiqətləri o dünyada yalan hesab edirlər. Məlum olur ki, haqq-ədalət dediyimiz bir şey varsa, o da uca Allahın yanındadır, qalanları boş şeydir...
Təmiz adamlara gəldikdə isə onlar var. Belə adamlar hər bir yerdə, hər bir məmləkətdə, hər bir kollektivdə yaşayır və işləyirlər. Sadəcə olaraq onların qədri bilinmir. Yəni belələrinə layiq olduqları qiymət və dəyər insanlar tərəfindən zamanında verilmir. O vaxt həmin adamları başa düşürlər və dəyərləndirirlər ki, artıq o insanlar dünyasını dəyişirlər. Bax, onda da hər şey gecikmiş olur. Daldan atılan daş isə topuğa dəyər.
O təmiz adamlar heç vaxt heç kimə yaltaqlanmırlar və heç kəsin qeybətini eləmirlər. Öz səmimiyyətləri və qeyri-adi hərəkətləri ilə tamamilə başqalarından fərqlənirlər. Biri haqsız söz deyəndə o dəqiqə bomba kimi partlayır və etirazını bildirirlər. Ən azından ona görə ki, belə təmiz adamların yanında haqsız danışmaq bir yana, kiminsə qeybətini eləmək mümkün deyil. Ya onlar o söhbəti yarımçıq qoyub otaqdan çıxacaq, ya da qeybət edənlərin payını verəcəklər. Hər halda, təmiz adamın bir sifəti var: üzdə necədirsə, arxada da elədir...
Belə bir atalar sözü var: "El üçün ağlayan göz kor olar". Bu atalar sözünü eşidəndə mənim lap ətim tökülür. Bilmirəm, bu sözü hansı atalar nə vaxt və necə deyiblər, amma bir onu bilirəm ki, bu fikirlər yerində işlənməyib və o təmiz adamlar haqqında yanlış təsəvvür yaradır. El üçün ağlayan göz heç vaxt kor olmaz. Ulu Yaradan haqqı nahaqqa verən deyil. Əgər kimsə bu millət, bu xalq üçün yaxşı bir iş görürsə, onu camaat qiymətləndirməsə də Uca Yaradan dəyərləndirir. Belə xeyirxah, təmiz və vicdanlı insanları Yaradan həmişə qoruyur.
Başqa bir deyim də var: "Düz adam düzdə qalar". Vallah, düz adam heç vaxt düzdə qalmaz. Düzdür, o haqlı, ədalətli mövqe tutduğuna görə, düz söz dediyi üçün qarşı tərəfdən incidilə bilər, ona təpki ola bilər, ancaq heç vaxt düz söz deyən insan ayaq altında qalıb tapdalanmaz. Onu görə tapdalanmaz ki, düz söz demək, haqlı və ədalətli olmaq insana Allah-Təala tərəfindən buyrulan bir yoldur. Bu yolu tutub gedən adamlar yıxılsalar da, daş-qalaq olunsalar da mütləq axırda işıqlı yola çıxırlar və mükafatlarını alırlar.

Mənim rəhmətlik atam deyərdi ki, düşməniniz də olsa, əgər o haqlıdırsa, həmin adamın üstünə heç vaxt getməyin. Çünki haqqdan uca və haqdan böyük qüvvə yoxdur. Bəzən təmiz adamlar haqqında savadsız, imkanlı, varlı-hallı adamlar dodaq büzürlər. Deyirlər ki, filankəs təmiz adam idi, axırı nə oldu? O qədər varın-dövlətin içindəydi. Nə özünə, nə balalarına, nə də nəvələrinə bir gün ağlamadı, amma eşşək Əhmədin oğlu qaz vurub qazan doldurdu. Heç adını və soyadını yaza bilmirdi, amma indi nə qədər mağazaları, mal-qarası və var-dövləti var. Bunu adi insanlar belə fikirləşirlər. Çünki müəyyən müddətdən sonra eşşək Əhmədin oğlunun əlindən var-dövlət çıxdı, elə yenə kənddə ona eşşək Əhmədin oğlu deyirlər. Amma kəndin poçtun müdiri olmuş Bəhram kişiyə həmişə rəhmət oxuyub və oxuyurlar. Çünki Bəhram kişi 40 il böyük bir kənddə poçtun müdiri işlədi və kiminsə pulunda gözü olmadı. Hətta təqaüd alanda və digər pulları götürərkən kənd sakinlərindən kimsə bir manat, beş manat pul qoyub gedəndə Bəhram kişi o pulu götürüb həmin adamın arxasınca qaçar, o pulu onun cibinə basar, götürməsə də dalınca tullayardı.
Poçtun müdiri Bəhram kişini mən də görmüşdüm. Onda 9-cu sinifdə oxuyurdum. "Araz" qəzetindən 7 manat 50 qəpik qonorar gəlmişdi. O qonorarı alanda 50 qəpiyi götürmədim, Bəhram kişinin də hirs vurdu başına, dişinin dibindən çıxanı mənə dedi. Dedi ki, "ay oğul, heç sənin dədənin verdiyi pulu götürmürəm, o ki qaldı nə zülmlə yazdığın məqalənin 50 qəpiyi ola. Götür, oğul, götür, bir də belə iş eləmə. Bil ki, Bəhram dayı hər kişinin tayı deyil".
Kənd poçtunun müdiri Bəhram kişi uzun müddət bir "qalınçanı" qışın vaxtında geyərdi, amma heç kəsə boyun əyməz və minnət götürməzdi. 20 ildir ki, dünyasını dəyişib və bu gün də bizim kənddə hamı Bəhram kişinin təmizliyindən, halallığından və mərdliyindən danışır. Ancaq qaz vurub qazan dolduran, var-dövləti başından aşan və pullarını "balta kəsməyən" adamlar çox nadir halda yada düşür. Əgər o adamlardan biri savab iş görübsə, ondan danışırlar, heç qalanlarını yada salan yoxdur.
Təmiz adamları, təmiz kişiləri və halal insanları sağlığında qorumaq və sevmək lazımdır. Dünyasını dəyişəndən sonra bu adamlar barəsində onsuz da hamı ağızdolusu danışır, sadəcə olaraq bu təmiz adamları hansısa alçağın, hansısa şərəfsizin və hansısa nakişinin qabağında əyilməyə qoymayın! Çünki haqq-ədalət əyilirsə, onda bütün insanlıq ayaqlar altında qalır! Siz Allah, qoruyun təmiz adamları! Siz Allah, sevin təmiz insanları! Çünki onların bir sifəti var, çünki onların əlindən heç vaxt yamanlıq gəlməz...

Faiq QİSMƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV