adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Yanvar 2022 13:21
469
DÜNYA

Qadınları hamiləlik testindən keçirən polislər, 170 min kimsəsiz uşaq, Çauşevski...

Bu dünya dişindən bir çox diktatorları keçirib. Əvvəlcə onlara fürsət tanıyıb , taxta çıxarıb, sonra isə... İndiyə kim heç bir diktator taxta çıxdığı zaman “mən diktator olacağam” deyə bir vəd verməyib. Hamısı xalqın rifahı, ölkənin dirçəlişi, inkişafı üçün çalışacağına söz verib. Stalin, Hitler, Mussolini və dövrümüzdəki bir çox diktatorlar. Eyni yolla gedən diktatorlardan biri də Rumıniyanın başına gələn Çauşevski idi. Onun ilk addımlarında kim deyə bilərdi ki, Rumıniyanın başına gələn başçı yox, bəladır?!

Fermer ailəsində doğulan və xalqın içindən çıxan bu adam digər liderlərdən fərqli olaraq ibtidai məktəbi bitirmişdi. Təhsilini yarımçıq qoyub tarlalarda işləyən bu adamı xalq özünə daha yaxın bilirdi. Sadəcə bu xüsusiyyətlərə sahib olmaq bir ölkəni idarə etmək üçün bəs etmirdi. 14 yaşında qeyri-qanuni yolla Kommunist partiyasına üzv olmuş, 15 yaşında kommunizmi təbliğ etdiyinə görə həbs edilmişdi. Qarşıdakı illərdə Kommunist partiyasında müxtəlif vəzifələrdə işlədiyi dövrdə bir yandan da eyni səbəblərlə tez-tez həbs edilirdi. Zaman keçdikcə partiyanın daxilində çaxnaşmalar baş verdi. Bu qarışıqlıqdan istifadə edib bir zamanlar pilləkənlərin altında toplaşan, illegal bir partiyanın başına keçdi. 4 il sonra 1965-ci ildə keçirilən seçkilərlə partiyası iqtidara gəldi. O gündən sonra da Rumıniyanın taleyi artıq başqa bir yola sürükləndi.

Hələ prezident deyildi, ancaq bir çox şey artıq onun nəzarətində idi. Çauşevskiyə görə iqtisadiyyatı düzəltməyin yolu iş gücünü artırmaq idi. Xəyalı isə 23 milyonluq işçi qüvvəsini 30 milyona qaldırmaq idi. Buna görə də ilk böyük işi abortu qadağan etmək oldu. O, mitinqlərdəki çıxışlarında ölkə əhalisinin sayının artması barədə danışır, xalq isə gözübağlı onu dəstəkləyirdi. Hər ailəyə ən azı 5 uşaq dünyaya gətiməsini tövsiyə edir, lazım gəlsə, dövlətin o uşaqlara baxacağını vəd edirdi. Bu səbəblə yeni yetişdirmə ocaqları açıldı və orada kimsəsiz uşaqlar böyüməyə başladı.

O, 18 yaşını keçən və evlənməyən insanlara ağır vergi tətbiq etmişdi. Evlənəndən sonra uşaq sahibi olmayanlar da bu vergilərə tabe idi. Ən azı 5 uşaq dünyaya gətirənə kimi. Hamilələr artdıqca işlər, işçilər və səsləri artacaqdı. Amma qadınlara nəzarət etmək üçün bütün bunlar bəs etmirdi. Kimlərin hamilə qaldığı bilinməli idi.

Buna görə də “Regl polisləri” adlı bir qrup yaradıldı. Bu polislər iş yerlərinə gedir, işləyən qadınları hamiləlik testindən keçirirdi. Hamilə olduğu aşkarlanan qadınlar da dövlətin səlahiyyətli şəxsləri tərəfindən nəzarətə götürülür, uşağı dünyaya gətirənə qədər hər addımları izlənirlirdi. Bunlardan əlavə ginekoloqlar bəlli yaşa çatmış qadınları yoxlayır, onların kifayət qədər uşaq doğurub-doğurmayacaqlarını aşkar edirdilər. Bir müdətdən sonra hamının ailəsində, qohumunda, qonşusunda hakimiyyətə işləyən agentlər var idi. Zaman keçdikcə bu agentlərin sayı milyona çatdı. Hətta hər 30 adamdan birinin hökümətin agenti olduğu düşünülür və insanlar evlərində belə rahat-rahat danışa bilmirdi.

Çauşevski Qərbə meyilli bir siyasətçi idi, amma kürəyini Sovet rejiminə söykəmişdi. Buna görə də Amerikanın, eləcə də Avropa ölkələrinin diqqət mərkəzində idi. Onun dövründə kimsəsizlər evində qalan uşaqların sayı 170 min idi. Yaşayışları isə çox bərbad idi. Qərbə meyilli siyasətinin nəticəsində dövrünün Amerika prezidenti Nikson Rumıniyaya səfər etmiş və ölkəyə maddi yardım göstərmişdi. Boston uşaq xəstəxanasından həkim Çarls Nenson uşaq evlərini ilk dəfə ziyarət etdiyi zaman gördüklərinin təsirindən uzun müddət çıxmamış, psixoloji müalicə belə almışdı. Oradakı uşaqlar barmaqlıqlı uşaq çarpayılarında saxlanılırdı. Hər 15 uşağa bir baxıcı düşürdü. Onlara verilən təlimat bu idi ki, uşaqlar nə qədər ağlasa belə onlar qucağa götürülməyəcək, yaxınlıq bə şəfqət göstərilməyəcək. Çünki yaxınlıq və şəfqət uşaqları daha artığını istəməyə yönəldəcəkdi. Və bir müddət sonra qayğıdan məhrum olan bu uşaqlar ağlamamağı öyrənirdilər. Çauşevskinin dünyadan xaric, savadsız böyüyən bu nəsildən səs alacağını düşünməsi həqiqətən gülünc idi.

O, təxminən 25 il iqtidarda qaldı. Xalqın fikrinin ona qarşı fikrinin artıq mənfi olduğunu hiss edən kimi bir mitinq təşkil etdi. Meydan aclıqdan ayaq üstdə güclə duran, xəstə insanlarla dolu idi. Amma polislərin əmri ilə plakat qaldıran, əl çalan bir kuklaya çevrilmişdilər. Hamı qorxur, sadəcə onlardan istəniləni edirdi.  Xalqı ölümə sürükləyən onun bir abort qadağası idi. Qəfildən meydanda toplaşan izdihamın ən axır sıralarından bir adam qışqırır, polis o adamı tapmağa macal tapmamış ona qoşulanları sayı minləri keçir, xalq Sovet boyunduruğundan çıxmaq və nəfəs almaq istəyirdi. Çauşevskinin edə biləcəyi bir şey var idi – qaçmaq!

Çauşevskinin ölümü isə hamınıza bəllidir...

Beləcə bir diktator da devrildi, amma diktatorluq düşüncəsi hələ də bir çox yerlərdə öz hakimiyyətini davam etdirməkdədir.

 

Eminquey