adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

O qayıdacaq!

16132 | 2008-01-27 11:52
Azərbaycanın tarixində işıqlı adamlar çoxdur.
   
   Mirzə Fətəli, Mirzə Cəlil, Haqverdiyev, Cavid, Cabbarlı və s. Bu gün onlar üzdədirlər, lakin bu gün onların personajları onlar haqqında danışır, kitab yazır, dissertasiya müdafiə edirlər. Onlar indi hər cür müdafiədən məhrumdurlar. Onları yüz il bundan əvvəl olduğu kimi yenə də anlamırlar. Amma söhbət başqa söhbətdir.
   
   Onların hər birinin böyük ədəbi istedadı vardı.
   
   Onların bədii təfəkkürü bu gün də heyrət doğurur.
   
   Onların möhkəm xarakteri, qətiyyəti bu gün də heyranlıq doğurur.
   
   Onların əsərləri bu gün də oxunur.
   
   Onlardan güc olan onlarla adam var.
   
   Onlar aktualdırlar.
   
   Amma onların heç birinin siyasi təfəkkürü yox idi.
   
   Onlar yazıçı idilər və yazıçı kimi də qaldılar. Mirzə Cəlil Xalq Cümhuriyyətini qəbul etmədi, Mirzə Fətəli olsa-olsa Rusiyada konstitusiyalı monarxiya haqqında kiçik yazılar yazdı və ölənə kimi çar məmuru kimi qaldı. Haqverdiyev isə ömrünün sonlarını "müsavatçılar pis idi, kommunistlər yaxşı" tezisi altında istedadına yaraşmayan hekayələr yazmaqla keçirtdi. Hüseyn Cavid Xalq Cümhuriyyətinə himn yazmağı özünə sığışdırmadı. Cabbarlı isə keçmiş müsavatçı kimi Sovet Azərbaycanında ancaq 14 il yaşaya bildi. Məmməd Əminin Azərbaycan intelligensiyası tarixindəki yeri isə tamam ayrıdır. Məmməd Əmin jurnalist idi, tənqidçi idi, ədəbiyyatşünas idi, dramaturq idi və bütün bunlardan əlavə o böyük siyasətçi idi. Məmməd Əmin ömrünü ədəbiyyata həsr etsəydi Mirzə Cəlil ola bilərdi. Amma o siyasətə atılmaqla xalqı köləlikdən xilas etdi və ona müstəqillik verdi. Buna layiqikmi? Bilmirəm. Amma Məmməd Əmin buna layiq idi və biz bu gün Məmməd Əminin çalışıb qazandığı müstəqilliyin içində yaşayırıq.
   
   Kimlərsə durub deyə bilər ki, müstəqillik bizə heç nə vermədi. Amma o müstəqillik olmasaydı biz bu gün çeçenlər kimi dağlarda vuruşurduq. O müstəqillik olmasaydı biz bu gün bir xalq kimi əriyib getmişdik.
   
   Məmməd Əmin Azərbaycan tarixində ilk siyasətçi idi. Bəziləri belə hesab edirlər ki, Məmməd Əminin AXC-nin qurulmasında elə böyük xidməti olmayıb, dövləti Fətəli xan Xoyski qurub və s. Onları ayırmaq olmazdı. Lakin Məmməd Əmin lider idi. Liderə məxsus bütün keyfiyyətlər onda vardı: yüksək intellekt, elmi təfəkkür, qətiyyət, fədakarlıq .
   
   Məmməd Əmin 17 yaşından siyasətə atıldı və 69 yaşına qədər bu siyasətdə qaldı. Çarizm illərində gizli təşkilatlar qurub milli məsələni qabartdı. İranda məşrutə inqilabının fəallarında oldu. Dövlət qurdu və qırmızı ekspansiyaya qarşı onu qoruya bilmədi. Sovet hökuməti illərində şərəfini qorudu və xaricə getdi. Hitler hakimiyyəti ilə danışıqları apardı. Türkiyədə yaşadı və bu illərdə Azərbaycan idealına xidmət etdi.

TƏQVİM / ARXİV