adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Yaxzı padzahın nağılı"

56409 | 2012-03-16 15:21
(əvvəli ötən sayımızda)
   
    Padşah bir az da düşündü və ağlına çox sadə, çox dərin bir fikir gəldi: "yaxşı, niyə gərək hamının qeydinə qalasan, hamını xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən.
   
   Niyə hamının kefi kök olmalıdır, səninki pis".
   
   Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa gəlib ardını düşünməyə başladı. "Çox əcəb, əgər mənim arvadım, ailəm, həmpeşəm, dostum, curum yoxdursa, heç olmasa ortağım olmalıdır - yuxusuzluq şəriklərim.
   
   Kimsə yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə mənimlə əlbir olmalıdır.
   
   Kimsə yox, hamı! Səhərə yaxın qərar hazır idi: məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar banlayanda padşah bu qanunu imzaladı və ilk dəfə sakit və bərk yatdı.
   
   Sabahısı fərman camaata çatdırıldı:
   
   1. Məmləkətdə heç kəs yatmamalıdır.
   
   2. Məmləkətdə hamı xoşbəxt olmalıdır.
   
   Bütün məmləkət bu fərmanı sevinc və şadlıqla qarşıladı - axı bu padşahın müdrikliyinin və camaat haqqında qayğısının yeni təzahürü idi.
   
   Padşahın qəlbi də camaatın sədaqətindən, səmimi sevgisindən isinir, fərəhlə dolurdu. Bax bu saat, bu gecə vaxtı, padşah yuxlaya bilmir, bütün məmləkət də yatmır. Doğrudur, hərə öz evindədir, padşah isə əvvəlki kimi sarayında təkdir.
   
   Amma o bütün varlığıyla min cüt qapanmamış, qırpılmayan gözün mehriban baxışlarını duyur.
   
   Padşahın heç ağlına da gəlmirdi ki, təbəələrinin yatıb-yatmadığını yoxlasın. Onun şübhədən, yalandan zəhləsi gedirdi. Padşah hamıya inanan padşah idi.
   
   - Təbəələrim xoşbəxtdirmi? - deyə padşah keçmiş ikinci vəzirdən xəbər alırdı. Baş vəzir qaçandan sonra ikinci vəzir onun yerini tutmuşdu.
   
   - Əlbəttə, padşah sağ olsun, sizin təbəələriniz yer üzündə ən xoşbəxt adamlardır.
   
   - Onlar yaxşı, mehriban dolanırmı? - deyə padşah soruşurdu.
   
   - Əlbəttə, padşah sağ olsun. Hər dəqiqə qucaqlaşıb öpüşürlər.
   
   - Bu ağ yalandır - deyə keçmiş üçüncü, indiki ikinci vəzir qəflətən sözə qarışdı.
   
   Hamı mat-məəttəl donub qaldı.
   
   İkinci vəzir:
   
   - Padşah sağ olsun - dedi - sizi daim aldadırlar. Təbəələriniz heç də öpüşüb qucaqlaşmırlar. Onlar səhərdən axşamacan qızğın mübahisə edirlər.
   
   - Mübahisə edirlər? - deyə padşah təəccübləndi - nə barədə mübahisə edirlər?
   
   - Onlar bəhsə-bəhs edirlər. Hər biri deyir ki, dünyada ən xoşbəxt adam mənəm.
   
   - Hə, belə de - padşah rahat nəfəs aldı. - Onda eybi yoxdur, bu sağlam mübahisədir.
   
   Padşah fikrə getdi və öz-özünə qərara gəldi ki, ikinci vəziri prinsipial və doğrucu adam kimi birinci vəzirin yerinə, birinci vəziri isə ikincinin yerinə təyin eləsin.
   
   Amma birdən üçüncü vəzir söz aldı.
   
   - Padşah sağ olsun - dedi - məndən böyük vəzirlər, ikisi də haqlıdır. Amma bir şeyi deməyi unutdular. Təbəələriniz qucaqlaşıb öpüşürlər də, qızğın mübahisələr də edirlər. Ancaq ən çox bir-birlərini əzişdirirlər.
   
   - Əzişdirirlər? - padşah üz-gözünü turşutdu - aman allah, bu nə vəhşilikdir. Axı niyə bir-birlərini əzişdirirlər.
   
   -Bu səhər iki novcavan lap az qala bir-birlərini öldürmüşdülər - deyə üçüncü vəzir xoş, həlim səslə sözünə davam etdi - biri deyirdi ki, hamıdan çox padşahımızı mən istəyirəm, o birisi deyirdi ki, dünyasında ola bilməz, məndən çox onu istəyən yoxdur.
   
   Padşah qızardı və utancaq-utancaq gülümsündü. Üçüncü vəzir baş vəzir, baş vəzir üçüncü vəzir oldu. İkinci elə ikinciliyində qaldı.
   
   Gecə padşah düşünürdü: "Görünür mən çox yaxşı padşaham ki, camaat məni bu qədər istəyir, bir-birlərini əzişdirirlər hətta.
   
   Bu fikirlərdən padşahın camaata lap südü daşdı. "Neyləyim ki, camaatımı bir az da artıq xoşbəxt eləyim" - deyə düşündü.
   
   Yuxusuz gecələrində elə hey bu barədə düşünürdü. Düşünürdü, tapa bilmirdi, darıxırdı. Nəhayət bir gecə ağlına gözəl bir fikir gəldi: "Yaxşı, balam, vəzir demir ki, yuxular qadağan olunandan bəri, camaat xeyli xoşbəxtləşib? Deməli camaatı daha da xoşbəxt eləməkçün yenə bir şeyi qadağan eləmək gərəkdir"...
   
   Səhər padşah vəzir-vəkili məşvərətə çağırdı.
   
   - Məsələ belədir - deyə onları işdən agah elədi və sözünü belə tamamladı: - fikir məndən, qadağanları tapmaq sizdən. Nəyi qadağan edək ki, camaatın kefi bir az da durulsun.
   
   Vəzirlərdən biri əlifbadan "S" hərfinin çıxarılmasını və "S" hərfi olan bütün sözlərin qadağan olunmasını təklif etdi. Onun dili şirin idi. "S" yerinə "C" deyirdi.
   
   O biri vəzir təklif etdi ki, qadınlar saçlarını dibindən vurdursunlar; qızlara, qadınlara saç saxlamaq qadağan olunsun. Onun arvadı daz keçəl idi.
   
   Vəzirlərdən biri də dedi ki, hər yanı, hər şeyi mixəyi rəngə boyayaq. O, daltonik idi, rəngləri ayıra bilmirdi.
   
   Nəhayət vəzirlərdən biri də, nədənsə təklif elədi ki, sual işarəsi və sual cümlələri qadağan olunsun.
   
   Bütün təkliflər qəbul olundu. Padşah dedi:
   
   - Amma unutmayın ha... Fərmanda xüsusi qeyd edilməlidir ki, hamı xoşbəxt olmalıdır.
   
   Bir neçə gündən sonra padşah: - təzə qanunlarımız yaxşı icra olunur? - deyə xəbər almaq istədi, ancaq yadına düşdü ki, sual qadağan olunub və cümləsini təsdiq şəklində dedi. Sonra əlavə etdi - heç bir çətinlik-flan da yoxdur.
   
   Baş vəzir:
   
   - Yoxdur - dedi. Padşah:
   
   - Amma mən özüm bəzi çətinliyə düşürəm - dedi. - Padşah hamıdan qabaq özü öz qanunlarına riayət etməlidir. Doğrudur, mən nə qadınam, nə də rəssam, odur ki, o maddələr heç vecimə deyil...
   
   Amma... hərfi, bilirsiz də hansı hərfi deyirəm... Bu maddə yaman cəncəl imiş. Mən heç bilməzdim ki, bizim yəcuc-məcuc dilində həmin hərf olan bu qədər söz varmış. Amma bundan da cəncəlli sual maddəsidir.
   
   Mənim iki qaraulçum var. həmişə vaxtı onlardan xəbər alardım. İndi qalmışam belə, xəbər ala bilmirəm. Qaraulçulardan biri arifdir.
   
   Vaxtı bilmək istəyəndə ona deyirəm: indi saat on ikidir.- Xeyr, padşah sağ olsun - deyir, yeddinin yarısıdır.
   
   Amma ikinci qaraulçu qanmazın biridir. Həm qorxaqdır, həm də yaltaq. Hansı saatı desəm: bəli, bəli, padşah sağ olsun, düz buyurursunuz - deyir.
   
   Onun növbəsi olanda vaxtı bilə bilmirəm.
   
   Padşahla vəzir qərara gəldilər ki, bundan sonra sual qadağası, istisna olaraq onların ikisinə aid deyil. Bu gecə vəzirlə söhbətdən sonra padşah yenə yata bilmirdi. O düşünürdü.
   
   Düşünürdü ki, dünya çox gidi dünyadır.
   
   Onun fərmanları gör nə qədər adamı xoşbəxt edib, padşahın özüyçün isə bu qadağalar əziyyətdir, çətinlikdir. Bütün qadağaları yadda saxlamaq yaman dərddir. İllah da padşahın özüyçün.
   
   Padşah burda qalsın, sizə kimdən deyim, baş vəzirdən.
   
   Günlərin bir günündə baş vəzir padşahın yanına iri bir müçrü gətirdi. Mücrü dolu material idi.
   
   Baş vəzir o biri vəzirlərin qanunu pozmalarına aid sanədlər gətirmişdi. Padşah dəhşətə gəldi - burda nələr yox idi?! Maqnitofon lentinə vəzirlərdən birinin səsi yazılmışdı - gecə vaxtı arvadıyla söhbətdə o yasaq hərfli sözlər deyirdi.
   
   Mixəyi deyil, yaşıl yarpaqlı budaq - bu budaq vəzirlərin birinin həyətlərindəki ağacın budağıdır.
   
   Fotolardan biri başqa bir vəzirin uzun hörüklü qızının şəkli idi.
   
   Və nəhayət, xüsusi gizli cihazla ikinci vəzirin sayıqlamaları yazılmışdı - aydın məsələ idi ki, sayıqlayırdısa, deməli yatıbmış, hətta yuxu da görürmüş, yaramaz, özü də haçan - şənbə günü.
   
   Padşahın dili-dodağı əsirdi. O çox kövrək və dəymədüşər padşah idi.
   
   - Neyləyək bunlara, bu qanunu pozanlara? - deyə padşah həyəcanla soruşdu.
   
   Baş vəzir xoş və mehriban səslə:- Padşah sağ olsun - dedi - hələlik, əvvəl-əvvəl tutaq basaq. Dalısına baxarıq.
   
   - Hara basaq?
   
   - Məhbəsə - deyə vəzir həlim və yavaş səslə cavab verdi.
   
   - Padşah:
   
   - Axı bizim məmləkətdə məhbəs yoxdur - dedi. Vəzir daha da incə və yumşaq səslə:
   
   - Yoxdur, tikərik - dedi.
   
   - Padşah fikrə getdi, sonra dedi:
   
   - Onda ən yaxşı memarlara tapşırın. Müasir üslubda, yaraşıqlı, sadə və dəbdəbəli olsun.
   
   Vəzir:
   
   - Ən yaxşı layihə üçün müsabiqə elan edirik - dedi.
   
   Padşah:
   
   - Bina əzəmətli, təntənəli və möhkəm tikilməlidir - dedi. - Biz gələcəyi də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün deyil, gələcək nəsillərçün də tikməliyik.
   
   105 layihədən biri bəyənildi. Qısa müddətdə möhtəşəm və geniş bir imarət ucaldıldı. İmarət nə imarət, ayağı dəryadan, başı göydə buluddan nəm çəkir, bir kərpici qızıl, bir kərpici gümüşdən, adam baxanda gözü qamaşır. Məhbəs elə yaraşıqlı idi ki, adamlar qəsdən qanunu pozurdular - təki ora düşsünlər. Tezliklə məhbəs zığ verincə doldu və heç bir cinayətlə ora düşmək mümkün olmadı. Tək-tük zirəklər rüşvətlə, tanışlıqla bir-iki gecəliyə 98-99-cu mərtəbələrdəki kameralara düşə bilirdilər.
   
   1000-ci məhbus-baş vəzirin gözəl və gənc bibisi qızı- Miss Məhbəs e"lan edildi. Padşah şəxsən onu öpdü və biləyinə zərli qolbaq-buxov taxdı.
   
   Baş vəzir özü də Məhbəsdə özüyçün yeddi kameralıq bir mənzil qapışdırmışdı. Pəncərəsindən gözəl mənzərə açılırdı: dəniz görünürdü. Bilmirəm hansı dəniz - ya Qırmızı dəniz, ya Sarı dəniz...
   
   Sözün doğrusu, padşahın özünün də bu məhbəsdə gözü vardı. Bir ara istəyirdi ora köçsün. Sonra fikirləşdi ki, qonşu məmləkətlərdə bu hərəkəti düzgün qiymətləndirməzlər.
   
   Padşah yata bilmirdi ki, bilmirdi. Yaman ürəyi darıxırdı.
   
   Heç aram tapa bilmirdi. İcazə verilməli nə vardısa icazə verilmişdi, qadağan olunmalı nə vardısa qadağan olunmuşdu. Padşaha bircə düşünmək qalırdı.
   
   O da elə hey fikir çəkirdi. Yenə dərin düşüncələrə dalmışdı ki, nagahan başına iki fikir gəldi. Həm də bu iki fikir bir-biriylə həmqafiyə idi. Padşah lap mat-məəttəl qaldı, bir az da düşündü və bu iki qafiyə fikrə üçüncü bir qafiyə fikir də tapdı.
   
   Belə olan surətdə qərara gəldi ki, bütün fikirlərini qafiyələsin.
   
   Padşah bu işə elə uydu ki, uzun-uzadı bir şeir yazdı. Şeiri bitirəndə isə əvvəlki fikirlərini unutdu və başa düşdü ki, fikir əsas deyil, əsas qafiyə və şeirdir.
   
   Əslinə baxanda şe"r yazmaq dünyada ən vacib işdir, padşahlıq, taxt-tac-flan isə bir qoz.
   
   Bu fikrə gəlib padşah düz beş yüz əlli beş şer yazdı. İndi padşah qəti yəqin eləmişdi ki, bu dünyaya padşahlıq etməkçün yox, şeir yazmaqçün gəlib. İstədi səhər bu barədə bütün məmləkətə car çəksin.
   
   Ancaq o başdannan belə bir fikrə gəldi ki, car çəkmək-flan lazım deyil, bu barədə hamıya, illah da baş vəzirə demək də vacib deyil, lazım deyil və hətta təhlükəlidir.
   
   Padşah belə qərara gəldi ki, mənim padşahlığım gərək şairliyimə mane olmasın, şairliyim də padşahlığıma.
   
   O çox ayıq padşah idi.
   
   Amma hər bir şairin də, hər bir padşah kimi gərək camaatı, kütləsi olsun. Padşah şeirlərini saray şairlərinə oxumaq istəmirdi. Onlara inanmırdı. Bir dəfə tək səbr gətirmişdi, saray şairləri bir ağızdan demişdilər ki, xeyrədir. Axşam isə arvadı vəzirə qoşulub qaçmışdı. Bundan sonra padşah saray şairlərinə inamını itirmişdi.
   
    (Ardı var)

TƏQVİM / ARXİV