adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Iyul 2021 16:37
74536
MƏMLƏKƏT
A- A+

Aslanın erkəyi-dişi olmaz - Bu gün Milli Qəhrəmanın anım günüdür

Müstəqil Azərbaycanın hərb tarixini yazan igid oğullarımızla bərabər, canını, sağlamlığını həyat və arzularını bu yola fəda edən igid qızlarımız da var.  Onlardan biri də  Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovadır

Adalet.az  xəbər verir ki, bu gün bu igid xanımın şəhadətə ucaldı günüdür. Qarabağ müharibəsində qəhramancasına şəhid olan Gültəkin Məlik qızı  Əsgərova “ aslanın erkəyi dişisi olmaz” misalını təsdiqlədən bir həyat yolu ilə gənclərimizə örnək oldu. Çünkü Gültəkin bir aslan kimi döyüş meydanında şücaət göstərərək, şəhid olub.

 

Gültəkin Əsgərovanın həyat yolu

 

O,  20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açıb.  200 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub və 1985 –ci ildə oranı bitirib . Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlayır.  1991-ci ildən isə  Uroloji kliniki xəstəxanada fəaliyyətini davam etdirir.
Qarabağ muharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardim etməyə tələsir.


Gültəkin Əsgərova ilk əvvəl Turşsuda daha sonra isə Şuşada gedən döyüşlərdə iştirak edir, yaralanan əsgərləri təhlükəsiz yerə gətirərək, onlara ilkin yardım göstərir. Şuşa alındıqdan sonra Gültəkin Laçının daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. O yaralı əsgərlərin ümid yeri olmaqla yanaşı həm də cəsur bir döyüşçüydü.

1992-ci il iyunun 20-də Şuşa, Turşsu, Laçın, Əsgəran, Naxçıvanik istiqamətlərində gedən hərbi əməliyyatlarda onlarla yaralı əsgəri od-alov içindən qurtarıb, onlara ilk yardım göstərən Gültəkin Əsgərova, Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhramanlıq göstərərək şəhid oldu. Millətimiz, vәtәn uğrunda şəhid olan iqid qızına layiq olduğu ən yüksək adı verib. Belə ki, 1993-cu ilin noyabrında Azərbaycan prezidenti Heydər Əliyevin fərmanı ilə cəbhədə yaralı əsgərlərin həyatının xilas etməsində göstərdiyi igidliyə görə şəhid Gültəkin Əsgərova “Milli Qəhraman” adına layiq görülüb.

Gültəkin Əsgərova körpəsini - qızı Əminə Axundovanı  anasına əmanət edərək, döyüş meydanına getdiyi zaman bu işin sonunu düşünmədi. Qəhramanlıq da məhz bu keyfiyyət deyilmi? Gültəkin Əsgərovanın şəhidlər xiyabanındakı məzarı bir qəhramanlıq salnaməsi olaraq gələcək nəsillərə nümunədir.

 ⁠
 Gültəkin xanım Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edildi.  Oxuduğu 200 saylı orta məktəbə onun adı verildi və məktəbdə  büstü qoyuldu.

 Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır,  hətta həmin gəmidə qəhrəmanımızın muzeyi  də yaradılıb.  Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü qoyulub.  Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya  da xatirə lövhəsi vurulub.
 Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi  vurulub.

Allah vətəni və milləti uğrunda canını qurban  edən bütün şəhidlərimizə rəhmət eləsin.

 Əntiqə Rəşid