adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 May 2021 14:48
378507
MÜSAHİBƏ
A- A+

Alim Qasımov: “Mənim ailəmdə də Bədii Şura var”

Burda nə rüşvət keçir, nə də mənim Alim Qasımov olmağım...

 

Şuşada təşkil olunan “Xarıbülbül” Musiqi Festivalı 50 milyonluq Azərbaycan xalqını sevinc göz yaşına boğdu. İlahi, biz bu günü necə həsrətlə gözləmişdik. Xarıbülbülün, bənövşənin boy göstərdiyi güllü-çiçəkli xalıya dönmüş Cıdır düzü biri-birindən gözəl ifaların əks səda verdiyi cənnətə dönmüşdü. Bu gözəl ifaların arasında ən diqqət çəkəni xalq artisti Alim Qasımovun qızı Fərqanə xanımla ifa etdiyi “Qarabağ” şikəstəsi oldu. Həqiqətən, Qarabağın dilbər guşəsi Şuşada qarabağlıların arasında şamaxlı balasının “Qarabağ” şikəstəsini oxuması Aqil Abbas demiş, igidlikdi, qəhrəmanlıqdır...

 

- “Xarı bülbül” Musiqi festivalı xalqımızın sevinc göz yaşlarına boğan bir tədbir oldu. Mən deyərdim, festivalın möhürünü vuran ifa məhz sizin oxuduğunuz “Qarabağ şikəştəsi” oldu. Çox şövqlə oxudunuz...

- Mən “Qarabağ şikəstəsi”ni oxuyanda birdən-birə həmin Cıdır düzünə kəndirlə qalxıb düşməni yalın əllə məğlub edən igidlərimizin şücaətini xatırladım. Şuşada konsertdə çıxış etmək, özü də “Qarabağ şikəstəsi” oxumaq- bu xoşbəxtliyin ən yüksək nöqtəsidir. Bu günləri 30 ildir həsrətlə gözləmişik. Tək mən yox, ordakıların hamısı, başda cənab Prezident İlham Əliyev olmaqla, bizi qoruyan əsgərlərədək hamı eyni sevinc hissini yaşayırdılar. İnşallah belə gözəl tədbirlər çox olacaq,x aricilər də gəlib gözəl Şuşamızı görəcəklər. Bilirsiniz ki, mən azad olunandan sonra bu mənim Şuşaya ikinci səfərim idi. Birinci dəfə gedəndə Şuşa məscidində “Azan” da verdim. Sizə deyim ki, mən dünyanın bir çox tarixi məkanlarında “Azan” oxumuşam, amma bu dəfəki özümün də həqiqətən çox xoşuma gəldi. O minarədən  sanki göyə qalxıb Allahla söhbət elədim.

 

- Azərbaycanın mədəniyyətinə və musiqisinə dünyada şöhrət gətirən Alim Qasımovun “Qarabağ mahnısı “44 günlük” müharibə dövründə sanki əsgərlərimnizə bir ruh verdi. Həmçinin onu da demək yerinə düşər, təssüflər olsun ki, müharibə vaxtı bu mahnıdan başqa elə bir sənət əsəri meydana çıxmadı. İstər döyüşən əsgərlərimizin, istərsə də xalqın dillər əzbərinə çevrildi bu mahnı. Mahnı necə yarandı?

- Mən də bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Şükürlər olsun ki, qəhəməan əsgərlərimizin və şücaətli sərkərdəmiz cənab Ali Baş Komandan İlham Əliyevin sayəsində 30 ildən sonra o gözəl Qarabağımız azad olundu. İstər Azərbaycan yaşayan, istərsə də dünyanın başqa yerlərində yaşayan azərbaycanlılar üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Necə illərdi, “inşallah gələn bayramı Şuşada qeyd edərik...” deməkdən dilimizə tük bitdi. İnanın, gələcək nəsillər bu xoşbəxt günlərin şahidi olduğumuz üçün bizə paxıllıq edəcəklər. Dəfələrlə olub ki, yuxuda Qarabağın gözəl səfalı yerlərində konsert verdiyimi görmüşəm, ayılıb biləndə ki yuxu idi, mənim o vəziyyətimi təsəvvür edin

«Qarabağ” mahnısına gədikdə isə, bilirsizmi, müharibə anidən başladı. Heç kimi qınamaq olmaz. Amma pandemiya ilə əlqaədar boş bekar oturmuşduq evdə. Qələbə xəbərlərini ala-ala gözümüzü ekrandan çəkmirdik. Həqiqətən elə bir məqam yaranmışdı ki, qələbə xəbərləri gecikən kimi pis olurdum. Mən döyüşdə şəhid olan oğullarımızın ruhu qarşısında baş əyirəm. Ailələrinə də səbr diləyirəm.  “Qarabağ ” mahnısı tək mənim yox millətimizin içində 30 ildən bəri yığılıb qalan bir hayqırtı idi, zülmə qarşı bir nərəsi idi.

- Mən demək olar ki, 35 ildən yuxarıdır ki, sizin musiqiyə qulaq asıram. O mənada ki, bütün muğam həvəskarları kimi atam da sizin sənətin xiridarı olduğuna görə, gözümü açandan evdə sizin ifalar səslənib. Həm də qohum olduğunuza görə xüsusi bir rəğbətlə, bir fərəhlə sizin ifalara qulaq asırdıq. Sonradan bu musiqilərin sədası altında böyüdükcə məndə də xanəndəliyə həvəs yarandığı üçün başqa bir maraqla, yəni öyrənmək üçün sizə çox qulaq asmışam. Ona görə də, sizin yaradıcılığademək olar ki, bələdəm. Sizin hətta bir beytlik ifanız vardı “ mənimlə bu fələyin bilməm iddiası nədir” o belə dillər əzbəri olub, Yutubda milyon dəfə dinlənilib. Amma “Qarabağa gedirik” mahnısı sanki bir “Cəngi” idi. Ən qorxaq adam ona qulaq asarsa silahı götürüb döyüşə gedər...

- Başqa necə olmalıydı ki? Təsəvvür edin, otuz ildir torpaqların düşmən tapdağı altında, birdən-birə cavanlar kimliyindən asılı olamayaraq, bunun atası milyonerdi, bunun atası yüksək vəzifədədir demədən sevinə-sevinə nərə çəkib düşmən üstünə atılır. Tək cavanlar yox e. Hamı bu müharibədə cənab Przidentin, bizim sərkərdəmizin, Allah onun canını sağ eləsin, uzun ömür bəxş eləsin, ətrafında yumruq kimi birləşdi. O da sağ olsun, həmin “Dəmir yumruğu” vurdu Paşinyanın təpəsinə. Mənim o günlərdə yaşadığım fərəh hissini sizə sözlə təsvir edə bilmərəm e, içimdəki o sevinci “Qarabağ”a tökmüşəm. Mən heç düşünmürdüm ki, bu mahnını xalq belə sevəcək. İçimdən gəldi oxudum.

- Çox sevindiricidir ki, 40-45 il əvvəl necə təravətlə, necə şövqlə, necə həvəslə oxuyurdusa Alim Qasımov bu gün də elə oxuyur. Yəni Alim Qasımova “Muğamatın Alimi” adı təsadüfən verilmədiyini hər ifanızda hiss etdirisiz...

- Vallah, mən də o biri xanəndələr kimi sadəcə öz öhdəmə düşən işi görürəm. Bu mənim peşəmdi. Mən peşədən balalarımın ruzisini qazanıram. Axı, candərdi necə oxuya bilərəm? Necə ki, rəssam gözəl bir əsər yaradır, heykəltəraş heykəl düzəldir, yaxud elə adi bir dülgər taxtadan qəşəgn bir əl işi düzəldir, mən də elə. İnaniram ki, bu işi görəndə pul barədə düşünmürlər, onları da ilk olaraq işin keyfiyyəti maraqlandırır. Allahın gözəl bir qismətidir ki, oxumağımı xalq sevir.

- “Qarabağa gedirik” mahnısına qulaq asan adama elə gələr ki, bu mahnini hansısa bəstəkar yazıb, əla aranjman olunub. Amma bilirəm ki, hər şeyi sizlikdir...

- Bəli, aranjmanı da mənimdi. Sadəcə yaxşı səs rejissoru olan dostum var ki, bu mahnını yüksək səviyyədə təqdim etməkdə yardım etdilər. Həmşinin, musiqiçi yoldaşlar da mahnının musiqisini gözəl icra ediblər. Bununla yanaşı, mənim ailəmdə də Bədii Şura var. Bu əsərin ilk dinləyiciləri onlar olub. Onu da deyim ki, bu Bədii Şura da mənim yaradıcılığıma çox ciddi yanaşır. Hər xırda detalları da müzakirə edirik. İnan ki, burda nə rüşvət keçir, nə də mənim Alim Qasımov olmağım...

- Bədii Şuranın sədri Fərqanə xanımdı, yoxsa Tamilla xanım?..

- Dərd burasıdır ki, elə ikisi də sədrdir... Tamilla xanımdan tutmuş nəvələrimə qədər gərək hamının təsdiqini alım.

- Müharuibə vaxtı Yo Yo Maya üvnanladığınız məktubu oxudum. Çox diplomatik dildə hazırlanmışdı. Orda qarşılıqlı hörmətlə yanaşı bir etiraz da vardı...

- Ermənilərin xaricdə diasporası gczlü işləyir. Dünyannın ən məşhur musiqiçilərini hər hansı vasitə ilə olur- olsun ələ ala bilirlər. Yo Yo Ma ilə şəxsən tanış olduğuma görə, ona başa saldım ki, ermənilərin hiyləsinə uyma! Bundan başqa UNESCO-ya da məktub yolladım ki, bu müharibəni biz başlamamışıq, onlar bizim torpağımızı işğal ediblər, bütün maddi-mənəvi və mədəni abidələrimizi dağıdıblar. Bundan başqa tanışlarımın olduğu məşhur telekanallara da müraciətlər yolladım.  O müracitlərdə bildirdim ki, biz heç də sizin təqdim etdiyiniz kimi baş kəsən deyilik, öz haqqımızı tələb edirik, öz torpaqlarımızı düşməndən təmizləyirik. O düşməndən ki, 30 ildən çoxdur bəşəriyyət tarixinin bir parçası olan Azərbaycan mədəniyyətinə böyük ziyan vurub. Mən o məktblarımda göstərmişəm ki, Azərbaycan tolerant ölkədir, bütün xalqlar ayrıseçkilik qoyulmadan bir bayraq aldında xoşbəxt yaşayır. Yo Yo Ma əslində əleyhimizə bir söz deməmişdi. Sadəcə müharibənin dayandırılmasını demişdi. O, Azərbaycana nabələd adam da deyil. Dəfələrlə Azərbaycanda olub, hətta hörmətli Prezidentimiz cənab İlham Əliyev onu şəxsən qəbul edib.

- Pandemiya ilə necə yola gedirsiz?

- Gedib oturmuşam Şamaxıda, heç yerə çıxmıram. Qaydalara əməl edirəm. Dünyada hər hansı fəlakət baş versə ilk zərbə musiqiçiyə dəyir. Neçə vaxtdı nə konser, nə məclis var. Adam bekarcılıqdan sıxılır. O gün olsun, bu epidemiyanın kökü kəsilsin, camaatın güzəranı yaxşılaşsın, bizə də yaxşı bir şabaş atsın... Bütün dünya bu təhlükə ilə qarşı-qarşıyadır, mən də palaza bürün elnən sürün deyimi ilə hərəkət edirəm. Bilirsinizmi, bu pandemiyada mənə ləzzət edən nə oldu? Necə ki, düşmənə qarşı birləşdik, elə də koronavirusun yaratdığı narahatçılığa qarşı da başda dövlət olmaqla xalq birləşdi. Mən də evdə boş oturmuram, yeni repertuar üstündə işləyirəm. Şükür Allaha, torpaqlarımız alındı  Azərbaycanda konsert vermək üçün yerlərimizin də sayı artdı. Pandemiya aradan qalxsın, işğaldan azad olan torpaqlarımızda camaat yerində rahatlansın, konsertlərə başlayacağıq.

Söhbətləşdi: İltifat HACIXANOĞLU