adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BÖLüNMüŞüK, BÖLüBLƏR...

BABƏK YUSİFOĞLU
33637 | 2009-09-05 05:03
Biz həmişə xalqımızın malik olduğu milli, əxlaqi dəyərləri ilə fəxr etmişik. Həqiqətdə də bunlarla fəxr olunasıdı, qürur duyulasıdı. Amma etiraf eləmək lazımdı ki, nə üçünsə çatışmayan cəhətlərimizdən çox az danışmağı, qüsurlarımızı qabartmağı xoşlamırıq. Hətta bunlar haqqında danışan, onları sevərək tənqid edən böyük şəxsiyyətlərə də birmənalı münasibət bəsləməmişik. Elə bu səbəbdən də bu gün böyük ədiblərimiz Mirzə Cəlili, Mirzə Ələkbər Sabiri... sözün əsl mənasında qəbul etməyənlər də var.
   
   
   
   Xalq müstəqillik əldə edəndən sonra çoxları elə bildi ki, nəinki Moskvanın təzyiqləri ilə xalqa yasaq edilən bir sıra milli adət-ənənələrinə, hətta tarixin dərin qatlarında üstünü toz basmış bir sıra mənəvi dəyərlərimizi də, necə deyərlər, yenidən həyat verəcəyik. Amma çox təəssüf ki, bu nəinki baş vermədi, hətta bəzi mənəvi keyfiyyətlərimizi də unutmağa, tarixin arxivinə atmağa başladıq. Atdıq fərqinə varmadan. Bunları sadalamağa lüzum görmürəm, çünki onları hamı əzbər bilir.
   
   Həmişə başımızın bəlasına çevrilən, bizi tarixin müxtəlif dönəmlərində yaman günə salan xüsusiyyətimizdən birini - birgə ola bilməməyimizi niyəsə içimizdən çıxarıb atmağa nail olmamışıq. Ya kim bilir, bəlkə də atmağa çalışmamışıq. Bəli, biz bir ola bilməmişik. Bu gün də bunu bacarmırıq. Biz lazımi məqamlarda, lap elə lazım olmayan məqamlarda səsimizi birgə çıxarmağı öyrənməmişik. Hər birimiz çalışmışıq ki, hər birimizin səsi, harayı ayrıca eşidilsin, ya da hər birimiz özümüzə məxsus susmağa üstünlük vermişik.
   
   Hər kəsin ayrıca partiyası olmalıdı, hər kəsin ayrıca QHT-si olmalıdı, hər kəsin öz icması olmalıdı, hər kəs öz qohumları, yaxınları ilə işləməlidi. Ölkə üçün həyati-vacib məsələlərdə hər kəsin ağzından ayrı avaz gəlməlidi. İmkanı olanlar millətin mənəm-mənəmliyini yox, öz mənəm-mənəmliyini düşünməlidi... kimi istəklər bir ənənəyə, bir amala çevrilib. Hər kəs öz ətrafında gözlə görünməyəcək divar ucaldıb.
   
   Mən sovet dövründə Rusiyada hərbi xidmət keçmişəm. Oradakı millətlər - ruslar, ukraynlar, gürcülər, moldovanlar... xorla öz mahnılarını oxuyardılar, amma biz bunu bacarmazdıq. Fərdi idman növlərindən fərqli olaraq kollektiv idmanı - futbolu da oynaya bilmirik, basketbolu da oynaya bilmirik... Nə birlikdə oynanılırsa, o bizlik deyil.
   
   Bu gün cəmiyyətin qınağı yoxdu. Bu gün ictimai rəy mövcud deyil. Elə ona görədir ki, kimlərsə cəmiyyətin mənəvi-əxlaqi dəyərləri ilə, heysiyyatı, zövqü ilə bağlı hansısa qələti qarışdıranda, hədyan danışanda, olmazın hoqqalarını çıxaranda... ictimai rəydən ehtiyat eləmirlər. Çünki ictimai rəyin olmadığına arxayındırlar. Millətə, dövlətçiliyə qarşı hər cür hərəkətdə bulunanları toplum olaraq baykot edə bilmək imkanından belə məhrumuq. Onlara cəmiyyət olaraq göstərə bilmirik ki, onlar nə işlər qarışdırıb, hansı günahları ediblər. Əksinə, bu gün həmin kəslər istədikləri vaxt baş qaldırıb cəmiyyətə meydan oxumaqdan belə çəkinmirlər. Beynəlxalq statuslu fahişələr, onların şam tutanları namuslu insanlara əxlaqi dəyərlərdən "dərs" deyir, insanımız onları öz olduqları yerdə oturda bilmir. Hər birimiz özümüzü evimizin içərisinə cavabdeh, öz həyətimizi qala sayırıq, düşünmürük ki, bundan kənarda olanlar şəxsən bizə də aiddir. Yəni ev-ev, mənzil-mənzil, hətta eyni evdə otaq-otaq bölünmüşük.
   
   Böyük ictimai dərdlər o dərəcə də fərdləşib ki, kimsə qarşı yaxanı görə bilmir. Mənəvi nəyimiz varsa, onları da bölmüşük. Müqəddəs dinmizi də icmalara, təriqətlərə bölmüşük, sünni-şiə deyib namazımızı, Allaha ibadətimizi bölmüşük. Gor yerlərimiz dövlətli-fəqir qəbirlərinə, yasımız kasıb-varlı məclislərinə ayrılıb. Düşmənə nifrətimizi bölmüşük, dosta, soydaşa, insana diqqətimizi, sevgimizi... bölmüşük. Darda olan yaxınımıza uzada biləcəyimiz əlimizi kəsmişik...
   
   Biz bölmüşük, düşmənlərə də yol göstərmişik. Onlar da zaman-zaman istifadə edib bu milləti, bu torpağı bölüblər, bölürlər, əgər bu xislətimizdən qurtula bilməsək hələ bundan sonra da böləcəklər. Necəki hamımızın gözü qarşısında uyğurları bölürlər, necəki Kərkükdəki, Mosuldakı türkmənləri bölürlər, çeçenləri, Azərbaycanı, Cənubdakı soydaşlarımızı, Kıprızı, tatar, axıska, başqırd, qaqauz... türklərini bölürlər.
   
   Bəli, özümüz bölünmüşük. Çünki bölünməyəni Tanrıdan başqa kimsə bölə bilməz. Bəsdi daha bunun günahını düşmənlərdə axtardığımız. Yetər Rusiyanı, İranı, ingilisi, ermənini, amerikalını... bu günə düşməymizin səbəbkarları bilməyimiz. Bölünmüşük, bölüşdürüblər. Olsa-olsa onlar bu parçalara ad qoyublar...
   
   Hər şeyə son vermək üçün özümüzə qayıtmalıyıq. İçimizdəki, çölümüzdəki bu bəlanı çıxarıb cəhənnəmin dibinə tullamalıyıq. Bir fərd olaraq, bir ailə, bir toplum, bir cəmiyyət, bir millət olaraq bunu bacarmalıyıq. Bunun başqa yolu yoxdu. Ya da ən kiçik zərrəmizədək bölünməkdə davam etməliyik...

TƏQVİM / ARXİV