SON DƏQİQƏ:

QIRX GÜNDƏN SONRAKI TƏKLİYİM…

  57548   |  
Şriftin ölçüsü  

O səni də gözləyir

Heç vaxt belə bir hal yaşamamışdım. Daha doğrusu, çalışdığım bütün illər ərzində bir an da olsun iş otağımda mürgülədiyim yadıma gəlmir. Amma həmin gün sanki bir qəribəlik, bir ağırlıq yükləndi üstümə. Özümü unutdum. Bir anlıq yazı stolumun arxasında yuxuya getdim. Bəlkə də xəyala dalmışdım, dəqiq deyə bilmirəm. Həmişəki kimi özünəməxsus təbəssümlə, ərklə düz gözlərimin içinə baxıb dedi:

- Deyəsən tək qalmısan? Deyəsən səni daha arayıb-axtaran yoxdur?..

Onun səsinə ayıldım. Özümü toparlamağa çalışdım. Bilgisayarımın ekranındakı balaca şəklinə baxdım. Və…

İşdən çıxıb evə gedəndə yolumu qəbiristanlıqdan saldım. Gün batan çağı idi. Ondan ayrıldığım 40 gün idi. Daha doğrusu, indi ziyarətinə gəldiyim günü də əlavə etsəm, 41-ci gün idi onun görüşünə gəlirdim. Başdaşında onun bütün varlığını ifadə edən gözəl bir rəsm çəkilib. Elə bil canlıdı. Elə bil o dayanıb, oturub məni gözləyir. Yavaşca, rahatlığını pozmamaq üçün başdaşına yaxınlaşıram. Və bir Allahın, bir də onun ruhunun eşidəcəyi səslə deyirəm:

- Xoş gördük, qardaş! Gəlmişəm. Bir az söhbət etmək istəyirəm…

Mənə elə gəlir ki, dediklərimi eşidir… və mənə elə gəlir ki, başdaşında bir titrəyiş var. Sanki şəkildəki adam mənimlə danışır:

- Xoş gəldin! Nə olub, niyə belə yorğunsan? Axı sənə demişəm, özünü də fikirləş. Özünü fikirləşmirsən, himayəndə olanları fikirləş…

Heç nə demirəm, başımı aşağı salıram. Doğrudan da o, həmişə məni danlayırdı, mənə öyüd-nəsihət verirdi, mənə yol göstərirdi… Və ən azından məcburi bir şəkildə çaya, çörəyə dəvət edirdi. Ona etibarsız deməyə dilim gəlmir. Və bəlkə də heç haqqım da yoxdu bu sözü işlətməyə. Amma içim göynəyir. Çünki onun gedişiylə, onun cismani yoxluğuyla mənim bir güvəncim, bir ümid yerim, bir məsləhətçim yuxuya çevrildi… nağıla çevrildi… xatirəyə çevrildi. Elə bil ki, fələk məni budadı, qolumu-qanadımı kəsdi. Tək-tənha qoydu bu Bakı adlanan şəhərin Yasamal qəbiristanlığının beş addımlığında. Pəncərəm də qəbiristanlığa baxır. Hərdən öz-özümə deyirəm ki, gözüm qəbiristanlığa alışıb. Yavaş-yavaş ruhum da alışacaq. Belə düşündüyümü dilə gətirəndə yaxınlarım inciyib qınayırlar məni. Amma onları başa düşsəm də, başqa cür ola bilmirəm. Çünki insan ürəyini bölüşmək üçün yaşayır bu həyatda… insan özünü həsr etmək üçün yaşayır bu dünyada… və bir də insan insanlığını duymaq və duydurmaq üçün yaşayır bu dünyada. Təəssüf ki, indi yaşamaqla mövcud olmaq qarışıb bir-birinə. İndi yaşamaqla sürünmək, qida qəbul etmək qarışıb bir-birinə… Və daha çox ayaqda qalmaq üçün yemək savaşı aparır adamlar, yaşamaq üçün, yaşatmaq üçün yox. Bax, bu mənada mən Polad Qasımovun 41 günlük ayrılığndan sonra onu ziyarət etməyə gedəndə mənə dedi ki: «Tək qalmısan, arayıb-axtaran yoxdu səni?», mən susmağımla onun sorğusunu cavablandırdım… mən susmağımla ona təkliyimi etiraf etdim. Mənə elə gəldi ki, Polad müəllim etirafımı, susqunluğumu mənalandıra bildi. Hiss etdi ki, daha bu «Azərbaycan» nəşriyyatının doqquz mərtəbəli binasının heç bir otağı, heç bir qapısı onun otağı, onun qapısı qədər mənə doğma deyil və onun qapısı, onun otağı qədər də mənim üzümə açılmır. Deməli, doğrudan da mən tək qalmışam. O qədər tək ki, onu ifadə etməyə gücüm çatmır. Sadəcə, yorulmuş at kimi ömrümü başlı-başına buraxmaq istəyirəm. Axı, yorulan atları güllələyirlər. Və bir də yorulan atlar kimsəyə lazım olmur. Üstəlik, o yorulan atların nəyisə istəmək, nəyisə arzu etmək qəlbindən keçmir. Keçsə belə, kimdi onlara istədiklərini verən? Və…


Eh…

daha nəsə

istəmək

gəlmir ağlıma -

Allahdan, nə də səndən…

Dayan, tələsmə

yalnış anlama

mən doydum, yoruldum

və anladım ki,

Allahdakı səbrlə

səndəki soyuqluq

çıxdı axrıma!..


***

Üz-üzə oturmuşam. Daha doğrusu, məzarı önündə bir küncdə diz çöküb kürəyimi söykəmişəm bu məzarın çəpərinə. Hər şeyi xatırlayıram - bütün söhbətlərimizi, bütün görüşlərimizi, bütün səfərlərimizi, bütün telefon zənglərimizi. Elə bil ki, kinoya baxıram… elə bil ki, hansısa bir həyat serialını izləyirəm. Bəlkə də həmin anda kirpiklərimin ucu nəmlənməsəydi, yaşadığım hiss olunmayacaqdı. Çünki, bütünlüklə onun yanındaydım, onun dünyasındaydım. Görürdüm, dərk edirdim ki, onun dünyası tərk etdib getdiyi dünyadan heç nəylə fərqlənmir. Bilirsiniz nə mənadı? Rahatlıq mənasında. Axı, o, özü o qədər rahat adam idi ki, heç kimə problem yaratmırdı. İş otağında da, ailəsində də, dostlarının yanında da - olduğu hər yerdə o, rahat idi. Görünür elə buna görə də Tanrı onu həmin dünyaya rahatlığı ilə birlikdə aparıbdı. Malını, mülkünü, qazandığını bağışlayıb övladlarına. Rahatlığını isə özüylə aparıb. Söhbət şəxsi rahatlıqdan gedir. Mən də onun o şəxsi rahatlığına həmişə vurğun olduğumdan məzarı önündə dayandığım anda da o rahatlığa həsəd apardım. Necə də gözəldi insan üçün rahatlıq, rahat yer, rahat düşünmək… rahat qərar qəğbul etmək,.. rahat ömür sürmək… və rahat da köçüb getmək… Bilmirəm, düşüncələrimlə, yazdıqlarımla razısınız, yoxsa yox, amma onu bilirəm ki, mən Polad Qasımovun rahatlığından həmişə məmnun olmuşam. Hətta içimdə, onun özünə də zamanında verdiym, sual doğulanda bir anlıq sıxılmışdım. Öz-özümdən utanmışdım ki, birdən Polad müəllim onun rahatlığına həsəd apardığım üçün məndən inciyər. Amma özümü saxlamayıb sualı verəndə Polad müəllim gülümsəyib dedi ki, rahatlığı insan özü yaratmalıdı. Ağlıyla, ağıllı övladlarıyla, ailəsiylə və bir də özünə uyğun dostlarıyla, doğmalarıyla. Əgər bunu yarada bildisə, kənar müdaxilələr onu sıxışdıra, çeynəyə bilməyəcək. Çünki onu bir ailə, bir dostluq, doğmalıq camiəsi qoruyur…

Hə, vaxtdan xəbərim yox idi. Bilmirdim hardayam və nə qədər vaxtdı bilmədiyim yerdə oturub qalmışam. Çiynimə bir əl toxundu. Onda özümə gəldim. Çevrilib baxdım. Heç kimi görmədim. Ürpənən kimi oldum. Axı, mənim çiynimə bir əl toxunmuşdu. Özü də sənin əlin. İndi isə yanımda yoxsan. Səsin gəldi qulağıma:

- Səni itirməkdən qorxuram. Mənim də tək qalacağımı düşünüb vahimələnirəm. Qalx ayağa. Duanı oxu. Salavat çevir, ayrıl dostundan…

Hardan gəlir bu səs? İçimdənmi, qeybdənmi, duyğularımdanmı? Anlaya bilmədim. Amma o qədər yaxın, o qədər həzin idi ki, ona qulaq asmaya bilmədim. Astaca qalxdım yerimdən. Bir də baxdım Polad müəllimin gözlərinə, bir də boylandım ətrafa. Nə vaxtsa yazdığım misraları dua kimi oxudum. Düşündüm ki, mənim eşitdiyim səs, daha doğrusu, o səsin sahibi də yəqin ki, eşidər məni. Axı, mən onu eşitmişdim.


Olduğumuz hər yeri

Hər anı yaddaşa yaz…

Onları məndən sonra

Danışarsan sən bir az…


Canlı bağlantılarda,

Ya da anım günümdə…

Özündən danışarsan -

Mənim adım dilində!..


Çözərsən olmuşları

İstədiyin şəkildə…

Unutma yazdırmağı -

«Mənə səndən» əklil də!..


***

Qəbiristanlığı tərk edirəm. Belə götürəndə insanların böyük əksəriyyəti qəbiristanlıqda daha çox özləri olurlar. Lap kobud desəm, daha çox Adam olurlar. Çünki onlar məzarlıqda özləri də istəmədən gözləriylə öz məzarlarını axtarırlar, öz yerlərini seçirlər və özlərinin də sonda bura gələcəklərini dərk edirlər – bir anlıq da olsa! Mən də burda Polad müəllimlə söhbət etdiyim o anlarda özümü onunla qonşu görürdüm. Düşünürdüm ki, gec, ya tez, bu gün, ya sabah, yəni nə vaxtsa yenə yolumuz kəsişəcək, yenə görüşəcəyik…. Və yenə hər yerdə olduğu kimi özümüzdən, ailəmizdən, planlarımızdan danışacağıq… Gədəbəyə gedəcəyik, Qarabağa gələcəyik… Düşünürdüm ki, hər şey təkrarlanacaq…. Ta məzarlığın giriş qapısına qədər də belə düşündüm. Qapıdan çıxanda hiss etdim ki, orada qoyulmuş gül köşkündən bir nəfər çox qəribə bir baxışlarla mənə baxır. Bilmədim o, məni dəli hesab etdi, ya ağıllı. Amma baxışlarından hiss etdim ki, axşam saat 8-də, lap dəqiq desəm, 20:20 dəqiqədə məzarlığı tərk edən adam onun gözündə heç də normal sayıla bilməz. Olsun. Onsuz da mən Qarabağsız qaldığım günlərdən bu ana qədər həmişə üzümü Tanrıya tutub istəklərimi, diləklərimi ona söyləmişəm. Və hətta bir dəfə yazmışam ki:


Sökülüb çuxam, Allah

Bəlkə də yoxam, Allah!

Bu mənim yaxam, Allah -

Ruhumu yerdən götür!..


Tök daşı qalım altda

Yerimi salım altda…

Bax, əgər salamatsa -

Ruhumu yerdən götür…


Gerçəyəm, ya da ruham

Allahım, sən… və duan…

Bəlkə Nuh oğlu Nuham -

Nuhunu yerdən götür!..


Bəli, insanın yaradana hökm etmək nə gücü, nə də səlahiyyəti yoxdu. Bunu çox gözəl bilirəm. Onu da bilirəm ki, insan öz Allahıyla rahatca danışmaq haqqına, hüququna malikdir - istəyir qışqıra-qışqıra danışsın, istəyir içində. Və insan danışanda arzusunu da, gileyini də, diləyini də, hətta etirazını da ifadə etmək sərbəstliyini yaşayır. Ona görə də mənim Allahdan ruhumu yerdən götürməsini istəməyimin özü bir ricadı, bir təmənnadı. O ki, qaldı yaşamağa…

Bu məmləkət həm yaşayanlar üçündü, həm yaşadanlar üçündü, həm sürünənlər üçündü, həm ayaqda olanlar üçündü, həm də ayağa düşənlər üçün… Təəssüf ki, ayaqda olmaq haqqından yararlanıram, yaşamaq haqqından yox. Bu problemi yaradanlar özlərini yaşamaq və yaşatmaq hüquqlu sayanlardı. Onlar imtiyazlı təbəqədilər, zümrədilər. Olsun, nə deyirəm ki. Bircə ağlımdan, ürəyimdən gəlib keçən budu ki, ayaqda olanda da, yaşayanda da, yaşadan da, hətta sürünəndə də özün olmağı, öz özəlliyini qorumağı bacarmalısan. Yoxsa, harda olursan ol, özünü, ilkinliyini saxlaya bilməyəcəksən, heç bir məna kəsb etməyəcəksən, heç bir anlamın ifadəçisi olmayacaqsan. Çünki…


Yaşamaq təkcə cismən yox,

Həm də ruhən olmalıdı…

Ruhun camı səbrdən çox -

Sevgi ilə dolmalıdı!..


Ürək üsyan qərargahı,

Duyğularsa üsyan edən…

İçdən gələn hər bir ahı -

Zənn et intihara gedən!..


Susub biganə baxışla

Heç nəyə salmamaq meyil…

Allah, sən məni bağışla -

Vallah, bu heç ömür deyil!..


Yaşamaq mənim baş bəlam

Bilmədən üzə çıxıram…

Səni də bezdirdim, canım -

Nömrəni son kəs yığıram!..


Bəli, 40 gündən sonra yaşadığım, daha doğrusu, içində ölüb-dirildiyim təkliyim bu yazını mənə yazdırdı. Bəlkə sən qələmi indidən götürəsən?..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK