adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ŞEYTANIN NÖKƏRi

BABƏK YUSİFOĞLU
37957 | 2011-07-05 11:31
(əvvəli 29 iyun tarixli sayımızda)
   
   
   
   Həmin əsəri tərifləyənlər də var. Görəsən Salman Rüşdi həmin adamların atasını, anasını, qızını, arvadını... təhqir etsəydi, onlar bu yazarı tərifləmək fikrinə düşərdilərmi? İnanmıram. Yox, hətta bu halda belə tərifləyənlər tapılsaydı, onda həmin kəslər heç kosmopolit də deyil, çox biədəb bir adla adlandırılardılar.
   
   Heç də elə çıxmasın ki, Salman Rüşdi bizim peyğəmbərimizi, bizim Quranımızı təhqir etdiyinə görə optimal düşümcəmizi itirib ona nifrət edirik. Xeyir, bütün müsəlman olanlar Həzrəti Adəmdən, İbrahim Xəlildən tutmuş Musa, İsa və sonuncu peyğəmbər Məhəmmədədək hər birini peyğəmbər kimi qəbul edir, onların Allah tərəfindən seçildiyinə ürəkdən inanırlar. Ona görə də heç bir müsəlman digər peyğəmbərləri təhqir edən hərəkətdə bulunmayıb, bulunmaz da. Hətta məsuliyyətlə deyə bilərəm ki, müsəlman ailənin övladı olan, amma dinlərə inanmayan, Salman Rüşdi kimi Şeytanın nökərinə çevrilməyən, normal ağıla sahib bir şəxs heç vaxt hansı peyğəmbərisə belə təhqirə məruz qoymaz. Tanrıya, Müqəddəs Kitaba, peyğəmbərlərə inanmamaq o demək deyil ki, saysız-hesabsız insanın inandıqlarını təhqir edəsən. Amma təkcə Salman Rüşdi deyil, biz dəfələrlə xristian dininin nümayəndələrinin bu cür hərəkətlərinin şahidi olmuşuq. Nə yazıq ki, bir çox hallarda belə qeyri-insani aktları din xadimləri özləri həyata keçirirlər. Bunun bariz nümunəsi elə bu günlərdə Birləşmiş Ştatlarda bir kilsə xadiminin müqəddəs Qurani-Kərimi yandırma mərasimi keçirməsiydi. Şeytanın nökəri olmadan bunları etmək mümkündürmü?..
   
   
   
   SƏLİB YÜRÜŞÜNÜN YENİ FORMALARI
   
   
   
   Kosmopolitizmin ideoloqlarının xoşuna gələn təkcə Rüşdinin yaradıcılığındakı ideyalar, prinsiplər deyildi, burada əsas nədən islamın, Qurani-Kərimin təhqirə məruz qalması, müsəlman dünyasına Səlib yürüşünün həm də ideoloji formada davam etdirilməsiydi. Bu prosesə müsəlman ailəsindən çıxmış bir şəxsin bu şəkildə qoşulması onlar üçün əsl tapıntıydı. Əgər biz elə son dövrlərin hadisələrinə nəzər salsaq, həmin yürüşün təsdiqini görərik. Müsəlmanları terrorçu gözündə görüb, islamı ən yaxşı halda radikallıqda günahlandıran həmin yürüş bu gün də sürdürülür. Axırıncı 20 il ərzində gözünü qırpmadan hərbi arsenalıyla 2 milyona yaxın müsəlmanı məhv edən Qərbin bir müsəlman ailəsindən çıxmış şəxsin həyatını belə yüksək səviyyədə qoruması gülünc görünmürmü?
   
   Bir sıra xristian dövlətləri şübhəsiz İslama təzyiq üçün bu adamdan, bu əsərdən yararlanmalıydılar. Kitabın çapı, yayılması üçün şəraitin yaradılması, mükafatların alınması, ən yaxşı roman elan olunması, ona Buker mükafatının verilməsi... müəllifin sırf başarısı ilə bağlı ola bilərdimi? Xeyr, çünki özlərindən olan müəlliflərə də bu qədər dəstək, diqqət göstərilməyib. Hətta küfr dolu kitabın filmi də çəkildi. İnsanlıq adına utandırıcı haldır ki, dövlət qurumları bu filmdə Salman Rüşdinin öz obrazını oynaması üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçirdilər. Bəli, Salman Rüşdi həvəsləndirilirdi. O, yazmağına ara vermədi. "Harun və dənizin tarixi", "Mavrın son nəfəsi", "Qəzəb", "Florensiyalı cadugər", "Kloun Şalimar" və s. əsərlərini yazdı.
   
   2005-ci ildə "Vaşinqton post" qəzetində Əhməd Salman Rüşdinin "İslamda islahatlar zamanı" adlı məqaləsi dərc olundu. Nə öldürülmək qorxusu, nə xarici aləmdən təcrid edilmə əzabları, nə insanların lənətləri onu "ağıllandırmamışdı". Məqalədə İslamın islahatlara ehtiyacı olduğunu yazaraq küfrlərinə davam etmişdi. Özünün Allahsız olması azmış kimi, müsəlmanlara dinə tarixi hadisə kimi baxmağı məsləhət görür, təqdim olunanaların reallığa deyil, əfsanələrə söykəndiyini söyləyirdi. Salman Rüşdiyə göstərilən diqqət, verilən dəstək, edilən yardımlar... azmış kimi 2007-ci il 16 iyunda kraliçanın doğum günü münasibəti ilə keçirilən tədbirdə ona ədəbiyyata "göstərdiyi xidmətlərə" görə, Britaniya İmperiyasının cəngavəri adı verildi, həm də ser adlandırıldı. Bundan sonra İslam dünyası yenidən təlatümə gəldi. Müsəlman təşkilatlarından biri əlavə olaraq Rüşdinin məhvi üçün 150 min dollar mükafat elan etdi. Məhz bu son olaylardan iki həftə sonra onun teleaparıcı, aktrisa və model olan hind kökənli arvadı Padma Lakşmi boşanmaq üçün məhkəməyə müraciət etmişdi.
   
   
   
   MƏNZİLLƏRİ TƏK ARVADLARINI DA TEZ-TEZ DƏYİŞİRDİ
   
   
   
   Ümumiyyətlə, islam dinini təhqir edən bu küfr mənbəyinin öz ailə həyatı bərbad şəkildə keçmişdi. O, rəsmi şəkildə dörd dəfə evlənmişdi. Salmanın birinci arvadı aktrisa Klarisa Luard Rüşdü ilə on il birgə yaşamışdı və Zəfər adlı oğulları olmuşdu. 1987-ci ildə boşanan Salman Rüşdi ikinci dəfə amerikalı yazıçı Marianna Viqqinslə nigaha girdi və bu evlilik cəmi beş il sürdü. Bundan sonra Salman Rüşdi subay yaşamağa üstünlük verdi, evlilikdən əvvəlki həyatını, yəni məxfilik içərisində, təklikdə yaşamağa davam etdi. Belə düşünürdü ki, həyatlarını onunla bölüşən qadınlar onu anlaya bilmirlər. Məncə bu belə deyildi. Salman Rüşdinin özünün dünyaya baxışı, gerçəkliyə, mənəvi dəyərlərə münasibəti çox fərqli idi. Və əslində onun bəlası da buradan qaynaqlanırdı. Milyardlarla insanın inancına, müqəddəs bildiyinə, əsrlər boyu başları üzərində saxladığı Kitaba, Tanrının göndərdiyi vəhlərə... həqarət etdiyini düz sayırdı. Heç olmasa hər yerdə şüar etdiyi söz azadlığı... önündə hesabat vermirdi ki, bu "haqqı" ona kim verib?! Demokratiya, söz azadlığı, allahsızlıq... o demək deyil ki, digərlərini təhqir edəsən. Əslində təhqir, küfr... olan yerdə ədalətdən, haqdan, lap elə demokratiyadan danışmaq ikiüzlülükdən başqa bir şey deyil. Bunu anlamaq üçün isə nə filosof, nə yazıçı, nə də dindar olmaq gərəkdir. Çünki bu heç kimin təkzib edə bilməyəcəyi bir məntiqdir.
   
   Salman Rüşdi xaraktercə həm də böyük ambisiyalı adamdı. Hər şeyi öz maraqları çərçivəsində görən bu şəxs növbəti dəfə ailə qurmağa qərar verdi, bu dəfə Britaniyanın tanınmış naşirlərindən biri Elizabet Vestlə evləndi. Lakin bu dəfə də cütlüyün birgə yaşayışı çox çəkmədi. Təxminən yeddi il davam edən ailə həyatı 2004-cü ildə bitdi. Salmanın bu evlilikdən də Milan adlı bir oğlu doğuldu. Ancaq bu dəfə o, uzun müddət subay qalmadı, qısa zaman ərzində, yəni elə həmin il, əvvəldə qeyd etdiyim hind kökənli dördüncü arvadı Padma Lakşimi ilə ailə qurdu, cəmi üç il sonra onlar boşandılar. Rüşdinin bu evlilikdən övladı olmayıb.
   
   Hazırda Salman Rüşdi yenə də məxfi şəkildə yaşamağını davam etdirir. Və yeni əsərlər üzərində işləyir. Övladları ilə necə əlaqə saxladığı haqda (əgər əlaqə saxlayırsa) dəqiq informasiyalar yoxdur. İslama qarşı bundan sonra nələr yazdığı da hələlik bilinmir. Məlum olan budur ki, son vaxtlar daha çox sənədli materiallar üzərində çalışır. Qəribədir, Rüşdinin Böyük Britaniyada yaşadığı bildirilsə də o həm də Birləşmiş Ştatlarda Beynəlxalq "PEN"-Mərkəzin prezidentidir. Ən qəribəsi isə budur ki, bu Beynəlxalq "PEN"-Mərkəz insan azadlıqları və hüquqlarının müdafiəsi ilə məşğuldur.
   
   
   
   EY MÜSƏLMAN QARDAŞLARIMIZ...
   
   
   
   Əslində Salman Rüşdinin öldürülməsi üçün verilən fetvaları doğru hesab etmirəm. Çünki bununla islama qarşı əsrlər boyu sürən Səlib yürüşlərinin qarşısı alınmayacaq. Çünki bu, islamafobiyanın ideologiya formasını almış təzahürüdür. Əksinə, Salman Rüşdi öldürülərsə, təsəvvür edin, Qərb onun ölüsündən nə hoqqalar çıxarar. Bəlkə də BMT-nin baş qərargahının üzərində onun möhtəşəm heykəlini də ucaldarlar. Şəklini avronun üzərinə həkk edərlər...
   
   İslam dünyasına qarşı hərəkatın qarşısının alınmasından ötrü islamın daha elmi, daha əsaslı şəkildə təşəkkül tapmasına, yayılmasına çalışılmalı, müsəlman aləmində lazımsız parçalanmalara, təriqətçiliyə, fanatizmə son verilməli, daha optimal ideoloji sistem qurulmalıdır. Müsəlman ölkələri, milyonçu şeyxlər Allahın onlara verdikləri yeraltı sərvətlərin pullarının hamısını şəxsi hesablarına yatırıb özlərinin firəvanlığına, cürbəcür futbol klublarının alınmasına, şakiralara, lopezlərə... xərcləməyib, həmin pulların heç olmasa bir hissəsini ölkələrinin iqtisadi və texniki tərəqqisinə, müsəlman uşaqlarının yüksək səviyyədə savadlanmasına... yönəltsələr, Qərb öz diqtəsini, öz təzyiqlərini, hücumlarını davam etdirə bilməyəcək. Əks təqdirdə müsəlman dünyası Qərbin verdiyi fiziki, siyasi və mənəvi acıları bundan sonra da hələ çox çəkəcək. Şeytanın nökəri olan yeni salman rüşdilər yaradacaq. Şeytanın nökərləri isə hər yerdə var...
   
   

TƏQVİM / ARXİV