adalet.az header logo
  • Bakı -°C

Kim qalib gələcək: rejim, yoxsa xalq? - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
174 | 2026-01-13 10:19
A- A+

Avropa Xəbər Agentliyində (European News Agency) yayımlanmış son yazımı “Ədalət”in oxucuları ilə bölüşürəm. Yazıya keçid: https://www.european-news-agency.de/politik/who_will_prevail_the_regime_or_the_people-9285

***

İranda etirazlar davam edir. Hazırkı genişmiqyaslı etirazlar 28 dekabr 2025-ci il tarixindən başlayıb. Hadisələr ilkin olaraq Tehranda ticarət mərkəzlərində inflyasiyanın kəskin artmasına və milli valyuta olan rialın sürətlə dəyərdən düşməsinə qarşı iqtisadi tələblərlə ortaya çıxsa da, qısa müddətdə ölkənin bir  çox şəhərinə yayılaraq siyasi xarakter alıb.

12 yanvar 2026-cı il tarixinə olan məlumata görə, toqquşmalar nəticəsində 500-dən çox, bəzi mənbələrə görə isə 600-ə yaxın insan həlak olub, minlərlə şəxs həbs edilib. Hakimiyyət etirazları yatırmaq məqsədilə 8 yanvar 2026-cı ildən etibarən ölkə üzrə internet blokadası tətbiq edib. Bu faktlar mövcud rejimin baş verən hadisələrdən ciddi narahatlıq keçirdiyini göstərir.

Təbii ki, rejimin bu narahatlığı üçün əsaslar var. Etirazların rejimin süqutu ilə nəticələnməsi ehtimalı da istisna edilmir. Təsadüfi deyil ki, bir çox siyasi şərhçilər və jurnalistlər bu məqama xüsusi diqqət yetirirlər. Məsələn, İranın qonşu ölkələrindən biri olan Azərbaycanda da bu cür düşünənlərin sayı az deyil. Tanınmış jurnalist, siyasi şərhçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli öz Facebook səhifəsində yazır:
“Uçuruma doğru gedən İran viran ola bilərmi? Ola bilər. Əgər Əli Xameneinin rəhbərlik etdiyi molla rejimi xalqın səsini, bu səsi siyasi dildə ifadə edən prezident Məsud Pezeşkianın çağırışlarını eşitməsə və dəyərləndirməsə. İran prezidenti isə açıq şəkildə bildirir ki, polis və əsgər xalqla qarşıdurmaya getməməli, onlarla dialoq qurmalıdır. İnsanların dərdi və tələbi nədirsə, ona qulaq asılmalıdır.”

Hadisələrin gedişi isə onu göstərir ki, ölkənin dini rəhbərliyi prezidentdən fərqli mövqe tutur. Təsadüfi deyil ki, hakimiyyət öz tərəfdarlarının iştirakı ilə dəstək mitinqləri təşkil edir. İranın Ali Dini Lideri Əli Xamenei yaydığı müraciətdə hakimiyyətin təşkil etdiyi mitinqlərdə iştirak edən tərəfdarlarına təşəkkür edib. O, hər zamankı kimi baş verənlərdə ABŞ-ni günahlandırır.

ABŞ prezidenti də İranda baş verən hadisələrə biganə qalmayıb və etirazçılara dəstəyini ifadə edib. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi də son günlərdə xeyli fəallaşıb. O, etirazçılara dəstək verdiyini bildirərək istənilən an İrana qayıtmağa hazır olduğunu bəyan edib. Bununla da faktiki olaraq ABŞ-yə və Qərbə mesaj göndərmiş olur.

Lakin sual yaranır: İran xalqı onu istəyirmi? ABŞ və ümumilikdə Qərb dövlətləri ona real dəstək verərmi? Məncə, verməməlidirlər. Çünki İran xalqı sonuncu şahı, yəni onun atasını, o qədər də müsbət xatırlamır.

Fikrimcə, İranda baş verən proseslərdə əsas açar rolunu bu ölkədə yaşayan və saylarının 30 milyona yaxın olduğu bildirilən Azərbaycan türkləri oynayır. Məlumat üçün qeyd edək ki, İran və Rusiya arasında 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci ildə imzalanmış Türkmənçay müqavilələrinə əsasən Azərbaycan iki hissəyə bölünüb. Bu gün müstəqil olan Azərbaycan həmin dövrdə Rusiyanın tərkibində qalıb, ölkənin böyük bir hissəsi isə İran ərazisindədir.

Tarix boyu bir neçə dəfə bu torpaqların birləşməsi üçün imkan yaranıb, lakin müxtəlif səbəblərdən bu baş tutmayıb. Bu mövzu barədə gələcəkdə ayrıca və daha geniş yazmaq olar. Bu yazıda isə onu vurğulamaq istəyirəm ki, Azərbaycan türkləri İranda tarixən mühüm siyasi və ictimai mövqeyə malik olublar və bu gün də bu mövqeni qoruyurlar. Qeyd etmək lazımdır ki, İranın hazırkı prezidenti də Azərbaycan əsillidir. Bu fakt özü çox mətləblərdən xəbər verir.

Hesab edirəm ki, İranda rejim dəyişikliyi arzulayan qüvvələr bu ölkədə söz sahibi olan xalqların maraqlarını mütləq nəzərə almalıdırlar.

Hadisələr necə inkişaf edəcək? Rejim dəyişəcəkmi? Bunu zaman və tarix göstərəcək. Amma bir həqiqəti unutmaq olmaz ki, bu tip rejimlər əbədi olmur. Bu gün olmasa da, gec-tez dəyişiklik qaçılmazdır.

[email protected]

 

 

 

  • Yanvar:
  • 9

TƏQVİM / ARXİV