adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Aprel 2021 13:28
34523
ƏDƏBİYYAT
A- A+

ETibar Əliyev: Həqiqəti yazmaq lazımdır...

“Həqiqəti yazmaq lazımdır... Qələmi məcbur etmək olmaz ki, yalan yazsın. Bu, Allah qarşısında günahdır. Allah qələmi ona görə verməyib ki, dili yalana öyrədəsən. Dili yalana öyrətmək ən böyük günahlardandır...." Çingiz Hüseynov 

CBöyük yazıçı, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) Çingiz Həsən oğlu Hüseynovun (20 aprel 1929, Bakı) 92 yaşı tamam olur. 
Yazıçının qələmindən çıxan “Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü” “Adını demədi” “Küncdəki ev”, “Məhəmməd, Məmməd, Məmiş”, “Adalar”, “Bakı”, “Şərq süjetləri”, “Zərurilik”, “Fətəli Fəthi”, “Ailə sirləri”, “İgra direktoriyası”, “Doktor N”, “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” kimi forma və məzmunca ziddiyyətli dramatik süjetli əsərləri ona böyük şöhrət qazandırıb.
2017-ci ildə Çingiz Hüseynovun "Görkəmli adamların həyatı” seriyasından Məhəmməd peyğəmbərin həyatından rus dilində yazdığı “Muxammed” kitabı işıq üzü gördü. 

Çingiz Hüseynov:  "Yəhudilər çox ağıllı millətdir – görün dünyaya nə qədər ixtiralar veriblər. Onun da səbəbini sizə deyim... Təhsil və bayramlar. O bayramların milli ruha təsiri həddən artıq güclüdür. Yəhudilərin təhsilə, hərtərəfli insan yetişdirməyə verdikləri önəmə ancaq həsəd aparmaq olar. Uşaqları kiçik yaşdan musiqi və rəssamlığa cəlb edirlər. Musiqiçi olmayacaq, amma mütləq mükəmməl musiqi təhsili verirlər övladlarına. Çünki səsin insan təbiətinə necə güclü təsir etdiyini bilirlər. Rəsm dərslərinə aparırlar... Rəssam olmayacaq, amma rəngləri duyacaq, dünyanı hiss edəcək, fantaziyası genişlənəcək. Bir var söz, bir də var səs. Səs Allaha daha yaxındır...

Bütün həyatları yaşam fəlsəfəsi üzərində qurulub. Fələstinlilərdə isə əksinədir. Onların həyatları ölüm fəlsəfəsinə tabedir. Ona görə də bütün şüarları ölümlə bağlıdır. İsraillilərdə yaşam fəlsəfəsi nə qədər güclüdür... Yəhudilər öz ənənələrinə nə qədər sadiqdirlər... Bu gün də qeyd etdikləri bayramlarının min illərlə tarixi var. Bu bayramlar nəyə bağlıdır - ədalətə, ləyaqətin qorunmasına, təbiətin oyanışına..."
Çingiz Hüseynov: "Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm... Laçın... Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın...Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun da düzən hissələri var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu."

Böyük yazıçıya can sağlığı arzulayıram...