adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Sevinc el Sevər: "Mən çox xozbəxt qadınam"

20772 | 2012-06-09 08:56
Sizə elə gəlməsin ki, bu müsahibəni almaq mənə asan başa gəlib. Sevinci tapmaq o qədər də çətin deyil, amma onu müsahibəyə razı salmaq çox çətindir. Yaradıcılığı ilə çoxdan tanışam. İmzasını mütəmadi izlədiyim, şeirlərindəki istedada heyran olduğum imzalardandır Sevinc. Həgbir də, siz çoxunuz onu Sevinc Pərvanə kimi tanıyırsınız. Bir neçə ay bundan əvvəl Sevinc təxəllüsünü dəyişdi və "el Sevər" imzasıyla davam etməyə qərar verdi. Mənə qalsa bu Sevincin yeni imzası daha maraqlıdır.
   
   Onu deyirdim axı...Sevincə müsahibə üçün sualları düz 3 ay əvvəl göndərmişəm. Sonra da oturub səbrlə, təmkinlə cavablarımı gözləmişəm. Nəhayət ki, müsahibəmiz hazırdır. Ümid edirəm ki, oxucular üçün Sevinc el Sevərlə mənim üç ay çəkən müsahibəmiz çox maraqlı olacaq.
   
   - Uzun müddətdir ki, mətbuatda görünmürsən. Bir müddət yenidən yazmağa başlamışdın, yenə dayandırdın. Səbəb ailə qayğılarıdır, yoxsa yaradıcı böhran?
   
   -Günah məndədir ki, suallarına gec cavab verirəm...Bu müsahibəni oxucular üç ay bundan əvvəl oxumuş olmalı idilər, eybi yox, heç nə itirməyiblər, nə ölkədə, nə məndə heç bir yenilik yoxdu. Artıq tək-tük köşə yazılarım çıxır "Kulis" də... Bir neçə dəfə də Azadlıq radiosunun "Oxu zalı"na və Kulis.az-a şeir göndərmişəm. İtib-batıram ara-sıra, düz deyirsən, sən dediyin səbəblər də var. Hərdən də özüm yoruluram, hər şey mənasız gəlir, uzaqlaşıram, sonra yenə darıxıram yazmaqdan ötrü, yazıram...
   
   -Azadlıq radiosunun "Oxu zalı"na verdiyin müsahibədə yaradıcılığında dönüş yaradacağını bildirmişdin. Açıq-saçıq yazmaqdan, cəsarətli qadın yazar obrazında görünməkdən bezmisən, yoxsa artıq müsbətə doğru bir dəyişiklik etdiyini düşünürsən?
   
   -Bilirsən, mən cəsarətli qadın obrazından qaçmıram ... Burnunun dikinə gedən obrazdan qaçıram. Bəzən bizim uşaqlar bəzi şeyləri çox gözəl anlasalar da, özlərini başa düşmürmüş kimi göstərirlər, Novruzəliləri, Fatmanisələri qınamağa nə var ki... Novruzəli niyə Novruzəlidi, Fatmanisə niyə Fatmanisədi onu görmək, anlamaq, dərdinə şərik olmaq, sevmək lazımdı. Mən yazdıqlarımdan imtina etmirəm, yazdıqlarımda zərrə yalan yoxdu. Qəhrəmanlarımın əksəriyyəti həyatdan götürülüb, mən gördüklərimin şəklini çəkirəm... Sadəcə aqressiv olmamalıydım deyə düşünürəm, müəyyən dəyərlər var ki, həqiqətən onlara toxunulmamalıdı, deyə düşünürəm...
   
   -Yaradıcılığın mühafizəkarları özündən çıxarsa da, müəyyən oxucu təbəqəsi səni alqışlayırdı. Peşəkarlıq baxımdan sənə yönələn tənqidlər narazı salmırdı ki, səni? Ümumiyyətlə tənqidlərə münasibətin necədir?
   
   -Normaldı, hətta həddindən artıq normaldı. Mühafizəkarlar ona görə özlərindən çıxdılar ki, mən qadın idim. Başqa səbəb yoxdu. İsa Hüseynovun, Əkrəm Əylislinin, Anarın yaradıcılığında qadın obrazları çılpaqdı, səmimidi, üsyankardı. Əski dəyərlərə qarşıdırlar, mənim də şeirlərimin qəhrəmanları eyni o cürdürlər, sadəcə XXI əsrin qadınlarıdırlar. Ürəklərində şərq dəyərləri ilə yaşayan, hissləriylə, ruhlarıyla şərqli, beyinləriylə, düşüncələriylə qərbli olan qadınlar... Bu qadınlar parçalanmış, param-parça olmuşlar, dağılıblar. Onlardan həm şərqli olmağı, şərqli kimi davranmağı istəyirlər, həm qərbli kimi... Mən bundan sonrakı yaradıcılığımda onları toparlamağa, ayağa qaldırmağa çalışacağam, bacara bilsəm, amma gəl söz verməyim.
   
   -Yazılarından daha çox müsahibələrində kövrəkliyiniz nəzərə çarpır. Yaradıcı insanların tez-tez depressiyaya düşməsi nə ilə bağlıdır? Səni nə xoşbəxt eliyə bilir?
   
   - Mən ümumiyyətlə, müsahibə verməyi sevmirəm, nə də yaxşı müsahibə verməyi bacarmıram. Bədbəxtlikdən müsahibələri dostlarım götürür məndən, onlara yox deyə bilmirəm. Mən çox xoşbəxt qadınam, sevən bir ərim var, uşaqlarım var... Baxanda hər şey normaldı. Amma depressiyalar yaxamdan əl çəkmir. Yəqin ki, daha yaxşı yazmaq istəyi, özündən narazılıq, bir də... xəyallarımda görmək istədiklərimi gerçək dünyada görə bilməməyim... Mənim xəyallarımdakı dünyada qan, ölüm, düşmənçiliklər, ehtiyac, nifrət yoxdu. Mən utopistəm... Amma gerçəkliklə xəyallarının arasında qalan biriyəm həm də.
   
   -Şeirə yeni nəfəs gətirmiş tək-tük cəsarətli xanımlardan birisən. Amma uşaqlar üçün də kitab yazmısan, nəsr əsərin də çap olunub. İndiyə qədər yazdıqlarının içərisində səni daha çox razı salan, ən uğurlu yaradıcılıq nümunən hansıdır?
   
   -Romanımdan narazı qaldım, bu barədə danışmışam. Uşaq şeirlərini ən xoşbəxt anlarımda yazıram. Uşaqlar üçün ana olandan sonra yazmağa həvəsləndim. Onlara aldığım uşaq jurnallarındakı bərbad şeirləri görəndən sonra uşaq şeirləri yazmağa başladım. Yazdığım uşaq şeirləri sərbəst vəzndədir. Mənim uşaq şeirlərim əzbərləmək üçün deyil. Sərbəst uşaq şeirləri uşaqların poetik duyumunu artırır. Xarici animasiya filmlərində bu poetika o qədər güclüdür ki... Bizdə isə quru söz yığınağını verirlər uşağa ki, bu şeirdi, əzbərlə.
   
   Şeirlərimdən bir çoxu yaxşıdı, zəifləri, ortababları da var. Ümumiyyətlə, şeir ovqat məsələsidir, şeiri bəyənib-bəyənməmək adamın ovqatından asılı olur. Deyə bilmirəm.
   
   - Ədəbiyyat üçün çalışmaq, ehtiyaclara, sıxıntılara dözüb yazmaq asandır, yoxsa ailə qadını olub övlad böyütmək?
   
   - Ailə qadını olub övlad böyütmək daha çətindir. Sən özünü ailəyə həsr edirsən, bütün əzablarınla, məhrumiyyətlərinlə, qurban verdiklərinlə kişinin kölgəsində qalırsan, sənin əzəmətindən, qüdrətindən xəbərsiz qalırlar. Amma bütün ailə uğurlarını sənə borcludu, çox vaxt buna görə qadına nəinki təşəkkür etmirlər, hətta aşağılayırlar təəssüf ki...
   
   -Nə vaxtsa yazdıqlarından imtina edib, yeni manevrlər etməyi düşünmüsənmi? Cəsarətli olmaq yorucu deyil ki?
   
   - Çox istərdim, yazdıqlarımdan daha yaxşılarını ortaya qoyub hamısının üstündən gözüyumulu xətt çəkməyi. Bundan böyük səadət olmaz ki...Qaranlıqdan və siçovuldan qorxan qadın özünə cəsarətli deyəndə gülməyim gəlir. Xalam məndən cəsarətlidir, qadın həyətin ortasında yekə bir ilanı murdar elədi, mən qorxumdan divara dırmaşırdım. Onda bildim ki, elə də cəsarətli deyiləm.))) Cəsarətli yox, səmimiyəm, belə deyək... Sadəcə bilirsən pis nədir, bizim ölkədə səmimi olmaq özü cəsarət tələb edir, burda bir az haqlısan... Nə düşünürəmsə, nə hiss edirəmsə, bacardığım kimi oxucuma çatdırmışam, gördüklərimi yazmışam. Şeir qəhrəmanlarımın içində sevən, nifrət eləyən, güclü, zəif, əxlaqlı, əxlaqsız qadın obrazları var...Yoruculuğa gələndə, məni yoran dönüb -durub eyni şeyləri görməyimizdir. Azərbaycan balaca ölkədir, paytaxtdan başqa ölkəmizin üç-dörd rayonunda olmuşam, xaricdə bir dəfə də olmamışam. Hara fırlanıramsa, labirintdəymişəm kimi gəlib eyni yerə çıxmaqdan bezirəm. Kitablardan oxuyub, filmlərdən, internetdən başqa şəhərləri, başqa ölkələri öyrənib yazmaq olar, amma o səmimi olmayacaq, mən başqalarının gördükərini görüb yazmalı olacam. Məsələn, mən Rusiyada olsam, bir yazar kimi çox yəqin ki, elə şeylər müşahidə eləyib yaza bilərəm, onu başqası görə bilməz. Ama maddi imkan, qadın olmağım ilk növbədə dünyanı gəzmək, görmək və yazmaq imkanı vermir. Çox gəzən çox bilər deyimi doğrudu. Dünya şöhrətli yazıçılar uzun müddətli səyahətlərdən sonra ən yaxşı əsərlərini yaza biliblər. Kişi yazarlarımız belə bu baxımdan qadınlardan çox şanslıdırlar. Onlar istədikləri vaxt, gecənin bir aləmində belə küçəyə çıxıb istədikləri müşahidələri apara bilərlər. Müasir yazıçı yaxşı müşahidə qabiliyyətinə malik olmalıdır. Mənim uğurum o idi ki, yaxşı müşahidə eləyə bilirdim..
   
   Amma bir yazımda da dediyim kimi, azərbaycanlılar çox koloritli adamlardı, burda köhnəlməyən, bitib-tükənməyən mövzular boldu, hələ var, olacaq... zamanla.
   
   -Dünya ədəbiyyatıyla müqayisədə Azərbaycan ədəbiyyatının problemləri çox fərqlidir. Sən ədəbiyyatımızda hansı problemləri görürsən və bu problemləri aradan qaldırmaq üçün yazar kimi nə düşünürsən?
   
   - Oxucularla yazarlar arasında dərin uçurum görürəm. Eyni dövrün, eyni zamanın oxucularıyla yazarları deyilik sanki. Kitaba soyuq münasibət var, özü də insanları çox qınamıram, həyat o qədər sürətləndi, günlər o dərəcədə qısaldı ki, insanlar kitaba zaman ayıra bilmirlər. Yoxsulluğun hökm sürdüyü ölkələrdə bu belədir. Kitaba ayırdıqları zamanın yerini insanlar həyatlarını təmin eləməyə yönəldirlər. Seriallara keflərindən baxmırlar, o seriallara sabun köpüyü deyilərdi əvvəllər. Yəni, yüngül, qavranılması çox asan... Yorulmuş beyinlərini ağır-ağır kitablarla yükləmək zordu insanlar üçün, kitab oxumaq həm də fiziki işdir, adamdan zəhmət, sakit əsəb sistemi tələb edir. Mən özüm, məsələn, həftədə bir dəfə qarşıma hansı çıxsa, fərqi yoxdu, hər hansı serialdan bir seriya izləyirəm, beynim dincəlir. Ağır, 12-15 saatlıq fiziki işdən sonra gözündən yuxu tökülən, hamama girib yuyunmağa ərinən fəhləni məcbur etmək olmaz ki, kitab oxusun. Ziyalı təbəqəyə gəldikdə isə, onlar onsuz da oxuyurlar, sayca da çox azdılar, çap elədiyimiz kitablar da ona görə ya az satılır, ya da satılmır. Tələbələr arasında, universitetlərdə isə kitabı təbliğ etmək heç kimin işinə yaramır.
   
   Tabular sındırıldı, bütlər dağıdıldı... qaldı çox istedadlı, çox elmli yazıçıların yetişməyi. Bizim ölkəmizdə problemi, dərdi, qayğısı, ehtiyacları olmayan, günlük zamanından səkkiz-doqquz saatını, yəni, normal iş saatı kimi masa arxasında keçirən, yazıçılığa peşə kimi yanaşan bir yazıçı tanımıram. Hamı həvəskardı, hamı yola verir. Əkrəm Əylisli son müsahibəsində yaxşı bir söz demişdi. Təəssüflənirdi: cavanlıqda yaxşı bir əsər yazırdım, sonra əlimi qoyurdum başımın altına, o əsərin hesabına kef eləyirdim. Ötüb gedən zamanına yanırdı. Biz də onun kimiyik, yəqin bu, azərbaycanlı xarakterimizdən irəli gəlir, nə bilim...Bu xarakterlə çox uzağa getmərik.
   
   -Hərdən mənə elə gəlir ki, AYO-nun mübarizəsi AYB-dəkiləri tənqid və bəzən də təhqir etməklə yekunlaşdı. Açıq fikir, cəsarətli yazı tərzi sona qədər ədəbiyyatımıza hakim olmadı. Səncə AYO öz missiyasını yekunlaşdıra bildimi?
   
   - AYO-dan danışmaq istəmirəm. Bu mövzu kifayət qədər sıxıcı olub mənimçün. Mənim dərdim yoxdu AYB ilə... Maraqlı deyil.
   
   -Müasir imzalar sizin diqqətinizi çəkirmi? Sizin ədəbi nəsildən sonra kifayət qədər yeni imzalar görünür ədəbi nəşrlərdə. Ümidverici imzalar varmı?
   
   -Əlbəttə var, olacaq. Bitmədi ki, bizimlə... Olması da ən böyük arzumdu. Alik Əlioğlunun şeirlərini çox bəyənirəm, istedadlı oğlandı, o oğlan şairdi, anadan şair doğulub. Nə mutlu ona deyə bilməyəcəyəm...
   
   -Mənə bir məsələ maraqlıdır. AYO üzvləri müsahibələrində oxuduqları imzalardan söz düşəndə eyni yazarların adını çəkir. Bu reklamdır, yoxsa AYO üzvləri AYO-dan kənardakı imzalara laqeyiddir?
   
   - Öz adıma deyə bilərəm ki, mənimçün fərqi yoxdu.
   
   -Ard-arda yazılan romanlar haqqında nə düşünürsən? Səncə Azərbaycan oxucusu kimləri oxusa vaxt itirməz?
   
   Orta məktəbdə bir ədəbiyyat müəllimimiz vardı, xarici ədəbiyyatı oxumağı qadağan edirdi, deyirdi əgər xarici ədəbiyyata dadansanız, artıq öz yazıçılarımızı oxuya bilməyəcəksiniz. O müdrik adamın dediklərini çox sonra başa düşdüm. Ümumiyyətlə, oxumaq heç vaxt zaman itirmək deyil. Ən naşı bir mətndən də yeni nəsə öyrənmək mümkündür. Zövq almaq məsələsinə gəlincə, hə, əgər sən həm öyrənmək, həm də zövq almaq istəyirsənsə, yaxşı kitab oxumalısan. Mən zövq ala bilmədiyim kitabları oxumağa çətinlik çəkirəm, özümü zorlayıram, o kitab bitincə səbrim tükənir. Elə kitablar da var ki, yağ kimi gedir, bitirəndə təəssüflənirəm. Bilirsən, hamıdan yapışıb -oxu!- demək olmaz. Bir fizik gəlib yaxamdan yapışsa ki, niyə fizika elminin son nailiyyətlərindən xəbərsizsən, təəccüblənərəm. Eyni zamanda, bir fizika alimini elmi təcrübələrindən ayırıb necə zorlayım ki, gəl mənim yazdığımı oxu.
   
   -Son vaxtlar yazarlar oxucular üçün kitab siyahıları tərtib edir. Sən necə, oxunması vacib olan hansı kitabları oxuculara tövsiyyə edə bilərsən?
   
   - Vay... vay... çoxu bu siyahıları internetdən çıxarır, tövsiyə etdikləri kitabın içindən xəbərləri yoxdu. Bu da özünü reklamın təzə formasıdı həm də... Oxucu o kitabı oxuyur ki, o kitab havayıdan əlinə düşür. Kitablar çox bahadı. Göy, səma cisimləri, təbiət haqqında kitabları çox oxumağı məsləhət görərdim.
   
   -Oxucularla canlı ünsiyyətdə olmaq, kitab təqdimatları, görüşlər...Səncə yazar üçün bütün bunlar lazımdırmı?
   
   - Sevmirəm. Təbliğat üçün lazımdır amma. Mən çox sıxılan, kompleksli adamam əslində, belə yerlərdə sıxıntıdan boğuluram. Həm də ki, bu təbliğat işini prodüserlər görməlidir. Azərbaycanda yazarların prodüserlərinin olması gülməli eşidilir, o boyda "Qanun" nəşriyyatı işini -gücünü atıb qollarını çırmayaraq, "Ən yeni ədəbiyyat" seriyasından çıxan kitabların təbliğatı, reklamı ilə məşğul idi, nəticə göz qabağındadı.

TƏQVİM / ARXİV