SON DƏQİQƏ:

Araz səsi - Vaqif Bəhmənli yazır

  555   |  
Şriftin ölçüsü  

Ötən əsrin 80-ci illəri idi. “Sovet kəndi” qəzetində çalışırdım. Redaksiyamız “Azərbaycan” nəşriyyatında, “Azərbaycan təbiəti” jurnalı ilə eyni mərtəbədə yerləşirdi. Jurnalın baş redaktoru türk dünyasının böyük şairi, yeniyetməlikdən bugünə qədər ustadım olan Məmməd Araz idi. Redaksiya qonşuluğu səbəbindən onunla, demək olar, hər gün göruşür və bu zaman lap ayaqüstü də olsa mütləq kəlmə kəsir, əhvallaşır, nələrdənsə danışırdıq. O zamanın çox sayda cavan, yaşlı qələm adamlarından biri kimi tez-tez olnu iş otağında da ziyarət edirdim. Bizim ədəbiyyatımızda “böyük şairlərin böyük ürəyi olur” ifasdəsi, məncə, hamıdan şox Məmməd Araza uyğun gəlir. Nəsə, dediyim günlərin birində gördüm ki, poeziyası da özü kimi ucaboylu, AZADLIQ ruhlu, yaxın dostum Eldar Baxış – çiynində səsyazan aparat, qartal kimi Məmməd müəllimin kabinetinə şığıyır. Eldar, bizim çevrəmizdə qarşılaşarkən lap yağım daşsa da ayaq saxladığım doslardan idi. Amma bu dəfə, o, demək olar ki, mənə məhəl qoymadı. Eləcə: - Qağa, iş təcilidi, - dedi, - birtəhər razılığını almışam, radio üçün Məmməd əminin səsini yazmalıyam, ordan çıxım, gələcəm yanına, görüşərik. Hara görüşərik? Adətən ölçü-biçi, əndazə gözləyən adamam. Amma o gün sanki bir fövqəl qüvvə məni hadisə yerinə çəkdi. Əminin otağına rəhmətlik Eldarla eyni anda daxil oldum. Qısa görüşdən sonra Məmməd əminin işarə elədiyi yaşıl rəngli kresloda özümə yer elədim. Xəstəlik ustad şairi ilbəil üstələyirdi. Çətin danışmağa başlamışdı. Bu səbəbdən müsahibə ağır gedir, Eldar səsyazanın düyməsini təkrar-təkrar basmalı, lenti geri fırlatmalı olurdu. İndi bu fani dünyada cismən nə Məmməd Araz var, nə Eldar Baxış! Həmin anların yeganə şahidi 1985-ci ildə yazdığım bu şeirdir və şeirin məğzi belədir ki, Araz səsi əbədidir, yer üzündə nə qədər azsərbaycanlı varsa, onların hamısının ürəyini Araz səsi titrədir...

Araz səsi

Mətbuat evinin uzun dəhlizi,

Qapılar önündən ötür adamlar,

Buna bax, bu oğlan tanımır bizi?

Mən ki, tanıyıram; – Eldar, ay Eldar!

Ya qartal şığıyır dağlar qoynundan,

Ya da ki, üstümə qaya yeriyir.

Lay-divar oğlanın şümal boyunda

Qanacaq yeriyir, həya yeriyir.

Deyirəm: – El oğlum yəqin yol azıb, –

Sonra görüşürəm, Eldar Baxışla.

– Səsini yazıram Məmməd Arazın,

Qardaş, tələsirəm, məni bağışla!

Baş alıb uzanmır məzəli söhbət,

Nə də dostlar düşən hala yanırıq.

Qoşa baxışlarda eyni məhəbbət;

O səsin xətrinə aralanırıq.

Bəs nədi, Arazın səsi yazılır...

O böyük Arazın, qəmli Arazın.

Bir az da biz kəssək ömrü azalar,

Onsuz da taleyi kəmdi Arazın.

O səsi bizlərə tale pay verib

Düşməz özgə səda, nəfəs üstünə.

Necə ki, yüyürər yurduna qərib

Uçur Eldar Baxış o səs üstünə.

Atıb bir tərəfə utancaqlığı

Azca aralayıb qapını bu vaxt

Deyirəm o səsə yaxından baxım,

Qoyarlar, qoymazlar, ya tale, ya baxt!

Dumanlı fikrilə dünya nə sayır? –

Gərdişin işindən yuxalır şair.

Əlimi sıxmağa gücü çatmayır,

Heysiz “xoşgəldindən” sıxılır şair.

Bu suçdan mənim də payıma yazın,

Dartın günahkar tək qulaqlarımı.

Titrək barmaqları Məmməd Arazın

Sanki hədələyir günahlarımı.

Keçib otururam; sakit, kirimiş,

Tufan gözləyən tək hər nə var susur.

Necə çətin imiş, ağırmış bu iş

Axır Eldar Baxış düyməni basır.

Bu da Araz səsi, qəm dolu nəfəs...

Azalır, titrəyir, qırılır hərdən.

İnsan dodağından üzülmür bu səs,

Yüksəlir minillik sərdabələrdən.

Dərd yıxan ağaclar təzədən bitir,

Sözlərlə sağalır hicran yarası.

Arazın səsiylə bölünən Vətən

Səsində birləşir Məmməd Arazın.

Çatıb dadımıza ağır, pis gündə

Allahmı danışır, adam danışır.

Anam layla deyir başım üstündə,

Gorundan dikəlib atam danışar.

Səs... Araz suyuyla ləbələb dolan

Bir qaynar samovar dızıltısıdır.

Babam Füzulinin qürbətdə donan

Qərib sümüyünün sızıltısıdı.

Ürəyi yumşaqdır göz yaşı kimi

Amma vüqarlıdı, məğrurdu, dikdi.

Qocaman tarixin üst-başı kimi

Bu səs tikə-tikə, didik-didikdi.

Qədim naxışları bənnanın əli

Necə yaraşdırar, yan-yana düzər,

Qardaşım Eldar da eləcə, elə

Calayır diqqətlə kəlməni sözə.

Təntiyir, yorulur Arazın səsi,

Dayanar səsyazan azı on dəfə.

Tale gülləsinə tuş gələn kəsin

Bəzən söz vurğusu dəymir hədəfə.

Bu qəmə dözərmi səsyazan yazıq...

– İndi düzəldərik, indi... bağışla...

Zülmün əlindədəir lentin yaxası,

Çəkir bu zilləti Eldar Baxış da!

İnsan piyadadır, istəklər atlı

Bu lentlər kədəri yazan ki deyil.

Milyon fəsillərin bircə saatda

Səsini köçürmək asan ki deyil.

Vətən torpağıma, yurd torpağıma,

Bir qış ayağına, bir yaz ağzına,

Yarpız qanadına, gül yarpağına,

Sünbül buğumuna, dəryaz ağzına,

Qaya sinəsinə yazılan səsi

Çətindi, çətindi lentə köçürmək!

Bu səs gülləndirir duyğunu, eşqi

Qeyrətdən, namusdan, həyadan çıxır.

Narınca-narınca qumluğu eşmir,

Zəhmətkeş bulaq tək qayadan çıxır.

Almasın üzünü, Eldar, qəm, qüssə

Demə ki taleyin üzünə gülmür.

Müqəddəs duyğular, müqəddəs səslər

Əzəldən belədir, yazıya gəlmir.

Qədimdi yurdumun qəmi, fərəhi

De kimin taleyi yoxdan yazılıb?!

Xalis səsyazandı xalqın ürəyi

Ora Araz səsi çoxdan yazılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK