ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"Çiçəklər Günəşi, ağaclar suyu, dəniz Ay işığını duyan kimi..."

11281    |   2020-07-30 18:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şair, nasir Azər Abdullanın yaradıcılığına olan marağımın əsas səbəbkarı atam tərcüməçi Natiq Səfərov olub; Azər müəllimlə uzun illərə söykənən dostluq münasibətləri vardı. Hər ikisi 70-ci illərdə yeni ədəbiyyat təfəkkürünün formalaşmasında rol oynamışdılar.

Sonra Azər Abdullanı "Qəmərlidən keçən qatar" povestiylə, "Əsgər poeması"yla, publisistik məqalələrilə daha yaxından tanıdım.

Və nəhayət, bu günlərdə çapdan çıxan "Çat" kitabı Azər müəllimin yaradıcılığına hərtərəfli bələd olmaq imkanı verdi. Kitabda "Çat" romanı, hekayə və esselər toplanıb.

Azər Abdullanın maraqlı təhkiyə üslubu var, nəsr dili zəngindir. Sözlər sanki anidən yaranmır, qatdan-qata keçdikcə dəyişir, püxtələşir və romanda öz yerini tapır. Azər Abdullanın nəsr dili yeni ədəbi nəslə örnək rolunu oynaya bilər.

Azər Abdullanın həqiqət axtarışları əsərlərindən ana xətt kimi keçir. Yazıçı demək olar ki, bütün qəhrəmanlarının qarşısına mənəvi tələblər qoyur. Bu qəhrəmanlar ya haqq-ədalətin carçısına çevrilir, ya da məğlub olurlar.

"Çat" əsəri mənəvi problemləri əks etdirir. Əslində roman üç adda təqdim olunub: "Çat", "Üç Əbülfəz" və "Allahla qayıdış". Sanki əsər hər bir adla yenidən doğulur və ikinci, üçüncü həyatını yaşayır.

Personajlarının taleyilə qaynayıb-qarışan müəllif hər bir qəhrəmana müəyyən qədər baş qəhrəman olmaq hüququnu verir. Romanın əsas qəhrəmanlarından biri Azaddır.

Azad özgür ruhlu bir adamdır, insanlar haqqında öz qənaəti var, əksəriyyətin dediyi fikirlərin arasında ən dolğun fikri arayır və o doğru fikir minlərlə yanlış, ya ziddiyyətli düşüncənin təzyiqi altında əzilsə belə, onu üzə çıxarmaq üçün əlindən gələni edir.

Əsər onun "Əbülfəz" adının etimologiyasını axtarması ilə başlayır. "Əbülfəz-Fəzlin atası; Fəzli: Alimlərə yaraşan yetkinlik, kamal; iman, comərdlik, ehsan, kərəm, mərifət, üstünlük, hünər... ". Bəlkə də hər şey bu adda gizlidir- "Əbülfəz" adı bütün bu keyfiyyətləri özündə ehtiva edir.

Əsərin digər qəhrəmanı Rabildir; Azadla Rabil bir-birlərinə əks adamlardır, xarakterləri, dünyagörüşləri, həyat tərzləri ayrıdır. Amma onları bir məqsəd birləşdirir. Hər ikisi Əbülfəz müəllimin bəraət almasını istəyir.

Məsələ doğrudan da qəlizdir, 1989-cu ilin avqust ayının 31-də politexnik institutunun dosenti Əbülfəz müəllim iki kafedra müdirinə və prorektora silahdan atəş açır.

Durğunluq dövründə bomba kimi partlayan bu hadisə jurnalist Azadın diqqətini cəlb edir və o araşdırmağa başlayır.



Məlum olur ki, Əbülfəz müəllim bu illər ərzində mərd və ədalətli adam kimi tanınıb. Amma son illərdə ona qarşı olan təzyiqlər kritik həddə çatıb. Məsələ burasındadır ki, ədalətpərvər müəllim cəmiyyətə qarşı savaş "elan edib". O, sovet dövrünün son mərhələsinin yaşandığı bu dövrdə, korrupsiya böhranının sardığı cəmiyyətin "normaları" ilə barışmaq istəmir. Tək qalıb haqqını müdafiə etməyə də gücü yetmir. İnstitut müəllimlərinin kurort və sanatoriyalarda dincəldiyi vaxtda o evdə əsəb xəstəliyi keçirir, təhsil ocağında baş verənlər onun psixikasını zədələyir.

Əbülfəz müəllimlə jurnalistin mükaliməsi qəhrəmanın psixologiyasının bilinməyən tərəflərini açmağa xidmət edir. Azər Abdulla qəhrəmanının qarşısına Dostoyevski kimi suallar qoyur. Əbülfəz müəllimin teoriyası Raskolnikovu xatırladır. Raskolnikov düşünürdü ki, xüsusi adamlar ümumi qanunlarla yaşaya bilməzlər, "yaxşı" məqsədləri yerinə yetirmək naminə cinayət törətmək hüququna malikdirlər.

Əbülfəz müəllim Eynşteynin məşhur "nəticə etibarilə hər şey baxışdan, nöqteyi-nəzərdən asılıdır" kəlamına söykənərək günahkar olub-olmaması barədə ziddiyyətli və bir-birini inkar edən fikirlərin olacağını ehtimal edir. Və o düşünür ki, insanların kəşf və icad etdikləri qanunlara əsasən onun əməlinə qiymət vermək mümkünsüzdür.

"Əsl mutləq məna hər şeyi yaradan, onlara məna verən Allahda, onun varlıgındadir",-deyir bir məqamda Əbülfəz müəllim.

Amma Əbülfəz müəllim Raskolnikov kimi özünü təmizə çıxarmaq fikrində deyil. O, intihar etmək istəyir, amma son anda fkrindən daşınıb özünü polisə təslim edir.

Amma quruluşun ona verdiyi azadlıq payına qane olmayan adam həbsxana barmaqlıqları arxasında necə yaşaya bilər?

Əbülfəz müəllimin ölümündən sonra da Azad onun bəraət alması üçün mübarizə aparmaqdan vaz keçmir. Bəlkə də təmiz, ideal insanlar haqqında düşüncəsinin "çat verməsini" istəmir.

Romanın qəhrəmanlarından biri Qərbi Azərbaycanda güzəran keçirən Balacadır. O Balaca ki, "İlan əhvalatı"yla məşhurdur. Romanda Balacanın başına gələn əhvalatlar Qərbi Azərbaycanla bağlı çox düyünləri açmaqda kömək edir.

Bu əhvalatları oxuduqca düşünürəm ki, bəlkə də qəhrəmanın adı ona görə "Balaca"dır ki, oxucu sözün zahirinə aldanmayıb onun alt qatında olan mənaları görə bilsin. Və oxucu qarışqaya belə qıymayan Balacanın adı ilə uyuşmayan böyük ürəyini, zəhmətkeşliyini, insanpərvərliyini görüb duya bilir.

Qərbi Azərbaycanla bağlı söyləmələri oxuduqca, görkəmli tarixçi İsrafil Məmmədovun söhbətlərini xatırlayıram. Qərbi Azərbaycanın mənəvi yatırına dərindən bələd olan İsrafil müəllimlə 90-cı illərdə Azərbaycan Radiosunda silsilə proqramlar hazırlamışdıq. Qərbi Azərbaycandakı türk nişanələrindən soraq verən memarlıq abidələrindən həm qürur hissilə, həm də hüznlə söhbət açırdı İsrafil müəllim. O, daş yaddaşımızın hər qarışına bələd idi, sanki danışdıqca əllərini o daşların üzərində gəzdirirdi.

İsrafil müəllim özünü o tarixə həsr etmişdi, sanki o tarixlə birgə nəfəs alırdı, zamandan- zamana adlamağa qürbət hissi əngəl olurdu.

İsrafil müəllim 2019-ci ildə dünyasını dəyişəndə, sanki o tarixin böyük bir parçasını, canlı yaddaşını itirdik. İsrafil müəllimin yoxluğunu Azər Abdulla ölçüyəgəlməz ağrıyla yaşadı; İsrafil müəllim Azər Abdullanın doğmaca dayısı idi.

İsrafil müəllim də, Azər müəllim də Qərbi Azərbaycandakı tariximiz üçün çox böyük işlər görüblər və yaşarılıq qazanıblar.

Təsadüfi deyil ki, "Çat" romanında həm də publisistika işartıları var, bu romanda ustad yazıçıların, elm, sənət, fikir adamlarının ruhu yaşayır, onların xatirəsinin işığında tarixin, mənəviyyatın "çat vermis" yerləri görünməz olur.

Real həyatda tanıdığımız çox insan taleyi isə bədii obraza bürünüb. Məsələn "Yellər" hekayəsindəki Bəyazit müəlimin taleyi kimi...

Zamanın sərt yellərinin əqidəsini dəyişə bilmədiyi Bəyazit müəllimin küləklə savaşı həm maraqlı metafora, həm də taleyin ironiyasıdır.

Bəyazit müəllimin taleyi yellərlə çulğalaşır. Yellərlə son görüşü şaxtalı-çovğunlu gecəyə təsadüf edən Bəyazit müəllim beləcə haqqa qovuşur. Amma əsl "həqiqəti" lap sonda öyrənirik:

"Yellərin istəyi o boyda universitetdə yeganə təmiz qalmış Bəyazit müəllimi çirkaba bulaşmadan bu dünyadan alnıaçıq aparmaq imiş".

Azər Abdulla yaradıcılığı boyu o insanı axtarır ki, bəlkə də taledən yarımayıb, amma insanlıq belə insanların varlığı üçün qürur duymalıdır. Və nəhayət, öz qəhrəmanını tapanda onu hissə qapılmadan mənfi və müsbət tərəflərilə təqdim edir. Yəqin ki, belə bənzərsiz insanlara hər addımbaşı rast gələ biləcəyimizə bizi inandırmaq istəyir, ya da onları görməyə sövq edir.

Azər müəllim qəhrəmanlarının taleyini yarımçıq qoymur, onların taleyini öz taleyi kimi yaşayır, o talelərin qəm yükünü sona kimi özündə daşıyır. Dünyasını dəyişmiş dostlarının tale yükünü ürəyində, çiyinlərində daşıdığı kimi...

Bu ilin aprel ayında Azər Abdullanın 80 yaşı oldu. Zamanın qovğalarından alnıaçıq çıxan ustad yazıçı saf, təmiz ideallara inamını itirməyib, hələ də o idealları axtarır və əsərlərində sevə-sevə vəsf edir.

Və hələ də Sözü "İlk məhəbbət"də təsvir etdiyi kimi - zərif, incə hisslərlə duyur:

"Çicəklər gunəşi, otlar, agaclar suyu, dəniz Ay işigini duyan kimi...".


Günel Natiq




İmza:
SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK