Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Özümlə söhbətim Adalet.az | Özümlə söhbətim Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Özümlə söhbətim

(İkinci yazı)

21987    |   2018-12-12 16:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət öncə, bu ilin fevral ayında özümlə müsahibə hazırlamışdım və bu müsahibə "Ədalət” qəzetində 

(http://www.adalet.az/w143169/%C3%96z%C3%BCml%C9%99_s%C3%B6hb%C9%99tim/#.XAlal9tKiM- ) verilmişdi.

 Ötən müddət ərzində baş verənlər müsahibənin davamına zərurət yaratdı deyə ikinci müsahibəni hazırlamağa qərar verdim. Beləliklə, jurnalist Vüqar Abbasovun müsahibi Niderlandda fəaliyyət göstərən "Connect” təşkilatının sədri Vüqar Abbasovdur.

- Vüqar, xeyli müddətdən sonra səni yenidən xoş gördük. Aradan bu qədər müddət ötəndən sonra nə oldu, nə baş verdi ki, yenə danışmaq istədin?

Xoş gördük. Əslində aradan çox zaman keçməyib, səhv etmirəmsə on bir ay öncə söhbət etmişdik.

- Nə baş verib ötən müddətdə? Ötən dəfə bilənin də bilməyənin də diaspordan danışması ilə başlamışdıq söhbətə. Yenədə bilən də danışır, bilməyən də?

Diasoprdan elə bir yenilik baş verməyib, Diasporla İş Üzrə Dövlət Komitəsininsədrinin dəyişilməsini və bəzi başqa dəyişiklikləri nəzərə almasaq. Əgər söhbət bilənin də, bilməyənin də diaspordan danışmasından gedərsə bu dəfə bilməyənlərin səsi daha çox və bərk çıxmağa başlayıb (gülür). Bilənlərin isə səsini zəiflətmək istəyi hiss olunur. Xalid Hüseyninin "Çəpələng uçuran” əsərindən bir sitat verim: "Adamın yanında onun nə istədiyini bilən birisinin olması bir tərəfdən qorxulu idi, o biri tərəfdən də çox rahat.” Bəziləri isə bunun rahat tərəfini deyil, qorxulu tərəfini özlərinə əsas götürürlər, yəni yanlarında nə istədiyini bilən adamın olması kiməsə, kimlərəsə qorxulu gəlir.

- Söhbətə həmən şikayətlə başlayırsan. Gəl mərhələ ilə gedək, dediyin kimi, komitənin sükanı arxasına yeni adam keçib. Tanışlığınız varmı?

-Doğrudur, diaspora birbaşa aidiyyatı olan komitənin sükanı arxasına yeni adam keçib. Komitənin yeni sədrini tanıyıram. Öncələr qiyabi tanıyırdım, ötən yayda isə şəxsən tanış olduq. Xeyli söhbət etdik, burdakı fəaliyyətimlə bağlı, diasporun ümumi durumu ilə bağlı xeyli danışdıq.

- Bilirsən ki, yeni rəhbərlik diasporumuzda birliyə nail olmaqdan danışır, müxtəlif ölkələrə səfərlər edir, şuralar, koordinasiya şuraları yaradırlar. Bu yaxınlarda Amsterdama da gəlmişdilər. Sən də fb – şikayət etdin, yazdın ki, səni dəvət etməyiblər. Əgər yeni sədrlə tanışsansa, səni niyə dəvət etməmişdilər?

Əvvala deyim ki, düzgün anlamamısan. Şikayət filan etməmişdim, yazmışdım ki, məni dəvət etməyiblər. Səbəbini ancaq təxmin edə bilərəm. Bir ara istədim ki, dəqiqləşdirim, sonra düşündüm ki, boş verim. Bilirsən, mən yeni rəhbərliklə görüşəndə söhbət yaradılacaq şuralardan düşdü və mən də dedim ki, bizim təşkilatın idarə heyətində əsasən niderlandlılardır. Gərək məsləhət edim, görüm nə deyirlər. Ancaq özümün də şuralara tərəfdar olmadığımı dedim. Açığını desəm, burdakı bəzi təşkilatların hanısa şərtlər daxilində bir araya gələ biləcəyinə inanmıram. Yeni sədr də dedi ki, şura tərəfdarı olmayanlarla komitənin heç bir əməkdaşlığından söhbət gedə bilməz. Bu da onların seçimidir.

- Sən də şuraya daxil olmaq istəmədin?

Düzünü deyim ki, heç sonra məndən soruşan da olmadı ki, biz təşkilat olaraq şuraya daxil olmaq istəyirik, yoxsa yox. Bundan öncəki sualında gözəl dedin ki, "birliyə nail olmaqdan danışmaq,” bəli, danışmaq başqa şeydir, istəmək başqa. Əgər şərt qoyulursa "ya biz deyən olmalıdır, yəni, ya şuradan olmalısan, ya da əməkdaşlıqdan söhbət gedə bilməz” bu, artıq birlik deyil, ayrılıqdan xəbər verir. Əvvəllər bizi toplantılara dəvət edərdilər və biz də imkan daxilində qatılardıq ki, fikir mübadiləsi edək, yeni fikirlərlə tanış olaq. İndi istəməzlər dəvət etməzlər. Dediyim kimi, bu, onların seçimidir.

Qeyd etdiyim kimi, bizim təşkilatda niderlandlılar çoxluq təşkil edir və bu yaxınlarda sıralarımıza daha bir niderlandlı, ixtisasca jurnalist, burdakı qəzetlərin birinin sahibi və baş redaktoru qatıldı. R. Uotermanın belə bir sözü var: "Təşkilat yalnız bir səbəbdən mövcuddur: təklikdə heç kəsin edə bilməyəcəyi işi görməkdə insanlara kömək etmək üçün.” Bizim öz təşkilatımız var və işimizi də görə bilirik. Mənim yaradılmış şuradan, diaspora məsul komitədən heç bir gözləntim yoxdur. Hələ şuranın işi necə olacaq, əsasnaməyə əməl olunur, olunmur, əsasnamə harda, kim tərəfdən yazılıb və.s. başqa mövzunun söhbətidir. Bir misal verim, əsasnamədə,3.1.1 bəndində "Koordinasiya Şurasının əlaqələndiricisi” yazılıb. Anladığınız kimi söhbət bir əlaqələndiricidən gedir. Niderland və Belçikanın bəzi təşkilatlarını özündə birləşdirən şurada isə iki əlaqələndirici var. Azacıq diqqətlə baxan adam bu əsasnamədə bir-birinə zidd nə qədər bəndlər görə bilər və hələ bir də bunlara əməl edim- etməməkləri də başqa mövzudur.

- Deməyindən belə çıxır ki, şurada birliyə nail ola bilməyiblər?

Burda yaradılan birlik özündə Niderlanddakı və Belçikadakı təşkilatları birləşdirməli idi. Məndə olan məlumata görə Niderlanddan "Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyi,” Benelüks Azərbaycanlıları Konqresi (BAK), bizim təşkilat, yəni "Connect,” adlarını bəlkə bilmədiyim, unutduğum başqa təşkilatlar, Belçikadan "Azərbaycan - Belçika Dostluq Cəmiyyəti” və yenə adlarını bəlkə bilmədiyim, unutduğum digər təşkilatların qatılmadığı bir şuraya "birlik” deməyi, "Niderlanddakı və Belçikadakı təşkilatlar bir araya gəldi” yazmağı düzgün bilmirəm. "Niderlandda və Belçikada fəaliyyət göstərən bəzi (yaxud bir çox) təşkilatlar bir araya gəldi” yazsalar, desələr problem yoxdur. Əks halda belə çıxır ki, ya bizi təşkilat kimi tanımırlar, ya da görmürlər. Biz isə varıq və var olan nəyisə, kimisə görməmək var olanın deyil, görməyənin sorunudur. Sözünü etdiyim təşkilatların xidmətləri barədə isə mətbuatdan məlumat ala bilərsiniz, google bu işdə sizə yardımçı olar (gülür).

- Bəlkə sənə olan münasibətdə başqa səbəb(lər) var. Məsələn, Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə bağlı yazdığın "Reportaj” adlı yazın...

O dəqiqə də başladın "sənə olan münasibət” deyə. Yenə qeyd etmək istəyirəm ki, heç bir səbəbi araşdırmaq istəmirəm. Xahiş edirəm ki, sözünü etdiyin yazını oxumayanlar üçün yazının linkini burda bölüşməyimə icazə verəsən (http://www.adalet.az/w154891/Reportaj/#.XA1SKttKiM8). Bir şeyi bilmək lazımdır ki, əgər biz həqiqətən diaspor fəaliyyətində bir iş görmək istəyiriksə o zaman xaricdə yaşayanlar, yəni bizlər Bakıda, Diasporla İş Üzrə Dövlət Komitəsində çalışanlara nə etməli olduğumuzu deməliyik. Ona görə ki, bizlər yaşadığımız yerin xüsusiyyətlərini və.s. bilirik və nəyi necə etsək daha yaxşı ola biləcəyini təxmin edə bilərik. Yoxsa orda, kabinetlərdə oturub xaricdə nə etməli olduğumuzu müəyyən etmək, mənim fikrimə görə, effekt verməz. Əksini düşünənlər buyurub Bakıdan gələn qərarlar əsasında işlərini görə bilərlər.

- Sözünü etdiyim yazında AAK – da baş verənlərdən narahatlığını bildirmişdin.

Bəli, yenə də bildirirəm. AAK – ın birinci vitse prezidenti Fizuli Məmmədovu AAK – dan uzaqlaşdırdıqlarını dedilər. Əvvala qeyd edim ki, AAK – ın rəhbərliyi seçilən toplantıda (2017 – ci ilin fevralı) mən də iştirak etmişdim. Nəyin necə baş verdiyini, kimin hara necə seçildiyiniorda iştirak edənlərin hamısı gördü.Deyəcəklərimi düzgün anla, məsələ Fizuli Məmmədovun kimliyindən getmir. Səninlə öncəki müsahibəmdə demişdim ki, diaspor fəaliyyətinə dəstək vermək istəyən iş adamlarını öz istədikləri təşkilatlara yönləndirirlər. Bu gün isə bundan da yanlış olan işlər görürlər. Fizuli Məmmədov bir iş adamıdır. Diaspor sahəsində nə qədər təcrübəlidir, deyil, bu, başqa mövzudur. Ancaq yetərincə tanınmış və imkanlı iş adamı olmasına şübhə ola bilməz. Əgər Fizuli Məmmədovun potensialından, imkanlarından düzgün və yaxşı mənada istifadə olunsa idi, bu, digər iş adamlarımızı da diaspor sahəsinə dəstək verməyə həvəsləndirə bilərdi. İndi isə əksinə, iş adamlarımız düşünə bilərlər ki, Fizuli Məmmədova qarşı edilənlər onlara da qarşı edilə bilər. Açığnı deyim ki, bəzən düşünürəm ki, kimlərsə bilərəkdən iş adamlarını diaspordan kənar tutmağa çalışırlar ki, diaspor təşkilatları mümkün qədər az müstəqil hərəkət edə bilsinlər. Çalışmaq lazım idi və hətta lazımdır ki, iş adamlarımız diaspor fəaliyyətinə dəstək versinlər. Başqa vaxt erməni diasporunu misal gətirirsiniz, onlarda belədir, iş adamları erməni diasporuna hər zaman dəstək verir. Bizdə isə iş adamlarını, kömək etmək istəyəni də uzaqlaşdırırıq. Diasporumuzun inkişafı onun təbii yolla inkişafından, iş adamlarının diasporumuza yardımından keçir. Mən belə düşünürəm və digər xalqların diaspor tarixi də bunu sübut edir.

Bir məqamı da qeyd edim ki, diaspor təşkilatlarının müstəqilliyinə məhdudiyyət yaradılmağa çalışmaq xaricdə yaşayan gənclərimizi də diaspor fəaliyyətindən çəkindirə bilər, onlar xaricdə fərqli düşüncədə böyüyürlər. Ancaq gənclik böyük qüvvədir. Onlar yaşadıqları yerdə böyüdükləri üçün yerli adətləri də, dili də və.s. bizdən yaxşı biləcəklər, əlaqələri daha geniş olacaq. Əbu Turxannın bir sözü yerinə düşür: "İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır.” Diaspordakı gənclərimiz diasporumuzun potensial işığıdırlar.

- Yaxşı, başqabirsual da verim. Erməni diasporundan danışdın. Onlarda lobbiçilik güclüdür. Bizim diasporumuz nə zaman lobbiçilik edəcək?

Bu barədə mənə çox sual verilib və hər dəfə də eyni sözü demişəm. "Palitra” qəzetinə verdiyim müsahibədə bu suala verdiyim cavabı eynilə sizə də verirəm.

Məncə, bunlar tamamilə ayrı-ayrı mənalar daşıyır. Bilirsiniz ki, lobbiçilik Amerikada yaranıb. Əgər nəzəriyyəyə müraciət etsək, görərik ki, "lobbi” ingilis dilindədir və dilimizdə mənası "dəhliz,” "vestibül” deməkdir. Diaspor isə yunan sözüdür və bir xalqın öz ölkəsindən kənarda yaşayanlarına deyilir. Əlbəttə ki, diaspor nümayəndələri həm də lobbiçiliklə məşğul ola bilərlər. Ancaq bu o demək deyil ki, biz diaspor fəaliyyətinə son qoyub lobbiçiliklə məşğul olmalıyıq. Obrazlı desək, bütün diasporu bir "dəhlizə” sığışdırmaq mümkün deyil. Əvvəla, onu qeyd edim ki, heç də bütün diaspor təşkilatlarımız lobbiçilik etmək gücündə deyil və buna ehtiyac olduğunu da düşünmürəm. Diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar, fəaliyyətdə olduğu ölkədəki soydaşlarının da xidmətlərindən istifadə edərək, soy-kökünün bağlı olduğu ölkəni təbliğ edə, tanıtdıra, müxtəlif tədbirlər təşkil edərək soydaşları bir yerə yığa, adət-ənənənin qorunmasına çalışa bilər ki, bura Novruz bayramı, Həmrəylik günü vəs. aiddir. Diaspor fəaliyyəti geniş anlayışdır; bura, həmçinin doğma dilində məktəblərin təşkili, musiqimizin təbliği vəs. daxildir. Lobbiçilik isə tam fərqli fəaliyyətdir. Qısa desək, lobbiçilik dövlət və qanunverici orqanların qəbul edəcəyi qərarlara təsir etmək deməkdir. Əsas məqsəd isə hansısa qrupların, dövlətin maraqlarına xidmət etməkdir. Doğrudur, bu gün lobbiçilik fəaliyyəti tam normal hesab olunur, ancaq bu fəaliyyət heç də həmişə yaxşı qarşılanmır. Sirr deyil ki, lobbiçilik fəaliyyəti bəzən xoşa gəlməyən formalarda da həyata keçirilir ki, bunu da müxtəlif cür anlamaq olar. Odur ki, hesab edirəm ki, "lobbiçiliyə keçmək lazımdır” fikrinin sahibləri, fikirlərini bir qədər daha aydın izah etsələr daha yaxşı olar.

- Söhbətimiz çox uzun çəkdi deyəsən. İstəyirsən saxlayaq, sonra davam edərik.

Doğru deyirsən, mən də söhbəti saxlamaq istəyirdim. Ümid edirəm ki, söhbətimizlə kiminsə qəlbinə dəymədik.

Vüqar Abbasov, Niderland.

vugarabbasov@hotmail.com




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK