adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2021 14:53
102189
MƏMLƏKƏT
A- A+

Çimnaz Əliyeva ilə ötənlərə baxış: Ağdam Çörək Muzeyi -  Çörəkli Ağdam

 

Sovet dönəmiydi. O vaxt  səkkizinci sinifdə oxuyurdum. Bir gün kolxozumuzun 2-3 avtobusunun məktəb darvazasında dayandığını pəncərədən seyr etdik. Hamı maraqdaydı ki, qışın bu soyuğunda təsərrüfatda iş də yox, görəsən, bu avtobuslar niyə gəlib?Düzü öyrənmişdik, ilk dərs günündən qar yağana qədər tarlalarda alaq təmizləməyə, pambıq yığmağa... Amma qışın bu “oğlan çağında” kolxoz avtobusu niyə gəlmişdi deyə “tənəffüs”ümüzü “baş sındırmaq”la keçirdik. Sinif rəhbərimiz Roza müəllimə sinifə girib: Ağdama gedirik, çörək muzeyinə”- deyəndə ürəyimiz yerinə düşdü. Bir-birimizi itəliyə -itəliyə sürətlə avtobusda yer tutmağa tələsdik.


Ağdamın çörək muzeyi

 


Agdamı dünyada tanıdan Çörək Muzeyi! Dünyada ikinci, MDB-də isə birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılır və 1983-cü il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul edib. Məlumatlara görə, Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Yerli mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilir. Dəyirman 1987-ci ildə tam işlək vəziyyətə gətirilir.


Yeri gəlmişkən, muzeyin ilk direktoru telejurnalist Allahverdi Əsədov olub. 1984-cü il sentyabrın 1-də muzeyin direktoru Az TV -də şöbə redaktoru işləmiş Niyazi Quliyev oldu. Niyazi Quliyev muzeyə az müddət ərzində rəhbərlik etdi və səhhəti ilə əlaqədar o vəzifəsini tərk ertməli oldu. Ondan sonra "Bilik" Cəmiyyətinin rayon şöbəsinin müdiri işlmiş Ofelya Zeynalova muzeyə rəhbər təyin edildi. Ofelya Zeynalovadan sonra isə muzeyə Hafiz Əliyev təsdiq olundu. Yeddi nəfərlik ştat cədvəlində iki elmi işçi, üç bələdçi, bir dəyirmançı vəzifəsi var idi.
Muzeydə aparılan tərtibat işlərini mədəniyyət nazirliyin bədii tərtibat idarəsinin əməkdaşı Eduard Krupkinin rəhbərlik etdiyi qrup həyata keçirir. Nümayəndə heyətinə isə muzeylər idarəsinin rəisi Səriyyə İsmayılova rəhbərlik edir.


Qısa müsahibə

 


Həmin illərdə Ağdam Mədəniyyət şöbəsinin müdiri olmuş Çimnaz Əliyeva ilə söhbətimizdə o bildirdi ki, muzey Ağdamın ən qaynar küçələrindən biri olan “20 yanvar” küçəsindəydi:”Elə bir gün olmurdu ki, muzey ziyarət olunmasın. Ən az 30-40, çoxu 100-150 arası. Təhsil ocaqları, dövlət idarə və müəssisələrinin zəhmətkeşləri.. Ağdam erməni işğalçıları tərəfindən bombalanana qədər  muzeyin ziyarətçi sarıdan kəsiri olmayıb.


- Çimnaz xanım, o vaxt Ağdamda başqa muzeylər və tarixi abidələr də vardı. Niyə məhz Çörək Muzeyi hamının maraq dairəsindəydi? Görməyənlər görməyə can atırdı. Görənlər də bir daha görmək istəyirdilər?


-Əvvəlcə qeyd edim ki, yer kürəsində ilk çörək muzeyi Almaniyanın Ulm şəhərində açılıb. SSRİ-də də hər növ muzey vardı: tarixi, incəsənət. diyarşünaslıq. Amma belə bir muzey ilk dəfə Ağdamda yaradıldı. Muzeyə çox qısa müddət ərzində 1500-dən çox eksponat toplandı. Ən əsas qiymətli eksponatlardan biri Ağdamın Çalağantəpə ərazisindən tapılan, eramızdan 7 min əvvələ aid olan yanmış buğda dənələri idi. Respublikaların, zonaların ayrı-ayrı lavaşları, çörək nümunələri, taxıl növləri, qədimdən qalma əkinçilik alətləri nümayiş olunurdu. 3 ekspozisiya zalımız var idi.


-Çimnaz xanım , mən də məktəbli olanda, muzeyi ziyatət etmişdim. Orda bizə qapqara, kərpic formasında bir çörək göstərdilər, dedilər ki, Böyük Vətən Müharibəsindən qalıb. Nə çörəyi idi o?


- Leninqrad blokadası dövründə bir qadın övladının sutkalıq çörək payını saxlamışdı. Gəlib 3 yaşlı övladının çörək payını almağa, uşaq ölüb. O çörəyi yeyə bilməyiblər, 40 ilə yaxın saxlayıblar. Rusiya kanalında bizim muzey haqqında süjet gedəndən sonra bu qadın bizə məktub yazdı. Biz onu Ağdama dəvət etdik. Qadın çörəyi muzeyimizə təqdim etdi. Yadımdan çıxmamış qeyd edim, Moskvanın "Zvezdnıy Qorodok" şəhərciyindən göndərilən və kosmosu dolanıb gələn çörək nümunələri də elə o müharibədən qalmış çörək qədər dəyərli və maraqlı eksponatımız idi.


- Yəqin ki, Almaniyada çörək muzeyindən söhbət düşəndə orda da deyirlər ki, dünyada 2 belə muzey var, biri Ulmda, biri də Ağdamda. Heyf ki, düşmənlərimiz çox vandal və acgöz bir xalqın nümayəndələridir. Elə bir şəhərin, elə bir muzeyin daşını daş üstə qoymayıb. Sizcə, Ağdam yenidən qurularkən Çörək Muzeyinin də tikintisini təşkil etmək olarmı? 


- Ora gözümüzün qarşısında yandı... 12 avqust 1992-ci ildə Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfdən güclü raket və top atəşinə tutulmuş, nəticədə raketlərdən biri Çörək Muzeyinə düşmüşdü. Məhz bu mərmi muzeyin varlığına birdəfəlik son qoydu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmadı. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu…
Allah ordumuza da, prezidentimizə də can sağlığı versin! Artıq onların sayəsində Ağdam da bizdədir, digər yurdlarımızda. İnanıram ki, uzaqgörən və diqqətli ölkə başçısı bu məsələni də düşünüb. O muzey nəiniki tək Ağdamın, həm də respublikamızın adını dünyaya tanıtdı.Yenidən belə olacağına əminəm. O muzeyin hər daşında, hər çınqılında, eksponatında əziyyətim var. Bərpa olunmasını çox arzu edirəm. Elə həmin binada bərpa edəcəyik. Yenisi mütləq olacaq!

 

                         Hər zaman çörəyi bol, çörəkli Ağdam...

 


 Muzeyin dördüncü direktoru Hafiz Əliyevbir açıqlamasında deyir: “1987-ci il ildə ölkədə başlayan “perestroyka”nın ilk acıları hiss edilməkdə idi. İlin sonunda çörək qıtlığı hiss edilirdi. Məhz bu çətinlyin aradan qaldırılmasına öz töhvəsini vermək məqsədi ilə Mədəniyyət şöbəsinin müdiri Çimnaz Əliyevaya Un dəyirmanının istismara vermək üçün icazə istədikdə heç bir problemin olmadığı bildirdi. “RTS”-ə yaxın olan “Dəzgahqayırma zavodu”nda çalışan dostlara müraciət etməli oldum. Dostlar təmənnasız olaraq mühərrikin işə salınması üçün lazım olan bütün avadanlığı dəzgahlarda yonub hazır vəziyytə gətirdilər. İki ay ərzində dəyirmanın işlək vəziyyətə gətirildi. Dəyirman daşını isə Astan kişi dişədi. Düzdür, muzeyin əməkdaşı olan Astan kişi ilə Cinli və bir neçə Agdama bitişik kəndlərdəki dəyirmanlarda olan daşlara baxsaqda, onların vəziyyəti qənaətbəxş olmadığından elə öz daşından istfadə edəsi olduq. İlyarimadək müddətdə dəyirman həm rayon sakinlərinin, həm də qonşu rayonların sakinlərinə xidmət göstərdi. Özüdə təmənnasız olaraq.”


Əsas olan odur ki, artıq Ağdam torpağından düşmənlər qovulub və o gözəl yurd bizdədir, necə deyərlər, nəyi, necə tikmək də öz əlimizdədir! Allah xeyirli- uğurlu eləsin!

 

 Əntiqə Rəşid