adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Oktyabr 2020 17:29
26371
SİYASƏT
A- A+

KOMANDAN BİZƏ QÜRUR YAŞATDI

Oktyabrın 26-sı Azərbaycanda qürur günü idi

Dünən Ölkə Prezidenti, Ali Baş Komandan hər bir azərbaycanlını, o cümlədən də, məni sözün həqiqi mənasında şərəfləndirib göyün yeddinci qatına qaldırdı. Biz birmənalı olaraq başa düşdük və qəbul etdik ki, bu Böyük Xalqın tarixi də, o tarixin içərisindəki bu günü də işıqlıdır, nurludur və ümidlə doludur. Çünki 30 ilin həsrəti, nisgili, ağrı-acısı, hətta utancı sentyabrın 27-dən bu günə anbaan üstümüzdən götürülür. Hər gün daha da şərəflənirik, hər gün daha da uca oluruq. Elə ona görə də Azərbaycan Prezidendi, Ali Baş Komandan Cənab İlham Əliyevin dünən-okytabrın 26-da həm bizə, həm də bütün dünyaya bəyan etdiyi bir gerçəklik zamanın sözü olmaqla bərabər həm də tarixə yazıldı. Ali Baş Komandan Minsk qrupunun həmsədrlərinə, dünyada səlahiyyət sahibi olnlara, beynəlxalq təşkilatlara üzünü tutub dedi ki “Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb qurub”.

Bunun ardınca Ölkə Prezidenti vurğulayıbki, “1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yalnış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir”.

Bəli, biz haqlı ola-ola haqsızlıqlarla üz-üzə qaldıq. Bir milyon soydaşımız ata-baba ocağından didərgin düşdü, ən vəhşi üsullarla öldürüldü, işgəncələrə məruz qaldı. Dünya isə bunu görə-görə susdu. BMT-nin məlum qətnamələri kağız parçası kimi zibil qutularına atıldı. Nə BMT, nə söz sahibi olan BMT-nin TŞ-nin daimi üzvləri, nə də ATƏT və onun Minsk qrupunun həmsədr dövlətləri səslərini çıxarmadılar.

Bu gün Azərbaycan Ordusu öz əzəli torpaqlarını işğaldan azad edərkən isə hər kəs fəallaşıb. Hər kəs təziq göstərməyə, döyüşü dayandırmağa, atəşkəsə çağırır. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, “biz atəşkəsin tərəfdarıyıq. Problemin sülh yolu ilə hər zaman həll olunmasında maraqlı olmuşuq. Təəssüf ki, qarşı tərəf bütün zamanlarda manipulyasiya edibdir. Bu gün də həmsədrlər və digər böyük güclər bizdən atəşkəs istəyirlər. Amma heç kim bu atəşkəsin kimin tərəfindən pozulduğu ilə maraqlanmır”. Doğrudan da, artıq bu ilin sentyabr ayının 27-dən başlanan Böyük Vətən müharibəsində Azərbaycan 3-cü humanitar atəşkəsə razılıq verib. Təəssüf ki, düşmən birinci və ikinci atəşkəslərin ömrünü bir neçə dəqiqə edibdir. Yəni oktyabrın 10-da gözlənilən atəşkəs gecə saatlarında – hər kəsin yuxuda olduğu vaxtda  pozulub, oktyabrın 17-də 2-3 dəqiqə sonra pozulub, dünən, yəni, oktyabrın 26-da səhər saat 8:00-da gözlənilən atəşkəs isə 5 dəqiqə sonra işğalçılar tərəfindən pozuldur.

 Ali Baş Komandanın dediyi kimi bütün bunlar rəsmi şəkildə qeydə alınaraq, həm ATƏT-ə, həm Minsk qrupunun həmsədrlərinə, həm də digər aidiyyatı qurumlara göndərilib, onlar məlumatlandırılıbdır. Amma düşmən tərəf pozduğu atəşkəsin cavabını alanda dünya liderlərinə yalvarmağa, özlərinin aciz durumunu, yazıqlığını nümayiş etdirməyə çalışır.

 Çox təəssüf ki, bu günə qədər Ermənistanın döyüş meydanında itirdiyi 305 tankın, 106 müxtəlif çaplı topların, 53 tank  əleyhinə vasitənin, 6 “S-300” zenit-raket kompleksinin və dəyəri milyonlarla ABŞ dolları ilə ölçülən silah-sursatın necə və hansı pulla alındığını düşməndən soruşan yoxdur. Heç kim bu sualı Ermənistana ünvanlamır. Kasıb, büdcəsi və imkanları son dərəcə acınacaqlı olan bir ölkənin bu qədər silahı hansı pulla aldığı və yaxud bu silahları onlara kimin verdiyi nə həmsədrləri, nə də böyük gücləri ilgiləndirmir.

Heç kim bu sualı gündəmə gətirmir. Hətta bu silahların istehsal olunduğu ölkələrin özləri belə susurlar. Ən maraqlısı odur ki, bizdən atəşkəs istəyənlərin özləri erməniləri silahlandırırlar.

Azərbaycan Prezidentinin dünən, yəni oktyabrın  26-da xalqımıza etdiyi müraciətin  mahiyyəti həyatıma qırmızı xəttlə daxil oldu. Bu son dərəcə konkret, açıq və maraqlı tərəflərədən  cavab tələb edən suallara dolu bir müraciət idi. Ölkə Prezidenti bu müraciətində xalqla iqtidarın, xalqın qarantı olan Prezidentlə xalqın birliyini, bütün Azərbaycanın bir nöqtədə dayanmasını açıq şəkildə sərgiləndi. Birmənalı şəkildə bəyan oldu  ki, biz 30 il gözləyəndən sonra, beynəlxalq hüquqa, haqqa, ədalətə güvənə-güvənə anladıq ki, dünya həm beynəlxalq hüquqdan, həm də ədalətdən uzaq düşüb. Böyük güclər öz bildikləri kimi yaşayıb, öz istəklərini gerçəkləşdirirlər. Deməli, günün gerçəkliyi gücünü ortaya qoymaqdır. Biz də bir xalq olaraq gücümüzü ortaya qoyub torpaqlarımızı işğaldan azad edirik. Heç kimin torpağında gözümüz yoxdur. Bizim torpağımızda gözü olanları isə artıq cəzalandırmağa başlamışıq və bundan sonra da cəzalandıracağam.

İndi ədalət də, beynəlxalq hüquq da bizim yanımızdadır, tərəfimizdədir. Atəşkəs istəyənlər işğalçıya “Azərbaycan torpaqlarından çıx, rədd ol!”-deməlidir. Əgər onlar demirsə, biz ordumuzun gücü  ilə  onları rədd edəcəyik. O ki, qaldı Qarabağın erməni icmasına... onlar bizim vətəndaşlarımızdır. Azərbaycan qanunlarını, gerçəkliyini qəbul edənlər bu ölkədə hamı kimi yaşaya bilər, qəbul etməyənlər isə seçimlərini özləri etsinlər!..

Bəli, oktyabrın 26-da bütün Azərbaycan qürurla süslənmiş bir gün yaşadı. O günü bizə Ali Baş Komandanımız bağışladı. Biz də onun arxasında, onun yanındayıq. Tanrı Ali Baş Komandanımızı, Ordumuzu, Xalqımızı qorusun. Qarabağ Azərbaycandır!

Əbülfət Mədətoğlu

“Ədalət” qəzetinin baş redaktorunun birinci müavini, Əməkdar jurnalist