Faiq QİSMƏTOĞLU: Can, ay kasıb

FAİQ QİSMƏTOĞLU
4505 | 2021-10-20 12:20

...Dünən axşam böyük Üzeyir Hacıbəyovun kitabını vərəqləyirdim. Və kitabı vərəqləyəndə qarşıma çoxdan oxuduğum bir felyeton yenidən çıxdı. Felyetonun adı belədir: «Bir şvetsarla müsəlmanın söhbəti». Və bu felyetonu oxuyanda gözümün qabağına dünyanın bütün kasıbları gəldi. Evi olmayan, çörək tapa bilməyən, dərmana pul axtaran və hətta dərdini kiməsə deməyi bacarmayan dünyanın kasıbları yadıma düşdü. O kasıblar ki, onların Allahdan savayı heç kimi yoxdur...

...Yəni ən çətin anda, ən çətin məqamda onlar Allaha sığınır, ondan kömək istəyirlər. Aydındır ki, dualar da həmişə qəbul olunmur. Və kasıbın bəxti onda gətirməyib ki, elə kasıb olub. Kasıbçılığın üzü qara olsun. İstəyir dünyanın ən müdrik adamı ol, ağıllı insanı kimi camaat səni tanısın, dəryacan ağlın olsa, yenə kasıb olsan güləcəklər. Səhv etmirəmsə bu bizim atalar sözlərindən biridir. Mən də onu bir qədər inprovizasiya eləyib hörmətli oxucularımıza yenidən ötürürəm...

...Axı Üzeyir bəyin felyetonundan danışırdıq. Orda müsəlman şvetsara deyir ki, yəqin sizin ölkədə də varlı və kasıblar var. O da başını tərpədərək bildirir ki, əlbəttə, bizdə kasıblar və varlılar var. Amma bizdəki varlı adamlar heç vaxt kasıbları darda qoymur, arxa durur və çalışır ki, onlar da varlansınlar...

...Müsəlmanın bu sözlərdən gözləri böyüyür. Deyir necə yəni, belə də iş olar, bu, heç yaxşı iş olmadı! Şvetsar yenidən müsəlmandan soruşur ki, bəs sizdə necə, kasıblar və varlılar varmı? Müsəlman da dillənir ki, bəli, bizdə də kasıblar və varlılar var. Amma sizdən fərqli olaraq bizdə kasıblara hər adam kömək etmir. Yəni bizdəki varlı adamlar istəmirlər ki, kasıblar varlansın və onların cərgəsinə qoşulsun. Çünki kasıblar varlanar və gəlib axırda o varlıların başına oyun açar. Bəs onda o varlıların əlinin altında olub, işini görən kim olacaq?! Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?

...Müsəlmanın bu sözündən şvetsar bərk dilxor olur, deyir, siz nə təhər millətsiz ki, bir-birinizə arxa durmaq istəmirsiniz. Mən dünyada belə xalq görməmişəm. Müsəlman da şvetsarın bu sözündən bərk əsəbləşir, dilxor olur.

Şvetsar deyir ki, tay, bu insanlıq olmadı ki? Belə də millət olar? Varlılar kasıbların yaxşı dolanmağını istəmirlər. Müsəlman da deyir ki, biz lap yaxşı millətik. Gedin, öz dərdinizi çəkin. Əgər o kasıblar varlansa, gəlib oturar varlıların boynunda. Sonra onu o boyundan kim düşürdəcək?! Sən Allah, get öz millətinin işinə qarış, bizim millətlə işin olmasın. Və şvetsar da gedir öz millətinin işi ilə məşğul olur. Millət də inkişaf edib, olur obrazovonnu bir xalq...

...Allah-təala heç kimi varlı və kasıb yaratmayıb. Sadəcə olaraq kamil və cahil insanlar var. Adam var kasıbdı, amma dünya boyda ürəyi var. Bu vətənin, bu xalqın ən ağır günündə iki oğlunu şəhid verir və deyir ki, lazım gəlsə, gedib özüm də döyüşərəm. Şükür olsun ki, ölkəmizdə kasıblığın səviyyəsi ilbəil aşağı düşür. Amma görünən odur ki, bu gün bahalıq şəraitində əhalinin kasıb təbəqəsi daha çox əziyyət çəkir.

...Yanacağın, işığın, qazın qiymətinin qalxması kasıb təbəqənini gününü göy əskiyə büküb. Hələ mən 130 manat müavinət alan, 200 manat təqaüdlə dolanan insanların dərdini demirəm. Onların dərdini desəm, bir qoca arvad lazımdı ki, dəsmal götürüb ağı deyib ağlasın.

Bizdəki varlı adamların heç də hamısı yetimə, yesirə, kimsəsizə arxa durmur, dayaq olmur. Əgər hər bir varlı adam çox yox, beş kasıba arxa dursa, inanın, məmləkətimizdə kasıb ailə qalmaz. Onsuz da dövlət bu addımları atır, amma sadəcə olaraq varlı və imkanlı adamların hamısı ehtiyac içində yaşayan aztəminatlı ailələrə kömək göstərmirlər.

...Ancaq bir müğənniyə, hər gün televiziyalarda atılıb-düşən və çılpaq görkəmi ilə o pullu adamların diqqətini cəlb edən qızlara bəzi varlılar nəinki bahalı avtomobil, şəhərin mərkəzi yerində dörd-beş otaqlı ev hədiyyə edirlər. Ona görə də bir də görürsən ki, yumurtadan dınq edib çıxan müğənni başaldı o kanal, bu kanalı sülənməyə. Gəzir, gəzir və axırda da istədiyinə nail olur. Savadsız və cahil, pullu adam onu qısa zamanda ulduz edir, bahalı maşın alır və ev-eşik düzəldir. Amma o varlı adam ehtiyac içində olan qardaşına, bacısına 20-30 manat verməyə canı çıxır...

...Elə bil mətləbi bir qədər uzatdım. Buna görə hörmətli oxucularımızdan üzr istəyirəm. Əgər kiminsə imkanı olub kasıb qohumuna, əqrəbasına, lap qonşusuna kömək eləmirsə, Allaha and olsun, o adam xirtdəyə qədər günaha batır. Necə yəni, qardaşın birinin hər cür şəraiti var, var-dövləti başından aşır, digər bir qardaş isə dərman almağa pul tapmır, çətinliklər içərisində boğulur. Bu qardaş onu görmürsə, deməli o heç qardaş deyil və onun heç ürəyi də yoxdur. Bunu Allah götürməz. Ürəyi olan adam çörək tapa bilməyən ac qardaşını çətin vəziyyətdə qoymaz. Yediyi çörək ilan sümüyü kimi, balıq sümüyü kimi boğazında qalar...

...Kasıbların da bir xoşbəxtliyi var. Onlar qazandıqları bir tikə çörəyi, bir tikə ruzunu çox rahatlıqla yeyirlər. Evlərində sakit yaşayırlar və kimsə gəlib qapısını döymür ki, mənim filan şeyimi oğurlamısan, ya yemisən, onu qaytar!...

...Bütün dünyanın kasıblarının bəxti açılsın və bir gün, bir an onlar da kasıblığın daşını atıb rahat yaşasınlar. Və bir də bizim ölkədə heç kim acından ölmür. Hamının yeməyə çörəyi də var, içməyə suyu da. Sadəcə olaraq ehtiyac içində olan insanlara biz hamımız arxa durmalıyıq. Bu, Allaha da xoş gedər!...

TƏQVİM / ARXİV