ANA SƏHİFƏ / Layihə

Əbədi yaşamaq dairəsi

1399    |   2018-10-08 21:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

İsmayıl Şıxlı haqqında

(əvvəli ötən sayımızda)

Yadıma dahi alimlərdən İnfedlə Eynşteynin söhbəti düşdü. Eyeşteyn ona demişdi ki, həyat - həyacanlandırıcı və sevindirici bir gözəl mənzərədir; o, mənim xoşuma gəlir. Lakin əgər bilsəm ki, üç saatdan sonra ölməliyəm, bu mənə çox da böyük təsir bağışlamazdı. Mənə qalmış üç saatda daha yaxşı istifadə barədə düşünərdim. Sonra mən öz kağızlarımı bir kənara qoyub, sakitcə ölümümü gözləyərdim.
Yerinə düşür ki, deyəm: İ.Şıxlı məhz səhhətinin pisləşdiyi aylarda özünün son romanını təxəyyülündə yaratdı, diqtəylə bitirdi. Eynşteynin sözləri səbəbsiz deyildi: Alim də yaradıcı adamdır, dahi fizik isə arabir şer yazırdı, heç kəsə oxumasa da...
İ.Şıxlının qəhramanları fərdi yaşamaqdan daha çox etirazını gizlətməmək, azadlığı anlamağı bacarmaq istəyidir. Unutmayaq ki, bu insanların bir qismi Sovet adamları idi, o məktəbi görmüşdülər. İmran və Zeynəb kənddə tərbiyə almışdılar. Amma haqsızlığa boyun əymirdilər, xüsusilə aqronom İmran. Onun şəxsi səadəti həyatın diqtəsindən tam kənara çıxmasa da, bu həyatda bir parça xoşbəxtlik vardı və gələcək zamanda idi.
Bunun özu yazıçının bir cəhdiydi və dərəcəsini hesablamalı olsaq cəsarətiydi. Ona görə İmran da Zeynəb də ölməyiblər, onlardakı əxlaqi təmizlik davranışlarına hopmuşdur. "Ayrılan yollar"dan 10-15 il sonra meydana gələn elə o kəndin adamları elitar düşünmə tərzinə özlərini alışdırmaqdan qurur duyurdular. Qeyri əxlaqi hərəkətləri rəva görmürdülər. İ.Şıxlının ilk əsəri barədə düşünəndə bir az gec baxsaq da, qəbahət yoxdur, çünki öz üslubunu tapmışdı, başqalarının görmədiyi insanlardakı ən müsbət keyfiyyətləri təsrinə gətirmişdi. Belə yazıçılara yaxşı yanaşan U.Folkner Tomas Vulf haqqında onu demişdi ki, aramızda ən ağıllısı Hemenquey çıxdı; o, öhdəsindən gələ biləcəyi üslubu tez tapdı, bu üslubu büsbütün mənimsədi və ... bizim kimi daxili bir səslə bütün qüvvəsini daha əzəmətli bir şey yaratmaq cəhdində bulundu. Mən demişdim ki, İ.Şıxlı o illərin görkəmli ədiblərin nəsrinə düşməkdən imtina etdi, yəni onları özü üçün xələf götürmədi, hətta Mehdi Hüseyndən boyun qaçırdı və özünə inamla duyurdu ki, üslubunu yaradacaqdır. Və "Dəli Kür"ü ortaya qoydu. "Ayrılan yollar"la bu epopeya arasında yaradıcılıq məsafəsi çox uzuna çıxmır. Arada hekayələr, publisist yazılar qələmə alınırdı. Və ədəbiyyat araşdırıcılarına elə gəlirdi İsmayıl Şıxlı roman, povest yazırsa "Ayrılan yollar" səviyyəsini aşmayacaq. Kənd həyatından lazımlı yaxşı və pis nə varsa ədəbiyyata gətirmişdir. Digər tərəfdən, özünə qarşı tələbkardır və nəhayət, başı dərs deməyə qarışmışdır. Bu mülahizələrdə həqiqət vardı. O biri yandan psixoloji ovqat diqtə etməyə bilməzdi ki, B.Bayramov, S.Qədirzadə , İ.Hüseynov (Muğanna), V.Babanlı, Sabir Əhmədov, Əlibala Hacızadə və başqaları mütəmadi romanlar, povestlər yazırlar. Bəs istedadlı İsmayıl Şıxlı? Barı, elə ali məktəb həyatından, bilavasitə yaşadığı mühitdəki dramatik məsələlərə laqeyid qalmasın! Belə haqlı umacaq onun bütöv, özünə hörmət şəxsiyyətinin buzunu sındıra bilmədi. Sən demə o, içərisində insanları, konkret doğma adamların həyatını təxəyyülündə canlandırırmış, axtarışını aparırmış, bəzi insanlardakı bədxah şəfqəti, özünə xas ideallarını sərbəst buraxmırmış, bədii obraz timsalında sınağa çəkirmiş. Doğurdanmı: sənət başdan - başa hiylədir, təxəyyüldə cilalanır və yalandan da, saxtakarlıqdan da kənarda dayanmır. O, sağlam, ləkəsiz şəxsiyyətində qidalanan ədəbi qabiliyyətini "məhsuldar"lığa güzəştə getmədi və "Dəli Kür"lə sənətin zirvəsini tutdu. Halbuki, öz ədəbi yaşıdlarına həm də dərs verdi ki, çox yazmaq yazıçının taleyini həll eləmir. İ.Şıxlının böyüklüyündə, əsərlərində səhvə yol verməməsində pedaqoqluğu az rol oynamırdı, ona görə də oxucu yazıçıya qarışıq hisslərlə yanaşmada haqsızlığa yol verməmişdir, ədib kimi sevir və pedaqoq kimi qiymətləndirir. Mənə qalsa onu - yazıçı Şıxlı ilə pedaqoq İsmayıl müəllimi bir - birindən ayırmazdım. Ona görə ki, bizim elə söz adamlarımız olub və var ki, əməlləriylə, peşə-ləriylə yaradıcılıqları arasında böyük uçurum görünür. Obrazları humanistdir, ədalət hissini tapmışdır, gözü toxdur. Amma özü simasızdır, yaltaq - ikiüzlüdür və ilaxır. İ.Şıxlının son qəhrəmanları bütövdür, qürurludur. Bəyə - xana - zadəgana xas ağayanadır, şəhvət naminə ağ bədənə aşiq deyil, yeniyetmə yaşında hisslərini özbaşına buraxmır, əxlaq dərsi deməkdən uzaqdır. İ.Şıxlı "Dəli Kür"də azərbaycanlı həqiqətini Cahandar ağa obrazında sübut etməyi bacardı. Və göstərdi ki, özünə qədərki bəylərimizi əslində təhqir eləmişlər: Böyük bəyi xırda sujetlərin çərçivəsinə pərçimləyib yalançı, dələduz qaniçən xarakterdə təsvir eləmişlər və o əsərlər qeyri - dillərdə səslənəndə soy - kökümüzü rişxənd obyektinə çevirmişlər. Təəssüf ki, belə hal Mirzə Cəlildə və Səməd Vurğunda da tapılmışdır! Həqiqət ölməzdir və bu, yazıçıda varsa - dahilik əlamətidir. İ. Şıxlı dövrünün idealogiyasına əhəmiyyətsiz yanaşmışdır, Cahandar ağanı sanki gələcək Sovet həqiqətlərinin puçluğunu göstərmək üçün yaratmışdır. Kimdir bu Cahandar ağa - bəy? Çoxmu vacibdi 60-cı illərdə obraz timsalında "dirilsin?" Lazımdı. Ona görə ki, bəyliyimizin üstündən xətt çəkilmişdi, əyalətçilik damğası üzərlərinə vurulmuşdu. Hətta rus xanımlarının gülüş obyektinə çevrilmişdi. İ.Şıxlı bəylərimizin hətta sivil gedişatı dərk etməsi psixologiyasını ümumiləşdirirdi . İnsanın əxlaqi paslanması mənəviyyatsızlıqdan başlayır və bəşəri dəyərlidir. Cahandar ağa baxmayaraq başqa bir bəyin arvadını atın tərkində evinə gətirir, yenə ona "namussuz" damğası vurulmur. Halbuki, bizim adətimizdə belə hal yoxdur. Bizdə namus sayılan bir hərəkət də var: kişinin arvadıdır, atıdır, papağıdır - bunlar yad adamın əliylə ləkələnmişsə, adekvat cavablandırılır. Cahandar ağanın atının quyruğu Allahyar bəy tərəfindən kəsilmişsə o, ölümə məhkumdur. Obrazın bir hərəkəti kimi sayılan bu addımı böyük mənəviyyatdan xəbər verir. Biz azəri türkləriylə sadəlövh davranmaq zarafat kimi qiymətləndirilmir. Və qaçırılmış qadın da sanki hərəkəti düzgün anlayır və fürsət tapıb aralanmaq həvəsinə düşmür. Halbuki yad evdə bunun üçün şərait yaratmaq mümkün idi, təki qayıtsan geri. Onun ərinə xəyanətində oxucu əsla günahlandırmır. Dünyanın ən yadda qalan obrazı Anna Karenina isə bütün haqlı hərəkətinə bax-mayaraq xəyanətdə suçlandırılır. Baxmayaraq, bəzi Tolstoy tədqiqatçıları o fikrə gəlmişlər ki, Anna öz xəyanətini ətrafdan bacarıqla gizlədərdi və əriylə yaşayardı, bunun üçün cavabdehlik daşımazdı. Anna öz günahına görə zamandan kənar, əbədi əxlaq qanunları ilə heç ümumilik yaratmayan bütün şərtiliklər kimi çox nisbi olan ictimai ədəb - ərkanı pozduğu üçün cəza-landırılmayıb.
İsmayıl Şıxlı bütün yazıçılardan fərqləndi və ilk dəfə rus kazaklarını türk barmağı ilə gülləsinə qurban elədi Cahandar bəy. Mərhum tənqidçi Asif Ata Əfəndiyev bu məsələyə Şərq poetikasından toxunmaqda haqlı idi: "Bu yalmanmaq (rusları nəzərdə tuturdu. - A.E.) idi, bu, üst kübar hissəsinin, kompador ziyalısının Rusiyaya yayılmanmasının ifadəsi idi. Belə bir mif yaratdılar".
İsmayıl Şıxlı siyasətçi olmamışdı və bunu özünə peşə seçməmişdi, hərçənd, biz tələbə ikən, 60-cı illərdə dünya ədəbiyyatından mühazirələr oxuyarkən, analogiyalara laqeyd qalmırdı, mövcud Sovet idealogiyasının mənfiliklərini, haqsızlıqlarını deyirdı. Xüsusilə, repressiya illərini vurğulayırdı. Çünki onun da doğmalarından qurbanlar vardı. Əmisi türkiyəyə qaçıb canını qurtarmışdı. Sonralar Türkiyənin məşhur hərbi generalı səviyyəsinə qalxmışdı. Mən bu məşhur, əslən Qazaxlı generalın ailə albomuzda şəklini görmüşəm. Baxmayaraq, uzun illər boyu bu foto gizlədilmişdi. Lakin İ.Şıxlı bütöv şəxsiyyət imiciylə siyasətçiydi, haqqa, ədalətə çağıran siyasət Adamıydı. Sovet sisteminin çökməsi ərəfəsində xalqın, ziyalıların onu axtarması, onun sözünü eşitmək istəməsi və görkəmli boy - buxununu görməsi, lakonik və məntiqi nitqini eşitməsi sübuta yetirdi ki, "siyasi xadim"lik nə mitinq rəhbəri olmaqla, nə də prezidentlik iddiasına düşməklə ölçülmür. Şəxsiyyət və əqidə bütövlüyü, xaricdən süzülən parıltılara uymamaq iradəsi... əsil siyasi xadim nüfuzunu qazandırır.

Allahverdi Eminov,
yazıçı



İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK