adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"BƏLKƏ" SiYASƏTi iLƏ HARAYA?..

BABƏK YUSİFOĞLU
41756 | 2012-02-08 08:32
Nikola Sarkozinin Fransası Qərbin uzun illər bar-bar bağırdığı demokratik ənənələrə təhqir olan - qondarma erməni soyqırımının inkarına görə cəzanın tətbiqini nəzərdə tutan qanununu qəbul etdikdən sonra Ankara hələ də hansı möcüzəyəsə ümid bəsləyərək gözləyir ki, BƏLKƏ Fransanın konstitusiya məhkəməsi problemin çözümü üçün müsbət addımlar atacaq. Amma Sarkoziyə yaxın dairələrin verdiyi açıqlamalarda dolayısı ilə anladılır ki, hətta konstitusiya məhkəməsi həmin qanuna əngəl yaratsa belə prezident prosesi dayandırmayacaq. Əslində bu heç təəccüblü də deyil. Bunlar gözlənilən idi. Əsl təəccüb doğuran məsələ isə hələ də Ankaranın dediyimiz həmin "bəlkə"lər üzərində siyasət yürütməsidir.
   
   Əlbəttə, AKP hakimiyyətinin ümidlə gözləmə, "bəlkə" mövqeyi haqqında dediklərimizdən heç də elə çıxmasın ki, bədnam qanunun qəbulundan sonra hər kəs Türkiyənin Fransa ilə müharibəyə girməsini gözləyir. Əsla belə deyil. Mən ötən yazılarımın birində də yazmışdım ki, həmin girdirmə sənədin Fransa senatında müzakirəsi zamanı prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan (hələ digər yüksək çinli dövlət və hökumət məmurlarını demirəm) heç olmasa bəyan etdikləri addımları atsınlar, Ankarada oturub Parisdəki senatorlara mesajlar göndərməsinlər. Amma çox təəssüf...
   
   Ərdoğan elə zənn edir ki, öz ölkəsində olduğu kimi pafoslu çıxışlarıyla, yeri gələndə göz yaşlarıyla, tribunadan söylədiyi şeirlərlə regionda gedən qlobal prosesləri həll edəcək, dünya ictimaiyyətinə də təsir göstərə biləcək və istədiyinə nail olacaq. Amma Anadolu türklərinin təbirincə desək şu, kəsinliklə belə deyil və kardeşim bunu yeməzlər. AKP indi daha effektli, daha dərin siyasətə baş vurmaq əvəzinə ermənilərin könlünü daha çox almaqla vəziyyəti düzəldə biləcəyinə ümid bəsləyir. Və hər fürsətdə bunu gözə soxmağa çalışır. Elə bu günlərdə Malatiyada bir erməni qəbiristanlığının təcili bərpasına başlanması da həmin məqsədə xidmət edir. Ermənistan saytları Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, bir müddət əvvəl dağıdılmış erməni qəbiristanlığı meriya tərəfindən yenidən düzəldilir. Söylənir ki, orada dua və digər dini ritualları icra etmək üçün olan tikili də tam qaydaya salınacaq.
   
   Bəli, dəfn olunanların milliyyətindən, dinindən asılı olmayaraq mövcud qəbiristanlıqlar təkcə dövlət tərəfindən deyil, həm də yerli xalqın özü tərəfindən qorunmalıdır. Bu hər şeydən qabaq bir insanlıq borcu, insanlıq görəvidir. Dağılmış qəbiristanlıq varsa, mütləq qaydaya salınmalıdır. Amma anlaşılmır ki, niyə həmin qəbiristanlığın məhz türklər tərəfindən dağıdılması təsəvvürü formalaşdırılır? Belə bir şey ola bilərmi? Türkün tarixindən və psixologiyasından az-çox xəbərdar olanlar çox yaxşı bilir ki, türklər heç vaxt heç bir millətin qəbiristanlığını dağıtmayıb. Bu birmənalıdır. Hər cür yalan iddialarda bulunan ermənilərsə Dağlıq Qarabağdakı müsəlman qəbiristanlıqlarındakı başdaşlarını da oğurlayıb özlərinə hovuz, obyekt inşa ediblər.
   
   Hakimiyyət Malatiyadakı qəbiristanlığın bərpasının reklamıyla ermənilərə olan sevgisini nümayiş etdirib Qərbin rəğbətini qazanmaq istəyirsə bu çox ucuz, heç nəyə yaramayan siyasətdiur. Məgər Türkiyə ərazisində, yaxud digər ölkələrdə başqa dağılmış, köhnəlmiş qəbiristanlıqlar yoxdurmu? Müsəlman qəbiristanlıqlarının hamısı yaxşı vəziyyətdədirmi? Hər yerdə ağız dolusu Dindən, Allahdan, Müsəlmançılıqdan, Savabdan, Günahdan... danışan Rəcəb Tayyib Ərdoğan niyə Azərbaycanın işğal altında olan rayonlarındakı məscidlərdə, müsəlman-türk qəbiristanlıqlarında ermənilərin donuz saxladıqlarının hesabını Yerevandan soruşmur? Ərəblərə görəsə İsraillə düşmənçiliyə gedir.
   
   Kimsə yaddan çıxarmasın, yersiz-yurdsuz ermənilər əski türk torpaqlarında özlərinə bir dövlət qursalar da yenə türkü ən böyük düşmənləri sayırlar və dünyaya gələn bütün körpələrini məhz bu ruhda tərbiyyə edirlər. İndi siz deyin, erməni türkə olan nifrətindən əl çəkərmi? Vallah, boşuna zəhmət çəkirsən, kardeşim. Siz erməni qəbiristanlığını təzədən tikdiyiniz, ermənilərə dostluq-qardaşlıq mesajları göndərdiyiniz, nəhayət Fransanın türkə nifrətini ifadə edən qanunun qəbuluna beləcə, son dərəcə yumşaq münasibət bəslədiyiniz... bir zamanda ermənilər daha böyük çapda hərəkətə keçiblər. Xəbəriniz varmı?
   
   Amerika Erməni Assambleyası yenidən Birləşmiş Ştatların prezidenti Barak Obamaya müraciət ünvanlayıb ki, Amerika rəsmən girdirmə erməni soyqırımını tanımalıdır. Ermənilər müraciətdə Fransa senatının bədnam qərarından sonra dövlət katibi Hillari Klintonun Vaşinqtonun belə bir ssenari ilə hərəkət etməyəcəklərini bildirən açıqlamalarından narazı olduqlarını dilə gətiriblər. Bundan ötrü daha böyük təşəbbüslər göstərməyi planlaşdırırlar.
   
   Son olaylardan sonra ermənilər Türkiyəni daha çox köşəyə sıxmaq üçün prosesə yeni, sanballı "oyunçuların" cəlb edilməsi üçün himayədarları ilə məsləhətləşmələrə girişiblər. Ankara isə Suriya prezidenti Bəşər Əsədə hədə-qorxu gəlməklə məşğuldur...

TƏQVİM / ARXİV