adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Dekabr 2018 13:54
92120
MÜSAHİBƏ
A- A+

Rza Rzayev: “Bizim üçün Sadiqlik ən önəmli dəyərdi”

-Rza bəy, öz imicinizi necə formalaşdırır və təqdim edirsiniz?

-Bununla xüsusi məşğul olmuram. Ruhsal halım müəyyən edir hər şeyi, məsələn, bəzən hər yerə eyni geyimlə, eyni görkəmlə gedirəm, bəzən həftələrlə üst geyimlərimi dəyişmirəm, dəyişiklik bəzən rahatsızedici, bəzənsə rahatladıcı olur. Yaradanın yaratdığı imici olduğu kimi qorumağa çalışıram, əlavələrə ehtiyac duymuram. Özümü heç nəyə və heç kimə uyğunlaşdırmıram.

-Özünüzü tanıtmaq nə zaman mümkün olmur? İnsanlar nə zaman inanmırlar?

-Tanınmaq məqsədim olmayıb, bunun üçün çalışmamışam və bu yöndə hər hansı cəhdlər etmirəm. İnsanın tanınması üçün xüsusi vəziyyətlər lazımdır, onda tam kimlik üzə çıxır. Adi şəraitdə qorxmazılqdan, cəsurluqdan danışmaq asandır və təsdiqlənməmiş vəziyyətdir. Amma kimsə qarşını kəsəndə, küçədə biri sataşanda və yaxud müharibə şəraitində insanın gizli potensialı üzə çıxır - kimisinin qorxmazlığı, kimisinin qorxaqlığı. Konkret deyək, - özümü tanıtmağa xüsusi vəziyyət olmayanda xüsusi vəziyyət yaratmağa cəhd göstərmirəm, tanınmamaq daha xoşdur. İnsanları inandırmağa çalışanda - inanmırlar. İnsanların çoxu özlərində olmayan nəyisə başqasında görəndə və ya özlərinin edə bilmədiklərini başqaları edəndə buna inanmırlar. Düşünürlər ki, başqaları bunu kiminsə dəstəyi ilə etdi. Yəni bizim milli psixologiyamızda olan "day-day” anlayışı ilə.

-Həyat prinsipiniz nədir?

-Prinsiplər ilə yaşamıram. Bu haqda heç düşünmürəm, qəbul etdiyim və etmədiyim şeylər var, ağlım kəsəndən bunlar bəlli idi, seçimi nə vaxt etdiyimi bilmirəm, bunlar da zamanla dəyişə bilir. Bunlara deyerler desek daha uyğun olar .Baş verən və verməyən hadisələr prinsiplərimizi dəyişə bilər, dəyişə bilən şeyləri yadımda saxlamıram, dəyişən şeyləri həyatıma almıram və yaşamıram. Bizim üçün Sadiqlik ən önəmli deyerdi və qazanılan deyil, ya zatında olur, ya da olmur. Əşyalara da sadiq qalmağa çalışıram və bu özümdən asılı deyil. 25 ildən çoxdur - metroya minirəmsə, 1991-ci ildə ilk dəfə istifadə etdiyim kimi - 2-ci vaqonun 2-ci qapısından minirəm. Son dövrlər özüm istəyərək bu adətimi bir neçə dəfə pozmuşam, görüm nə baş verir, həç nə baş verməyib, sadəcə - sonra narahat olmuşam ki, 25 ildir sağ-salamat gedib-gəldiyim vaqonu və qapını niyə dəyişdim. Hesab edirəm ki, belə şeylər insanda vərdiş yaradır və xarakter formalaşdırır!

-Hadisələrə fərqli yanaşmaq lazımdırmı? Niyə?

-Həqiqət birmənalıdır, baş verən hadisə də birmənalıdır, onu çoxmənalı edən insanın dünyaya baxışı, dövləti və milli maraqları, biliyi və şəxsi maraqlarıdır. Eyni hadisəyə müxtəlif yanaşmanı yuxarıda söylədiyim "baxışlar" fərqli edir. Öncədən mövcud olan mövqe hadisələrə həqiqi baxışı dəyişir. Hadisələrə fərqli yanaşma olmasa, daha heç nə fərq etməz! Fərqlilikdir insanı dəyərli edən. Fərqini bilən insan fərqli olmur, fərqlilik özünü bilməməkdir, bilinməməkdir, yəni nə və kim olmamağın fərqini bilməmek . Belə də ifadə edə bilərik - bir şeyin nə olduğunu yox, nə olmadığını bilməkdir.

-Görünməyəni görünən etmək üçün nə etmək olar?

-Görünənlər həm də bizə görünməyənləri anladır və yaxud göstərir, dünənin görünməyəni bugünün görünəni ola bilər. Görünməyənləri bizə tapmaqda bu günün görünənləri kömək edir. Çünki bugünün görünənlərində bugünün görünməyənləri də var ki, onları sabah görünən hala bu günün görünənləri ilə gətirəcəyik. Birbaşa görünməyən də var, özünü görə bilməsək də, yaratdıqları ilə görürük onu, varlığını hiss edirik, görünməməyi görünən edir onu. Görünmədən görünəndir - O.

-Fürsətlər necə yaranır? Özünüz üçün necə fürsətlər yaradırsınız?

-Fürsət gözləmirəm, fürsətçiləri də sevmirəm, hörmət etmirəm. Heç nəyin dalınca qaçmıram, qarşıma heç bir məqsəd qoymuram, baş verənlərə və verəcəklərə hazırlaşmıram, baş verən və verəcəklərə hazır kimiyəm, qərarı anında verirəm, həyatımızın "ipi" öz əlimizdə deyil, onu idarə etməyə çalışmıram, onsuz da istədiklərimiz olmur, yaşamaq istədiklərimizi yox, yaşamaq istəmədiklərimizi yaşayırıq.

-Görülən işin keyfiyyətini və hədəfə çatıb çatmadığınızı necə müəyyənləşdirirsiniz?

- Qarşıma hədəf qoymuram, daha çox prosesdən zövq alıram, nəinki nəticədən. Nəticə haqda düşünmürəm, proses vaxtı tam varlığımla işin içində oluram, öz əlimdə olmayan həyatı fəda etməklə məşğulam, belə deyək əlimdə olmayan həyatımın acığını əlimde olandan çıxıram. Həyatı bildiyim kimi yox, bilmədiyim kimi yaşayıram, bilmədiklərimdən, yaşamadıqlarımdan zövq alıram - bildiklərimlə bilmədiklərimi tapanda, yaşadıqlarımla yaşamadıqlarımı yaşayanda. Çoxumuz üzünü görmədiyi körpəsini bətnində daşıyan anaya bənzəyirik. Sabah nə baş verəcəyini bilmirik, amma bətnimizdə daşıyırıq üzünü görmədiyimiz sabahımızı ki, üzünü görək, görməyənə qədər daha maraqlı olur, yaşanandan sonra pisli-yaxşılı sevirsən onu, övladın kimi, pis tərəfləri, ağrılı, yaralı tərəfləri daha çox bağlayır səni ona və yaşadığın günə, yəni seni daha çox yaşananlar yaşadır, yaşanmayanlar yox.

-Qarşınızdakına necə təsir edirsiniz?

-Bunu bilmirəm və qarşımdakılara təsir etdiyimi də düşünmürəm, təkrarlar hər şeyi sonda təsirsiz edir, adiləşdirir, çalışıram təkrarsız olum. Onsuz da eyni ola bilmirəm, özümdən asılı deyil, eyni ola bilməmək ən çox özümə şəxsi mənada zərər vurur.

-Konfliktləri hansı üsulla həll edirsiniz?

-Baxır konfliktin mahiyyət və məzmununa, çox mədəni olduğum qədər, çox mədəniyyətsiz də oluram, döyüşməyi də bacarıram, söz ilə yola verməyi də.

-Motivasiyanıza nələr təsir edir?

-Çəkə bilmədiyim dərdlər, onlar yeni fikirlər, ideyalar tapmağıma kömək edir, düşüncəli və fikirli olmaq da başqa zövqdür, həm də çox vaxt çəkilməz olur, bəzən özündən çəkilib getmək istəyirsən. Çəkilmiş şəkillərindən çəkilib getmək kimi.

-Sizcə, gələcəkdə insan münasibətlərində nə kimi dəyişikliklər olacaq?

-Bu münasibətlər heç vaxt dəyişmir, sadəcə hansısa vaxtda bir tərəf ağırlıq edir, daha görünən olur. İnsan da heç vaxt dəyişmir, dəyişməyən insan dəyişməz münasibətlərin qoruyucusudur. Sadəcə nələrinsə özünü daha çox göstərdiyi vaxtlar olur, gələcək insan münasibətlərində bu gün olanlardan bəziləri daha görünən olacaq, yəni üzdə olacaq, bəziləri görünməz. Olmayanlar olmayacaq - çoxalan və azalanlar olacaq.

-Yalan hər kəsə tez çatır, doğru isə ləng hərəkət edir. Yalanın qarşısını tez kəsib doğrunun hər kəsə çatmasını sürətləndirmək necə mümkündür?

-Yalanın üstü şirəlidir, şirin gəlir, olmayan şeydir, olmayanlar daha maraqlı gəlir insana, yalan yeriyə bilir, dura bilmir, duran kimi yıxılır, yəni canı hərəkətdədir. Doğru isə sabitdi, hərəkətdə olmayan şey gözə gec dəyir, amma həmişə varlığını qoruyur, yəni yerini. Hər şeyin öz sürəti var, bu mahiyyət və məzmundan asılı şeydir, ağır şeylərin sürəti az olar, doğru - ağırdır, hər adamın qaldıra biləcəyi iş deyil, ona görə doğruya sürət artırmaq mümkün deyil, əksinə doğru çox şeyin sürətini alır, elə yalanın da, doğru üzə çıxan kimi yalan dayanır.

-Bir mütəxəssis olaraq özünüzə necə ehtiyac yarada bilirsiniz?

-Var olduğumuz dövrdə bunu hiss edə bilmərik, insan əlində olduğu şeyi qiymətləndirə bilmir, olmayanda olmuşlara dəyər verir. Olmayanda ehtiyac hissi yaranarsa, deməli bunu yarada bilmişik, bu hələ bilinmir.

-PR nədir sualına sizin cavabınız necədir?

- Hərfi mənası budur, PR (Public Relations). İctimaiyyətlə münasibətlər və ya əlaqələr. Amma hər dövrün özünün ifadə formaları var, dünənin həqiqətlərinə çatılan yolla, bugünün həqiqətlərinə çatmaq olmaz. Toplumların sayı, coğrafiyası ferqli olduğu o kimi, onların mahiyyət, məzmunları və onlarla münasibət qurmaq da fərqlidir. Bir toplumda xeyir gətirən addım başqa bir toplumda zərər verə bilər. Azərbaycanın bir tətəfindən baxanda o biri tərəfi görünür, tərəf yaratmağın, etibar qazanmağın yolları fərqlidir bizdə. Bu bizdə həm də daha çox fərdin özündən asılı məsələ deyil, fərdin fərd olaraq ictimai rəyə təsiri çox azdır, daha çox kənar qüvvələrdən asılısan, istəsələr səndən qəhrəman da düzəldərlər, satqın da. Bu bizdə çox az adamdan asılı olan məsələdir. Bir rus prodüser söyləmişdi - "Mənə lal adam verin, onu ulduz edim". Müasir dövrün texnikası səsi olmayana səs düzəldir, amma mövcud texnika qədər ömürləri var, yəni daha müasir texnika çıxana qədər. Daimi olan doğal səsdir. Müasir dövr budur, amma yalançı qəhrəmanlar ancaq yaşadıqları dövrü əldə edə bilərlər, gələcək tarixi yox, zaman onları gələcəyə daşımaz.

Müsahibeni aldı : Cefer Mensimi