ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR - IV (DAVAMI)

Detektiv roman

36239    |   2017-02-06 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dədələrin Dədəsi:

- Dediyimiz odu ki, biz səni başa düşürük, haqlısan. Amma sən heç nəyi dəyişə bilməzsən. Bu, dünyanın hər yerində belədi. Dünyanın hər yerində zelyonu da var, salaqa da, starik də, ded də! Amerikada da belədi, heç kinoya-zada baxmamısan? Mən də, burda oturanlar da salaqa olmuşuq. Tualet də yumuşuq, kartof da təmizləmişik, həyət də süpürmüşük.

Akademik:

- Ded, mən hər şeyi başa düşürəm. Onu da bilirəm ki, sizin mənə hörmətinizə görə, mənim ən böyük cəzam qauptvaxtdı. Yoxsa komandirin çaqqalları məni çoxdan didik-didik eləmişdilər. Buna görə sizə borcluyam. Amma mən neyləyim, belə doğulmuşam, belə tərbiyə almışam. Mən nə salaqa olmaq istəyirəm, nə də ded! Əsgər olmaq istəyirəm. Vallah-billah!

Dədələr Dədəsi:

- Görürük ola bilmirsən. Özün dedin ki, bizə görə çaqqal-çuqqal sənə dəymir. Biz iyirmi-iyirmi beş günə gedirik, uzağı bir aya. Biz gedəndən sonra sənin üçün çox çətin olacaq. Dərəni xəlvət görən tülkülər bəylik edəcək. Səni cəzalandıracaqlar, sındıracaqlar. Biz səni stariklərə tapşırmışıq. Amma onlar biz deyillər, onların da içində çaqqallar var. Özünü gözlə, çalış tək gəzmə. Bir şey bilməsək, danışmarıq. İndi səni ölüm postuna salıblar. Özün də bilirsən, o postdan neçə əsgər geri dönməyib.

Akademik:

- Mən belə şeylərdən qorxan deyiləm. Düşmən gülləsindən ölmək alçalmaqdan şərəflidir.

Dədələr Dədəsi ondan yaşca çox kiçik olsa da, elə danışırdı, elə bil ata oğluna öyüd verirdi:

- Akademik, bir az ağıllı ol. Biz istəmirik ki, sənin kimi bir oğlan nə səfeh düşmən gülləsindən ölsün, nə də gecələrin birində tualetdə özün assın.

Akademik güldü:

- Qardaşlar, Şopenhauer deyir ki, insan özünü ona görə öldürmür ki, yaşamaqdan doyur, özün ona görə öldürür ki, arzularından doyur. Mən hələ arzularımdan doymamışam.

Dədələr Dədəsi:

- Şopenhauer kimdi tanımıram, nə deyib onu da bilmirəm. Mən də sənə deyirəm, ya özünü dəyiş, ya da valideynlərinə xəbər göndər, gör sənin hissəni dəyişdirdə bilərlərmi.

Başqa bir dədə:

- Akademik, incimə, sən universitet bitirsən də, aspirant olsan da başın qarışıb kitab-dəftərə, həyatdan uzaq düşmüsən, bu dünyadan xəbərin yoxdu. Dörd-beş aydı burdasan, iki dəfə komissiya gətirtmisən, nə dəyişib, on dəfə gətirtsən nə dəyişəcək?!

- Niyə borşda ət var ki!

- Bu da on gün, sonra?

Akademik:

- Bilirəm, mənə görə çox narahatsız, bir daha sizə təşəkkür edirəm. Amma mən o qədər zəif adam deyiləm ki, özümü asam. Assam, komandiri asacam! - dedi və güldü.

Qonşu stoldan kimsə dedi:

- Suka gəlir.

Gələn Batalyon Komandiri idi, yaxınlaşdı dədələrin stoluna, salam verdi və sonra dedi:

- Akademik, sənə hələ tez deyil bu stolda oturmaq?

Dədələr Dədəsi Akademiki dillənməyə qoymadı, gözünün birini qıyıb aşağıdan yuxarı Batalyon Komandirinə baxıb dedi:

- Komandir, get işinlə məşğul ol, qabağımızdakını zəhərə döndərmə. Yoxsa, bu boşqabı başına keçirərəm.

Batalyon Komandiri:

- Ded, sən niyə hirslənirsən? Mən Akademiklə danışıram.

- Dedim də sənə! Eşit, biz gedəcəyik, bizdən sonra eşitsək ki, şəxsən sən Akademikin xətrinə dəymisən... Səni harda olsa tutub xoruz kimi banladacağıq. Qandın?!

Batalyon Komandiri özünü yığışdırdı:

- Qandım!



***

Kriminalist otağa girəndə Prokuror telefonla danışırdı və çox pərt görünürdü:

- Dedim ki, əlimizdən gələni edirik, üstündə işləyirik. Rəhmətliyin oğlu, o boyda Amerika əlli ildi Kennedinin ölümünün üstünü aça bilmir, indi sən istəyirsən üç günün içində bu boyda qətlin üstünü açaq? Heç Şerlok Holms da üç-beş günə cinayəti aça bilməyib. Özü də mənimlə belə danışmayın, nə sizin tabeçiliyinizdəyəm, nə də uşağınız, otuz ilin prokuroruyam. Mən prokuror olanda sən salaqa idin, tualet təmizləyirdin. İndi general olmusan, gəl çıx çiynimizə. Əgər qoysaydınız vaxtında həmin hərbi hissədə baş verən ölüm hadisələrinin üstünü açaq, vəziyyət gəlib bu həddə çatmazdı. Bəs əsgərlər öləndə niyə belə sinənizi cırmırdız?! Onlar adam deyildi? Ağızlarından süd iyi gələn gül kimi uşaqlardı. Onların qanı tutub Polkovniki. Darıxmayın, o uşaqların qanı bir gün bizi də tutacaq. Bizi tutmasa da, balalarımızı tutacaq! - telefonun dəstəyini atdı, elə həmin əsəblə də Kriminalistə dedi: - Qolundan tutub oturdacam, otur də.

Sonra yenə həmin əsəblə də düyməni basıb çığırdı:

- Ay qız, gəl bu zəhrimarı dəyiş. Allahın bir stəkan çayını da rahat içməyə qoymurlar - dedi və stolun üstəki stəkanı götürüb divara çırpdı.

Kriminalist ilk dəfə idi ki, Prokuroru belə özündən çıxmış görürdü.

Prokuror:

- Papirosun var?

- Siz çəkən deyilsiz axı?!

- Çəkənəm, çəkən deyiləm, deyirəm papirosun var?

Kriminalist Prokurora bir siqaret verdi, özü də yandırdı. Amma iki qurtumdan sonra Prokuroru öskürək tutdu, siqareti Kriminalistin qabağındakı külqabıda söndürdü və xeyli öskürdü:

- Ə, bu zibili necə çəkirsiz?!

Katibə iki stəkan çay gətirdi, sonra istədi yerdən stəkanların qırıqlarını yığsın, Prokuror qoymadı:

- Sonra yığarsan. - dedi və gəlib Kriminalistlə üzbəüz oturdu; - Hə, oğul, özün eşitdin də, məruzə elə görək.

Prokurorun oğlu yox idi. İki qızı vardı, ikisi də ərdəydi, işçilərinə də "oğul" deyə müraciət edərdi.

Kriminalist qovluğunu açdı:

- Cənab Prokuror, bir neçə versiya var. Hamısının üzərində işləyirik. Amma xeyli vaxt aparacaq.

- Oğul, vaxtımız çox azdı. Eşitdin. Bu üç-beş gündə bəlkə otuz dəfə zəng ediblər. Bu işi aça bilməsən ikimiz də yandıq. Mənim onsuz da yaşım keçib, yükümü də təpəyə yığmışam. Sənə heyfim gəlir. İndi versiyaları de görüm.

- Birincisi, namus məsələsidi. Üstündə işləyirik. Amma mənə görə bu qətlin namusa dəxli yoxdu.

Prokuror:

- Bəs niyə... - sözü ağzından qaytardı, - nədi, hə, orasından atıblar?

Kriminalist güldü:

- Cənab Prokuror, bura İtaliya deyil, ağzına gül də qoyalar. Ya təsadüfdü, ya da öldürən adam yandığından ordan atıb ki, kişi deyilsən. Mən onun bütün qadın əlaqələrini öyrənmişəm. Elə bir ciddi şey tapmadım. Telefon kitabçasında heç qadın nömrəsi də yoxdu. Sürücü də deyir ki, yalnız bazar günündən başqa həmişə Komandirlə olub, amma indiyədək Komandirin hansısa bir qadınla görüşdüyünü, ya əlaqəsi olduğunu hiss eləməyib.

- Bəs, Mer deyir nə vaxt axtarırdın saunada tapırdın.

- Mer öz ağlıyla ölçür, elə bilir saunaya elə qadınlarla görüşmək üçün gedirlər. Siz də hər həftə saunaya gedirsiz, qadınla gedirsiz?

Prokuroru gülmək tutdu:

- Bəlkə gedirəm, nə bilirsən?

- Getsəydiniz, camaat sizin haqqınızda da danışardı.

Prokuror qalxdı, otaqda bir az var-gəl elədi, pəncərədən xeyli bayıra - küçədə futbol oynayan uşaqlara baxdı. Bu uşaqlar dəfələrlə kabinetin pəncərələrini qırmışdılar, amma o buna heç vaxt qızmamışdı. Hər dəfə qaravulçu uşaqları qovmaq istəyəndə qoymamışdı:

- Dəymə, qoy oynasınlar, sən usta çağır gəlib şüşə salsınlar.

İndi uşaqlar pəncərədən onlara baxan Prokuroru görəndə dayandılar və ona sevinclə əl eləyib çığırdılar:

- Prokuror əmi! Prokuror əmi!

O da gülümsəyib uşaqlara əl elədi, sonra yenidən qayıdıb oturdu kreslosunda:

- Düz deyirsən, o keçmişdəydi, indi adamlar qadın üstə bir-birini öldürmürlər, pul üstə öldürürlər. Bəs biznes əlaqələrini necə? Bəlkə şərikləri ilə problemləri olub.

- Öyrənmişik. Heç bir obyekti yoxdu.

Prokuror:

- Necə yəni yoxdu? O boyda hərbi hissə obyekt deyil? Hər əsgərin yeməyindən gündə bircə dollar kəssə ayda otuz min dollar eləyir. Hələ benzini-menzini, ayrı şeyləri demirəm. O Qərargah Rəisi ilə də həmişə dava-dalaşları bunun üstündəymiş.

- Qərargah Rəisi əsl zabitdi. Komandirin əyri işlərinə dözmürdü.

- Yaxşı, davam elə.

- Son səkkiz ayda hərbi hissədə üç ağır cinayət hadisəsi baş verib. Bir əsgər özünü asıb, biri özünü güllələyib. Biri də batalyon komandiri ilə üç əsgəri güllələyib, sonra da özünü öldürüb. Bu cinayətlərin hamısının da üstünü ört-basdır ediblər. Komandirin ölümünü burda axtarmaq lazımdı.

- Axtar də!

- Məsələ ondadır ki, bu cinayət işlərini bizim prokurorluq aparmayıb. İşlər bizdə deyil. Gərək məktub yazasız həmin işləri Bakıdan göndərələr bizə.

- Get məktubu hazırla gətir, qol çəkim.

***



Oturmuşdular Qərargah Rəisinin kabinetində, qarşılarında da bir stəkan çay.

- Rəis, komandirlə niyə tez-tez mübahisəniz düşürdü, hətta bir-birinizə silah da çəkmisiz?

Qərargah Rəisi güldü:

- Deyəsən, məndən şübhələnirsiz. Bu adi söhbətdi, yoxsa istintaq?

Kriminalist:

- Qətiyyən, sadəcə olaraq mən müəyyən həqiqətləri bilməliyəm.

Qərargah Rəisi qalxdı ayağa, pəncərəni açdı, həyətdə təlim keçən əsgərlərə xeyli baxdı, dağlara baxdı, bu dağların o üzündə doğulduğu, indi isə həsrətində qaldığı kəndlərini xatırladı, bir siqaret yandırdı:

- Bilirsən, dostum, biz bu Vətəni, o görünən dağları, meşələri, o göy üzünü, bu dağların bulaqlarını, quşlarını da əsgərlərə etibar etmişik. Bu dövlət də, bu millət də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə, deməli, bu Vətəni də, o dağları, o meşələri, o göy üzünü də qoruya bilmirik. Yəqin bilirsən son altı-yeddi, nə bilim səkkiz ayda bu hərbi hissədə neçə ölüm hadisəsi baş verib. Bunlara görə ən azı Komandir vəzifədən götürülməliydi, mən də cəzalanmalıydım. Nə oldu? Kim cəzalandı? Taqım komandiri, batalyon komandiri, uşaq-muşaq. Bu hadisələr elə-belə baş verməmişdi ha. Hamıya ruhi xəstə diaqnozu qoyub işləri bağlayıb atdılar arxivə. Çox cəsarətli bir müstəntiq vardı, arada o yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirak eləmişəm. Mən o valideynlərin gözlərinə baxa bilməmişəm. Onlar övladlarını mənə etibar etmişdilər. Mən onların övladlarını qoruya bilmədim!

Qərargah Rəisi soyuducunu açıb bir butulka araq çıxartdı, qoydu stolun üstünə, stəkandakı çayı götürüb pəncərədən atdı çölə, araq süzdü:

- İçirsən?

- İçirəm.

Kriminalistin çayını da pəncərədən çölə atdı və stəkana araq süzdü, heç nə demədən arağı çəkdi başına, bir siqaret də çıxarıb qoxuladı, sonra yandırdı.

Kriminalist də arağı götürdü, amma Qərargah Rəisi kimi başına çəkmədi, su kimi ehmalca içdi və o da bir siqaret alışdırdı.

(Ardı var)

Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-23
14:53 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (16.67%)
İşdə (83.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK