adalet.az header logo
  • Bakı -°C

XOŞBƏXTCİYƏZ - Aqil ABBAS yazır

AQİL ABBAS
137 | 2026-03-31 18:00
A- A+

Heç vaxt  təmtəraqlı, nəinki təmtəraqlı, heç təmtəraqsız da ad günü keçirməmişəm. Aprelin 1-i mənim üçün başqa günlərdən o qədər də fərqlənmir. Sadəcə olaraq, dostlar həmin gün mənə təbrik zəngi edirlər, bu da mənə xoş gəlir. Əvvəllər bir-iki dost mənə saat bağışlayardı, bilirdilər ki, mənim saatdan xoşum gəlir. Sonra onlar da yoruldular ki, bir adama nə qədər saat bağışlayarlar.  Kitab bağışlayan da olurdu. 

Ən böyük hədiyyəni 50 yaşım olanda Ulu Öndər Heydər Əliyevdən almışdım. İtaliyada məxsusi olaraq Ulu Öndər üçün hazırlanmış iki qızıl qələm və üstündə imzası ilə Ulu Öndərin barelyefi olan qeyri-adi bir cib saatı. 

Sonra isə bu ənənəni onun varisi Möhtərəm Prezident  İlham Əliyev davam etdirdi. Cənab Prezidentimiz 60 yaşımda «Şöhrət» ordeni, 70 yaşımda isə «Vətənə xidmətə görə» birinci dərəcəli ordenlə təltif olunmuşam. Bu hədiyyələr  dədəmə də bəsdi, bütün nəslimə də.

Ad günümlə bağlı nəsə yazmaq istədim, sonra fikrimdən vaz keçdim. 25 yaşım olanda «Ən xoşbəxt adam» adlı povest yazmışam, dedim povestdən bir parçanı oxuculara paylaşım. Həmin gün  aprelin 1-i idi, ad günümüydü, kirayədə yaşayırdım, cibimdə də bircə manatım vardı. 

Ağdam  işğaldan azad olunandan sonra neçə ildi ki, «Real» televiziyasının əməkdaşları və bir-iki dostumla  Ağdama gedir, həyətimizdə tonqal yandırır, üstündən hoppanır, Allahın verdiyi nemətlərlə ad günümü qeyd edirəm. 

Və əslində mənə ən böyük hədiyyə Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə azad olunmuş Qarabağdı və hər il Ağdamda yandırdığım tonqaldı. 

Allah heç vaxt ocaqlarımızı söndürməsin!

Povestdən bu bir parçanı oxuyun, xoşunuza gəlsə bütövlükdə hissə-hissə yenidən saytımıza yerləşdirərəm. 

ƏN XOŞBƏXT  ADAM

Bu gün ayın neçəsidir? Dünən ayın otuz biriydisə, demək  bu  gün  ayınbiri olmalıdır. Bir il də getdi ömürdən. İyirmi dörd yox, iyirmi  beş! Düz iyirmi beş il bundan əvvəl bugünkü  gün  kim  isə  qaçıb  atasını muştuluqlayıb ki, gözün aydın, oğlun olub. Sonra da  yığışmışdılar  ad qoymağa, hərə bir ad  demişdi.  Ata  nənəsi  (babaları  artıq...)  ikiayağını bir  başmağa  dirəmişdi  ki,  uşağın  adını  Məşədi  Cəfərquluqoyun.  Rəhmətlik  Məşədi  Cəfərqulu  yaxşı  kişi  olmuşdu,  yaxşı  da mərsiyə deyərdi. Ana nənəsi də daş atıb  başını  tutmuşdu  ki,  uşağın adını Muzdur Əliş qoymasanız, mən bir də bu evə  ayağımı  basmaram.  O
Muzdur Əliş ki, qarının dayısıydı, kənddə  də  ilk  bolşevik  olmuşdu, başına and içirdilər. Və o  ətrafda  heç  bir  özündən  deyən  kişi  - Məşədi Cəfərqulu da onların içində olmağınan -  sözünün  qabağına  söz çıxara bilməmişdi. Amma atası uşağın  adını  nə  Muzdur  Əliş  qoymuşdu,  nə  də  Məşədi Cəfərqulu - uşaq da uzun müddət adsız qalmışdı.

Deməli, bu gün iyirmi beş yaşı tamam olur - çox gözəl!

Mehdi Hüseynzadə iyirmi dörd...

Dobrolyubov iyirmi   beş...

Şirəli Müslümov yüz altmış yeddi...

Heç vaxt ad günü keçirməmişdi və elə yaxşı  da  eləmişdi!  Ad  günündə yığışırlar bir yerə, gözəl-gözəl sağlıqlar deyirlər. Sonra düz bir  il - növbəti ad günü gələnədək - həmin gözəl sağlıqları unudurlar, ya  da eynən həmin sağlıqları başqa ad günlərində deyirlər. İndiyədək heç kəs onu ad günü münasibətilə təbrik etməmişdi.  Əslində, heç o da hardansa və ya kimdənsə təbrik gözləməmişdi, gözləmirdi də. Yox, yox, ata-anası onu yaddan çıxarmamışdı. Əsla!  Amma  məsələ  onda idi ki, kənddə ad günü dəb deyildi. Həm də bir yox, iki yox, evdə  düz səkkiz uşaq vardı. Ata-ana necə yadında saxlayaydı ki, kim hansı  ayın
hansı günündə anadan olub. Axı bir də bunun nə dəxli ki,  insan  hansı ayın hansı günündə və harda anadan olub? Ən  vacibi  odur  ki,  anadan olub, vəssalam.

Evdən yapışmışdılar ki, bir qəşəng qız tap - guya itirmişdi  -  evlən. Amma hələ evlənmək haqqında  fikirləşmirdi.  Onun  zənnincə,  evlənmək həyatda bəlkə də (və bəlkə də elə bəlkəsiz) ən çətin bir problem  idi. Bu çətin problemi həll etmək  isə  hələlik  onun  imkan  hüdudlarından kənardaydı. Ona görə də nəinki evlənməyə, heç  evlənmək  haqqında  bir əsaslı fikirləşməyə  də  meyl  göstərmirdi.  Çünki  hələ  tez  idi  və qarşısında öncə daha vacib məsələlər dururdu. Bir  də  ki,  bu  barədə özünün çox qəribə baxışları vardı. Bu çox qəribə  baxışlardan  biri  o idi ki, özü  heç  bir  tanınmış  nəsildən  olmadığı  üçün  -  heç  bir tarixçi, heç bir  tarixi  kitabda  onların  nəsilləri  haqqında  bircə kəlmə də danışmamışdı  -  onun  nəslindən  də  nə  Məhəmməd  peyğəmbər çıxacaq, nə Eynşteyn.

Bu gün ayın biridir,  sabah  ikisi,  o  biri  gün  üçü,  sonra  dördü, sonra... Sonra yenə biri!!!

Nədənsə hər dəfə ayın biri gələndə özünü çox pis hiss edirdi. Bu gün otaqdan çıxanda ev sahibi ona baxacaqdı; o  da  bu  baxışlardan oxuyacaqdı ki, ev kirayəsinin vaxtıdır. Maaş isə  hələ  sabah  olacaq. Maaşın haçan verilməsinin onun üçün əhəmiyyəti olsa  da,  ev  sahibinə heç bir dəxli yox idi.

Gərək həyətdən  elə  ustalıqla  çıxa  ki,  ev  sahibiylə  rastlaşmaya.Düzdür, kirayəni iki gün, lap üç gün gecikdirsə də ev  sahibi  danışan adam deyil. Amma özü utanırdı. Bu səmimi, mehriban adam  hər  dəfə  ev kirayəsini alanda qızarırdı, pulu ondan utana-utana  götürürdü,  hətta deyirdi də:

- Qonşu, yoxundu, qalsın.

Onun ürəyindən keçirdi ki, verməsin, amma:

- Yox,   almasaz,  inciyərəm.

Əslində isə inciyib eləməzdi, əksinə, çox şad  olardı.  Ev  sahibi  də onun xətrini çox istədiyindən razı olmazdı ki, incisin və pulu alardı.

Bəzən fikirləşirdi ki, tutalım bu gün-sabah ev aldı,  bəs  sonra  necə edəcək, kirə pullarını kimə verəcək.  Demək,  özünün  evi  olsa,  kirəpulu da özünə qalır və maaşı həmin pulun miqdarı  qədər  artır.  Onsuz da maaşla yaşamağa  öyrənmişdi,  axırıncı  manatını  maaşdan  bir  gün əvvəl xərcləyərdi. Neçə  dəfə  istəmişdi  bu  vərdişi  dəyişsin,  maaş gününə pul saxlasın, bacarmamışdı. Və bu gün də  o,  sonuncu  manatını redaksiyanın bufetində qoyacaqdı. Axı, bu gün başqa günlərdən fərqlənməliydi,  iyirmi beş  yaşı  tamam olurdu.

Səhər həmişəkitək açılmışdı.  Radio  da  öz  tanış  proqramı  əsasında verilişlərə başlamışdı. Yenə soyuducudakı pendir onu gözləyirdi.

Pəncərənin  pərdəsini  qaldırıb  ehtiyatla  həyətə  boylandı:  Vəlinin arvadı deyinə-deyinə paltar yuyurdu. Arvadının hər  səhər  bir  bəhanə tapıb deyinməsinə öyrənmiş Vəlinin isə elə bil dünya  vecinə  deyildi. Oturmuşdu qapının kandarında "Avrora"sını tüstülədirdi, ev sahibi  isə xoşbəxtlikdən həyətdə görünmürdü.

Otaqdan çıxdı.

Vəli onu görən kimi göz vurdu  və  gülümsədi.  O  da  borclu  qalmadı- Vəliyə göz vurdu ki, işində ol.

Ev sahibi indicə  həyətdə  görünə  bilərdi.  Tələsdi.  Fikri  qalmışdı arxada, ev sahibi hər  dəqiqə  onu  səsləyə  bilərdi.  Bu  da  həyətin
qapısı.

Birdən o bədbəxt hadisə baş verdi.

-  Qonşu,  sabahın xeyir.

Dayandı və fikirləşdi ki, heç  belə  xeyirdən  olmaz.  Geri  çevrildi, gördü ev sahibinin kefi kökdür.

- Sabahınız  xeyir.

- Qonşu, pulunuz düşüb, götürün.

Bu gün aprelin biri olduğunu çox yaxşı bilirdi.  Onu  da  bilirdi  ki,pulu heç cürə düşə bilməz - bir şey ki,  adamın  cibində  olmaya,  onu necə yerə salıb itirmək olar?! Bircə manatı vardı və  o  bircə  manatı elə yerə qoymamışdı ki, itirə biləydi.

İndi qayıdıb desəydi ki, bu gün aprelin biridir - bu söz ev  sahibinin pərt olması üçün kifayət idi. Bu dəqiqə ev sahibini  pərt  etmək  onunəlində su içmək kimi asandı, amma bu pərtliyin altından çıxmaq...

Ürəyindən keçənləri demədi,  ev  sahibinin  könlünü  xoş  eləmək  üçün əyildi, ora-bura baxdı və soruşdu:

-  Hanı?

- Qonşu, bu gün pervi apreldi! - dedi və qəhqəhə çəkdi.

Aprelin biri olduğunu indicə bilirmiş kimi, əlini vurdu  alnına  və  oda başladı gülməyə - ev sahibinin növbəti sözünü gözləmədən  gülə-gülədə həyətdən çıxdı.

Bu gülüş məcbur elədi ki, adətinə xilaf olaraq bir siqaret  yandırsın.Siqareti yandırdı və qeyri-ixtiyari olaraq  tinə  baxdı  -  indicə  bu tindən qoltuğunda xalat qəşəng bir qız çıxmalıydı.

Bu da  həmin   qız.

Düz iki il idi ki, hər səhər evdən çıxanda bax elə buradaca  bu  qızla rastlaşardı,  ani  baxışardılar  və  ötüb  keçərdilər.  Hər  dəfə də istəyərdi qıza salam versin. Qız yaxınlaşdıqca  özünü  cəmləyərdi  də, amma  son  anda  gücü  çatmaz  və  salam  verə  bilməzdi.  Hər   səhər rastlaşdığı bu qız üçün ad da fikirləşmişdi - Leyla. Və  inanırdı  ki, qəşəng  qızın  adı  Leyladır.  Niyə  inanırdı,   bilmirdi.   İnanırdı, vəssalam. Nədənsə ona elə gəlirdi ki, bu qız da özlüyündə ona  bir  ad
tapıb.

Hər  səhər  beləcə  rastlaşardılar,  beləcə  də   salamlaşmamış   ötüb keçərdilər. Sonra çevrilib qızın dalınca baxardı. Elə  bilərdi  indicə qız da çevrilib onun ardınca baxacaq, amma qız çevrilməzdi...


 

TƏQVİM / ARXİV