adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil ABBAS: AT, BU  ÜÇ… PAŞİNYAN, BU İKİ…

AQİL ABBAS
117917 | 2020-10-20 17:55

 

Məşhur bir  lətifə var. Bir kişi  qonşu kənddən bir  arvad alır, sonra da  alır  atının   tərkinə, üz tutur  öz kəndlərinə. Bir az getmiş at xoşagəlməz bir  iş görür, kişi  bərk hirslənir:

- At, bu bir!

Bir az gedirlər, at yenə də xoşagəlməz işini  təkrar edir.

Kişi yenə bərk əsəbləşir:

- At, bu iki!

Yenə düzəlir  yola, öz kəndlərinə  çathaçatda at yenə  sarsaqlayır. Kişi  arvadı da atdan düşürür, özü də düşür və deyir:

- At, bu da üç!

Sonra xəncəri  çıxarıb soxur  atın  ürəyinə.  Arvadı təəccüblə soruşur:

- Ay kişi, atı niyə öldürdün?

Kişi çəp-çəp arvadına  baxıb deyir:

- Arvad, bu bir!

Oktyabrın  10-da Paşinyan dünya liderlərinə yalvarandan sonra Azərbaycan humanitar atəşkəsə  razı oldu. Yəni bu humanitar atəşkəs də  keçicidi, əsas məqsəd də tərəflər  döyüş  meydanındakı həlak olmuş əsgərlərini  götürsünlər. Və bir də  əsirləri  dəyişsinlər.

Yəni Azərbaycan imkan verdi ki, Ermənistan cəbhədə ölən  əsgərlərinin  meyitlərini  gəlib  aparıb  versin valideynlərinə və dəfn eləsinlər. Amma Paşinyana  öz əsgərlərinin  meyitləri lazım  idimi?! Qətiyyən! Əvvəla, o qədər  əsgər  itirib ki, o meyitləri daşıyıb  Ermənistana  aparsalar Paşinyanın itkilərlə bağlı verdiyi statistikanın nə qədər  yalan  olduğu üzə çıxacaqdı. İkincisi, onsuz da orduda fərarilik baş alıb gedir, erməni  anaları  övladlarını Qarabağa göndərmək istəmir, səfərbərliyin qarşısında üsyan edirlər və sair və ilaxır. Paşinyan  sadəcə nəfəs almaq istəyirdi ki, ordusunu yenidən döyüşə  hazırlasın. Amma  fürsətdən istifadə edib qəfilçi it kimi humanitar  atəşkəs  elan olunandan  iki  saat sonra Gəncəni, Mingəçeviri yenidən  uzaqmənzilli   raketlərlə  vurdu. Nəticədə Gəncədə 14 nəfər həlak  oldu,  40-dan çox insan yaralandı, azyaşlı  uşaqlar  həlak oldu.

Eləcə də təmas xətti boyu yerləşən  Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayılın  kəndlərinin dinc əhalisini ağır artileriya ilə, minaatanlarla və raketlərlə vurmağa  başladı. Yenə  dinc sakinlər  həlak oldu, yüzdən  çox yaşayış  evi (elə mənim  doğulduğum Ağcabədi  rayonunun  Bayat elinin Hacılar  kəndində 30-dan artıq ev dağılıb) və neçə-neçə ictimai  bina, məktəb və bağça  yararsız hala düşdü.

Təbii ki, Ali Baş Komandanın  rəhbərlik etdiyi  Azərbaycan  Silahlı Qüvvələri bu vəhşiliyi cavabsız  qoya bilməzdi. Ona görə də dedilər:

- At, bu bir!

Atı Paşinyan kimi  oxuyun, atlar məndən inciməz.

Paşinyanın  atəşkəsi  pozması Ermənistan  silahlı qüvvələrinə  baha başa gəldi. Yüzdən çox  texnikası  məhv edildi və nə qədər  texnikası da savaş qəniməti kimi  ələ keçirildi. Döyüş  meydanında yüzlərlə  meyiti   qoyub  qaçdılar. Füzulinin, Cəbrayılın, Hadrutun onlarla  kəndi işğaldan   azad olundu.

Ayın 17-si gecə  saat  1-də Ermənistan  silahlı  qüvvələri  yenidən Gəncəni  və Mingəçeviri uzaqmənzilli raketlərlə  atəşə tutdu. Bu raketlərin  bir  neçəsi Hərbi Hava Qüvvələrimiz tərəfindən  zərərsizləşdirildi.  Amma yenə Gəncəyə düşən raket 13 dinc sakinin ölümünə (aralarında körpələr olmaqla)  və onlarla  insanın  yaralanmasına səbəb oldu.

Bundan  sonra Paşinyan öz ordusunun müzəffər Azərbaycan əsgərlərinin  qarşısında davam gətirə bilmədiyini  görüb yenidən kimlərinsə dabanlarını  yalayıb yalvardı ki, Azərbaycan  atəşkəsə razılaşsın.

Azərbaycan ikinci dəfə humanitar  atəşkəsə  razılaşdı. Amma Ermənistan  yenə  sözünü tutmadı cəbhə boyu  rayonlarımızı,  şəhər  və kəndlərimizi, dinc əhalimizi ağır  artileriyadan, raketlərdən  və minaatanlardan  istifadə etməklə  atəşkəsi pozdu. Təkcə Tərtər  şəhərinə və kəndlərinə indiyədək  on mindən artıq  mərmi  düşüb. Elə mənim doğulduğum kəndə düşən mərmilərin  sayı  300-ü keçib. Təbii ki, Azərbaycan  Silahlı Qüvvələri düşmənə:

- At, bu iki! (yəni Paşinyan, bu iki!) – deyib yenidən  əks-hücuma keçdi və Füzuli şəhərini  işğaldan  azad etdi.  Elə  həmin gün  ayın  18-də  başlanan  əks-hücum nəticəsində Cəbrayıl  rayonunun 13 kəndi erməni  işğalçılarından təmizləndi. Tarixi Xudafərin  körpümüz azad edildi, Azərbaycan  Bayrağı  qaldırıldı və sərhədçilərimizin  ixtiyarına  verildi.

Bütün cəbhə boyu  Kəlbəcər  istiqamətindən Murovdan tutmuş Zəngilanadək, Qubadlıyadək ordumuz döyüş  əməliyyatlarını davam etdirir.

Tezliklə Silahlı Qüvvələrimizin müzəffər  əsgərləri Paşinyana:

- AT, BU ÜÇ!- deyib  müqəddəs bayrağımızı Şuşaya  sancacaq.

Tanrı əsgərlərimizi qorusun!

Tanrı  Ali Baş Komandanımız İlham Əliyevi qorusun!

TƏQVİM / ARXİV