adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Oktyabr 2021 09:00
1962
MƏMLƏKƏT
A- A+

Polad Haşımova qarşı təxribat- Şəkilləri zibillikdə aşkar edildi

Bu günlərdə “Ədalət” qəzetinin redaksiyasına şəhidlərimizin təhqir olunması barədə məlumat daxil olub. “Dini müzakirələr”qrupunun admini Elmira Rüstəmova redaksiyamıza müraciət edərək bildirib ki, Bakıda zibilliklərdə üstündə şəhid generalımız  Polad Həşimov da daxil olmaqla bir neçə şəhidimizin şəkli yapışdırılmış su butulkaları aşkar edilib. Araşdırmalardan sonra bu butulkaların Bakı şəhərində fəaliyyıt göstərən “Ümid” Xeyriyyə Cəmiyyəti adlı qurumun ehsan kimi payladığı məlum olub.

Müraciətdə deyilir:

“Zibillikdə aşkar edilən su kolilərinin üstündə şəhid general Polad Həşimov da daxil olmaqla 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşərək canlarından keçən qəhrəman şəhidlərimizin şəkillərini əks olunub. Məlum olub ki, bu su qabları Kərbəlada öldürülən imamlara ehsan olaraq insanlara paylanılıb. Bu insanlar şəhidlərimizin şəkli olan plastik butulkaların zibilikdə aşkar edilməsində məsuliyyət daşıyaraq onların xatirəsini təhqir ediblər. Əslində heç bir qanunu icazəsi olmadan din pərdəsi altında qanunsuz fəaliyyət göstərən bu insanlar Məhərrəmlikdə ehsan verirdilərsə niyə o butulkaların üstündə Kərbəla şəhidləri deyil, mənim torpağımın uğrunda canından keçən əziz şəhidimin şəklini vurublar? Ümumiyyətlə, o insanların nə ixtiyarı var ki, şəhidliyi ilə xalqımızın birləşib Qarabağın azad olunmasına səbəb olan mənim milli dəyərimə hörmətsizlik edirlər? Rica edirik ki, şəhidlərimizə hörmətsizlik edən bu insanların layiqli cəzalarının alınması üçün bu məsələni ictimailəşdirəsiniz.”

Araşdırmamız zamanı məlum oldu ki, indiyə qədər qeyri-qanuni fəaliyyət göstərən “Ümid” Xeyriyyə Cəmiyyəti bu məsələ sosial şəbəkələrdə müzakirəyə çıxarılandan sonra “Qafqaz Media” İctimai Birliyinin möhürü ilə “qanuniləşdirilib”. Bu cəmiyyətin rəhbəri də dini fəaliyyət pərdəsi altında ölkəmizdə İranın ruhani hakimiyyətini təbliğ edən Raya Məlikovadır. O, öz “Instagram” və “Facebook” səhifələrində Azərbaycan dövlətini və ölkə başçısı İlham Əliyevi dəfələrlə təhqir edən İran generallarını mədh edən paylaşımlar edib. Və üstündə şəhidlərimizin şəkilləri olan su butulkalarını da guya ehsan kimi paylayıb.

Məsələyə münasibət bildirən Milli Qəhrəmanımızın anası Səmayə xanım bildirdi ki, Polad Həşimova İranın verdiyi “Qasim Süleymani” medalından imtina edəndən sonra şiə təriqətinə məxsus insanların qınağı ilə üzləşib və “Ümid” Xeyriyyə Cəmiyyətinin bu əməlini təxribat və oğlunun ruhuna təhqir kimi qəbul edir:

“Həmin qadın (Raya Məlikova) gəldi məndən üzr istədi, amma mən qəbul etmədim və dedim ki, halallığını vermirəm. Mənim oğlum vətən uğrunda şəhid olub, onu heç bir təriqətə bağlamasınlar. O əsl müsəlman idi, heç bir təriqətə məxsus deyildi. Mən sizin qəzetiniz vasitəsilə hüquqü-mühafizə orqanlarından mənim şəhid balalarımın ruhunu təhqir edənləri layiqi olduqları cəzaları verməyi xahiş edirəm.”

Ümumiyyətlə, Vətən Müharibəsindən sonra şəhidlərimizin adından istifadə edib fırıldaqçılıqla məşğul olanların sayı artıb. Bəzən insanlarımızın həssaslığından istifadə edən dini sektalar şəhidlərimizi Kərbala şəhidləri ilə əlaqələndirib guya xeyriyyəçilik adı altında İran hakimiyyətinin təbliğatı ilə məşğul olurlar. Xüsusən İran rəsmilərinin son zamanlar  ölkəmizə qarşı təxribatçı və təhdid dolu bəyanatların səsləndirdiyi bu həssas dövrdə haqlı olaraq cəmiyyətimizdə narazılıq yaradır.

İlahiyyatçı Elşad Miri sözü gedən məsələ barədə fikirlərini “Adalet.az”-a bölüşərkən dedi ki,  “Ümid” Xeyriyyə Cəmiyyətinin şəhidlərimizin şəkillərini su butulkalarının üstünə yapışdırıb ehsan paylaması ilk baxışda müsbət addım kimi görünsə də, əslində hörmətsizlikdir. “Normal düşünəyə malik insan bilir ki, su içiləndən sonra butulkası zibilliyə atılacaq. Şəhidlərimizin şəkillərinin zibilliyə atılacaq butulkanın üstünə vurulmasının bir adı var, təxribat. O insanlar əvvəlcədən xalqımızın Qarabağ şəhidlərinə çıx həssas yanaşdığını, xüsusən də Polad Həşimov kimi xalq qəhrəmanının qırmızı çizgimiz olduğunu anlamamış deyildilər və hansı təpkinin olacağını da bildikləri üçün düşünülmüş şəkildə bu təxribata gediblər. İndi gəlin şəhid övladının rəsmini zibillikdəki butulkanın üstündə görən ana hansı vəziyyətə düşəcəyini bir anlığa təsəvvür edək. Mən üzümü “Ümid” Xeyriyyə Cəmiyyətinin əməkdaşlarına tutub soruşmaq istəyirəm ki, əgər üstündə öz şəhid övladlarının rəsmi olan butulkanı zibillikdə görsəydilər hansı hissləri keçirərdilər?”,- deyə ilahiyyatçı bu hadisənin səbəbkarlarına sualını yolladı.

Millət vəkili Ceyhun Məmmədov da əşyaların üstünə şəhdlərimizin şəkillərin yapışdırılmasının əleyhinədir. Şəhidlərimizi su butulkalarının üstündə deyil ürəyimizdə yaşatmalıyıq deyən millət vəkilinin sözlərinə görə, “Ümid” Xeyriyyə Cəmiyyətinin üzvləri belə bir xoşagəlməz halların meydana gələcəyini əvvəlcədən  başa düşməliydilər.

“Ümumiyyətlə, son dövrdə şəhidlərimizin şəkillərinin bir çox əşyaların üzərinə yapışdırılmasını müşahidə edirik. Şagirdlərin istifadə etdikləri dəftərlərdən tutmuş bloknotlaradək. Bu gün də butulkaların üzərinə şəkillərini yapışdırmaqla onlara hörmətsizliyi müşahidə edirik. Bundan sonra insanlarımız bu prinsiplərə əməl etsinlər. Çünki şəhidlərimiz bayraq, himn və gerb kimi bizim milli dəyərlərimizdirlər”,- deyən C. Məmmədov şəhidlərimizdən dini təbliğat vasitəsi kimi istifadə olunmasından da narahat olduğunu dilə gətirdi.

“Şəhidlər hansısa dini sektanın deyil, hamımızındır. Bizim şəhidlərin arasında qeyri müsəlman vətəndaşlarımız da var. Ona görə də, onların arasında ayrı seçkilik yaratmaq təxribatdan başqa bir şey deyil. Milliyətindən, dinindən və irqindən asılı olmayaraq bütün şəhidlərimiz bizim üçün əziz və müqəddəsdir”,- deyə millət vəkili əlavə etdi.

Şəhid generalımız Milli Qəhrəman Polad Haşımovun bacısı Kəmalə Haşımova “Adalet.az”-a açıqlamasında bu hadisədən sarsıldığını vurğuladı. Onun sözlərinə görə, bundan əvvəl də belə neqativ hallarla bağlı hüquq-çühafizə orqanlarına müraciət olunsa da, heç bir ölçü götürülməyib.

“Bunun ən başlıca səbəblərdən biri qanunlarda olan boşluqlardan ibarətdir. Çünki 30 ildən sonra torpaqlarımızı müharibə yolu ilə azad edən şəhid və qazi məsələsisinə xalqımız çox həssas yanaşır. Amma bu 30 ildə də çoxlu şəhidlərimiz və qazilərimiz olub. Amma onlarla bağlı bir qanun yoxdur. Düşünürəm ki, bu kimi məsələlərdə Türkiyədəki qanuna bənzər xüsusi bir qanun olmalıydı. Çünki Türkiyədə şəhid və qazilərin haqları ən yüksək səviyyədə qanunla qorunur. Əminəm ki, Polad Haşımovun şəklinin zibillikdəki butulkanın üstündə olmasından milyonlarla insan narahat olub. Amma bu məsələ qanunla tənzimlənsə buna görə sərt cəzaların olması insanları belə addım atmaqdan çəkindirər. Çünki qanunvericilikdəki bu boşluqdan istifadə edən bir çox işbazlar meydana çıxıblar. İnsanların şəhid və qazi məsələsinə həssas yanaşmasından istifadə edib qaz vurub-qazan dolduranların sayı günbəgün artır. Fərqli məqsədlərlə şəhidlərin və qazilərin adından istifadə edib xeyriyyə aksiyası adı altında pul yığıb, özlərini reklam edib, reytinq qazanırlar. İndiyədək heş kimin tanımadığı adamlar şəhidlərin adından şou göstərməklə məşğuldurlar. Bizim müqəddəs şəhidlərimizə toxunanlar ictimai qımnaqla yanaşı həmdıə sərt cəzalandırılmalıdırlar. Polad Haşımovun bacısı olaraq mən sizin qəzetiniz vasitəsilə bir daha tələb edirəm ki, hüquq-mühafizə orqanları bu kimi neqativ halların qarşısını sərt formada alsınlar!”,- deyə Kəmalə xanım millət vəkillərini bu məsələyə ciddi yanaşmağa çağırdı.

 

İltifat HACIXANOĞLU