
Oxucu dünyası həm rəngarəngdi, həm də genişdi. Yəni həmin dünyanın ölçüsü, eni, boyu bir sözlə bütün ərazisi oraya sözün təsir gücünün çəkisi qədərdir. Bir az da açıqlasam, oxucu o sözü öz meydanında görür, qəbul edir, çözür, yayımlayır və yaşadır ki, o söz oxucunu haldan-hala salır, düşündürür, sevindirir, kədərləndirir, bir sözlə yaşadır. Belə olan halda meydan da böyüyür, mühit də zənginləşir.
Bu gün Azərbaycan oxucusunun, ədəbi ictimaiyyətinin tanıdığı, sayqı duyduğu, dəyər verdiyi imzalar var. Həmin imzalar da özü-özlüyündə oxucunun axtarıb -aradığı sözdü. Yəni imza o vaxt dəyərli olur ki, onun sözü də dəyərlidi. Burda şəxsiyyət ikinci plana keçir. Etiraf edək ki, müəyyən hallar var ki, gözəl bir söz bəzən şəxsiyyətində qüsur olan insana aid olur. Burda sözün günahı yoxdur. Bu tamam başqa bir mövzudur. Qayıdaq yenə sözün üstünə…
Bəli, mənim də böyük maraqla oxuduğum, izlədiyim, öyrəndiyim və dəyər verdiyim imzalardan biri də Şövkət Zərin Horovludur. Bir bölgədə dünyaya gəlsək də, demək olar ki, çox az-az qarşılaşmışıq. Amma mən mətbuat içərisində olduğumdan Şövkət xanımın imzası ilə az qala hər gün üz-üzə gəlmişəm, təmasda olmuşam. Şeirlərini də, yazılarını da, nəsr əsərlərini də sevə-sevə mütaliə eləmişəm. Bu da iki səbəbdən qaynaqlanıb. Birinci, hər ikimiz 30 il yurd həsrəti çəkmişik. Vətəndə vətənsiz olmuşuq. Və bu da ikinci səbəbi yaradır. İkimiz də həmin həsrətdən, həmin faciələrdən, həmin ağrılardan yana-yana , necə deyərlər, bacardığımız kimi yazmağa çalışmışıq. Yaşadıqlarımızı qələmə almışıq. Məhz bu səbəblər məni digər yurdsuzluq taleyi yaşayan digər həmkarlarım kimi ,elə Şövkət xanıma qarşı da həmişə diqqətli olmuşam və açığını deyim ki, həm də öyrənmişəm.
İndi əlimdəki kitabı təkrar vərəqləyirəm. Kitab ötən il işıq üzü görüb. Müəllifi Şövkət Zərin Horovlu olan bu kitab «Tanrıya gedən yol» adlanır. Mənim üçün bu kitabı maraqlı edən bir nüansı burda mütləq qeyd etməliyəm. Yəni bildirməliyəm ki, kitabın ön sözünün müəllifi çox hörmətli ədəbiyyat adamı, yazıçı, şair, publisist, tənqidçi Bəsti Əlibəylidir. Həyat elə gətirib ki, bizim yaradıcılıq yolumuz tez-tez kəsişib. Və «Ədalət» qəzetinin səhifələrində Bəsti xanım Əlibəylinin sözünün öz çəkisi, öz yeri olubdur.
«Tanrıya gedən yol» kitabını ilk dəfə əlimə götürəndə gözüyumulu açdığım səhifədə qarşıma «Söz adamıyam» şeiri çıxdı. Bilmirəm, bu təsadüf idi, yoxsa zərurət. Amma inanın ki, belə bir qarşılaşma məni sevindirdi. Çünki söhbət sözdən gedirsə, onun sahibi də, o imzanı yaşadan da məhz söz adamı olmalıdır. Bu anlamda müəllifin, yəni Şövkət xanımın oxucuya üz tutaraq «Söz adamıyam!!!» deməsi həm açıq etirafdı, həm də bir çağırışdı. Elə o etirafın işığında da mən, eləcə də oxucu görür ki, ona üz tutan kimdir və nə deyir.
Ömrümü götürüb çıxmışam yola,
Payızımla qışın arasındayam.
Gah yağış isladır, gah sazaq kəsir,
Bilmirəm yolların harasındayam?
Biri köçüb gedir, biri yol gəlir,
Gedənləmi gedim, gələnlə qalım?
Bu suala cavab tapa bilmirəm,
Dolaşır fikrim, çaşır xəyalım.
Həyat aldığını alıb ömürdən,
Harda uduzmuşam, harda udmuşam.
Yaz-yaşıl illəri verib əlimdən,
Üzülüb yarıdan, yarı qalmışam.
Şeirim də yetməyib öz zirvəsinə,
Misra-misra təntidib bitirir məni.
Mən başdan ayağa söz adamıyam,
Hara dönürəmsə söz çəkir məni.
İnancıma və gəldiyim nəticəyə görə, bu şeiri dinləyən, oxuyan hər kəs bir səmimiyyətlə, bir içdən gələn halal və gerçək olan düşüncə mənzərəsi ilə üz-üzə qalır. Çünki təntiyən adamın bu həyatda yeganə sığındığı sözdü. Onu hər tərəfə çəkən, amma çəkdiyi bütün tərəflərdə də öz yoluna, həm də öz sözünə sadiq olan şairin bundan böyük, bundan səmimi düşüncə məhsulunu mən təsəvvür edə bilmirəm. Elə məntiqin özü də bu gerçəkliyin içindədi.
Mövzu rəngarəngliyi və bir də oxucu ilə danışmaq, onun yumşaq damarını əldə etmək məharəti Şövkət xanımın yaradıcılığında mənim diqqətimi çəkən başlıca xüsusiyyətdi. O sanki kimin hansı dərəcədə, hansı ölçüdə sözü duymaq, qəbul və həzm etmək imkanlarını öncədən görür. Ona görə də dediyi söz, yazdığı misra sahibinin ürək çırpıntılarını öz ünvanına çatdırır. Hətta içindən belə bir fikir gəlib keçir ki, bəlkə də bu şeirlər Şövkət xanımınyalnız ovqatınn deyil , həm də əvvəlcədən müəyyən etdiyi ünvanın şeiridir. Yəni hər bir şeir fərqli və fərdi oxucuya yazılıbdı. Tutaq ki, onun «Qış tutub» şeirinə diqqət yetirək:
Gözümə yığdım yolları,
Getdim son mənzilə sarı.
Qovdum dolan buludları,
Gördüm gözümü yaş tutub.
Dərd məni aldı tərkinə,
Dözdüm boşuna, bərkinə.
Səbrə yüklənə-yüklənə,
Gördüm yolumu daş tutub.
İllər bir-birin kiritdi,
Ömrümü dözüm əritdi.
Gənclik nə tez gəlib-getdi? –
Gördüm ömrümü qış tutub.
Şeirin ovqatı o qədər aydın və həm də realdır ki, burada nəfəs dərmədən, həm də rahatlıqla onu oxumaq, o halı yaşamaq və özününküləşdirmək mümkündür. Bir oxucu olaraq misraların arasında duruxmaq, çaşıb qalmaq halları mümkün deyil. Çünki bu yolun hər birimizə aydın olduğu və bu hissin də hər birimiz üçün mövcudluğu günün reallığıdı. Sadəcə Şövkət xanım bizdən fərqli olaraq həmin o reallığı misralara köçürüb, misralara daşıyıb. Biz də onu oxuduqca təkrar həmin reallığı yaşamış oluruq. Hətta belə bir məqamda Şövkət xanımın çağırdığı (yəni yazdığı – Ə.M.) bayatı özü-özünə sənin də dilində səslənir:
Ay dilimin andı, gəl!
Ürək səni andı, gəl!
Həsrət çapıb-talayır,
Bağrım başı yandı, gəl!
O dağlara qış düşüb,
Çən gəlib, yağış düşüb.
Yağmalanan yurdların
Payına qarğış düşüb.
Düşünürəm ki, kövrək, həm də vətənsizliyi yaşayan insanın içindən gələn bayatıya laqeyd qalmaq mümkün deyil. Bax, SÖZ ADAMI olmaq burda bir daha özünü təsdiq edir. Və sözün meydanı, daha doğrusu, oxucunun arenası burda genişlənir.
Həmin o geniş arenanın yeni sözü, yeni fikri də elə burda döyür oxucu qapısını. Özü də ərklə. Çünki tər bir duyğunun ətrini özü ilə gətiribdi, özü də ilahidən gələn səs kimi.
Bir şeir çırpınır sinəmin altda,
Ağrısı yol salıb gözümdən keçir.
Sanki bir udumluq nəfəs kimidir,
Söz-söz, heca-heca özümdən keçir…
Gələndə vədəsi, vaxtı bilinmir,
Duyğu dumanında dolaşıb azır.
Dolur ürəyimə məndən xəbərsiz,
O şeiri bəlkə də mələklər yazır.
Mən «Tanrıya gedən yol» kitabını vərəqlədikcə belə bir qənaətə də gəldim ki, Şövkət xanım təkcə duyğularının, hislərinin, arzularının, xatirələrinin deyil, elə sözün özünün də bir rəssam kimi şəklini çəkir. Ona görə də həmin şeirlərlə üz-üzə dayanmaq mümkündür və üz-üzə dayanıb şeirin nəfəsini duyanda, hiss edəndə hansı ovqatda olmağından asılı olmayaraq daxilən bir nəvaziş hiss edirsən. O nəvaziş təkcə sözün özünə olan diqqətin nəvazişi deyil, o həm də oxucuya sayqının nəvazişidir. Məncə bu da Şövkət xanımın bir qadın, bir ana, bir nənə olaraq təkcə ailəsinə, çevrəsinə deyil, həm də bütövlükdə oxucu dünyasına olan münasibətinin cizgiləridir. Çünki şeirlərinin birində o vurğulayır ki:
Gəlimli-gedimli bu qoca dünya
Əbədi qaydadır, yenə fırlanar.
Ayağının altı cənnət yeridir,
Yaşayır, qocalır, ölmür analar.
Bəli, mən Şövkət Zərin Horovlunun «Tanrıya gedən yol» kitabı barəsində ilk təəssüratımı onun oxucuya, deməli həm də mənə , göstərdiyi diqqət və nəvazişin işığında qələmə almağa çalışdım. Amma inanın ki, bu kitaba yenidən dönəcəyimə şübhəm yoxdur. Çünki insan diqqət və nəvazişi hiss edəndə o ünvanı unutmur.