adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 May 2021 15:55
176234
ƏDƏBİYYAT
A- A+

Özünü dərk etmiş insan

Birinci sinifə iki qonşu uşaq  gətirirlər. İkisi də eyni yerdə - eyni partada yanaşı oturur. Bir-birinə məhrəm, mehriban  iki qonşu uşaq. Bir oğlan, bir qız. Oğlan uşağı sapsarı, ağıllı gözləri olan , yaşına uyğun gəlməyən ciddiyyətli, az danışan, mısmırıqlı,  utandığından başın qaldırıb heç kəsə baxmayan, amma istedadı üz-gözündın bəlli olan, qız dilli-dilavər, qaraqaş-qaragöz, qara qıvrım telli. Sinif bölünür, müəlimə onların yerini dəyişir. Qızı qonşu sinfə aparırlar, oğlan bu sinifdə qalır, yanına arxa sıralardan balacaboy bir qızı gətirib oturdurlar. Oğlan müəllimin bu hərəkətinə qarşı çıxır,  heç cür bu qızla oturmaq istəmir. Bunu haqsızİlq sayır. Haqsızlığa ilk qarşılaşması və ona ilk etirazı buradan başlanır. Fikri qonşu qızın yanında qalır. Yeni gəlib yanında oturdulan qızla arasında bir kamaz maşını keçəcək qədər məsafə saxlayır, o tərəfə gözünün ucu ilə də baxmır, burnunu sallayıb partanın lap küncünə qısılıb tikan üstündə oturubmuş  kimi oturur. Oturur demək olarsa... O qədər partanın ucuna çəkilir ki, sanki bu dəqiqə yıxılacaq. Burada "oturub" yerinə ulu babalarımızın işlətdiyi "qonub" kəlməsni işlətsək, tam yerinə düşər. Sanki partanın lap ucuna qonub, zəngin tez vurulmasını, bu işgəncədən tez qurtarmasını  nəfəsçəkmədən gözləyir. Onun aləmində indi qara qıvrım telli qız da bu haldadır,  yəqin,  o da ağlayır, çox narahatdır, - deyə düşündükcə bir az da  da küncə qısılır, büzüşürdü. Yanında sanki yaxın durarsa, partlayacaq bomba oturdublar, ona tərəf gözünün ucu ilə də olsa,  baxmır. Onun aləmində bu, xəyanətdir. Əgər o yanındakı qıza dönüb baxarsa, onunla qonşu qız kimi mehribancasına danışıb-gülərsə və ya yaxınında oturarsa, o zaman o xəyanət etmiş olar ...Bu düşüncələrlə qaş-qabaqla , cansıxıcı 45 dəqiqəni güc-bəla başa vurub, xilasedici tənıffüs zənginə ağır düşüncələrdən ayıldı.  Xəyalında qonşu qızı da beləcə təsvir etdiyindən tələm-tələsik sinifdən çıxıb o biri sinif otağına boylanarkən gördüyü mənzərə onun dünyasını bir andaca tar-mar edib başına uçurdu... Bu nə idi? Yuxu, ya aşkar idimi? Qonşu qız yeni sinifdə parta yoldaşı ilə gülə-gülə oturub söhbət edir, ayaqlarını yellədirdi, bu olanlar, dünya onun heç vecinə də deyildi. Ağlamaq, sıxılmaq nədir, o qapqara gözləri üzündəki gülüşdən qıyılaraq tamamilə görünməz olmuşdu...

Küsdü. O qızdan da, belə xəyanətkar dünyadan da. Qonşu qızı bir daha dindirmədi, düz 10 il...

Uşaqlar çox saf olur, təmiz olur, sadiq olur, sevgiləri, məhəbbətləri də özləri kimi pak olur. Uşaq dünyasında ədalətsizlik, xəyanət, yalan bağışlanmır. Onlar ilk yalandan sarsıla, ömür boyu onu unutmaya bilərlər. Uşaq ürəyində kin-küdurət olmur. Küsdükləri adamın əzab çəkdiyini görən kimi yenidən səmimiyyətlə onunla barışa bilərlər. Yetər ki, hər şey həqiqi olsun, təbii olsun, münasibərlərdə sünilik olmasən. Bir dəfə 2 yaşlı qızımın, (üzr istəyirəm),  xətrinə dəymişdim, içdən hönkür-hönkür ağlayır, səsi qırıla-qırıla, hıçqıra-hıçqıra dayanmadan: "səndən küsdüm, bir də heç vaxt, heç vaxt barışmayacam", - deyidi.

Düzü, ilk dəfə idi ki, israrla belə dediyini görürdüm. Odur ki, çox qorxdum, yəqin, o da bu qorxunu gözlərimin dərinliyində gördü.

- Heç vaxt? - deyə qorxa-qorxa, titrək səslə soruşdum:

- Heç vaxt, heç vaxt, - deyə-deyə gözlərimin içinə baxdı və birdən səsinindəki qətiyyət qırılaraq çilik-çilik oldu, səsin tonu dəyişdi və mülayimcısinə:

- İstəyirsən, gəl, səninlə barışaq, - dedi.

"Heç vaxt" dediyi halda bir andaca mənim gözlərimə baxarkan orada - lap dərinliklərdəki o qorxuñu gördü,  bir andaca hər şeyi unutdu və boynuma sarıldı...

Uşaq dünyası belədir. Gözəl, saf, ədalətli, rəngbərəng bir dünya. Amerikalı yazıçı Stüart Xemplinin «Allaha məktublar»  kitabında deyilir: "Uşağın qəlbi təmiz və pak olduğundan ordan gələn suallar da Tanrıya daha yaxındır."

Bu pak və təmiz qəlb sahibu olan uşaqlar ağılları ilə olmasa da, fəhmləri ilə, hissiyyatları ilə, qəlbləri ilə gerçəyi daha yaxşı duyur, daha tez görür və anlayırlar. Onlar böyüklərə nisbətən, daha düzgün qərar verməyi və çox şeyi bacarırlar: bağışlamağı da, paylaşmağı da, bölüşməyi də, adi bir şeydən, məsələn, bir şaŕın uçuşundan, sabun qabarcıqlarını seyr etməkdən, göy qurşağına baxmaqdan, bir sərçəyə dən verməkdən, bir balaca pişiyə toxunmaqdan, bir cücəni əllərinə ala bilməkdən, yumşaq tüklərindən öpməkdən sonsuz sevinməyi bacarırlar. Bir kəpənəyin qanadının qırılmasından, bir kəlmə acı sözdən, küçədə bir küçüyün üşüməsindən, anasından ayrı düşmüş bur quzunun mələrtisindən sonsuz kədərlənə bilərlər. Onlara verilən bir konfeti belə iki yerə bölüb yeməyi, mənfəət düşünmədən darda olana kömək etməyi bacararlar.  Uşaqlar çox şeyi bağışlaya bilirlər, unuda bilirlər.  Bağışlamadıqları şey yalan, bir də xəyanətdir. Xəyanət, dostluq haqında da onların öz kriteriyaları var.

Beyinlərində, ürəklərində tək onar bağışlanmaz, sağalmaz yara açaraq bütün ömürlərinə təsir edə bilər.  Amma yeri gələrsə, sevdiklərini böyüklərdən daha yaxşı, güclərindən daha artıq bir cəsarətlə qorumağı bacararlar.

Gərək ki, Əfqanıstan müharibəsi ilə bağlı idi, bir şəkil vardı,  bir zamanlar çox məşhur idi. Müharibə zamanı ata-anası vurulan balaca bir uşaq əlində daş tək-tənha tankların qarşısına çıxmışdı. O şəkli heç unuda bilmirəm. O uşağın gözlərindəki ifadə nə idi, İlahi?! Əlində daş, gözlərində sonsuz qəzəb, nifrət olan tankın qarşısında dayanan balaca, balacalığından qat-qat əzəmətli dev boyda bir uşaq... dünya boyda bir cəsarət.  Uşaqlar sevdiklərini qorumaq üçün əllərində daş tankın qarşısına çıxmaq böyüklüyündə bir cəsarətə, qorxmazlığa  malikdirlər, demək...

Yadıma düşmüşkən, bir hadisəni də danışım. 3 yaşlı oğlum (üzr istəyirəm) həyətə oynamağa düşəndə hər dəfə özündən böyük ekiz bacı-qardaş var idi, onlar onu ağladardılar: ya əlindəkini əlindən alar, ya oynamağa qoymaz, qovar , ya da onu daşlayardılar. Heç vaxt onlarla dalaşmağa cürət etməzdi. Çünki onlar həm ondan böyük , ondan güclü, sağlam idilır, həm də 5 bacı-qardaş həmişə bir yerdə oynayır, bir-birlərinə qəhmər çıxır, başqa uşaqların gözün qorxuzurdular. İtləri də  var idi. Nə qədər deyirdimsə ki, sən özün alınan oyuncaqlarını onlardan al, qorxma, cəkinmə, xeyri olmurdu. Onların böyük bacı-qardaşları var və həmişə yanlarında olur, günah onlarda olsa da, mənə qışqırırlar,- deyirdi.

Bir dəfə həmin uşaqlar yenə əl-ələ tutmuş oğlumla qızıma sataşdılar. Onlardan biri oğlumdan böyük qızımın əlindən kuklasını dartıb aldı. Mən də pəncərədən baxırdım. Qızımın kənara çəkilib ağladığını görən, həmişə bu 5 bacı-qardaşdan qorxduğunu boynuna almasa da, onlardan çəkindiyini gördüyüm, ağlayıb üstümə gələn oğlum necə bir cəsarətlə hücum çəkib kuklanı özündən böyük uşağın əlindən dartıb aldısa, bunu gözləməyən uşaq və bacı-qardaşları donub qaldılar. Kuklanı alıb bacısına verdikdən sonra da əl çəkmədi, uşağın  əllərindən tutub dişləməyə başladı:

- Sən mənim bacımın kuklasın alırsan?

Uşağın qışqırtısı aləmə düşdü, 5 bacı-qardaş tökülüşüb balaca oğlumun əlindən uşağı ala bilmirdilər. Yüyürüb güclə özümü yetirib uşağı araladım, evə gətirə bilmirdim.

- Mənim bacımın kuklasın alır, buna bir bax!

Heç cür sakitləşdirə bilmirdim, halbuki özünün bütün oyuncaqları o uşaqlarda idi...

Uşaqlar belədirlər. Cəsarətləri, sevgiləri özlərindən, boylarından, yaşlarından böyük olur.

 

Nədən sonradan bu saf uşaqlar dəyişir, görəsən? Nədən bu saf uşaqların dünyasına sonradan hansı təsirlərdənsə yalan, qorxaqlıq, ədalətsizlik, riyakarlıq daxil olur?...

Uşaqları bizə sevdirən həm də  onların ürəkləri ilə dillərinin bir olmasıdır. Nə düşünürlərsə, ürəklərindən nə keçirsə, onu da dillərinə gətirirlər. Onlar dildən böyüklərdən fərqli olaraq fikirlərini gizlətmək üçün deyil, onu ifadə etmək üçün istifadə edirlər.

Mənə çox maraqlıdır,  görəsən, bu qədər istedadlı, bacarıqlı və ağıllı uşaqlar böyüyəndə hara yoxa çıxır?....

İLLƏRİN  DƏYİŞDİRƏ BİLMƏDİYİ ADAM.

Amma həyatda elə insanlar da olur ki, onlar eləcə uşaq kimi saf, təmiz, dürüst, bir daşla tankın qarşısına çıxa biləcək cəsarətli qala bilirlər. Onlar böyüdükdən sonra da dünyaları başqalarınınkı kimi yalnız iki rəngdən: ağ-qara rəngdən ibarət olmur, eləcə tərtəmiz və rəngbərəng qalır. Onların ürəkləri ilə dilləri də uşaqlarda olduğu kimi bir olur. Danışdıqca özlərini ifadə edirlər, kim olduqları bəlli olur.

Sokratın : "Danış, görüm kimsən",- ifadəsi çox bəyəndiyim ifadədir. Doğrudan da: "Hər bir insan öz dilinin altında gizlənib, danışdıqca kim olduğu bəlli olur". Taleyranın dediyi kimi, dil heç də fikri gizlətmək üçün deyil, o  həm də insanları tanımaq, iç dünyasını, düşüncələrini görmək üçündür və məncə, dilin bir nömrəli vəzifəsi elə ünsiyyət vasitəsi olmasıdır.

Ünsiyyət vasitəsilə biz insanları, onların iç dünyasını tanıyır, özlərinə bələd oluruq. Bir insanla yaxından ünsiyyətdə  olmaq  o insan haqqındakı mənfi və ya müsbət düşüncələrini tamamilə alt-üst edə və ya dəyişdirə bilər. Bəzən qarşımızdakı gözəlliyinə heyran qaldığımız birisi ağzını açıb bir kəlmə söyləməklə xəyalımızdakı özü haqqında yaratdığımız o möhtəşəm qalanı bir andaca yerlə-yeksan edə, uçura  və ya heç bəyənmədiyimiz biri ilə yaxın ünsiyyətdə olduqca onun necə gözəl bir ürəyə sahib insan olduğunu anlaya, dərk edə  bilərik. İnsanı sevmək üçün ünsiyyət əsasdır. Elə insanlar var ki,  şəxsi tanışlığın olmasa, həyatda görməsən də,  onunla məsafədən ünsiyyətdə olmaq belə onun bir insan kimi müsbət keyfiyyətlərindən xəbər verir. Hər sözündən  hər kəlməsindən, hər yazısından oxuduqca aydın olur ki, illər öncə  uşaq ikən qəlbində  hansı saflığı, səmimiyyəti daşıyırdısa, bu gün də elə o cürdür və bu saflıq,  səmimilik qəlbindən də birbaşa, sözlərinə,  qələminə və ya klaviaturasına süzülüb.

Yaş artıb, təcrübə, bilik çoxalıb, həyat onu çox yollardan keçirərək çox dərslər verib, zahirindən tutmuş batininəcən illər boyunca aydındır ki, çox şeyləri dəyişib. İllər ondan çox şeylər alıb, çox haqsızlıqlar görüb, işindən olub,  həyatına qəsd etmək istəyiblər, çox keşməkeşlərdən keçib, mərhumiyyətlırlə üzləşib, amma həmişə sözünə,  əqidəsinə düz olub, dürüst olub, ürəyi ilə dili arasındakı bağlantı heç vaxt qırılmayıb, özünə, amalına sadiq qalıb. O saflıq, o uşaqlıq, o səmimiyyət, o etibarlılıq, o sadiqlik əvvəl necə idisə, illərə və olaylara rəğmən, eləcə  də qalıb. Haqsızlıq görəndə yenə də susub dayana bilmir, etiraz edir, yazdıqları, düşündükləri, qələmə aldıqları, qaldırdığı problemlərlə özü haqqında xəyallarda yaratdığı qalanın üzərinə hər gün  bir yeni kərpic də əlavə edib, daha da möhtəşəmləşdirib o qalanı. Dostlarından buri onu "yeriyən ensklopediya" adlandırıb. Həqiqətən də, bu ifadə, haqqında bəhs etdiyim adamı çox gözəl ifadə edir. Haradan desən, oradan deyər. Klassik ədəbiyyatın gözəl bilicisidir. Hətta klassik şairlərə nəzirələri  bəzən orjinaldan bədii mükəmməlliyinə görə fərqlənmir, desəm, - yanılmaram. Füzulinin, Vaqifin, Zakirin, Sabirin, C.Məmmədquluzadənin kamil  bilicisidir. Tərcümə ilə məşğul olması dilimizi incəliklərinə qədər bilməsinə, hər sözü yerli-yerində işlətməsinə vəsilə olub.

Bəhs etdiyim insanın ən sevdiyi qəhrəmanı Don Kixotdur.  "Mənim sevimli qəhrəmanım belə olmalı idi. Uşaq qəlbli", - özü belə deyir. Bir dəfə dünyada olmuş qəhrəmanım özü ilə Don Kixot arasında bir yaxınlıq görür. Don Kixotda onu cəlb edən xüsusiyyət onun inadkarlığı "titduğunu buraxmaması", dostlarını yaxşı gözlə görməsi, inandığı uğruna döyüşməsi və bundan geri çəkilməməsi, bədbinliyə qapılmaması, inamında möhkəm olmasıdır. Çünki İ.S.Turgenevin dediyi kimi: " Hamlet ən kiçik bir uğursuzluqdan  ruhdan düşür və şikayətlənir, Don Kixot cinayətkarlar tərəfindən şil-küt ediləndə belə ruhdan düşmür, uğurlarına şübhə etmir."  Bu baxımdan, Don Kixot olmaq, Don  Kixot olaraq qalmaq özü o qədər də asan məsələ deyil. O da tutduğunu buraxan, başladığı işi axıra çatdırmadan bəs edən deyil.

Yazılarında  özünəməxsus yumor, gülüş var. Onun yazılarındakı gülüşü, yumoru 20 -ci əsrin ciddi yumorunun, sonrakı dövrdə - Sövet dönəmindəki kimi kiçilib, qırılıb məişət səviyyəsinə enməmiş yumorun - göz yaşı içindəki gülüşün ardı hesab edirəm. Onun da yumoru əvvəl adamın dodağın qaçırır güldürür, sonra ayılıb zülüm-zülüm ağlayırsan, C. Məmmədquluzadə məktəbinin gülüşü: düşündürüçü, ağladıcı, silkələyici, ayıldıcı, ağrıdıcı gülüşbu bu gülüş. Hər yazarda yumor bu sambalda, bu səviyyədə olmur. Son zamanlar dəbdə olan şit, üzdə olar, dişağardan gülüşdən fərqli olaraq, 20 -ci əsrin ciddi  yumorundan bəhrələnib bu gülüş. O gülüş ki, M.F.Axundov, C.Məmmədquluzadə səviyyəsi, ciddiliyi, böyüklüyü tam mənası ilə saxlanılıb, o ağırlığı qoruyub özündə, onu bütöv saxlayıb xırdalayıb- cılızlaşdırmayıb.  Bəzən bu yumor şişərək sərt sarkazma çevrilir, kəskin, öldürücü gülüşə dönür. Ağrıdıcı olur: "Qırmızı küçə" yazısında olduğu kimi.

Onun  ilk baxışdan çox  sadə görünən yumorunun arxasında dərin məna yatır. Bəzən Kefli İsgəndərin acı həqiqətlərinin ağrısından doğulan acı gülüşü, bəzən Novruzəlinin avamlığına canyanğısı ilə qarışmış yumor var onun da yazılarında. Dediyim kimi, C. Mənmmədquluzadə qələminin sadəliyi, yumoru, lakonikliyi, dərin mətləbləri gizlənir publisistikssında.  Dörd kitab müəllifidir: "Skrelozun xatirələri", "Quran İslamı", "Bir dəfə dünyada", "Quran işığında". Birinci kitabı "Skrelozun xatirələri"dir. Maraqlı dili, üslubu var. Ciddiliklə yanaşı yumor, gülüş onun bütün yazılarının canına - qanına hopub byrada da. Özünün də dediyi kimi:" Gülüş deyib keçməyin. Bəzən bir təbəssümdən pozitiv ovqata bir çıxış olur. Bəzənsə kiməsə adi görünən sözlərin arxasında ciddi mətləblər dayanır".

Eləcə də onun yazdığı hər bir cümlənin arxasında beləcə ciddi mətləblər dayanır, sətiraltı məna gizlənir. Oxucu gərək o mətləbləri anlaya, üzə çıxara.

"Minilliklərdən ikinci minillik, əsrlərdən iyirminci əsr, illərdən o əppəkli, sulu, pambıqlı , üzümlü illər idi. Ordenli- medallı, bayraqlı illər idi. "Bəşərin vicdanı"nın bərk gedən vaxtları idi. "Ədəbiyyat" kitabını açardın, oxuyardın və görərdin ki, demə, milli qəhrəmanımız Koroğlu kürd imiş...

O vaxtlar dünya ədəbiyyatından da Firdovsinin " Şahnamə"si verilirdi. Niyə Firdövsi? Dünya ədəbiyyatından Servantes, Rable, Bayron olmazdımı?..."

Bax bu sualların cavabları adamı çox-çox dərinliklərə aparır ki, müəllif də bu mətləblərdən bizi özünəməxsus yumor dili ilə agah edir "Skrelozun xatirələri" də. Bir-birini təkzib edən iki sözün birləşməsi özü belə bizi düşündürür: Skreloz və xatirələri.

Ərəb dilinə və ədəbiyyatına çox böyük bir marağı olsa da, ana dilinin vurğunudur. Bu yolda Don Kixotcasına yorulmadan döyüşür və qələbə çalacağına möhkəm inanır. Bir ildir ki, üç illik xəyal məhsulu olan ana dilinin saflığına və qorunmasına xidmət edən bir qurum - FADMM adlı mərkəzi yardıb, onun sədridir. Bu bir ildə " bir institutun görə biləcəyi işi görüb". Gördüyü işi can-başla görür, gol qoyduğu heç bir işi yola vermir, mənfəət güdmür. Dürüstlük, doğruluq ən önəm verdiyi xüsusiyyətləridir. Mənsub olduğu xalqın şifahi ədəbiyyatına, dilinə, dialektlırinə o qədər dərindən bələddir ki, heyrət etməyə bilmirsən. Ən nifrət etdiyi, bağışlamadığı isə yalandır. Ətrafında elə adamların olmasını istəmir. Mən onu görməmişəm, amma tanıyıram. Çünki içi ilə çölü bir adamları fikirlərinə, yazdıqlarına əsasən tanımaq çox asandır. Təmənnasızlıq, öz mənafeyini güdmədən xalqın xeyrinə, ana dilinin safliğı uğruna yorulmadan çalışmaq  da onu 20-ci əsrin tənqidi-realistlərinə çox yaxınlaşdırır. Yəqin, həddən  çox  zəhmətkeş olması, alın yazısıdır, bu üzdən 1 mayda anadan olması da təsadüf deyil. Axı o anadan olanda ölkəsində həmin günü Dünya  Zəhmətkeşlərinin Beynəlxalq  Həmrəyliyi günü kimi qeyd edirdilər. 13 gündə 500 yazı hazlrlayıb sayta qoymaq, az bir zananda 1000 -dən artıq ziyalını bir məqsəd atrafında toplamaq, şəxsi deyil, ümumi məqsəd uğruna gecə-gündüz bilmədən bəzən 24 saat işləmək, 3 ildə 4 kitab  nəşr elətdirmək ancaq  Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi günündə doğulanlara nəsib olan bir xüsusiyyət ola bilər. Bu qədər işə necə vaxt tapır? Şah Abvas və vəziri kimi hər gün günün müəyyən saatında başmaq seyrindən də qalmır. Bir sözlə,

işıqlı insandır. Onu işıqlı edən isə  qəlbindəki inamın sarsılmaz olmsıdır, məncə.

Problemlərə qarşı barışmazlıq, mübarizəsində onu bu qədər inamlı və güclü edənsə, məncə, xalqına olan böyük sevgisidir. Çünki, sevgisi böyük olan insanların ruhu çox zəngin olur. Onlar hər şeyin qiymətini və dəyərini çox yaxşı bilirlər: dostun da, dilin də, Vətənin də, xalqın da...

Onunla ilk tanışlığımız 3 il bundan öncə olub. Yeni Orfoqrafiya layihəsi ilə əlaqədar  feysbuk sosial şəbəkəsindənki status və yazılarından tanımışam onu. 3 il bir insana bələd olub, qiymət vermək üçün çox az bir zamandır. Lakin qəlbi ilə dili vəhdətdə olan insanları tanımaq elə də çətin olmur. 3 il bundan öncə ilk yazısından onun haqqında hansı fikirlərə gəlmişdimsə, yenə də o fikirdəyəm.

Deyirlər, dəniz ona görə böyükdür ki, heç bir çayı özündən rədd etmir.

O da elədir. Ona ağız açan  heç kəsi özündən uzaqda, kənarda saxlamır. Heç  kəsdən köməyini əsirgəmir. Kim ona ağız açırsa, kömək istəyirsə, ümidsiz qalmır. Birisinin məqaləsini redaktə edir, birisinin yazısını tərcümə edir, birinə  məsləhət verir, bütün günü faydalı işlə məşğul olur. Hətta feysbuk səhifəsindəki kiçik hesab etdiyimiz paylaşımları belə özündə böyük, dərin mətləbləri saxlayan ciddi gülüş nümunələridir. O bu işləri peşəkarcasına  etməyi bacarır. Çünki filoloji biliyi yüksək səviyyədə olmaqla yanaşı, insanlığı və humanistliyi və müəllimliyi də ali səviyyədədir.

O bütün işlərə vaxt tapır. Ona göndərilən yazıların redaktəsin edir, səhvlərin düzəldir, FADMM iş planın hazırlayır, məqalələri oxuyub məsləhətlərin verir, DDM -nin hesabatların hazırlayır,

Tərcüməçi, yazar- publisist, FADMM sədri, DDM sədri,  "Kamiljnfo" saytının təsisçisi və redaktpru, "ilkxəbər" saytının redaktoru. Kimdir o?

Kim olur olsun, mənə elə gəlir, o hər şeydən əvvəl, ən əsası bir müəllim, öyrətməndir. Hansı sahədə işləyir-işləsin, öyrətmənlik, maarifləndiricilik, məncə, müəllim övladlarına fitrərən verilən bir xüsusiyyətdir. Öyrətmək, şəxsi nümunə, örnək olmaq. Müəllimə xas ən ülvi keyfiyyətlər də hər müəllimdə olmur....

Özünüdərkə gedən yol.

Bir kitabda oxumuşam ki, qədim yunan filosofları Parmenid və Sakratın qapısına "özünü dərk et" kəlməsi yazılıbmış. Hər bir insan özünü dərk etməyə çalışır, bunun üçün müəyyən vaxtlarda səy göstərir. Lakin bu dünyada heç də hamı özünü dərk edə bilmir. Bəziləri bu yolda yorulub vaz keçir, özünü tanımadan ömür sürür, bəzilərinə bunun üçün nə qədər səy göstərsələr də, bir ömür də bəs etmir,  bəziləri isə bunu hələ gənclik illərindən bacarırlar. Özünü dərk edənə qədər insan çox çətin sınaqlardan keçir. Özü-özü ilə müharibə aparır. Çox şeyi dərk etməyə qadir olan, kosmosu, yeni planetləri,  okeanların dibindəki həyatı kəşf və fəth edən, dünyanı dəyişməyə, insanın dublikatın yaratmağa qadir olan insan bəzən  özünü dərk etməkdə acizdir, gücündən xaric bir yükdür bu. Ən çətin yol özünüdərketməyə qədərki yoldur. Çünki insanın özünü dərk etməsi üçün öncə dünyanı dərk etməsi gərəkdir. Dünyanı dərk etməyi bacaran insan artıq öz iç dünyasəna da səyahət etməyi, özünə bələd olmağı, anlamağı bacarar. Necə ki "Bir qalanın sirri" kinofilmində Elşən kitabları oxuyub bitirdikdən sonra artıq o dünyanın, quşların, heyvanların dilini bilmiş olur, dünyanı dərk edir. Yalnız ondan sonra bilik kəməri onun belində dayanır və onu yenilməz edir, eləcə  özünü dərk etmiş insan da elə güclü, yenilməz olur, onun bəsirət gözü açılmış olur. Hər şeyi anlaya dərk edə bilir. Hadisələrin mahiyyəti onun üçün aydın olur. Ancaq bunun üçün gərək əvvəlcə saysız-heabsız kitablar oxuya, quşların , heyvanların dilin biləsən, bilik kəməri belində möhkəm dayana ki, bundan sonra  qarşında özünüdərkə aydın, geniş yol açıla. Kitablar ağlın gözün açır, gizli mahiyyəti görə bilirsən, amma bu da dünyanı və özünü dərk etməyə yetmir, gərək qəlbinin də səsini dinləyəsən. Bəzən ağlın yetə bilmədiyini qəlb söyləyə bilir və beləliklə də, insanın qəlb gözü, bəsirət gözü də açılmış olur və insan özünü dərk edir. Yalnız seçilmiş  insanlar bunu çətinliklərə sinə gərərək bacarırlar. Özünü

dərk etmiş insan üçün  yaşamaq, həyat asan olur. O artlq heç bir çətinliklərdən qorxmur. Bəziləri bu yolda azır, özünü tapa, dərk edə bilmir. Özünü yanlış tanıyır. Bəzən özünə həddən artıq dəyər verə və yaxud az dəyərləndirə bilir. Hər insan  özünü müxtəlif dərəcədə dərk edə bilir. Bəzilərinin özünü  dərki isə  həqiqətə heç uyğyn gəlmir, özlərinə qarşı tərəfkeşlik edir, özlərini yanlış tanımış olyrlar. İnsan bəzən başqasını özündən daha yaxşı tanımış, dərk etmiş olur. Buna səbəb də insanın başqalarına qarşı daha obyektiv, tərəfkeşlikdən uzaq olması, başqalarının nöqsanını özünə nisbətən, tez və asanlıqla görə bilməsindədir. Ağıllı insanlar özlərinə başqasının gözü ilə baxıb, əməllərini təhlil etməyi bacaran insanlardır. Onların təkcə ağıl gözü deyil, həm də qəlb gözləri açılmış, bir-birini tamamlamış, bütövləşmiş olur.

Xaqaninin məşhur bir qəsidəsi var:

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,

O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.

 

Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.

Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.

 

Dizim üstü o məktəbdir ki, Nuh onda gəmi salmış.

Gəmim - Cudi dağı, gözdən axan yaş isə tufanı.

 

Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,

Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.

 

Deyil bu məktəbə layiq o kəs ki, dərdi cuş etsə,

Qopub tufan dörd yandan, onun sarsılmaz ərkanı.

 

Dizi məktəb olan kəsdə gərək bir hümmət olsun ki,

Önündə it kimi diz çökdürə bilsin o, aslanı.

 

O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,

Onu diz çökdürə bilməz tutan dörd əlli dünyanı.

Hər dəfə bu qəsidəni oxuyanda gözlərimin qarşısında özünü dərk etmiş əzəmətli bir insan heykəli canlanır. Dəryaların suyu Huh tufanı qopsa da dizinə qədər çatmayan, Cudu dağı topuğundan, 4 yanından qopan tufanı ərkanını zərrə sarsıltmayan, dərdə dözməyi bacaran, mərdə, namərdə baş əyməyən, fani dünyaya aldanmayan, önündə aslanı it kimi diz çökdürə bilən bir insan...Özünü dərk etmiş KAMİL İNSAN. Könlü müəllim, dizi dəbistan olan bir insan .

Başqalarının bir insanı dərk etmək, tanımaq, onun iç dünyasını görmək üçün bir körpüyə ehtiyac var.  Bunun  üçünsə ən etibarlı körpü ünsiyyətdir, yetər ki, ünsiyyətdə olduğun insanın ürəyi ilə dili vəhdətdə olsun, bu bağı qırılmamış

olsun.

Bu yazımda belə bir insandan - özünü dərk etmiş bir insandan,  onun həyatının 3 dövründən  danışdım. Həyatında 3 ad daşıdığındandır ki, yəqin, bir ömürdə 3 insanın görə biləcəyi işləri görə , ona vaxt tapa bilir. Uşaqlığında - Ömər Kamil Laədri, gəncliyində - Mirəziz, ömrün yetkin çağlnda - Vasif Sadıqlı adlanan bir  insandan -  amalına, dostlarına, özünə, Vətəninə, dilinə, xalqına sadiq bir insandan. O insandan ki, nə maddiyyat xatirinə, nə öz eqosu xatirinə ziyalı movqeyindən imtina edib. Əksinə, çox seydən könüllü imtina edərək, ali prinsiplərə sadiq qalıb. Sanki  Qazağın Sadıqlı kəndində anadan olması da bir təsadüfi deyil, qismıti, alın yazısıdır, sadiq olması üçün. Bir iş yoldaşının defiyi kimi:" Vasif bəy də  Sadiqdir. Ədalətə , Düzgunlüyə , İnsanliga, Milli təfəkkürə , Dövlətçiliyə və Dostluğa Sadiq!  Òz movqeinə, özünə Sadiq! "

Hami susanda  belə susa bilməyən, həmişə ali Həqiqət  movqeində duran əsl işıqlı insan, sözün həqiqi mənasında Ziyali.

Bir yazımda onu Kitab - İnsan adlandırmışdım. Kitablarından ziyadə insanlığrından oxunan bir insan...

Mayın 1-i tanınmış, tərcüməçi, yazar- publisist, FADMM sədri, DDM sədri, "İlkxəbər" saytının redaktoru, "Kamininfo"saytın təsisçisi və redaktoru, 20 günə 1011 yazı   hazlrlayıb sayta qoyan,  7 günə 1000 -dən artıq ziyalını bir məqsəd atrafında toplamağı bacaran Ömər Kamil Laədri - Vasif Sadıqlının doğum günüdür. Yeni yaşında hörmətli Vasif Sadıqlıya yeni-yeni yaradıcılıq uğurları və uğruna vuruşduğu məqsədin qalasına tezliklə qələbə bayrağı sancmasını arzulayaraq!  Hörmətli, Vasif bəy, Sizi  ad gününüz mübasibətilə təbrik edir, yeni yaşınızda salamat və gözəl ömür yasamanizi arzulayiram ! 3 il bundan öncə yazdığım təbrikdə dediyim kimi: "Gələn ad gününüzü Şuşada qeyd etmək diləyilə!" Neçə gözəl illərə.

 

Gülyaz Əliyeva