adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Iyul 2021 14:05
50657
İDMAN
A- A+

İdmanımız son 3 gündə: Güləşçilər, şahmatçılar, cüdoçular...

İdman sahəsində Azərbaycan idmançıları naliyyətlər göstərməkdə davam edirlər.

Adalet.az xəbər verir ki, şahmatçı həmyerlimiz  Şəhriyar Məmmədyarovun  dünya şöhrətli qrosmester Harri Kasparov üzərində qələbəsi xalqımıza bayram əhval ruhiyyəsi yaşatdı.

 İndi isə idmançılarımızın növbəti uğurları haqqında:

 

Güləş

 


iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürüb.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Millimizin üzvü Hacı Kərimov (48 kq) dünya çempionatına Ukrayna güləşçisi üzərində inamlı qələbə ilə başlayıb. Ancaq güləşçimiz dörddəbir finalda Gürcüstan idmançısına uduzub.
Cavid Cavadov (55 kq) səkkizdəbir finalda qazaxıstanlı həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün C.Cavadov təsəlliverici görüşə çıxacaq.
Dünya çempionatında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Ağanəzər Novruzov startda Çexiya təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Millimizin üzvü yerli güləşçiyə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında ABŞ təmsilçisinə uduzan A.Novruzov ümidini bürünc medala bağlayıb.
Səttarxan Allahverdili (80 kq) debütdə rumıniyalı rəqibini "tuşe" ilə üstələyib. Həmyerlimiz daha sonra Türkiyə pəhləvanından güclü olub. Ancaq dörddəbir finalda hindistanlı güləşçiyə uduzub. Rəqib finaladək irəliləyib və S.Allahverdili üçün bürünc medal uğrunda mübarizə aparmaq şansı yaranıb.
Digər güləşçimiz Azay İsmayılov (110 kq) ilk görüşdə Türkiyə idmançısına məğlub olub.
Bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri artıq bu gün keçirilir.


⁠Şahmat


Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurlu çıxışını davam etdirir.
Şahmatçımız 3 turdan sonra maksimum xalla turnir cədvəlində liderdir.
İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir. Yarış iyulun 23-dək davam edəcək.

⁠Cüdo


Praqada gənc cüdoçular arasında keçirilən Avropa kuboku uğrunda turnirdə Azərbaycan komandası 4 medal qazanıb.
Turnirin ikinci günündə daha bir cüdoçumuz medal əldə edib. Belə ki, qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) yalnız finalda məğlub olaraq ikinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq) oğlanların yarışında gümüş medal qazanıblar. Qızlar arasında keçirilən turnirdə isə Nərmin Əmirli (+78 kq) bürünc medala layiq görülüb.
Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparıb. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunub.

 Əntiqə Rəşid