adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

SiYASƏTƏ TƏSiR ETMƏYƏN BÖHRAN...

BABƏK YUSİFOĞLU
39430 | 2011-10-06 12:15
Son dövrlər Amerikanın ən optimist iqtisadçı ekspertləri belə Birləşmiş Ştatlardakı böyük büdcə krizisinin artıq təhlükəli bir həddə gəlib çatdığını etiraf etməkdədir. Və o da məlumdur ki, bu böhran yalnız ABŞ üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı, dünya maliyyə resursları üçün çiddi təhlükələr yarada bilər. Məhz bu səbəbdən də şərhçilər bunu ictimaiyyətin başı üzərində asılan "Domokl qılıncı" da adlandırırlar. Vəziyyət elə bir həddə çatıb ki, Vaşinqton ən inanılmaz addımlara belə əl atmağa sövq edir. Belə ki, büdcə böhranı ABŞ-ı məcbur qoyub ki, son 20 il ərzində maliyyə xərclərində ixtisarlara əl atsın.
   
   Krizis dövləti xarici yardımları, xüsusilə xarici dövlətlərə maliyyə dəstəklərin də ixtisarına məcbur qoyub. Çoxları bunu Birləşmiş Ştatların nüfuzu üçün təhlükəli hesab etməsə də əslində belə deyil. Bir sıra nüfuzlu ekspertlərə görə, belə maliyyə yardımlarının kəsilməsi əslində ABŞ-ın dünya üzərində mövcud olan təsirinin azalmasına gətirib çıxaracaq. Respublikaçıların nəzarətində olan həm nümayəndələr palatası, həm də senatın demokrat üzvləri Dövlət Departamentinə təklif göndəriblər ki, xarici dövlətlərə göstərilən maliyyə yardımları kəskin şəkildə azaldılsın. Onlar bununla da dövlət borcunun azaldılmasına kömək edəcəkləri qənaətindədirlər. Artıq həmin siyahı müəyyənləşdirilib də.
   
   Bununla əlaqədar olaraq Amerika dövləti də Afrikaya, həm də təbii fəlakətlərə məruz qalmış ölkələrə, o cümlədən Pakistana, Yaponiyaya ərzaq, maliyyə və tibbi yardımların kəskin surətdə kəsilməsinə qərar verib. Siyasilərin bildirdiyi kimi, bu addımlar Birləşmiş Ştatların beynəlxalq nüfuzuna ziyan versə də hökumət buna getməyə məcburdur. Bütün bunların fonunda isə Birləşmiş Ştatların dünyada hansı siyasət yeritdiyini açıq-aydın görmək olur. Pərdəsiz-filansız. Belə ki, büdcə borclarının durmadan artdığına, defoltun artıq əvvələr söylənən 14 milyardı aşdığına baxmayaraq ABŞ müharibələrə, separatizmin dəstəklənməsinə milyardlarla vəsait xərcləməyə özündə güc tapır. Həm Liviyadakı, həm Əfqanıstandakı, həm də İraqdakı müharibəyə milyardlarla para yönəldən Vaşinqton nədənsə bu xərclərdən imtina etmir, amma Afrikanın, Pakistanın, Yaponiyanın humanitar dəstəkləridən imtina etməyə üstünlük verir.
   
   ABŞ-ın 2010 maliyyə ilinin xərclərinin yekunlarına görə, beynəlxalq münasibətlərə, xarci yardımlar da, Dövlət Departamentinin cari xərcləri də daxil olmaqla dövlət 55 milyard dollar xərcləyib. Obama administrasiyasının 2011 büdcə ilində isə bu məbləğin xərcləri fikir ayrılığı yaratsa da hələlik konkret addımlar atılmayıb. Ölkədəki bu vəziyyəti amerikalılar etirazla qarşılayır, yürüdülən siyasətə qarşı çıxırlar. Və bu səbəblər üzündən də böyük əksəriyyət belə hesab edir ki, Obama təkrar prezident seçilmək şanslarını itirməkdədir. Çünki o əvvəlcədən verdiyi əsas vədlərdə başarılara nail ola bilməyib. Əksinə, dediyimiz kimi Birləşmiş Ştatlar hazırda büdcə böhranı yaşayır və görülən bütün tədbirlər hələlik əsaslı nəticələr vermir. Hətta gün keçdikcə daha bədbin proqnozlar səsləndirilir.
   
   Burada yuxarıda qeyd etdiyimiz Amerika siyasətinin iç üzünü göstərən detallara nəzər salaq. Maraqlıdır, nəhəng bir dövlətin böhran həddində olmasına baxmayaraq dövlət administrasiyası vəziyyətdən çıxmaq üçün öz maliyyə resurslarını səfərbər etməyə borclu olduğu halda hərbi əməliyyatlara, müharibələrə xəsislik göstərmədən pul xərcləməyə davam etməkdədir. Barak Obama 1 oktyabrdan başlayacaq 2011 cari maliyyə ilinin formalaşdırılması üçün Dövlət Departamentindən 59 milyard dollar pul istəyib. Diqqət etməyə dəyərn bu vəsaitin önəmli bir hissəsi müharibələrə, işğalçılıq siyasətinin həyata keçirilməsinə, yəni 8,7 milyard dollar İraq, Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara xərclənməsi planlaşdırılır. Halbuki, həmin vəsait ölkə əhalisinə və ya böhranın qarşısının alınmasına yönəldilsə daha məqsədəuyğun olardı. Lakin göründüyü kimi Vaşinqtonun planları fərqlidir. Belə söylənir ki, ABŞ-ın nümayəndələr palatası administrasiyanın istədiyi məbləği 53 milyard dollar nəzərdə tutub.
   
   Burada daha maraqlı məqamlara diqqət etməyə dəyər. Belə ki, Birləşmiş Ştatların hər iki palatası tərəfindən İsrail üçün nəzərdə tutulan 3 milyard dolların bir senti də azaldılmadan saxlanıb. Bundan başqa, hətta ölkədaxili xərclərin də azaldılmasına əl atan Vaşinqton Cənubi Qafqazda separatizm rejiminə - Azərbaycan ərazilərini işğal altına alaraq özləri üçün orada girdirmə, separatçı bir dövlət yaradan ermənilərə 10 milyon, işğalçı Ermənistanın özünə isə 40 milyon dollar yardım göndərir. Amerkanlar göndərdikləri bu paralara istənilən ad versələr də gerçək budur ki, separatçılar hər bir dəstəkdən militarist siyasət üçün istifadə edirlər. Ermənilər məhz həmin yardımların gəldiyini və gələcəyinə arxayın olduğu üçün qeyri-leqal yollarla silah-sursat satın almaqdadır. Bununla bağlı uzun-uzadı faktların sadalamıram, elə son dövrlər Moldovadan gizli şəkildə silahların alınması bunun bariz nümunəsidir. Artıq bu faktlar sənədlərlə də öz təsdiqini tapmışdır.
   
   Ac vəziyyətdə yaşayan afrikalıların pulunu, tibbi yardımlarını, ümumiyyətlə humanitar dəstəyi kəsmək Vaşinqton üçün daha rahatdır. Əlbəttə, bütün bunları yazmaqla heç də onu demək fikrində deyiləm ki, Vaşinqton öz pullarını bizim məsləhət gördüyümüz yerlərə verməlidir. Xeyr. Pul onlarındır, istədikləri yerə də göndərə bilərlər. Amma özlərinə super dövlət, demokratiyanın beşiyi adını qoyub, dünyaya jandarmalıq edən bir dövlət həm öz xalqını, həm də dünya ictimaiyyətini aldadaraq siyasət yeritməz. Amma yeritdiyi üçün dünya artıq onun nəyə qulluq etdiyini və iç üzünü görüb. Özü özünə nə ad verirsə versin...

TƏQVİM / ARXİV