SON DƏQİQƏ:

Gənc şair: "AYB nə edir, düz edir" - MÜSAHİBƏ

  63468   |  
Şriftin ölçüsü  

Gənc şair Məhəmməd Azəroğlu Adalet.az-a müsahibə verib.

- Məhəmməd, səni tanımayanlara özünü necə təqdim edərdin? Səni şair olaraq fərqləndirən bir özəl xüsusiyyətin var, yoxsa, sıradan bir gənc şair deyək?

- Bilməyən nə bilsin bizi?! Bilənlərə salam olsun! Məni fərqləndirən heç bir xüsusiyyət yoxdur. Ən sıradan bir yazaram. Ən azından özüm üçün.

- Yəni, deyirsən ki, mən də minlərlə şeir yazan gənclərdən biriyəm, oxumasanız da olar?

- Əslində, mən nəyə qadir olduğumu və öz yazdıqlarımın qiymətini bilirəm, ancaq, bu haqda danışmaq mənlik deyil. Əgər azdan-çoxdan nələrsə yaza bilirəmsə, zaman unutmaz məni...Bəli, hələlik minlərlə gəncdən biriyəm..

- 2 kitabın var, Prezident təqaüdü alırsan, AYB-nin üzvüsən. Necə düşünürsən, minlərlə gənclərdən biri olaraq bunlar sənin haqqındırmı? Təqaüd almaq, mükafatlar, amma görünən odur ki, bir o qədər də üzdə görsənmirsən, ya görsənə bilmirsən...

- Haqqımdı ya haqqım deyil, buna AYB qərar verir, mən yox. Ancaq, düşünürəm ki, haqqım var. Mən 16 yaşımdan ölkənin "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Ədalət qəzeti", "Cümhuriyyət qəzeti", "Ulduz", "Azərbaycan jurnalı" və.s bu kimi ən prestijli mətbuu orqanlarında şeirlərimlə, publisistik yazılarımla çıxış edirəm. Həmişə axtarışda olmuşam, həmişə çalışmışam nələrsə edim. Bəli, son 3 ildir ki, xaricdə təhsil aldığımdan mühitdən çox aralanmışam. Çox nadir hallarda qəzetlərə nəsə göndərirəm. Bəzi qayğılar var. Həm də ədəbi mühitin necə qeyri-ciddi, əclaflıqlarla dolu bir yer olduğunu görüb, diksindim sanki...Çəkilmək istədim və çəkildim...İndi sakitcə uzaqdan baxıram, hadisələri izləyirəm və gülümsəyirəm. Belə yaxşıdır. Mən 17-18 yaşlarımda çox üzdəydim, çox geniş fəaliyyətim var idi...Son illər tamamilə uzaqlaşmışam.

 

- Nəyə əsasən qeyri-ciddi, əclaflıq olduğunu deyirsən? Ədəbiyyatçıların özünə görə, yoxsa başqa nəsə var? Diksinməyə səbəb olacaq nələr deyə bilərsən?

- Uzun söhbətdir...Birincisi, onu deyim ki, bu gün böyük paxıllıq var yazarlarda. Bir-birlərini həzm edə bilmirlər. Mən "Ədəbiyyat qəzeti"ndə çap olunanda danışırmışlar ki, Azər Turanın qardaşı oğludur, ona görə çap edirlər...Azər müəllim mənim üçün çox doğma və əziz adam olsa da, heç bir qohumluq bağımız yoxdur. Tanışlığımız isə Azər müəllimin email adresinə şeirlərimi göndərməyimlə başlayıb, vəssalam. İkinci bir məsələ,  yazarlar adamı əsəbləşdirirlər feysbukdakı çıxışlarıyla. Bildiklərini də, bilmədiklərini də yazırlar, özlərini biləndər zənn edirlər. Məsələn, Sərdar Amin bu yaxınlarda status yazıb Zeynəb Xanlarovanın oxu tərzini tənqid edib, oxuya bilmədiyini yazmışdı səhv etmirəmsə...Dedim, ay Sərdar, xətrini çox istəyirəm, ancaq, heç bir musiqi savadın olmaya-olmaya sən bir ifaçısı necə tənqid edə bilərsən? Müğənnilik çox çətin şeydir. Vallah, şairlikdən də çətindir. Adamlar illərini qoyur, sənət yaradırlar və hansısa bir yazar gəlib, mız qoyur...Olmaz axı belə...Zeynəb Xanlarova pis ifaçıdırsa, qoy, musiqişünaslar tənqid etsinlər...Hər kəs öz sahəsiylə məşğul olmalıdır. Birmənalı şəkildə. Məsəl üçün, əziz qardaşım Rəvan Cavid bir müddət əvvəl bir film barədə status yazıb, filmin rənglənməsini, ya nə idisə yadımda deyil, çox pis qiymətləndirmişdi...Ay Rəvan, sənin qadan alım, bunun məktəbini oxumamısan, ən azından kursuna getməmisən, sən nə bilirsən film necə rənglənməlidi?!

- Ədəbiyyat adamları, sənət adamları bu müstəvidə olan hər şeyə fikir bildirə bilməz ki? Zeynəb Xanlarovanı tənqid etmək üçün gərək onun kimi oxuya, yaxud da musiqi savadına sahib olasan? Yaxud da hansısa ssenarini, əsəri tənqid etmək üçün ən azı onun kimi yaza biləsən? Bu məntiqlə belə çıxır ki, məsələn, Messini tənqid etmək üçün gərək Messi kimi oynayasan, illərlə futbola gedib, tanınasan?

- Musiqi də, kino da çox böyük bir elmdir. Çox böyük. Yazarlar onu-bunu populist adlandırıb, özləri populistlik edirlər bu cür çıxışlarla. Mən belə düşünürəm ki, hər kəs bilgili olduğu barədə danışmalıdır. Ümumiyyətlə, bir qələm adamı niyə hər mövzuya fikir bildirməlidir? Kim verir bu haqqı? Mən qadağan etmirəm və buna haqqım da yoxdur. Sadəcə fikir bildirirəm ki, düzgün deyil, ona görə də uzaqlaşmışam mühitdən.

- Səni daha çox ədalətsiz mövqe tutmaqda da ittiham edirlər. Məsələn, deyirsən ki, AYB heç vaxt səhv etmir, nə edirsə, düz edir. Bir dəfə təqaüdlə bağlı mübahisə var idi. İddia olundu ki, təqaüdlər daha çox heç kimin tanımadığı, AYB öz istədiyi adamlara verir... razısan, yoxsa kimə verirsə düz edir və ittiham etmək olmaz?

- Əslində, ədalətsizliyi AYB-yə qarşı müxalif mövqedə olan bəzi yazarlar edirlər, mən yox. Çox ədalətsiz mübarizə aparırlar. Həmin gənclərdən biri də sənsən. Adam gərək vicdanla yanaşa bilsin...Əkrəm Əylislinin, Azad Qaradərəlinin tökdüklərini yığıblar...Məsələn, o vaxt Cənab Prezident İlham Əliyev Vahid Əzizə xalq şairi adı verəndə, Azad Qaradərəli yazmışdı ki, AYB-dən başqa heç nə gözləmək olmazdı...Gör, qərəzə bax, vicdansızlığa bax...
Guya Azad bəy bilmir ki, o fəxri adı AYB yox, Cənab Prezident verir? AYB-ni niyə qatırsız bu məsələyə? Hələ cənab Prezident AYB-yə 800.000 manat ayırandan çox qısa bir müddət sonra bəzi alçaqlar ortaya düşdülər ki, necə oldu 800.000 manat, hara xərclədilər? Canına azzara xərclədilər! O 800.000 manat elə alınan kimi xərclənir? Hardan bilirsən ki, o pul AYB-nin kassasında durur, yoxsa xərclənib? Çox sadalamaq olar belə faktlar. İndi de görüm, AYB onlara qarşı bu cür haqsızlıq edirmi? Qətiyyən yox.
AYB kimə təqaüd verir, özü bilər. Sən ondan danış ki, hansı bir istedadlı adamı təqaüdsüz qoyub? Hər bir istedadlı adama verilir təqaüd. Təbii ki, təsadüfi adamlar da ola bilər...Əgər səhv etmirəmsə, hər il 20 nəfər gəncə verilməlidir təqaüd, ona görə də planı doldurmaqdan ötrü zəif yazanlara da verilir, məncə. Nə olsun? Verilsin də, onlar da azərbaycan vətəndaşlarıdır...Yada verilmir ki, özümüzünkünə verilir də.Bir də ki, bəli, AYB nə edir, düz edir.

- Dediyin gənclərdən kimlərin adını çəkə bilərsən? Kimlərdir o bəzi yazarlar?

- Məsələn Elşad Barat, Tural Turan, Emil Rasimoğlu. Bu insanlarla artıq uzun müddətdir ki, mənim açıq konfliktim var. Özlərinə də demişəm ədalətsiz mövqe tutduqlarını... Bu arada, vaxt olub, Emil Rasimoğluyla mənim qardaş qədər yaxınlığım olub, çox yaxın olmuşuq, ancaq, əqidələrimiz bir-birinə zidd olduğundan münasibət kəsildi...Mən Emili indi də çox istəyirəm. Ancaq əqidəm və dönməzliyim mənə imkan verməz dostluq münasibətlərini bərpa etməyə. Tural Turan da yerlimdir, toyunda iştirak etmişəm.

- Dediyin adamları hər biri AYB ilə problemi olan adamlardır. Bəs, elə adlar deyə bilərsənmi ki, onlar AYB-ni daim tənqid edir, amma bu, sənin onlara münasibətini dəyişmir, bəzən haqq verirsən ?

- Yox, elə adam yoxdur.

- Hazırda xaricdə təhsil alırsan. Oranın yazarları ilə, ədəbiyyat mühiti ilə əlaqən varmı? Yaxud ədəbiyyatla bağlı hər hansısa bir iş görürsənmi?

- Nə yalan deyim, dərslərdən dolayı yaradıcılığa çox da vaxt qalmır. Bu yaxınlarda universitet üzrə keçirilən ədəbiyyat yarışmasında birinci yerə layiq görüldüm. Bəli, Belarus Yazıçılar Birliyinin mətbuu orqanlarının işçiləri ilə əlaqələrim var, bir neçə dəfə çap ediblər məni, sağ olsunlar. Burda daha ciddi yanaşırlar. Ən azından bir gənc yazar durub Alla Puqaçovanın oxu tərzini tənqid etmir...

- Son olaraq müsahibəni oxuyanlara nə demək istəyərdin?

- Hər birinizi sevirəm, əzizlər!

Söhbətləşdi; Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK