adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SAMURAYLAR

BABƏK YUSİFOĞLU
43732 | 2011-01-25 05:55
Bəşəriyyət başlanğıcdan ta bu günlərə gələnədək inanılmaz sınaqlardan keçdi, çox böyük maneələri aşdı, ağılasığmaz çətinlikləri adlamış oldu. Təsəvvür etmək olmur ki, bu günün insanı ilkin dövrlərdə ən ibtidai işlər üçün hansı əzabları yaşamalı olmuşlar, hər bir yeniliyi mənimsəmək üçün çox böyük zaman sərf etmişlər. Bizə qəribə gəlsə də insanlıq əvvələr yaşamaq uğrunda mübarizə apara-apara qidalanmağı, mövcud olmağı, yeyəcək əldə etməyi... öyrənib, bundan sonra təbiətlə mübarizədə necə yaşamağı kəşf etməyə başladılar. Çünki bunları anlamaq üçün onlara Böyük Yaradan şüur vermişdi.
   
   Və həyatları üçün nələrin gərəkli olduğunu öyrənəndən sonra insanlığın həm faciəsi, həm də inkişafı başladı. Axı, hər kəs gərəkli olanlara daha çox sahib olmaq istəyirdi. Bunun üçün də hər şeyə hazır idi. Öldürməyə, almağa, zəbt etməyə, qan tökməyə... Daha sonra insanlıq bütün bunları mütəşəkkiləşdirdi, daha asan, daha çox əldə etmək naminə birliklər yaratdı. Dəstələr, tayfalar, qoşunlar... meydana gəldilər. Onların ənənəsi, qaydaları, xarakteri, növləri, eləcə də adları müəyyən edildi. Hətta bütün bu proseslərin özündə belə haqlı və haqsız tərəflər meydana gəldi. Və millətlər, xalqlar bu ümumi prossesdən keçdilər. Yaşam və sahibolma mücadiləsini təbii seçim qanunu kimi dəyərləndirib qədim dövrün insanlarına şamil etmək mümkün olsa da mən heç vaxt onu ədalətli saymamışam.
   
   Yeni era başlanandan sonra hər xalqın özünəməxsus döyüş dəstələri, qoşun növləri də formalaşmağa başladı. Həmin döyüş dəstələrini elələri vardı ki, onlar yalnız istehkamlar qurmaq, səngərlər yaratmaqdan ötrü idi. Başqaları vardı ki, əsasən hərbi sursatların daşınmasına cavabdeh olurdu. Kütləvi toqquşmalar, qarmaqarışıq döyüşlər üçün nəzərdə tutulan əsgərlər, hərbi hissələr də mövcuduydu... Amma hər hakimiyyətin, hər baş komandanın tam mənası ilə elitar, yüksək səviyyəli döyüş qabiliyətinə malik dəstələri də olurdu ki, onlar ən həlledici məqamlarda, ən çətin situasiyalarda meydana buraxılırdı. Və bu dəstə üzvləri mənsub olduqları xalqın ən köklü mental xüsusiyyətlərinə malik olurdular. Kiyev Rusiyasında knyaz drujinaları, Qərbi Avropada kralın döyüş fovaritləri, saray cəngavəri, bir sıra Şərq hakimiyyətlərində şah süvariləri vardı. Yaponların belə döyüşçüləri SAMURAYLAR ADLANDIRILIRDI. Kim idi samuraylar?
   
   "SABURAXLAR"
   
   Yaponiya adalarında məskunlaşmış yaponlar da başqa xalqlar kimi eyni inkişaf yolu, oxşar tarixlər yaşamışlar. Yeni eranın 4-5-ci əsrlərində varlı zadəganlar arasında çəkişmələr güclənməyə başlayanda böyük tayfaların başçıları onların maraqlarını qoruya biləcək daha böyük, daha cəsur, daha sadiq döyüş dəstələri formalaşdırmağa başladılar. Çünki onların arasında baş verən hərbi xəyanətlər, amansız çarpışmalar zamanı məhz bu cür dəstələrə daha çox ehtiyac duyulurdu. Artıq 7-ci əsrin əvvələrində yaponların ordusunda hərbçi aristokratlar, elitar döyüşçülər yaranmağa başladı ki, onlara samuray (yaponca "saburax") deyirdilər. Samuray sözünün mənası müdafiə etmək, xidmət (hərbi) göstərməkdir.
   
   Samuray qanunlarına görə, bu döyüşçülərin sırasına yalnız hərbi qəhrəmanlığa can atan, cəsur, comərd və ədalətli döyüşçülər daxil edilə bilərdilər ki, onlar da əsasən zadəganlardan, kiçik mülkədarlardan, imkanlı şəxslərdən və onların ailə, tayfa üzvlərindən ibarət olurdular. Amma bununla belə, onların sırasında sadə kəndlilərə, sənətkarlara da rast gəlmək mümkün idi. Qayda isə hamı üçün bərabər idi: hər bir kəs mütləq öz cəsurluğunu sübuta yetirməliydi.
   
   645-ci ildə taxta çıxan imperator Kotokuya saray çəkişmələrini neytrallaşdırmaq, nəzarətində olan ərazilərdə hakimiyyətini dərinləşdirmək, yerlərdəki güclü, dikbaş tayfaları susdurmaq, itaətdə saxlamaq üçün ona sədaqətli, cəsur və döyüşkən, güclü hərbi dəstək - əsgərlər lazım idi. Çox keçmədi ki, o hər tərəfdən belələrini hakimiyyətə cəlb etməyə müvəffəq oldu. Və beləliklə, ilkin samuraylar meydana gəldi. Və proses uzun dövrlər davam etdi. Həmin dövrlərdə adlarını samurayların tarixinə yazan çoxlu sayda samuraylar bu gün də tanınır. Aketi Mitsiuxide, Miyamoto Musasi, Kusunoki Masasiqe, Minamoto no Yoshiie və başqaları. Amma...
   
   SAMURAY ADININ ŞƏRİKLƏRİ VƏ ...
   
   Sonrakı dövrlərdə samurayların klanları, tayfaları da yaranmağa başladı ki, iri feodallar onların döyüş bacarıqlarından yararlandılar. Amma zaman keçdikcə situasiya dəyişməyə başladı. Belə ki, 9-cu əsrin əvvələrində Yaponiyada feodalların yeni parçlanma dövründə samurayların rəqibləri - "roninlər" meydana gəldi. "Roninlər" kim idi? Kral hakimiyyətindən narazı olanlar, vergiləri ödəyə bilməyən kəndlilər dağlara, meşələrə çəkilərək qaçaqçılıqla məşğul olurdular. Kiçik feodallar, mülkədarlar var, dövlətlərini, ailələrini quldurlardan qorumaq üçün həmin dəstələri - "roninlər"i pulla tuturdular. Hətta bəzi hallarda onlar daimi orduya da çevrilə bilirdilər. Bir azdan onlar da özlərini samuraylar adlandırmağa başladılar. Amma bütün bunlar əsl samurayların xoşuna gələ bilməzdi. Çünki artıq 9-cu yüz illikdə Yaponiyada ilkin samuraylar öz məziyyətlərinə görə kifayət qədər hörmət və nüfuza sahiblənə bilmişdilər. Onların fərqli geyimləri, fərqli silahları olurdu. Hətta samurayların zahiri görünüşlərinin də özəllikləri vardı. Artıq yaponiyanın ayrı-ayrı əyalətlərində fəaliyyət göstərən məktəbləri belə yaranmaqdaydı.
   
   "Roninlər" isə samuraylar kimi ola bilmirdilər. Əvvəla onlar peşəkar döyüşçü yox, sadəcə kəndlilərin arasından çıxmış silahlı quldurlar idilər. Onlar üçün döyüşçü namusu, döyüşçü adının müqəddəsliyi, comərdlik heç bir əhəmiyyət daşımırdı. Belə demək mümkünsə, onlar sadəcə həyatda mövcud olmaq üçün qeyri-peşəkarcasına silah işlədən idealsız, məqsədsiz adamlarıydı. Bütün bunlar əsl yapon samurayların nüfuzuna, hörmətinə, adına ləkə gətirdiyi üçün onlar "roninlər"i bu işdən çəkindirməyə çalışdılar. Hətta dəfələrlə samuraylarla bu quldur dəstələri arasında silahlı toqquşmalar da baş verdi. Və döyüş qabiliyyətləri arasında çox böyük fərq olduğundan samuraylar belə bandaların bəzilərini məhv edə bildilər.
   
   Amma sonradan aydın oldu ki, silah gücünə bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Bu üzdən də samuraylar öz qaydalarında müəyyən dəyişiklik etmək məcburiyyətində qaldılar. Və beləliklə, samuray prinsiplərinin yeni bir mərhələsi başladı. Belə ki, samuraylar özlərini adi əsgər kimi deyil, dərin dini inancları olan, döyüş üstünlüklərinə və özəl namus - busido kodekslərinə, onun fəlsəfəsinə, mahiyyətinə malik döyüşçü - Busi yetişdirməyə və təqdim etməyə başladılar. ("Busi" yapon sözü olub, döyüşçü deməkdir). Bu da o demək idi ki, samuray üçün döyüşün ustalıqlarına və incəliklərinə yiyələnmək bəs deyildi. O həm də Samurayların döyüş fəlsəfəsini mükəmməl şəkildə mənimsəməliydi. Və qeyd edək ki, bu proses çox uzun bir zaman sürdü. Hətta demək olar ki, yeni təlim samurayların psixologiyasına, xarakterinə ənənəvi şəkildə oturuşması üçün yüz illiklər lazım gəldi. Və bu dövrlər ərzində samuraylar dəfələrlə müharibələrə, döyüşlərə cəlb edildilər.
   
   16-cı əsrin başlanğıcında artıq samuraylar qəti olaraq cəmiyyətin, eləcə də ordunun elitar, ali təbəqəsinə çevrildilər. Və bundan sonra samurayların sırasına, bu təbəqəyə yol təsadüfi, layiq olmayan şəxslərin üzünə birdəfəlik bağlandı. Əvvələr hər bir cəsur döyüşçü samuray ola bilirdisə, bundan sonra kənar şəxslərin bu ada sahiblənməsi mümkün olmadı. Artıq 16-cı əsrdən sonra Yaponiyanın samuraylar deyilən elitar döyüşçüləri vardı ki, bunlar digər əsgərlərə bənzəmirdilər. Demək lazımdır ki, samurayların bura qədər gəlib çıxması asanlıqla başa gəlmədi. Bundan ötrü onlar çox böyük qurbanlar verməli, dərin mübarizələrdən keçməli oldular, zaman-zaman xəyanətlərə məruz qaldılar. Nəsillər dəyişdi, amma onlar öz sözlərindən, amallarından dönmədilər. Və nəhayət...
   
   SAMURAYLARIN SONU
   
   Nəhayət, 1868-ci ildə Yaponiya imperatoru Meydzi bir sıra islahatlara başladı. Bundan sonra samurayların məlum şəkildə mövcud olması tam məhdudlaşdırıldı. Sonra da onların döyüşçü kimi fəaliyyətinə icazə verilmədi. Çoxları bunu yeni iqtisadi münasibətlərin, yəni feodalizmin süqutu, kapitalizmin isə təşəkkül tapması ilə əlaqələndirsə də, əslində bu dünyanın siyasi prosesləri ilə bağlı olan bir iş idi. Bundan başqa, həmin dövrlərdə Yaponiyada samurayların sayı kifayət qədər çoxalmışdı ki, bu da bəzi məqamlar üçün mərkəzi hakimiyyəti narahat edirdi. Samuraylar "səhnə"dən çəkilməliydi. Beləliklə, Yaponiya tarixində cəsurluğun, igidliyin simvoluna, bir növ sinoniminə çevrilmiş samuraylar tarixə qovuşdu. Və bu prosesin özü də elə-belə sonuclanmadı. Çox ağrılı, çox əzablı itkilərdən sonra bu sona çatdı. Hətta belə aqibətlə barışmayan bir çox samuray qurban getdi.
   
   Bununla belə, öz döyüş bacarıqları və fəaliyyətləri ilə bir sıra yüksək titullu samuraylar adlarını Yaponiya tarixinə yazmağı bacardılar. Oda Nabunaqi, Tokuqava İeyasu, Aketi Mitsiuxide, Miyamoto Musasi, Kusunoki Masasiqe, Minamoto no Yoshiie və başqaları indi də hörmətlə xatırlanır. Məhz bu hörmətə görədir ki, yapon samuraylarından bəhs edən əsərlər hələ indi də yazılır, yeni-yeni filmlər çəkilir.

TƏQVİM / ARXİV