adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

SAMURAY QILINCININ ƏFSANƏSi... KRALI...

BABƏK YUSİFOĞLU
52728 | 2012-10-16 00:45
Bəşəriyyət ümumi təkamül prosesi keçsə də dünyada mövcud olan xalqların hamısının özünəməxsus inkişaf yolu olmuş, hər biri özünə xas tarix yaşamışdır. Maraqlıdır ki, hər millətin də bu böyük zaman içərisində parlaq dövrüylə yanaşı, enişli mərhələləri də vardır. Bəlkə də tarixin bu keşməkeşləri, müxtəlifliyi olmasaydı özünün marağını, cəzbediciliyini itirərdi. Və bu bir gerçəkdir ki, hər millətin yaşadığı keçmiş bəşər tarixinin bir çalarını özündə əks etdirir. Əslində məhz bu çalarlar da bəşəri təkamülün dinamakisı sayıla bilər.
   
   İnsanlar dünənə, haradan gəlib, haraya getdiklərinə daim maraq göstəriblər. Əcdadlarının hansı həyatı yaşadıqları hər kəsi düşündürüb. Amma onu etiraf etmək lazımdır ki, elə tarixi hadisələr, elə mərhələlər, elə zamanlar, qəhrəmanlar, müharibələr... olub ki, onların hansı xalqa aidiyyəti heç bir önəm daşımayıb. Yəni onlar ümumbəşəri hadisələr, mərhələlər, proseslər... sayılıblar. Bir də ki, həmin proseslərisiz təkamül belə mümkünsüz görünür. Fironlar, İskəndər, Əmir Teymur, Osmanlı imperiyası, Fransız burjua inqilabı... ayrı-ayrı tarixi şəxsiyyətlər olmasaydı heç şübhəsiz ki, bugünkü dünya tamam fərqli şəkildə mövcud olardı... Elə yapon tarixində mühüm mərhələni təşkil edən samuraylarsız da...
   
   Ötən yazılarımın birində samuraylardan ətraflı bəhs etdiyim üçün indi yalnız ümumi, çox qısa məlumat verməklə kifayətlənəcəyəm. Amma əvəzində samurayların ən möhtəşəm, ən usta döyüşçülərindən biri, bəlkə də birincisi olan Miyamoto Musasi haqqında söz açacağam.
   
   (Əvvəli qəzetin 9 oktyabr sayında)
   
   "İKİ QILINC"
   
   Məhz həmin dövrlərdən sonra Yaponiyada iki qılncla döyüş ənənəsinin əsası qoyuldu. Qeyd edim ki, bu məktəbi yaradan Miyamoto onu "Nito-ryu" ("İki qılınc" stili) adlandırdı. Hətta indi də Yaponiyada həmin adla qılıncoynatma məktəbləri vardır. İnandırıcı görünməsə də deyim ki, təpədən-dırnağa döyüşçü, samuray olan Miyamoto həm də bacarıqlı rəssam idi. Bununla yanaşı onu usta kalliqraf - xəttat da hesab etmək mümkündü. Deyilənlərə görə onun əl işlərindən bəziləri hətta bu günə qədər gəlib çatıb. Özünün yaratdığı təlimdən bəhs edən "Qo Rin No Sye" kitabı ("Beş Dairə Kitabı") indi də qılıncoynatma sənətini öyrənmək istəyənlər üçün vacib ədəbiyyatların başına da gəlir. Bəlkə də verilən fitri istedadan başqa bu yaradıcılıq keyfiyyətləri idi ki, onu digər ustalardan, kenseylərdən fərqləndirirdi.
   
   O, döyüş sənətinə yiyələnərkən yalnız fiziki gücü, qılıncoynatma ustalığını kifayət hesab etməmişdi. Miyamoto Musasi həmin keyfiyyətlərdən savayı bu sənəltə samurayın daxili enerjinin də döyüşə qoşulmasını, psixoloji oriyentasiyanın da təsirini vacib sayırdı. Onun fəlsəfəsinə görə, əsl samuraylığın yolu bütün varlığını ona verə bilmək bacarmaqdan keçir. O özü də mükəmməllik qazanmaqdan ötrü özünə rəhm etməmişdi. Miyamotoya görə, döyüş sənəti yeməkdən, gəzməkdən, dincəlməkdən, qadınla əylənməkdən, bir sözlə, həyati zövqlərdən daha yüksəkdə dururdu. Və həyatı boyu bu qaydalardan kənara çıxmamışdı. Bəlkə də elə bu üzdən idi, samuray qılıncının əfsanəsi Miyamoto Musasi ömrünün sonunadək ailə qurmamış, tək yaşamışdı. Onun heç dostları da çox olmamışdı. Amma şəxsən tanımadığı istənilən layiqli samuray, əsl döyüşçü şəxsiyyətinə malik insan onun dost idi. Bununla bağlı təhqiqatçılar maraqlı bir hadisədən bəhs edirlər.
   
   Bir dəfə Musasi təsadüfən küçədə naməlum samurayla qarşılaşır. Onlar bir-birlərini əvvəllər görməsələr də Miyamota həmin samurayın məşhur qılınc ustalarından sayılan Yaqyu Hyeqonun yaxın qohumu, cəsur, usta döyüşçü Yaqyu Tadzima-no-kami olduğunu təxmin edir. Və oradaca iki samuray arasında tanışlıq və söhbət başlayır. Hətta deyilir ki, Hyeqo öz adından onu sake içməyə dəvət edir, Musasi də dəvəti hörmətlə qəbul edərək bir neçə saat birlikdə vaxt keçirir, danışırlar. Bununla da hər iki möhtəşəm döyüşçü arasında dostluq başlayır. Faktlar göstərir ki, bu dostluq sona qədər pozulmayıb, onların qılıncları bir-biriylə heç vaxt toqquşmayıb.
   
   DÖYÜŞƏ ÇAĞIRIŞ
   
   Deyilənlərə görə, Miyamoto Musasi təkbətək qarşılaşmalardan böyük zövq alırmış. Belə qarşılaşmalar sanki onun üçün həyatda özünün ifadəsi idi. Yığılıb qalmış daxili enerjinin hərəkəti, mənəvi-prixoloji tarazlığın təzələnməsi idi.
   
   Bioqraflar həmin qarşılaşmaların birindən belə bəhs edirlər. İdzuma əyalətindəki çox varlı feodallardan biri hesab edilən Matçudayra, həm də məharətli qılınc ustasıydı. Və xidmətində xeyli sayda cəsur döyüşçülər vardı. Günlərin birində kensey Matçudayranın yanına gələrək döyüşçülərinin ən məharətlisi ilə qarşılaşmaq istədiyini bildirir. O, Musasinin istəyini rədd etmir. Lakin qan tökülməsin deyə qarşılaşmanın taxta qılınclarla aparılması qərara alınır. (Bu cür duellər vaxtıyla çox keçirilərdi). Və knyazın bağçasındaca təşkil edilən qarşılaşmada Matçudayranın ən cəsur döyüşçüsü qabaqcadan razılaşdıqları kimi (normaldan daha uzun) iki metr uzunluğunda taxta qılıncla Musasisiylə üz-üzə gəlir. Döyüş başlar-başlamaz biri gödək, digəri isə normal uzunluqda olan (taxta) qılıncla silahlanmış kensey rəqibini sıxışdırmağa başlayır. Onun ustalıqla və inanılmaz sürətlə hərəkət edən qılıncının qarşısını almaq doğrudan da mümkünsüz idi. Qısa müddətdən sonra knyazın döyüşçüsünü həyətdəki kitabxananın eyvanınadək sıxışdıran Musasi xüsusu fəndlə qarşısındakının silahını əlindən salır. Və bununla da qarşılaşma kenseyin qələbəsi ilə bitir. Amma...
   
   Döyüşün bu cür sona çatacağını ağlına gətirməyən knyaz heç kimin gözləmədiyi halda meydana girib Musasini döyüşə çağırdı. Kensey üçün qarşısında kimin olması heç bir məna kəsb etmirdi. Bu dəfə vuruş onların arasında başladı. Qılıncoynatmada mahir olan Matçudayra onunla bacaracağını zənn etsə də yavaş-yavaş hiss etdi ki, çox yanılıb. Qarşısındakı sanki sehirli bir güc idi. Nəhəngliyi ilə üzərinə gəlirdi...
   
   Miyamoto onu da bayaqkı küncə sıxışdırmağa başlayanda Matsudayra var gücünü toplayıb müqavimət göstərməyə çalışdı. Amma boşuna. Həmin sehirli güç ona heç bir ümid yeri qoymadı. Bu dəfə Musasi "alov və daş zərbəsi" ilə rəqibinin qılıncını ikiyə bölərək onu silahsız buraxdı. Məhz bundan sonra döyüşü saxlamağa məcbur qalana knyaz Musasiyə ehtiram əlaməti olaraq təzim etdi. Knyaz bu qeyri-adi döyüşçünü əlindən buraxmaq da istəmədi. Musasi həmin hadisədən sonra onun yanında qalıb bir neçə il müəllim kimi işlədi.
   
   BU DÖYÜŞLƏR BELƏ OLMUŞDU...
   
   Deyilənə görə, kenseyin ölümünü istəyənlər tərəfindən ona qəsd də hazırlanıbmış. Bir dəfə qaş qaralan vaxt xəlvət bir yerdə onun üzərinə qəfildən iki naməlum döyüşçü hücum edib. Təhlükələrə qarşı qeyri-adi instinktə malik kensey cəld qılınclarını çıxararaq ilk hücumu dəf edə bilib. Və bundan sonra amansız bir döyüş başlayıb. Miyamoto Musasi vuruşarkən anlatmışdı ki, düşmənləri çox usta qılınc sahibləridi. Deyilənə görə, o, hətta çiynindən dərin olmayan qılınc yarası da almışdı. Amma "qılıncın əfsanəsi"ni məhv etmək istəyənlər unutmuşdular ki, qılıncları əlində olan Musasini qılıncla öldürmək mümkün deyil. Möhtəşəm Miyamoto gələnlərin hər ikisini parçalamışdı.
   
   Gənçlik illərində Musasinin ən maraqlı döyüşlərindən biri də 1612-ci ildə Bundzen əyalətindəki Oqura şəhərində olarkən baş verdi. O dövrün ən tanınmış samuraylarından bir neçəsi məğlubedilməz kimi tanınan samuray Sasaki Kadziro ilə Musasinin qarşılamasını, bununla da onlardan hansı birinin daha güclü olduğunu müəyyən etmək istəyirdilər. Bildirim ki, Kadziro həm də özünün qılınc təlimini - "tsu-bame-qaesi"ni ("qaranquş enişi") yaratmış qılınc ustası, Xosokava əyalətinin başçısı Tadaokinin cəsur samuraylarından ən yaxşısı idi.
   
   Araşdırmaçılar yazır ki, Tadaoki duel müraciətinə razılıq verərək onu ertəsi günü səhər saat səkkizə təyin etdi. Təbətək döyüşün ətrafda əlavə səs-küy yaratmamsı üçün Oquranın yaxınlığında yerləşən kiçik bir ada məkan kimi seçildi. Lakin onda döyüşqabağı Musasi üçün heç də ənənəvi olmayan bir hadisə baş verir. Maraqlı idi, həmin gecə dərin yuxuya gedən Miyamoto Musasi səhər vaxtında oyana bilmir. Amma duel yerinə gələn qarşı tərəf heç də bu mübahisəli məsələni yarımçıq saxlamaq niyyətində deyildilər. Buna görə də Musasinin dalınca nümayəndə - Sato Okinaqanı göndərirlər. Hövlənək yerindən qalxan kensey yuyunması üçün ona gətirilən suyu içib cəld sahilə gələrək qayığa minir...
   
   Onlar duel yerinə çatanda qarşılaşmanı seyr etmək üçün toplaşan hər kəs gördüklərindən şaşırırlar. Əlində qayığın avarı, gözləri yatmaqdan şişkinləşmiş, başına əl-üz dəsmalı bağlanmış Musasinin qayıqdan tələsik atılaraq duel yerinə qaçması doğrudan da çox qəribə görünürdü. Qarşılaşmanın digər iştirakçısı Kodziro onun bu halını görüb məşhur usta Naqamitsu tərəfindən hazırlanmış samuray qılıncını qınından çəkib çıxarır, lakin nə düşünürsə onu kənara tullayır. Əvəzində əlinə taxta qılınc götürür. Onun bu təkəbbürünü görən Musasi qışqırır: "Düz eləyirsən, onsuz da bundan sonra o qılınc sənə lazım olmayacaq". Bu sözlər Kodzironu qəzəbləndirməyə kifayət edirdi.
   
   Artıq ona çatmış Musasiyə ilk zərbəni endirir. Lakin möhtəşəm kensey məharətlə əlindəki avarla bu hücumu dəf edir və onun başından gözlənilməz bir zərbə endirir. Kodziro bu amansız təmasdan sarsılır və ölür. Uzun və qızğın bir qarşılaşmanı izləmək üçün gələnlər nələrin baş verdiyini anlamağa çalışanda Kodzironun yıxıldığını və Musasinin hər iki qılıncını hələ indi çəkib qışqırıqlar içərisində havada hərlətdiyini görür, onun ildırım sürətiylə havada qövslər cızan qılınclarının çıxardığı səsi eşidirlər. Amma bu da uzun çəkmir. Qısa zamandan sonra Musasi susur və ora gələnlərin hamısına hörmət əlaməti olaraq təzim edib sürətlə geriyə, gəldiyi qayığa qayıdır.
   
   SAMURAYIN SONU
   
   Bu hadisədən sonra Miyamoto Musasi heç vaxt samuray qılıncları ilə duelə çıxmayıb. Çünki bunu istəyən də yox idi. Artıq hamı onun məğlubedilməzliyini qəbullanmışdı.
   
   Bir qədər yaşlanandan sonra isə o, samuray qılıncının yolu, döyüş fəlsəfəsinin dərinliklərini kəşf etməyə girişdi. Musasinin öz yazdıqlarından məlum olur ki, o, yalnız 1634-cü ildən başlayaraq döyüş fəlsəfəsinin mahiyyətini anlaya bilib. Məhz həmin il o, bir vaxtlar oğulluğa götürdüyü İori ilə bərabər yaşamaq üçün Kyusyu adasına gələrək bir daha oranı tərk etmədi.
   
   İori haqqında məlumat verirlər ki, Musasi bu kimsəsiz oğlana Dev əyalətində rastlaşmış və onu himayəsinə götürmüşdü. Yazırlar ki, Kensey heç vaxt evlənməmiş, uşaqları da yox idi.
   
   "Qılıncın əfsanəsi" altı ildən sonra Kumamo-to qəsrinin sahibi, böyük nüfuza malik Tada-tisi-Xosokavanın dəvətini qəbul edərək onun yanında qılıncoynatma müəllimi kimi işlədi. Maraqlıdır, Miyamota burada həm də rəssamlıq üzrə müəllimlik etdi. Həmin illəri onun həyatının normallaşdığı bir dövr adlandırmaq mümkün idi ki, bu da cəmi 4 il sürdü. Çünki onu daha önəmli saydığı məsələlər düşündürürdü. Buna görə də Miyamoto 1643-cü ildə oradan ayrılıb Reyqedoda bir dağda mağarada yaşamağa başladı. Və deyilənlərə görə, o burada dərviş həyatı sürüb. Amma...
   
   Sən demə, heç də belə deyilmiş. Samuray qılıncının əfsanıəsi adını qazanmış, məğlubedilməz Kensey burada tələbələri üçün yazdığı "Beş Həlqə Kiktabı"nı tamamladı. Musasiyə görə o, artıq missiyasını başa vurmuşdu. Həqiqətən də az sonra 19 may, 1645-ci ildə möhtəşəm Miyamoto həyata əlvida dedi.
   
   Amma onun xatirəsi ölmədi. Çünki 500 ilə yaxşıdır ki, onun adı, özü unudulmur. Haqqında əfsanələr dolaşır. Elə bu qeyri-adiliyinə görə idi ki, Musasi haqqında əsərlər yazıldı, həyatından bəhs edən neçə-neçə kinofilmlər çəkildi. O həm də gözəl rəssam idi. Onun çəkdiyi bəzi şəkillər var ki, bu gün də göz oxşayır. Və ən önəmlisi isə ona hələ də samuray qılıncının əfsanəsi, kralı deyirlər...

TƏQVİM / ARXİV