Antireklam nəyə lazımdır?!

İRADƏ İSHAQ
23982 | 2009-11-14 00:04
Bunu kim bilmir ki?! Amma kim bilir bu üsuldan istifadə etməklə irəli düşməyin müxtəlif yollarını?! Şəsxən mən bilirəm. Ən azından ictimai qazanda qaynayıram. Dərk etmişəm ki, artiq kimisə tərifləməklə gün-güzəran qazanmaq, cibişdanı doldurmaq, gündəmdə qalıb sevilmək dövrü keçib. Zəmanəylə ayaqlaşmaq lazımdır. İndi gərək ucdantutma hamını düzəsən sıraya. Artıq nə qədər aşağı səviyyəyə düşürsənsə, o qədər xoşbəxt görünürsən. Bizə də həqiqət lazım deyil. Ona-buna acıq vermək üçün görüntü bizə bəs edir. 2-3 düşmənimizin ürəyini partlatdıq kifəyətdir. Onsuz da dünyada tam xoşbəxtlik yoxdur. Artıq orta statistik azərbaycanlının düşüncə tərzi, həyat amalı, devizi budur. İnkar etmək lazım deyil. İnkar etdikcə güzgüdə daha da eybəcər görünürük.
   
   Peyğəmbərimiz Məhəmməd səlləllahü əleyhi vəsəlləm dünyanın son gününü bilməsə də, onun yaxınlaşmasının əlamətlərini demişdi. O deyirdi ki, əgər qadınlar kişi, kişilər qadın paltarları geysələr, darvazaların hamısı dəmirdən olsa, insanlar göyün 7-ci qatında yaşasalar o zaman qiyamət yaxınlaşır deməkdir. Bu deyilənləri əsas götürsək onda şələ-küləmizi yığışdırmağın vaxtıdır. Demək ki, bəsirətli peyğəmbərlər hər şeyi öncədən görüblər. Bir tək insanın özünü antireklam etməsi, yəni, ya biabır etməsi, ya başqasına sataşması, ya özü haqda yalan şayiələr çap etdirməklə, özünü öldürməklə yüksəlməsi barədə özlərini elədikləri reklamdan başqa. Yəni bu hiylə bəşərin son icadıdır.
   
   Bu günlərdə bir informasiyaya rast gəldim. Guya kimlərsə məşhur milli İyo-kiyo babamız (biz baba və qardaş tapanda daha ürəkli oluruq deyə belə yazdım) Zirəddin Rzayevin adından yalan informasiyalar yayır, məşhur tanışlıq saytlarında onun adından fala baxırlar. Və buna etiraz edən Zirəddin xoca (müəllim və bəy sözünün məhz burada yeri yoxdur) həmin an kəskin təkzib verib. Xalqımızı düşünərək ayıq olmağa çağırıb. "Fırıldaqçılara inanmayın. Zirəddin var axı". Guya ki, özünün verdiyi proqnozlar daha çox həqiqətə uyğundur.
   
   Düzünü Allah bilir. Bax, bunu deyən yoxdur. İnsanların taleyi ilə əlinin içində buruşdurub top kimi oynatdığı adi bir kağız parçasından fərqli davranmayan bu insanlar dedikləri sözlər üçün qətiyyən məsuliyyət daşımırlar. Orası bəlli. Amma siz fəndə fikir verin. İnformasiyanın axırına baxaq. Sözləri olduğu kimi verirəm. "Hal-hazırda Moskvada yaşayan və oradakı nüfuzlu klinikalarda çalışan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev bildirdi ki, onun iki rəsmi saytı fəaliyyət göstərir: www.ziraddinrzayev.com və www.phainomenon.com. Bu saytlardan başqa, heç bir sayt Zirəddin Rzayevə məxsus deyil: "Mənim canlı qəbuluma düşmək istəyənlər isə bu telefon nömrəsinə zəng edərək qəbula yazıla bilərlər": Daha nömrəni mən yazmıram.
   
   Qardaş, halal olsun səni yetirən torpağa! Bir məşhur filmdə deyildiyi kimi, oğulda fərasətə bax. Necə bacarmısan, ağlına gəlib bu üsul. Ola bilsin ki, mən də reklam yaradacam ona. Necə? Onu beləcə sağına-soluna tənqid etməklə. Bilirsinizmi, artlq televiziya və qəzetlər kimisə tənqid etməkdən belə qaçmağa başlayıb. Çünki artıq tənqid də bir reklam vasitəsi sayılır. Bu məqaləni oxuyan bir oxucu bəlkə elə mənim acığıma, hətta məni qınayacaq da. Və ən yaxın rəfiqəsinə, ya dostuna nömrəni verib deyəcək ki, "götür, zəng elə, dərdini de, danışırlar da. Elə bilirsən bu jurnalistlərin özləri getmir falçı yanına?! Yalandan hörmət qazanmaq istəyirlər. İşində ol, olan elə bizə olur, qara camaata".
   
   Hə, bununla başlayır hər şeyin əvvəli, gəlir hər şeyin sonu. Burada başqa bir nüans da var. İnformasiyanın daha bir maraqlı məqamı var. Burada oxucuya eyham olunur. Yenə faktları olduğu kimi verirəm. "Zirəddin Rzayevin özü də bu faktı təsdiqlədi və bildirdi ki, bu saxta "Zirəddinlər" barədə onun özünə çoxlu sayda telefon zəngləri daxil olur: "Mənə yaxın dostlarım, tanışlarım, qohumlarım zəng edir və mənimlə internetdə danışdıqlarını bildirirlər. Mən isə hər dəfə bildirmişəm ki, nə mən, nə də mənim ailə üzvlərim heç vaxt internetdəki tanışlıq saytlarında, ünsiyyət portallarında heç kimlə yazışmamışıq. Mən ancaq canlı şəkildə insanları qəbul edirəm və onlara öz proqnozlarımı verirəm. Bir daha bəyan edirəm ki, mən Zirəddin Rzayev heç vaxt internet üzərindən heç kimə proqnoz vermirəm və heç vaxt da verməyəcəm".
   
   Hə, bu torbada başqa pişik var. Fikir verin, burada nə qədər inkar sözləri var. Psixoloji məqamları açır bu yazı, yalnız informasiya xarakterli olduğunu düşünmürəm. Fakt burada cücərir. Demək torbadakı pişik hətta balalayıb da.
   
   Zirəddin Nostradamos Azərbaycanın ovsun və fal qabiliyyətini gedib ruslara, qeyri-millətlərə elə göstərdi ki onların özləri məəttəl qaldı. Rəhmətlik Sabir demişkən, "Sağdan-sola, soldan-sağa sal boynuna heykəl, qoy cinni məəttəl". Görəsən, Zirəddinin öz qabiliyyətləri, ona verilən vergi adlı nəyinsə verilməsi ilə bağlı iddialarını o falçı şounun birinci yeri tutan rus xalqının nümayəndəsinə də şamil etmək olarmı? Görəsən, o rusa da vergini yuxusundakı ağ paltarlı adamlarmı verib? Yoxsa, bu nə xoşbəxtlikdirsə yalnız bizim milləti tapır? Nə hikmətdirsə bu ağ paltarlılar yalnız bizim əməli saleh falçılarımızın yuxusundan əl çəkmirlər.
   
   Cin kimi rusları da məttəl qoydu həmyerlimiz. Rusları başqa nədə təəccübləndirə bilərik ki?! Elmdə, musiqidə, hərbidə onlar bizi heyran edirlərsə, biz də Zirəddin kimi qızıldiş el oğlumuza arxayınıq. Ərə verməkdən başlamış ərsiz qadını xalq artisti eləməyə qədər möcüzələri var bu ustadın. Məncə, Zirvədəkilər mükafatına o, daha çox layiqdir. Heç olmasa, kiminsə yaralı barmağına dərman olub. Bu mükafatın o biri nümayəndələrindən az da olsa irəlidədir. Amma dili qurusun, o Namiqin. O gün müsahibə verib ki, "Zirəddinin danışdıqları boş şeylərdir, mən ona inanmıram. Biz Aygünlə ayrılan deyilik".
   
   Heç olmasa şou biznes əhlindən kimsə Zirəddinin ovsunundan çıxdı və yada saldı ki, göydə Allahdan, yerdə də insanın ağlından, qurduğu münasibətlərdən və xarakterindən başqa bəşər övladının heç bir köməyi, xilaskarı yoxdur. Allah biz insanları çoxdan eşitmir. Elə Zirəddin kimilərin üzündən. Heç olmasa Allah, ağlımıza dəyməsin, yüz belə Zirəddinlər görüb bu dünya, sonra da göndərib bəşəriyyətin toz basmış arxivinə.

TƏQVİM / ARXİV