ANA SƏHİFƏ / YAZARLAR

"Dövləti, xalqı böyük təhlükədən xilas etmişəm"

"Allahdan arzu edirdim ki, yazı masası və bir çarpayı yerləşən otağım olsun, açarı da əlimdə və ev sahibi "işığı çox yandırma" deməsin"

174326    |   2012-11-21 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlyas İsmayılov. Təqdimat üçün onun ad və soyadı yetər. "Yetməz" deyə düşünənlər üçün belə yazaq: İlyas İsmayılov-deputat, Ədalət Partiyasının sədri. Adətən vəzifə və titul addan əvvəl gəlir. Biz bu ənənəni pozduq. Daha doğrusu bu ənənəi İlyas adı, İsmayılov soyadı pozur.

- Neçə ildir siyasətdəsiniz?

- Bu siyasətin anlamı ilə bağlı məsələdir. Mənə elə gəlir ki, hər birimiz şüurlu fəaliyyətimizlə siyasətdəyik. Bu mənada aktiv və passiv siyasi fəaliyyət var. Bunu illərə bölməyin də tərəfdarı deyiləm.

- Aktiv siyasətə qoşulduqdan sonra əldə etdiyiniz uğurları sadalaya bilərsinizmi?

- Bunu sadalamağa ehtiyac görmürəm. Əksəriyyət kimi mən də kənddə ağır bir şəraitdə, atasız böyümüşəm. Bunun nə demək olduğunu yalnız atasız böyüyənlər bilər. Səninlə oynayan hansısa bir uşağın atası başını sığallayır, qayğısına qalır, amma bu hissi sən yaşamırsan. İnsan saniyələrlə, dəqiqələrlə böyüyür və bir də görürsən ki, çox şeylər arxada qalıb. Amma mən taleyimdən, Allahdan çox razıyam. Tale qismət etdi arzuma çatdım, universitetin hüquq fakültəsinə qəbul oldum və fərqlənmə diplomu ilə bitirdim. O zaman prokurorluqda işləmək hamının arzusu idi. Azərbaycan və rus sektorunu bitirən 50 nəfərdən cəmi 5 nəfəri təyinat üzrə prokurorluqda işləməyə göndərilmişdi. Onlardan biri də mən idim. Artıq Göyçay rayonuna müstəntiq göndərilməyim barədə təyinat da gəlmişdi. Amma mən öz ərizəmlə prokurorluqda işdən getdim. Bu, bəlkə də Azərbaycanda yeganə fakt idi. Ərizə verib işdən getdikdən sonra Akademiyada fəlsəfə bölməsində kiçik elmi işçi işlədim. Bir ildən sonra Leninqrad universitetinin "Cinayət hüququ" kafedrası üzrə əyani aspiranturaya qəbul oldum. Üç il Leninqradda yaşadım. Həmin illəri həyatımın ən xoşbəxt illəri sayıram. Çünki orada gözəl elmi mühit, zəngin kitabxana, yaxşı alimlər vardı. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycana qayıtdım. Yenə də Akademiyanın fəlsəfə və hüquq institutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi işlədim. Paralel olaraq "Sosialist qanunçuluğu" jurnalında jurnalistlik fəaliyyəti ilə məşğul olurdum. Jurnalın baş redaktoru Ali Məhkəmənin sədri olan rəhmətlik Abdulla İbrahimov idi. Həmin jurnalın tək işçisi idim, bütün işləri də özüm görürdüm. Hüquq fakültəsində axşam şöbəsində rus və Azərbaycan bölmələrində "Cinayət hüququ"ndan, Xalq Təsərrüfatı İnstitutunda isə fəlsəfədən dərs deyirdim.

- Bəs prokurorluq orqanına gəlişiniz necə oldu?

- Akademiyada işlədiyim və ali məktəblərdə dərs dediyim zaman yenidən prokurorluğa işə dəvət olundum və Respublika Prokurorunun köməkçisi, sonra Mərkəzi Komitənin inzibati orqanlar şöbəsində təlimatçı oldum. Altı il çalışdım və oradan Respublika Prokurorluğuna müavin gəldim. 1985-ci ildə isə Respublika Prokuroru təyin olundum. 5 ildən artıq bu vəzifədə işlədikdən sonra 1990-cı ilin iyulunda Moskvada SSR Prokurorluğunun şöbə müdiri vəzifəsində işlədim. Bu şöbə bütün SSRİ ərazisində olan azadlıqdan mərhumetmə yerlərində qanunçuluğun həyata keçirilməsinə nəzarət edirdi. SSRİ dağılana qədər orada işlədim. Bütövlükdə o dövrkü fəaliyyətimlə fəxr edirəm. Çünki bu vəzifələrdən istifadə edib, sözün əsl mənasında dövlətimə, xalqıma qulluq göstərmişəm və dövləti, xalqı böyük təhlükədən xilas etmişəm.

- SSRİ prokurorluğunda cinayət işləri ilə bağlı araşdırma aparan Qdlyanın Azərbaycana müdaxilə etməsinə imkan vermədiyiniz, ölkəni böyük bir təhlükədən xilas etdiyiniz bildirilir. Buna necə nail ola bilmişdiniz?

- Qdlyan SSRİ prokuroru yanında mühüm işlər müstəntiqi idi və həmkarı İvanovla birlikdə Özbəkistanda "pambıq işləri" deyilən prosesin istintaqı ilə məşğul idi. Mərkəzi Komitənin birinci katibi Usman Xocayevi, Nazirlər Sovetinin sədri Səlimovu tutdular. Ümumiyyətlə, bir nəfər də olsun vəzifəli şəxs həbsdən kənarda qalmadı. Demək olar ki, Özbəkistana turp əkdilər. Sizin dediyiniz məsələyə gəlincə, bəli, mən SSRİ prokurorunun Azərbaycana daxil olmasına imkan verməmişəm. Azərbaycanda yalnız Şəmkir rayonunda SSRİ Daxili İşlər Nazirliyi iş aparırdı. SSRİ Daxili İşlər Nazirliyinin SSRİ Prokurorluğu vasitəsilə Azərbaycanın digər rayonlarına da keçmək istədiyi barədə məlumat aldım. Onların içərisinə SSRİ-nin müxtəlif yerlərində çalışmış azərbaycanlıları da salmışdılar, onlardan istifadə edirdilər. Amma aralarında fədakarlar da, yaramazlar da vardı. Yaramazlardan birini rüşvət alanda tutduq. Mən bu barədə məlumat aldıqdan sonra bütün rayon prokurorluğuna Daxili İşlər orqanlarında, məhkəmələrdə pambıqla bağlı nə qədər iş və material vardısa hamısının tələb olunması barədə göstəriş verdim. Bəzən görürdün ki, oğurluq işlərini səhlənkarlıq hesab edib məhkəmələrə göndərirdilər və yüngül cəza ilə məsələ yekunlaşırdı. Bütün bu işlərin hamısını mən aldım. Onlar gördülər ki, Azərbaycanda heç hara girmək imkanları yoxdur. Onda əsl dövlət adamı olan Rekukov Aleksandr Mixayloviç SSRİ-nin baş prokuroru idi. Don kazaklarından olan, 2 metrdən çox boya malik bu adam mənə böyük qayğı, hörmətlə yanaşırdı. Baxmayaraq ki, gəlini erməni idi, amma Ermənistan-Azərbaycan məsələsində bizi müdafiə edirdi. O deyirdi ki, məni görəndə gəncliyini xatırlayır. Bunu nəyə görə dediyini bilmirdim və düşünürdüm ki, yəqin mən də hündür olduğum üçün cavanlığı yadına düşür. Amma sonra niyə belə dediyi bəlli oldu. Demə, müharibədən əvvəl Tiflisdə hərbi məktəbdə oxuyub. Onunla Allahverdiyev soyadlı azərbaycanlı oxuyurmuş, dostluq edirmişlər.

Azərbaycanı böyük təhlükənin gözlədiyini bildiyim üçün ondan bizə adam göndərməməyi, etibarıma inanmaqlarını xahiş etdim. Üzərimizə düşən nöqsanları özümüzün həll edəcəyini bildirdim. Cavabında o, bizim buna gücümüzün çatmayacağını dedi. Gücümüz çatmayacağı təqdirdə, sizə müraciət edərəm dedim. Özümüz istintaq apardıq və Moskvanın görməsi üçün bu işləri bir qədər reklam etməli olduq. Beləliklə, az ziyanla ölkəni böyük bir bəladan xilas etmək mümkün oldu. Bundan sonra SSRİ baş prokuroru Saxarova 101 təsərrüfat üzrə cinayət işinin xətm olunması üçün məktub yazdım. Həmin işlər də xətm olundu. Qdlyan bizim bir işçimizi öz istintaq qrupunda Özbəkistana aparmaq istəyirdi. SSRİ baş prokurorunun birinci müavini Bajenovun imzası ilə teleqram da göndərilmişdi. Bununla razılaşmadım. Ona görə Qdlyan mənə zəng etdi. Ona bildirdim ki, bizdə də pambıq işləri ilə bağlı istintaq gedir və bu adam istintaq qrupuna rəhbərlik edir.

- O zaman üçün bu böyük bir cəsarət tələb edən məsələ idi. Siz necə bu qədər cəsarətli olmağı bacarırdınız?

- Hər şeydən əvvəl hər bir insanda şəxsi ləyaqət hissi güclü olmalıdır. Şəxsi ləyaqət hissi ilə yanaşı, həm də torpağına, Vətəninə bağlı olmalısan. Sən görürsən ki, torpağına, Vətəninə böyük bir təhlükə gəlir, necə kənarda dura bilərsən? Onlar məqsədyönlü şəkildə Azərbaycanı pis günə salmaq istəyirdilər. Bu isə Allahın köməkliyi ilə baş tutmadı.

- Moskvada nəşr olunan jurnallardan birinə verdiyiniz müsahibədə prokurorluq orqanlarına işə götürülənlərin nəsil-nəcabətinin araşdırılmasına etiraz etmisiniz...

- Vaxtı ilə rəhmətlik Mirzə İbrahimov "Etibar" adlı hekayə yazmışdı və bu əsərə Stalinin "Oğul ataya cavabdeh deyil" fikrini epiqraf seçmişdi. Əslində belə də olmalıdır. Çünki çox qabiliyyətli, savadlı olan kimsə valideyninin hansısa əməlinə görə günahkar deyil. Biz valideynlərimizi, qohum-əqrəbamızı özümüz seçmirik. Bunu Allah belə məsləhət görür. Biz dostumuzu özümüz seçirik. Hardasa səhlənkarlığa yol verdiyi üçün təqsirləndirilən valideynin övladı qabiliyyətlidirsə, mən başqa şeylərə əhəmiyyət vermirəm. Bunu işin, insanların xeyrinə etmişəm, özüm həyatda çətinliklə böyüdüyümdən, əziyyət çəkdiyimdən nəticə çıxararaq başqalarına yaxşılıq etmək istəmişəm.

- Amma başqalarını təhlükədən xilas etmək istəyən keçmiş hüquq işçisi öz oğlunu təhlükədən qurtara bilmədi...g

- Mənim oğlum heç bir cinayət əməlinə yol verməyib. Əgər o, cinayət etsəydi, ondan üz döndərərdim. İşin mahiyyəti ondan ibarətdir ki, Etimad Rusiyanın Çelyabinsk vilayətində qubernatorluğun nəzdində fəaliyyət göstərən ərzaq koorporasiyası ilə müqavilə imzalayıb. O koorporasiyanın təyinatı kənd təsərrüfatının inkişafı üçün texnika, yanacaq, gübrə almaq və sonra o məhsulları satmaqdır. Müqavilə bağlandıqdan sonra 40 milyon rubl taxıl almaq üçün verilib. Müqavilənin vaxtı keçir, nə taxıl verilir, nə də pul qaytarılır. Nə etməlisən? Qanuni yolla məhkəməyə müraciət etməlisən. İki il məhkəmə çəkişməsi gedəndən sonra məhkəmə ədalətli qərar çıxarır. Məhkəmənin qərarı icra üçün ora göndəriləndə şovinizm meyillərinin güclü olduğu bəzi dairələrdə "bu azərbaycanlı kimdir ki, bizimlə belə bir dillə danışır" yanaşması ortaya çıxır. Həmin müqaviləni imzalayan şəxs FSB-yə müraciət edir. Halbuki FSB-yə müraciət olunmamalıydı. Bu işin istintaqını milis aparmalıydı. Bildirilir ki, o müqaviləni biz saxta imzalamışıq, məqsədimiz də büdcənin vəsaitini mənimsəmək olub. Müqavilə necə saxta ola bilər ki, ona görə iki il məhkəmə çəkişməsi aparılıb? Niyə o zaman bunu demirdin? Belə qondarma əsasla, sifarişlə mənim oğlumu tutdular. Bununla əlaqədar Moskvaya getdim. Yüksək səviyyəli adamlar özləri mənimlə görüş üçün əlaqə yaratdılar, sifarişlə həyata keçirilən iş olduğunu, ona güclərinin çatmadığını etiraf etdilər. Həqiqətən də orada külli miqdarda pul qeyri-qanuni mənimsənilib və həmin pulları da Moskvaya keçirib, sonra bankdan çıxarıblar. Mən hüquqşünasam və həmin vəsaiti yüksək vəzifəli şəxslərin mənimsədiklərini dəqiq bilirəm. Öz cinayətlərini ört-basdır etməkdən ötəri də Etimadı həbs etdilər. Qubernator və onun müavinlərinin bu işdə bilavasitə əli vardı. Sonra xoşbəxtlikdən yeni qubernator təyin olundu. O keçirdiyi mətbuat konfransında Etimadın bu cinayətdə təqsirli olmadığını bildirir və hansı səbəbə görə həbs olunduğunu soruşur. Sona qədər bu məsələni diqqətdə saxlayacağını, ədalətli qərarın çıxarılacağına nail olacağını deyir. Beləliklə Etimad üç illik həbsdə saxlandıqdan sonra azadlığa buraxılır. Buna baxmayaraq, mənim oğlum üç il həbsxanada yatdığı üçün cavabdehlər məhkəmədə cavab verməlidirlər. Biz bu işi davam etdirəcəyik. Dövlət büdcəsindən ayrılan vəsaiti kənarda duran kimsə mənimsəyə bilər? Əlbəttə ki, kim o büdcəyə sərəncam verirsə, o da mənimsəyə bilər.

- Hətta rəhbərlik etdiyiniz partiyanın funksioneri, Rusiyanın birinci şəxsi ilə dostluq münasibətində olan İlham Rəhimov da Etimad İsmayılovu həbsdən xilas etməyə maraq göstərmədi...g

- Nə etmək olar, onun əvəzindən mən danışa bilmərəm ki. Amma o, müsahibəsində Etimadın günahsız olduğunu bildirmişdi.

- Nədən postsovet məkanında, xüsusilə də Azərbaycanda məmur olmağa can atanların sayı daha çox olur?

- Hər şeyə fərdi qaydada yanaşmaq lazımdır. Normal cəmiyyətdə hər bir insan öz şəxsiyyətinə və qabiliyyətinə uyğun fəaliyyət növü və həyat tərzi keçirməlidir. Onda cəmiyyətdə rahatlıq olar. Çox təəssüf ki, bu, heç də həmişə belə olmur. Bu, həm də insanların həyata baxışı ilə bağlı olan məsələdir.

Bəziləri şəxsi qabiliyyətləri ilə ambissiyaları arasında böyük uçurum olduğuna baxmayaraq yüksək vəzifələrə can atırlar. Belə olanda cəmiyyətdə ziddiyyət əmələ gəlir. Şərq aləmində hamı hakimiyyətə can atır. İş, vəzifə insana şəxsiyyətinin, qabiliyyətinin təsdiqi üçün gərəkdir. Bəziləri doğrudan da öz qabiliyyətinin təsdiqi üçün məmurluğa can atır, öz işindən ləzzət alır, insanlara da qulluq edir. Bəziləri başqa niyyətlə buna can atır. Bizim dövrümüzdə hamı prokurorluğa gəlmək, hakim olmaq istəyirdi. Leninqrada aspiranturada təhsil alanda tələbə yoldaşlarımın daha çox vəkil olmaq, kafedrada lobarant, elmi-tədqiqat institutunda işləmək niyyətində olduqlarını gördüm.

- O cümlədən də sizim məmur olmaq istəmədiyinizi iddia etmək olmaz...g

- Məndə məmur deyil, ədalət axtarışı çox güclü olub və elmdə bunu tapacağımı düşünürdüm. Bu hiss də məni elmə apardı. Çox şadam ki, elmdə özümü təsdiq edə bildim. Prokurorluğa işə qayıtmağımsa təsadüfi olub. İşlədiyim yerlərdən aldığım maaş və qonorarları hesablayanda xeyli pul sayılırdı. Maddi vəziyyətim yaxşı olduğu üçün cavan vaxtında doktor olmaq istəyirdim. Doktorluq dissertasiyamın mövzusu da təsdiq olunmuşdu. Bütün mövzular SSRİ Elmlər Akademiyasının əlaqələndirmə şurasında qeydə alınırdı. Bu ərəfədə amerikalı filosof Levinin "Həyat sənə nə təqdim edirsə, onu qəbul elə, şüurlu surətdə onun əleyhinə getmə. Son nəticədə sən həyatdan razı qalacaqsan. Çünki həyat çox ədalətlidir" konsepsiyasını xatırladım.

- Deyirsiz, həyat Sizə qarşı ədalətli olub?

- Həyatımda müşahidə etmişəm ki, həyat həqiqətən də ədalətlidir. Bu kişinin fəlsəfəsinin təsiri altında olduğum bir vaxtda məni prokurorluğa işə dəvət etdilər, mən də razılıq verdim. Əlbəttə ki, ədalət prinsipi həmişə qorunmur. Bütün dövrlərdə xeyirlə şərin mübarizəsi gedib və bu mübarizə də sərhədsizdir. Mən də bu gün çox şeydən razı deyiləm. Hər şey də mənim razılığımdan asılı deyil, mövcud şərait belədir. Hətta mitinqlərdə də parlament seçkilərinin saxta keçirildiyini yenidən seçki keçirilməsi tələbi qoyulur. Mən bunun əleyhinə deyiləm, yəqin ki, hardasa saxtakarlıq edilib. Ancaq mənim namizəd olduğum dairədə saxtakarlıq olmayıb. Sadəcə olaraq mənə maneə törətmədilər. 2003-cü il prezident seçkilərində heç bir müxalifət namizədi Naxçıvandan imza toplaya bilməmişdi. Amma mən 2500 imza toplamışdım. Bundan artıq olmasına yerli icra hakimiyyətləri imkan verməmişdilər. Amma son nəticədə Naxçıvandan mənə 4 səs yazmışdılar. Halbuki orada partiyanın üzvlərinin sayı 1000 nəfərdən çox idi. Deputat seçildiyim dairədə seçicilərlə görüşə gedəndə Qazağın sərhəddə yerləşən Yuxarı Cəfərli kənd əhalisi məni yüksək səmimiyyətlə qarşıladılar. Amma seçkidən sonra ordan mənə 5 səs yazdıqlarını gördüm. Təkrar seçkilər keçiriləndə ikinci dəfə mən o insanlarla görüşəndə dedim ki, mənə səs verən həmin 5 nəfər kimdisə irəli çıxsın, mən onları öpmək istəyirəm. Hamı bir ağızdan mənə səs verdiyini söylədi.

- Deputat seçilməzdən əvvəl hakimiyyətə qarşı kəskin mövqe vardı və aktivlik də müşahidə olunurdu. Amma sonrakı mərhələlərdə biz bunu görmədik...g

- Biz həmişə aktivik. Bunu kimsə görmürsə, bu, onun öz problemidir. Biz tamamilə başqa taktikanın, söyüş söyməməyin, yüksək siyasi mədəniyyətin tərəfdarıyıq. Mən gördüyüm nöqsanları yenə də deyirəm, tənqid edirəm. Mətbuatda isə məndən əvvəlki və sonrakı çıxışlar verilir, mənim fikirlərimə yer verilmir.

- Vaxtı ilə bir yerdə olduğunuz müxalifət düşərgəsindəkilər söyüş söyürdülər?

- Mən heç vaxt söyüş söyməmişəm. Onda ona görə bir yerdəydik ki, Demokratik Konqres adlı qrumda təmsil olunurduq. Sonra biz ordan çıxdıq. Hər bir partiyanın öz taktika və strategiyası var. Bizim taktika və strategiyamız da başqadır. Biz hakimiyyətin qulluqçusuna da çevrilməmişik. Mənim fikrimcə, iqtidar-müxalifət münasibətləri düşmənçilik səviyyəsində olmamalı, bu münasibətdə potensial müttəfiq yanaşması olmalıdır.

- Uzun illərdir Azərbaycanda iqtidar-müxalifət münasibətlərini normal hala gətirmək alınmır.

- Çox təəssüflər olsun ki, belədir. Biz konstruktiv müxalifətik. Şəxsi ləyaqətimizi saxlayırıq, artıq-əskik hərəkətlərə də yol vermirik. Ölkəmizin mənafeyi, inkişafı naminə fikirlərimizi də söyləyirik. Siyasi mədəniyyətimizi də göstəririk.

- Konstruktiv müxalifətlə, radikal müxalifətə yanaşmada fərq hiss olunur? Hakimiyyət səsləndirdiyiniz fikirləri nə dərəcədə nəzərə alır?

- Fərq hiss olunur, fikirlərimizə gəldikdə onu nəzərə alarlar-almazlar özləri bilərlər. Azərbaycanın başqa bir problemi də var. Çox təəssüf ki, ictimai fikrə əhəmiyyət verən yoxdur. Qəzetlər nə qədər yazsalar da onu oxuyan, insanlar nə qədər danışsa da qulaq asanlar yoxdur. Təkcə müxalifətin deyil, YAP-ın üzvlərinin çıxışlarını da nəzərə alan yoxdur. Hesab edirəm ki, bu çox pis yanaşmadır.

- Partiyanızın rəhbərliyində təmsil olunan bir çox adamlar bu gün görünmür...g

-Siyasi partiyalar o zaman yaranmalıdır ki, cəmiyyətdə bir təbəqələşmə getsin və hər bir təbəqənin maraqlarını ifadə edən partiyalar yaransın. Klassik parlament təcrübəsi olan İngiltərədə ənənəvi olaraq burjuaziyanın və fəhlələrin mənafeyini müdafiə edən Konservativlər və Leyboristlər partiyaları mövcuddur. Son illərin inkişafı ilə əlaqədar olaraq liberal düşüncəli qrupların da meydana gəlməsi ilə Liberal Partiya da yarandı. Bizdə isə siyasi partiyaların formalaşması mərhələsi bu prosesləri gözləmədən baş verib. Ayrı-ayrı şəxslərin ətrafında, regional əsasda partiyalar yarandı. Belə olan halda da bizim nöqsanlarımız həddən artıq çox oldu. Sosial-demokrat partiyası fəhlə sinfinin inkişafı və həmkarlar təşkilatlarının formalaşması ilə bağlıdır. Biz də isə ayrı-ayrı partiyaların söykənəcəyi sinif, təbəqə yoxdur, şəxsi baxışları uyğun gələn, partiya sədrlərinə hörmət edən insanlar var. Partiyaya kimlərsə gələ də, gedə də bilər. Bunu faciəyə çevirməyə də ehtiyac yoxdur. Vaxtı ilə partiyamız qeydə alınanda 12 min nəfər üzvümüz vardı. Sonrakı mərhələdə biz 25 mini keçdiyimizi gördük. Ölkədə elə proseslər getdi ki, təkcə bizim partiyada deyil, digər partiyalarda da fəallıq aşağı düşdü. Ona görə də aktivlik və yaxud da passivlik bizim subyektiv fikrimizlə, fəaliyyətsizliyimizlə bağlı deyil. Aktivliyə gəldikdə onu da hərə bir cür dərk edir. Biri bunu mitinqlərlə müəyyənləşdirir, digəri mətbuatda yer alan çıxışlarla.

- Nədən partiyalarda avtoritarizm hökm sürdüyü qənaəti yaranıb?

- Gərək məsələlərin mahiyyətinə varılsın. Heç də partiyalarda avtoritarizm yoxdur. Mənim fikrimcə, partiyalar yalnız dövlət büdcəsindən maliyyələşməlidir. "Siyasi partiyalar haqqında" qanun layihəsi müzakirə olunanda da mən öz mövqeyimi bildirdim. Çünki partiyaların maliyyə problemi təmin olunandan sonra çox şeylər öz-özünə həllini tapa bilər. Siyasi partiyanı saxlamaq heç də asan deyil, maliyyə, şəxsi nüfuz baxımından da çox çətin prosesdir. Əgər mən partiyanın inkişafına maneə törətsəm bir gün də burda oturmaram. Müsavat Partiyası başqanlığından İsa bəyin gedib-getməməsi ilə bağlı iki fikir var. Düzdür, əvəzolunmaz insan yoxdur. Amma hesab edirəm ki, İsa bəyin partiyadan gedərsə həmin təşkilatda müəyyən uğursuzluqlar baş verəcək. Ayrı-ayrı partiyalarda kimlərinsə uzun müddət qalması onların şəxsi istəyi ilə bağlı olan məsələ deyil, partiyanın inkişafına bağlıdır.

- Deməli, insanlar ideya deyil, şəxslər ətrafında birləşir...g

- Hələ ideya ətrafında birləşənlər çox azdır. Ayrı-ayrı şəxslər ətrafında, regional əsasda partiyalar təşəkkül tapıb inkişaf edir. Yəqin ki, gələcəkdə belə olmayacaq, insanlar daha çox ideya ətrafında birləşəcək. Hər şeyin əsasında da maddi vəziyyət durur. Əgər maddi cəhətdən partiyanın problemi olmasa, qalan məsələlər öz həllini tapar.

- Keçdiyiniz həyat yolunda itirdikləriniz, yoxsa qazandıqlarınız çox olub?

- Həyat belədir ki, həm itirir, həm də qazanırsan. Həyatda uğurlar da, uğursuzluqlar da var. Ancaq mən həyatımda başqa mövqenin tərəfdarı olmuşam. Keçmişdə nə olubsa, mən ona təəssüflənmirəm, oldu, keçdi, onu qaytara bilməzsən. Gələcəklə bağlı isə, əlbəttə insan özü çalışmalı, müəyyən fəaliyyət göstərməli və həm də deməlidir ki, Allah bilən məsləhətdir. Çalışıram ki, hər günümü yeni həyat kimi yaşayım. İstənilən bir situasiyada insan yaşaya bilər. Bu insanın həyata baxışından asılıdır. Həyatda nəyi axtarmaqdan çox şey asılıdır. Hesab edirəm ki, insanın təyinatı özünü təsdiqindən başlamalıdır. İnsanın gələcək fəaliyyəti üçün onun şəxsiyyəti ölçüdür. Şəxsiyyətinə və gələcəyə baxışlarına uyğun vəzifə, iş, yaxud da həyat tərzi seçəndə insan rahat olar. Cəmiyyətdə də, insanların həyatında da ziddiyyətlər şəxsiyyətinə və qabiliyyətinə uyğun olmayan iddialarda olmaqdan doğur. Belə olan halda da həm özləri, həm də başqaları əziyyət çəkir. Vaxtı ilə Bakıda kirayədə qalmadığım yer yox idi. Allahdan arzu edirdim ki, yazı masası və bir çarpayı yerləşən bir otağım olsun, açarı da məndə və ev sahibi "işığı çox yandırma" deməsin. Şükürlər olsun ki, Allah mənə hər şey yetirib.

- Bugünkü gəncliklə sizin gəncliyinizin fərqi nədədir?

- Müqayisə olunmaz dövrlərdir. Hər kəs öz dövrünün məhsuludur. Biz müharibə və ondan sonrakı dövrə düşmüşdük, müharibədən sonra ağır həyat şəraiti höküm sürürdü, bu gündən sabaha ümid yox idi. Bu gün bir çox problem olsa da o dövr tamamilə başqa idi. O dövrü kiminsə görməsini heç arzu etməzdim də. Düzdür, müstəqil ölkə kimi bu gün bizim başımıza bəlalar gətiriblər. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir. Yəqin ki, zorla cəlb olunduğumuz bu problem də həllini tapacaq. Mənfiliklər də var. Sovet dönəmində kollektivçilik vardı, insanların öz dərdlərini deyəcəyi ünvanlar onların köməyinə çatırdı. Ancaq indi bizdə kollektivçilik yoxdur və insanlar da öz problemləri ilə təkbaşına qalıblar. Bəzilərinin iradəsi zəif olduğundan düşdükləri vəziyyətə dözə bilmirlər.



Gültəkin Qəhrəmanlı


İmza:

YAZARIN ARXİVİ

2012-05-05 :
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK