hacklink Adalet.az | "Qarabağ"- meydanlardan könüllərə Adalet.az | "Qarabağ"- meydanlardan könüllərə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Qarabağ"- meydanlardan könüllərə

22816    |   2013-08-31 00:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cavab oyunudursa kimsə uduzmalıdı. Avropa miqyaslı yarışların sərt qanunları var. Qalib gələn qrup mərhələsinə tərəf addımlayır, məğlub olan klub isə geri qayıdır. Pley-off mərhələsinə qədər bir neçə komandanı əliboş yola salan Ağdamın "Qarabağ" klubu Almaniyanın "Ayntraxt" səddini keçə bilmədi. Futbolda həmişə qalib gəlmək olmur. Heç kim məğlub olmaq istəmir, amma onsuz da keçinmək mümkün deyil. Məğlubiyyət də ölüm mələyi kimi bir şeydi, nə vaxtsa sənin də qapını döyəcək. Amma milyonların könül verdiyi futbolun gözəlliyi ondadı ki, uduzub meydanı tərk etmək dünyanın sonu sayılmır.
Sona qədər mübarizə aparıb məğlub olanı da stadionda alqışlayırlar. Futbolun gözəlliyi də ondadı. Artıq neçə mövsümdü ki, "Qarabağ" Avropada alqışa layiq oyun göstərir. Döyüşüb qalib gələndə də, vuruşub məğlub olanda da meydanı alqışlarla tərk edir.
Qurban Qurbanov öz 11 döyüşçüsü ilə böyük bir ordunun görməli olduğu işi üzərinə götürüb. Üzü üzlər görmüş Avropanı ölkə-ölkə, şəhər-şəhər, stadion-stadion dolaşaraq Qarabağ adını təbliğ edir, "Qarabağ"ın gücünü göstərir. Yerli futbolçularımızın düz-əməlli adını bilməyən minlərlə gənc Qurban Qurbanovu və onun 11 döyüşçüsünü dəstəkləmək üçün Bakıda stadiona axışıb 90 dəqiqə "Qarabağ", "Qarabağ" hayqırır, qələbə sevinci yaşayır.
Dünyanın o başından bu başına qədər hər yerdə milyonların könül verdiyi futbolda bir baş məşqçi fenomeni də var. Sərkərdənin adı, xarakteri çox şeyi həll edir. Bu hər zaman belə olub, sirli-sehrli top oyunu durduqca da belə olacaq. Lobanovski, Əhməd Ələsgərov, Beskov, ser Aleks Ferqyuson, Skolari, Del Boske, Joze Mourinyo, Pep Qvardiola, Yoahim Löv, Fatih Terim... "Qarabağ"ın son illər qazandığı uğurlar baş məşqçi Qurban Qurbanovun adı ilə bağlıdı. Qurban bəy bunun əksini fikirləşməyə şans vermir. Ağdam klubunun baş məşqçisi bu uğurları təkcə "Qarabağ" deyil, bütün Azərbaycan adına qazanır. Ölkə futbolunun son illərdəki nailiyyətlərindən söhbət düşəndə Qurban Qurbanovun və "Qarabağ"ın adı çəkilir. Özü də lap öndə. Düzdü, Almaniyadan xahiş-minnətlə gətirdiyimiz və millimizin başına çıxardığımız Berti Foqtsun da adı hallanır. Amma siyahı tərsinə oxunanda alman Foqtsun adı yuxarı başa keçir.
Qurban Qurbanovun və onun döyüşə göndərdiyi "Qarabağ"ın hansı şərtlər altında mübarizə apardığı bizim futbolla yaxından-uzaqdan maraqlananlar yaxşı bilir. Azarkeşlər üçün qəribsəyən stadionlar, xüsusi bəslənən klublar, himayə olunan funksionerlər, hakim səhvləri, absurd qərarlar... Bizim futbolda elə hadisələr baş verir ki, bu hadisələr yalnız elə bizdə baş verə bilər. "Neftçi" ilə "Xəzər Lənkəran" arasında kubokun final oyununda meydan sahiblərinin rəsmi şəxsi stadionun tən ortasında qan tökür, rəqib klubun iki oyunçusunu al qana boyayır. Cinayət işinə görə həbsxanaya göndərilməli adam Albaniyada "Neftçi"nin oyununa tamaşa edir. Amma bir neçə ay sonra "Xəzər Lənkəran"la "Neftçi"nin oyununda fişəng yandıran lənkəranlı fanata iki aylıq həbs cəzası verilir. Sonuncu Azərbaycan kubokunun yarımfinalında "Neftçi"ni irəli dartmaq üçün "Qarabağ"ın başına nə oyunlar açıldığını az qala bütün ölkə gördü. Tam analoqu olmayan bir vəziyyət. Bəzən adama elə gəlir ki, bizim məmləkətdə futbol oynamırlar, futbolun özü ilə oyun çıxarırlar.
Qurban Qurbanov belə şərtlər altında "Qarabağ"ı ayaqda saxlamağı bacarır, Avropanı təəccübləndirir. İstedadlı dostumuz, insafsızcasına az yazan Yusif Rzayev bu günlərdə Qurban Qurbanovla bağlı fikirlərində maraqlı bir məqama toxunmuşdu: "... Bu adam neçə illərdi öz yolu ilə gedir - doğru bildiyi yolla gedir. Ən yaxşı bildiyi işi görə-görə gedir və bu işi hamıdan yaxşı, cani-dildən, vicdanla görür..."
İstedadlı dostumuz doğru deyir, Qurban bəy öz yolu ilə gedir. Doğru yolu ilə getdikcə də "Qarabağ"ı meydanlardan könüllərə daşıyır. "Qarabağ" pley-offda mübarizəni dayandırdı. Yarışı döyüşərək, başı dik tərk etdi. Dünən UEFA-nın keçirdiyi fövqəladə püşkatmada da bəxti gətirmədi. Ağdam təmsilçisi Türkiyənin "Fənərbaxça" klubunu Avroliqanın qrup mərhələsində əvəzləmək şansı qazana bilmədi. Amma bunu faciəyə çevirmək olmaz. "Qarabağ"ın yeri könüllərdədi, bu hələlik bizə yetər. Hələlik...

Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO