adalet.az header logo
  • Bakı 13°C
28 Avqust 2020 11:39
92087
MÜSAHİBƏ
A- A+

Mayor İlham Məmmədli: ”Qubadlı işğal olunarkən düşmənin 32, bizim isə cəmi 5 tankımız vardı ...”

30 avqust Qubadlının işğalının 27-ci ildönümüdür. 27 il əvvəlki hadisələrə işıq salmaq üçün bu gün Azərbaycan Silahlı Qüvvələrinin (1991-2000-ci il) ehtiyatda olan mayoru lham Məmmədli müsahibimdir. BDU tarix fakültəsinin məzunu, Qubadlı uğrunda döyüşlərdə 1-ci Motoatıcı tabur komandirinin müavini, sonradan 4-cü MAT komandiri, Ağdamda 4- cü batalyonun komandiri olaraq Suma və Güllücə istiqamətlərində gedın döyüşlərdə iştirak edib.

Müsahibəni təqdim edirik:

-Ilham bəy, münaqişənin müharibə müstəvisinə necə keçdiyini bir də sizin yorumunuzla dinləyək...

-Bütün Qarabağətrafı və Ermənistanla həmsərhəd bölgələrdə olduğu kimi 1988- ci ilin fevralından başlayaraq erməni separatçılarının artmaqda olan terrorçuluq fəaliyyətinə qarşı Qubadlının sərhədboyu kəndlərində azsaylı ov tüfəngləri ilə silahlanmış könüllü özünümüdafiə dəstələrı yaranmağa başladı. Daha yaxşı döyüş silahları ilə silahlanmış erməni quldur dəstələrinin qarşısını almaq getdikcə çətinləşirdi. 1988- ci ilin payızından başlayaraq erməni yaraqlıları pusqular qurur, yollardan keçən nəqliyyat vasitələrini gülləbaran edərək dinc, mülki əhalini terrora məruz qoyurdular. 1988 - ci il 24 noyabrda erməni quldurları Görus-Qafan şossesi üstündə yerləşən Eyvazlı kəndinə basqın edərək, onu yandırdılar. Belə bir vəziyyətdə Qubadlının digər kəndlərində, xüsusən də, rayon mərkəzində də könüllü özünümüdafiə dəstələri yaradılaraq sərhəddboyu kəndlərə köməyə göndərildi. 1988- cu ilin payızından başlayaraq Azərbaycanın əksər bölgələrindən də könüllülərin axını başlandı. Erməni quldur dəstələrinin artan basqınlarının qarşısını almaq getdikçə çətinləşirdi. 




Həmin dəstələrin döyüş silahları ilə silahlanması bizim müdafiəni çətin duruma salırdı. Yerli polislərdəki azsaylı avtomatlar da vəziyyəti dəyişmirdi. 1990- cı ilin 20 yanvarında Bakıya qoşun yeridildikdən sonra Qubadlıya da sovet ordusu bölmələri daxil oldu. Bu zaman AXC Qubadlı rayon təşkilatının idarə heyəti (Sədr Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev idi) 24 saat ərzində Qubadlıdakı SO birliklərinin rayon ərazisini tərk etmələri haqqında ultimatum göndərdi. Xəbərdarlıq qəbul edildi. Sovet ordusu bölmələri bunu etmək uçün bizdən yanacaq və sürtgü materialları istədi. Onların bu xahışını yerinə yetirdik. Lakin bir həftə sonra daha böyük qüvvələrlə qayıdaraq, rayona daxil oldular. Adı çəkilən kəndlərdə azsaylı sovet ordusu birlikləri erməni həmlələrinin qarşısını almaqda çətinlik çəkirdilər. Bu səbəbdən də yerli özünümüdafiə dəstələrinin fəaliyyətinə də anlaqlı yanaşmağa başladılar. Əliquluuşağı kəndi istiqamətində vəziyyət gərginləşəndə onlardan avtomatları alaraq səngərlərdə çiyin- çiyinə dururduq. Bu hal təkrar- təkrar baş verirdi.

-Ordunun yaranması vəziyyətə təsir etdimi?

-1991- çı il 9 oktyabr tarixdə Azərbaycanda milli ordunun yaradılması haqqında Ali Sovetin sessiyasındakı qərar vəziyyəti bizim xeyirimizı kəskin dəyişdi. Qubadlıda yerli özünümüdafiə batalyonu könüllü özünümüdafiə dəstələrinin hesabına sürətlə formalaşdı. Mövcud vəziyyət yerli özünümüdafiə dəstələrini gizli fəaliyyətə keçməsini tələb edirdi. 1990- cı ilin ilk ayları sərhədboyu kəndlərimizdə nisbətən sakitlik idi. Ermənistan tərəfdə 7-ci, biz tərəfdə isə 4- cü SO bölmələrinin dayanması idi. Lakin bu sakitlik çox çəkmədi. 1990- cı ilin martından başlayaraq erməni quldur dəstələri sərhədboyu Əlıquluuşağı, Dovudlu, Novlu, Seyras, Yuxari və Aşağı Cibikli, Əyin, Göyyal, Fərcan, Sal Daş və Çərəli kəndləri atəşə tutulmağa başladı.



Sonra Daşaltı əməliyyatı, dövlət və hökümət adamları olan helikopterin partladılması, Xocalı faciəsi, Şuşa və Laçının işğalı yaranmaqda olan milli ordu birliklər üçün mənəvi- psixoloji baxımdan ağır zərbə idi. Artıq 1992- ci ilin fevral ayının ortalarında rus ordusu birlikləri Qubadlını tərk etmişdilər.

- O vaxt silah az idi, dövlət tərəfindən də elə bir dərin kömək yox idi... Əhalini qorumaq üçün hansı tədbirlər görülürdü?

- Buna baxmayaraq Qubadlıda yaranmaqda olan hərbi hissə öz döyüş imkanlarını artırmaq üçün istehkamlar hazırlayir şəxsi heyətə döyüş hazırlığı təlimlərini gücləndirirdi. Bu işə rayonun əksər idarə və təşkilatları cəlb edilmişdir. Məhz bu səbəbdən  artıq  işğal olunmuş Laçın rayonunun 10-a yaxın kəndinin də müdafiəsini təşkil edə bilmişdik. 24 iyun 1992 -ci ildə cəbhənin Əliquluuşağı sahəsində düşmənin 3 döyüş helikopteri vurularaq yerə salındı. Bunlardan birini qənimət olaraq ələ keçirdik. Avqust - sentyabr aylarında işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağın Hadrut rayonu istiqamətində ağır döyüşlər başladı. Laçın istiqamətində döyüşlər daha üğurlu idi. Əliyar Əliyevin başçılıq etdiyi döyüşçülərimiz Laçın dəhlizini bağlamaq ərəfəsində idi.

- Səhv etmirəmsə, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağın qeyrətli oğlu Əliyar Əliyevin Laçın dəhlizinə hücumu zamanı müəmmalı ölümü baş verdi...

-Bəli, Əliyar döyüşərək Laçının 1,5 km məsafəsində müəmmalı şəkildə şəhid olmuşdu. Amma Hadrut istiqamətində Topağac yuksəkliyini tutan ermənilər məhv edilərək əvvəlki mövqelərinə qovuldu. Erməni qüvvələrinin növbəti iri miqyasli hücumu 10 dekabr 1992-ci ildə Əyin, Cibikli və Seytas istiqamətində oldu. Düşmən bütün istiqamətlərdə bir tank, iki PDM və 50- yə yaxın canlı qüvvə itkisi verərək geriyə atıldı. 1993- cü il 21 martda düşmənin Seytas istiqamətində hücumu da onların boyük itki verərək geri çəkilmələri ilə nəticələndi. 1988 -93- cü illərdə Qubadlı ərazisində aparılan uğurlu müdafiə doyüşlərinin bir hissəsindın bəhs etdim.

-Bəs necə oldu ki, Qubadlı işğal olundu?

-1993 - cü ilin mart ayında Azərbaycanda hərbi- siyasi vəziyyət olduqca gərginləşdi. Ölkədə Rusiya, İran, düşmən ölkə olan Ermənistan və beynəlxalq erməni diasporunun dəstəklədiyi xəfiyyə şəbəkəsi öz fəaliyyətini gücləndirərək milli, dini, siyasi qarşıdurmanı və milli orduda çaxnaşma yaratmaq, əsgərləri üz-üzə qoymaq, ordunun geri çəkilməsi haqqında ardıcıl şaiyələr yaymağa müyəssər oldular. Bütün bunları məhz Surət Hüseynovun əli ilə həyata keçirə bildilər. Qeyd edim ki, Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və Surət Hüseynov korpusun komandanı təyin edilmişdi. Nəticədə 1993- cü ilin 4 iyununda korpus komandiri və onun tərəfdarları Gəncə şəhərində  qiyam qaldırdı. Surət Hüseynov və qiyamçıları  hakimiyyət böhranına səbəb oldu. Yaranmış vəziyyətdən istifadə edən düşmən Rusiyanın yaxından iştirakı ilə bütün cəbhə boyu üstünlük yaradaraq təşəbbüsü ələ aldı. Bundan sonra silahlı qüvvələrimizin əvvəllər azad etdiyi ərazilər və Qarabağətrafı bölgələr bir- birinin ardınca işğal edildi.

-Əvvəl Ağdamın, sonra isə Füzuli və Cəbrayılın işğalı Qubadlını çıxılmaz vəziyyətə salındığını göstərirdi...

-14 avqust 1993- cü ildən başlayaraq düşmən Qubadlı və Cəbrayıl cəbhəsində aktiv hərbi əməliyyatlara başladı. Qubadlıda Hadrut istiqamətində düşmən həmlələrinin qarşısını alınsa da, Çəbrayıl istiqamətində düşməni dayandırmaq mümkün olmadı. Qubadlıdakı hərbi-hissənin ehtiyat bölməsi tank və BM-21 "Qrad" qurğuları ilə gücləndirilərək Cəbrayıl istiqamətinə göndərildi. 23 avqust ayında Füzuli və Cəbrayıl rayonları işğal olunsa da, bu istiqamətdəki durum haqqında bir məlumatımız yox idi. 




25 avqustda erməni silahlı dəstələri tərəfindən Horadiz kəndinin tutulması real mühasirə demək idi. Həmin gün Qubadlıya elektrik verilməsi dayandi. Başarat kəndini ermənilər tutdular. 27 avqustda düşmən 8 tankla gücləndirilmiş batalyonla Yazı Düzü istiqamətində ( Cavabdeh olduğum sol cinah) mövqelərimizə həmlə edərək Qurbantəpə adlanan ərazidəki ön müdafiə mövqelərimizi tutdu. 28 avqust səhər saat 4 - də düşmənə endirilən artilleriya zərbəsindən sonra (Art.rəsi kapitan Q. Babayev) Birinci batalyon (komandir- k-n. S. Paşayev) Əliquluuşağı istiqamətdən mənim başçılıq etdiyim qrup əks həmləsi ilə düşmən böyük itkilər verərək Qurbantəpədəki mövqelərimizdən qovuldu. İki düşmən tankı qənimət olaraq ələ keçirildi. Həmin döyüşdə 7 döyüşçümüz şəhidlik zirvəsinə qovuşdu.

-Üç gündən sonra mövqeləri tərk etmək məcburiyyətində qaldınız...

-Təəssüflər olsun ki, digər istiqamətlərdə vəziyyət bizim xeyirimizə dəyişmirdi. 28-30 avqustda düşmən bütün Həkəriboyu kəndləri, Xanlıq da daxil olaraq uşğal etdi. 31 avqustda bütün qüvvələri cəmləyərək Qubadlı şəhəri üzərinə hücuma keçdi. 15.30 radələrində rabitəçı mənə mövqeləri tərk edərək geri çəkilməyim haqqında əmri çatdırdı. Hava xətti ilə 20 km arxada Qubadlı şəhəri yanırdı... Qubadlı işğal olunarkən düşmən 32 tank və digər zirehli texnikadan istifadə etmişdi. Bizim hərbi - hissıdə 5 tank bunlardan 4 - qənimət olaraq ələ keçırilmişdi. Döyüşlərdə 9 düşmən tankı məhv edilmişdi. Bizim itkilərimiz 54 hərbçi: bunlardan 5- zabit, 312 yaralı, 100- dən artıq əsir və girov ! Bununla belə qələbəyə olan ümidimi üzməmişəm! Hazırda Qafqazın ən güclü ordusu Azərbaycan dövlətinə məxsusdur! İnşallah, bu ordu ilə torpaqlarımızı ermənilərdən azad edəcəyik! Azad etməliyik!

-İnşallah, o gün uzaqda deyil! İlham müəllim. Maraqlı söhbətə görə, sizə dərin təşəkkürümüzü bildiririk! Qələbə diləyilə!

Əntiqə Rəşid