SON DƏQİQƏ:

Ramiz Rövşən üstündə dalaşanlar - Eminquey yazır

  46786   |  
Şriftin ölçüsü  

Yazımı çoxdanın, bəlkə də hamınızın bildiyi lətifə ilə başlamaq istəyirəm ki, yazının sonrakı hissəsinə şirinlik qatsın.

İki adam dalaşır. Polislə molla bunları izləyir. Polis istəyir ki, gedib bu dalaşan adamları aralasın, molla polisin qolundan tutub saxlayır:

- Mənim balam, ayaq saxla.

Polis dayanır. Biraz keçir, dözmür, yenə getmək istəyəndə molla qolundan tutub saxlayır:

- Mənim balam, demədim, getmə.

Bu dəfə polis əsəbi halda:

- Molla əmi, niyə də, niyə? Bu dəqiqə bir-birilərini öldürəcəklər.

Molla saqqalına tumar çəkib:

- Səbr elə, mənim balam, səbr elə.

Bu dəm adamlardan biri bıçağı çıxarıb o birini vurur.

Polis təlaş içində:

- Molla əmi, niyə qoymadın gedib ayırım? Bu o birini öldürdü axı?!

Molla qımışa-qımışa:

- Bax, mənim balam, ruzini verən Allahdır, niyə Allahın işinə mane olursan? Bu o birini öldürdü, lap yaxşı. Ölən mənim ruzimdir, öldürən sənin. İndi get, neynirsən elə!

İndi bu lətifədə dalaşan adamlardan bir tərəfdə Orxan Saffaridir, o biri tərəfdə Ulucay Akifə Nadir Rzalı. Polis də mənəm, molla da. İşin elə qəribə tərəfi də budur. Bu iki pullu peşəni arıq bədənimdə necə gəzdirim, bilmirəm.

Söz-söhbət Orxan Saffarinin Ramiz Rövşən haqqında “lağ-lağı” yazısından sonra meydana gəlib. Hər üç yazını oxumuşam.

Əvvəla bir polis baxışı ilə deyim, yaxşı olardı ki, ədəbi mühitdə bu cür münaqişələr olmasın, ictimai asayişə riayət olunsun. Amma olmur. Dünyada hər növ adam olduğu kimi ədəbi mühitimizdə də hər növ adam var.

Açığı, mən dəfələrlə bir masada elə Ulucayın, Nadirin, Orxanın özünə də demişəm. Ki, belə yazılar zaman itkisidir. Dəxi neynək, sözləri çəp gəlib də.

Vətəndaş Orxan Saffari.

Bu, onun tutduğu ilk “xuliqanlıq” əməli deyil. Dəfələrlə kimlərəsə sataşıb, dalaşıb və bunun üstündə tutub gətirmişik hüzurumuza. O, təkcə yazılarında yox, elə gündəlik həyatında da bu ideya ilə yaşayır.

Əminliklə deyə bilərəm ki, vətəndaş Orxan Saffarinin yazı üslubu tənqid yox, təhqirdir və o, özü bundan boyun qaçırtmır. Özü də etiraf edir ki, onun tənqidi yazmağa nə başı var, nə də qələmi. Öz həyati təcrübəsindən və yaşından çıxış edib adamlarla yalnız məzələnə bilər. Bu səbəbdən də Ramiz Rövşən haqqında yazdığı yazıda Ramiz Rövşənin şeiriyyatına dediyi sözlər havada qalır və haqlı olaraq da digərlərinin – yəni Nadir Rzalının, Ulucay Akifin və eləcə də oxucuların allergiyasına səbəb olur.

Vətəndaş Nadir Rzalı və Ulucay Akifin yazıları Orxan Saffarinin “lağ-lağı”sı, təhqiri müqabilində daha tutarlı, daha mədənidir. Onlar sevdikləri şairlərin müdafiəsinə qalxıblar. Və ya haqsız edilən təhqirə. Və yaxud da Ramiz Rövşənlə xüsusi bağları olduqlarına görə.

Bu yaxınlarda rastıma çıxmışdı, Ramiz Rövşənə Ulucayın şeirini oxumuşdular, o da (açığı buna çox təəccübləndim, çünki Ramiz Rövşənin dilindən gənc nəsil haqqında üç-dörd sözlük bir yaxşı cümlə eşitməmişəm) tərifləmişdi. Ola bilər, Ulucay Akif Ramiz Rövşənə həm də vəfa borcunu ödəyir.

Vətəndaş Nadir Rzalı da aşağı-yuxarı Ulucayla eyni şeyi yazıb və eyni mövqedədirlər. Ki, Ramiz Rövşən haqqında yazı yazmısan, amma bircə dənə də olsun arqumentin yoxdur. Bu vətəndaşların müzakirəsi (əslində bir-birilərini ittiham etməsi, təhqir etməsi) hələ də yazıdan qıraqda davam edir. O bunu yaltaq adlandırır, bu onu.

Bu üç adamın üçü də şeir yazırlar. Bu üç adamın üçü də yeri gələndə bir masa ətrafında bir çörəyi bölüşürlər, bir fikri bölüşə bilməsələr də. Bu üç adamın üçü ilə də təxminən eyni ladda münasibətim var. Və bu üç adamın üçü də hal-hazırda mənasız bir işlə məşğuldurlar.

Birincisi, Ramiz Rövşən o qədər “gücündən” yıxılıb ki, hələm-hələm başı kəsik kötüklər onun boynunun altına yastıq ola bilməz. Onun haqqında mən də bir neçə dəfə yazmışam, yazdıqlarımın altından imzamı götürmürəm. Yazmışam! Amma yazmışam da, təhqir etməmişəm.

Ramiz Rövşən bundan sonra nə qədər medal alsa da, yazdığını yazıb, dediyini deyib, sevilib, oxunub. Bu gün arxivdə bizə nostalji yaşadan, ləzzət verən televiziya tamaşalarında, filmlərdə Ramiz Rövşənin imzası var.

Orxan Saffari etiraz istəyirsə, məsələn, “Ac həriflər”ə, “Şəbih”ə, “Özbaşınalıq”a baxsın. Məsələn, “Nə hirslə oxuyur bu quş”, “Dərd” şeirlərini oxusun. Ramiz Rövşənin 2000-lərin əvvəlində seçkilərdəki çıxışlarına qulaq assın. Adam illərlə efir qadağası gördü, mükafatlardan məhrum qaldı, başqa neyləməlidir? Ömrünün 74-cü baharında mitinq təşkil etməlidir? Siyasətlə məşğul olmalıdır? Adam şairdir, şair.

Və Ramiz Rövşəni tənqid edən və tərəfini tutanlar da şeir yazır, yazı-pozu əhlidir. Ramiz sizi niyə narahat edir? Xalq sevir? Sevir. Bu sevgi sizdən nə alır? Ramiz Rövşəni sevən nə qədər oxucu tanıyıram ki, məni oxuyur, sevir, kitabımı alır. Bunda mənim nə zərərim var?

Öz işığınız varsa, ona güvənin, başqalarının işığına çöp soxmaqla nəsə əldə olunmur. Ədəbi mühitdə “n” qədər müti adam var, niyə o adamları təhqir etmirsiniz? Ona görə ki, Ramiz Rövşən qədər məşhur deyillər? Ona görə ki, istədiyiniz vaxt tapıb bir çay içə bilirsiniz?

Həqiqət budur ki, bu söz-söhbətin heç bir yerində Ramiz Rövşən yoxdur. Nə Orxanın yazısında, nə ona yazılan cavablarda, nə də... Hə, Ramiz Rövşən öz yerindədir, heç bu tərəflərə qulağını belə vermir. Dostlara bir gün bu məqamı arzu edirəm, o zaman əl çəkəcəklər belə söhbətlərdən.

Hələliksə, polisliyimdən əl çəkib bu uşaqların belə şeylərə vaxt itirməyinə və belə bir yazı yazdığıma özümə təəssüf edirəm. Bu yazını yazana kimi birtəhər də olsa, bir kitabımı sata bilərdim.

Bir Molla kimi bu söz-söhbətin “Fatihə”sini oxumaq da mənim boynuma düşür. Hər üçündən də yaşca böyüyəm, yəqin dinləyərlər.

Xülasə, yuxarıdakı lətifəni boş-boşuna misal çəkmədim. Siz nə qədər ki, bu cür bayağı, öz yaradıcılığınıza xeyir verməyən söhbətlər edəcəksiniz, həmişə o dava-dalaşdan hansınızsa ölü çıxacaqsınız.

Və adamlar da sadəcə, ya polis kimi, ya da molla kimi qıraqdan sizi seyr edəcəklər.

Sonda biriniz mollanın, biriniz də polisin ruzisi!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK