hacklink Adalet.az | Təranə Arifqızı: Şeirlər Adalet.az | Təranə Arifqızı: Şeirlər Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Təranə Arifqızı: Şeirlər

7406    |   2019-07-31 11:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ÜZÜM VAR


(Təcnis)


Öz arzuma bıçaq çəkən düşmənəm,

Gecə- gündüz gözlərimə düşmə, nəm!

Çox çəksən də ayağımdan,düşmənəm,

Inadkaram, yaşamağa üzüm var.


Düşünmədin gərək mənəm sənə, sən,

Elə dedin külək mənəm, sən əsən,

Yelə verdin neçə-neçə sənə sən,

Ağlın-fikrin dövlət yığım, üzüm, var.


Çıxdım yola, arzularım oyandı,

Mən közərdim, o alışdı, o yandı,

Son ünvan da daş məzardı, o yandı,

Həyat bağdı, halal-haram üzüm var.

27. 04. 2019

(üzümün özü halal, onun şərabı isə haramdı)



YAY DÜŞÜNCƏLƏRİ


İsti bir yay səhəri ..
Yerdən buxar qalxır.
Şəhər boşalıb elə bil .
Hamı dincəlməyə gedib deyəsən.
Tələbələrin, şagirdlərin
yol yoldaşlığı görünmür.
Hər gün eyni vaxtda, eyni yerdə
rastlaşdığım insanlar
Ürəklərinin pasını silməyə,
dincəlməyə gedib deyəsən ..
Şəhərin səs-küyünü də alıb aparıblar.
Dəniz, göl, çay sularında
sərinlənməyə,
Suyun dadını bilməyə,
deyib-gülməyə gediblər.
Şəhərdə bir isti günəş qalıb,
bir də ləçəkləri qurumuş qızılgüllər...
Hə, bir də mən qalmışam,
istidən əriyib misralara dönən mürəkkəbli qələmimlə...
Sənsizliyi vərəqlərə köçürən ürəyimlə.
Səninlə bir yerdə
isti bir yay günü keçirən
Düşüncələrim də burdadı,
bu şəhərdə....


************************


Dünən iştidə əriyən düşüncələrim

bu gün yağışa düşübdü.

Zirvələrə qalxdıqca

bir az üşüyübdü.

Hətta bir az küləklidi,

özünü ürəyimin divarlarına,

beynimin damarlarına çırpır.

Yağış dolur gözlərimə,

düşüncələrim gözlərini qırpır.

Yağışlı düşüncələrimin yoluna

bir cavan qız qonaq olur.

Yağışdan qorunmaq,

çətirimə yarınmaq üçün ağac altda durub...

Girib qol-qola,

işıqlı fikirlər səpirik asfalt yola.

O, məni düşünür, mən onu.

yağışda islanıb qırmızı donu.

Çətirin altında birləşır düşüncələrimiz.

Budur,mən çatıram.

görünür evimiz,

yolumuz bitir.

Düşüncələrlə yoluna davam edir

qırmızı donlu qız.

Az sonra yolda və düşüncələrimdə gözdən itir.

Yağış kəsir, damcıları buludlar geri alır..

Qırmızı donlu qız...

misralarımda ilişib qalır.




BİLMİRƏM

Gözümdən həsrətin elə axır ki,

İnci tək dağılır,yığa bilmirəm.

Ölmüş ürəyimin daş divarını,

Sevgiylə əridib, yıxa bilmirəm.


Ovunmaq istədim, telə dolmuşam,

Mizrabı yandırıb, zilə dolmuşam,

Kədərdən, nisgildən elə dolmuşam,

Daha yağış olub yağa bilmirəm.


Qan damır sən dolu bəbəklərimdən,

Elə ələnmişəm ələklərimdən,

Qismətim yox imiş çörəklərindən,

Küt oldum, təndirdən çıxa bilmirəm.


Misra göyərtmişəm, şeir bitibdi,

Bir pəri könlündə şair itibdi,

Tanrının əlinə əlim yetibdi,

Neyləyim, başqa əl sıxa bilmirəm.


Çıxmazda qalmışam, əlac gəzirəm,

Sevgi dəryasında mən aç gəzirəm,

Tanrı, möhtacınam, Merac gəzirəm,

Qəlbindən başqasın, yuxa bilmirəm.




ÜRƏYİNƏ BÜKÜLƏM

Könlündəki yaxınınam, uzağam!

Gözlərinə kirpik olam, əkiləm.

Yay günündə qəlb donduran sazağam,

Ocağına bir od olam, töküləm.


Sənli anlar yarı güldü dodaqda,
Məhəbbətin qarı güldü dodaqda,
Kal meyvəli barı güldü dodaqda,
Mən ki sənə, elə cansız şəkiləm.


Ürəyimi oxumağın günahdı,
Yaşadığım ilim, ayım, gün ahdı,
İl dolandı, ay gecikdi, gün axdı,
İzin vermə, xəzəl olam, toküləm.


Bilmirəm ki, qəlb incidi, küsdümü?
Qoya bilsən ürəyinə büstümü,
Cəkə bilsən ciyərinə tüstümu,
Bədən olam urəyinə büküləm.


Qəlbimi qır, demə, məni bağışla,
Həsrətimi ək qəlbinə, naxışla,
Gəlmiş idim ruh evinə yağışla,
Günəş doğa, buxar olam çəkiləm.




GETDİ DODAQDƏYMƏZ

Gəldi, gördu dost, ürəyin halını,
Söz söylədi, etdi qeylü-qalını,
İncik gördü, dəyişdi söz xalını,
Sözünü ürəkdən, şax dedi, getdi.


Dünyanı düz sansan, düzdə qalarsan,
Səksəndə öyrənsən, yüzdə çalarsan,
Haqq ilə danışsan, gözdə qalarsan,
Deyərlər haqlıydı, haqq dedi, getdi!


Deyilən sözlərin yadda qalacaq,
Telli saz kədərli, şad da olacaq,
Dost düşsə yadına, gözün dolacaq,
Deyərsən , dünyaya – taxt, dedi, getdi!


Duydu gözəlliyi, gözəl həyatı,
Duydu əzəlliyi, əzəl həyatı,
Yolunu kəsəndə əcəlin atı,
Taleyə üsyanı etdi də, getdi!



Çalındı "Ruhani”, çalındı "Cəngi”,
İnsanı xoş etdi sözün ahəngi,
Çəksən o tellərə, hər cürə rəngi,
Duyarsan, çoxları haqq yedi, getdi!

Ürək küsər, sazdan, sözdən aralı,
İz qoy yerə, olsun izdən aralı,
Düşəndə taleyi sizdən aralı,
Görərsiz Təranə, "ah”-dedi, getdi!




EYLƏ KÖMƏK, ILAHİ!


Nə səbirsiz olmuşam,

Dözmür urək, ilahi!

Səbrinə sığınmışam,

Eylə kömək, ilahi!


Içim içimə sığmır,

Yollar gözümü yığmır,

Dilimdən söz də çıxmır,

Bu nə demək, ilahi!


Düşünürəm dərini,

Tapammıram çarəni,

Sehirli əllərini

Üstümə çək, ilahi!


Fikirlərim qarışıq,

Tükdən tutub qalmışıq,

Sal yoluma bir işıq,

Tutum dilək, ilahi!


Daım sənlə bil məni,

Boğur hər ay, il məni,

Yer üzündən sil məni,

Özünə çək, ilahi!


Sevgində boğulmuşam,

Yenidən döğulmuşam,

Mən sənə qul olmuşam,

Bilən gərək, ilahi!


Ay –Günəşə qapınam,

Gərək haqqa tapınam,

Böl qəlbimi, sapınan

Göylərə tik, ilahi!


Hamıdan uzaq olum,

Hamıya yasaq olum,

Önündə uzağ olum,

Sevgilimtək, ilahi!





CİNAS BAYATILAR-2


Əzizim söz yiyəsi,

Sözümü söz yeyəsi,

Sözü nizama qoyar,

Tarazlar söz yeyəsi.


Əzizim yada düşər,

Sevinmə, yadadı şər,

Tanrıdan sən istərsən,

Çox payı yada düşər.


Əzizinəm, söz qana,

Söz deyilə, söz qana,

Viran qalmış könlümdə,

Yenə düşdü söz qana.


Əzizinəm, üz xalı,

Çəkib güldən üz xalı.

Xalına xal salmaram,

Versələr, yüz üz xalı.


Mən asiq, kül ək, belə,
Toz belə, külək belə,
Dərdə bir daş baglayaq,
Öldürək, gülək, belə.


Aşiq, zəmi dən oldu,
Sünbül zəmidən oldu,
Hər suya tamah salan,
Abu- Zəmzəmdən oldu


Mən aşiqəm sabaha,

Əsir külək, səba, ha,

Heç ümidım qalmadı,

Yar, bu gündən sabaha.


Əzizinəm o, yan,gəl,

Nə yatmısan, oyan, gəl,

Bu yanda günüm qara,

Yar, necədi, o yan, gəl!


Mən aşiq, qaçaq həsrət,

Biz səndən qaçaq, həsrət!

Qapıya kəmənd salıb,

Vüsaldan qoçaq həsrət.


Mən aşiq gözəlinə,

Baxmasın göz, əlinə,

Ömrümü qurban dedım,

Günlərin gözəlinə.


Mən aşıqəm qara, qar!

Yenə yağdı qara qar.

Hər yan agappaq oldu,

Qəlbə yağdı qara qar.


Mən aşiq, gülə baxdım,

Gün gələ,gülə baxtım,

Içimdə qan ağladım,

Üzünə gülə baxdım.


Mən aşiq, buta sına,

Buta ver, buta sına,

Aşiqlər ayrı düşər,

O gün ki, buta sına.


Əzizim ana sızlar,

Övlada ana sızlar,

Bağrına daş bağlasın,

Ağlasın anasızlar.


Mən aşiq, yar yığışa,

Ya bahara, ya qışa.

Gözlərim od ələyir,

Könlüm düşüb yağışa.


Mən aşiq, gül əsəndə,

Aşiqsən gülə sən də,

Sevdiyinin yolunda

Ağladın, güləsən də.


Mən aşiq gülab dolu,

Gül qabı gulab dolu.

Sənə bir söz söylərəm,

Mənası gül, ab dolu.


Mən aşiqım sabaha,

Əsir külək, səba ha.

Mən vədəni gözlərəm

Yar, bu gündən sabaha.


Mən aşiq yuxu çinə,

Düşdüm yuxu içinə.

Ayıl qəflətdən, ayıl,

Qoy çıxsın yuxu çinə.


Mən aşiq xalısına,

Torpağın xalısına,

Üzündə göz izi var,

Gözdəki xalı sına.


Mən aşiqəm, çağıra,

Varam çala-çağıra.

Bir yol səsini duyam,

Atam- bala, çağıra.


Mən aşiq qıyma-qıyma,

Doğrandım qıyma-qıyma,

Para gəldi- gedərdi,

Sevdin, sevgiyə qıyma.


Mən aşiq, daşlı bulaq,

Çağladı, daşdı bulaq,

Ürəyimə daş dəydi,

Gözümdən daşdı bulaq.


Mən aşiq, yar könlümü,

Parçala, yar könlümü,

Dilinə xəncər alıb,

Qırıbdı yar könlümü.


Mən aşiq dağ üstünə,

Dağ yolu dağ üstünə,

Mən bu dağı görmüşdüm,

Dağ çəkdin dağ üstünə.


Mən aşiq buta sına,

Güllərin butasına,

Yar yardan ayrı düşər,

O gün ki, buta sına.


Aşiqlik güldən qaldı,

Xar düşdü, gül dən qaldı.

Gül soluxub töküldü,

Yerini güldan aldı.


Əzizim sözdə yanar,
Sevənlər sözdə yanar,
Sözumdə günah olsa,
Od tutar, söz də yanar.


Mən aşiq, ayna sına,

Daş düşə, ayna sına,

Geri dönməz ox atdın

Ürəyin aynasına.







İmza:
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK