adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

UZUN ALLAHVERƏN

24841 | 2012-07-28 08:56
(Əvvəli ötən şənbə
   
   saylarımızda)
   
   
   
   Sovet hökumətinin qurulması insanların həyat, yaşam tərzini darmadağın edir, yeni quruluş yeni bəlalar gətirir, bu haqsızlığa, zorakılığa dözməyənlərin çoxusu güllələnir, qazamatlara salınır, ellərin obaların fəxri, vüqarı sayılan igidlər isə qaçaqlıq edərək bu ədalətsiz zülümlərə qarşı üsyan edirdilər.
   
   Uzun Allahverən bu quruculuqların heç birində iştirak etmir, yenə də göydəmir atının üstündə, əli beşaçılanlı qürurla, şəstlə gəzirdi. Onun zahiri ilə bətni arasında gecə ilə gündüz fərqi var idi.
   
   Adam öldürməyin nə dərəcədə böyük cinayət olduğunu bilir, bir Türkün burnunun belə qanamasını istəmirdi.
   
   Bu yeni qurluş atası İsa koxanın da yanından sakit ötüşməmişdi. Sovet quruluşuna qarşı tab gətirmək mümkün olmadığından, çox şeylə barışmaq məcburiyyətində qalan bəylər, koxalar, cavanlara da barışmağı tövsiyyə edir,qaçaqların sürdüyü həyat tərzinə nəzər salıb, igidləri, ərənləri bu yola düşməkdən çəkindirirdilər.
   
   İsa koxada zatən yaşadığı dövrün varlı, hallı, kişilərindən olmasına baxmayaraq öz halal xisləti, ədalətli mülahizələri, ağır samballı otruşu-duruşuyla bütöv İncə dərəsinin, eyni zamanda ətraf kəndlərin də ən sayılıb- seçilən nifuzlu ağsaqqallarından biri idi.
   
   İsa koxanın anası Salahlı qızı olduğundan, Uzun Allahverən Salahlı camaatı ilə sıx əlaqədə olar, gediş gəlişi qoruyub saxlayardı.
   
   Əslən Salahlı şenniyindən olan Qaçaq Cahangirdə bu ədalətsiz qurluşa qarşı çıxmış, qaniçən zalımlara qarşı vuruşaraq, qaçaqlıq etməyə başlamış, qısa zaman ərzində igidliyi ilə şan şöhrət qazanmışdı.
   
   Uzun Allahverənin də qaçaqlıq bir neçə dəfə könlündən keçmiş, amma öz-özünə düşünüb belə qərar vermişdi ki, əksinə, zahirən hökumətə yaxın görünüb, qaçaqlara kömək və yardım etsin...
   
   
   
   ***
   
   Fəsillər dünyanın nizamı, düzgüsü, heç nəyə tabe olmayan pozulmaz tərəzisidir. Dünyada, insanlar arasında baş verən hər növ dəyişikliyə, davalara, qırğınlara, zəlzələlərə və s. baxmayaraq, fəsillərin nizamı bircə an belə dəyişmir. Qış qarını, buzunu əridib baharı dünyaya gətirir, bahar öz növbəsində yatmış torpağı oyadıb dunyanı al-əlvan rəngə boyayır. Tumurcuqlar çiçəkləyir, təbiyyət nəfəs alıb yenidən dirilir san ki. Heç bir soyuğa, şaxtaya məhəl qoymadan hər ağac öz növbəsində çiçəkləyir, hər gül, hər çiçək öz növbəsində açılır, hər quş öz xoş avazıla Allahın bu pozulmaz nizamına nəğmələr qoşub, oxuyurlar...
   
   Beləliklə fəsillər, gecə ilə gündüz, aylar-illər kimi öz nizamını pozmadan Allahın eşqiylə öz ömürlərini yaşayırlar.
   
   Elə durna qatarları da bu nizamın, bu düzgünün bir fəsli deyilmi? Yazbaşı qaranquşların uçub gəlmələri, quşların öz növbələrində yuva qurub bala çıxarmaları, taxıl zəmilərinin eyni zamanda saralmaları və s. Allaha olan sevgilərin təzahürü deyilmi? Dünyanı diri saxlayan bu düzgü, bu nizam deyilmi?..
   
   Durna köçünü çox xoşlayıram. Nədənsə (insanların bu nizama, bu düzgüyə müdaxiləsindəndi bəlkə) durna köçü, durna qatarı yaman seyrəlib göy üzündən.
   
   
   
   ...Söndürmüşük ocaqları,
   
   Ocaq yerləri sönməyir.
   
   Qoşulardım qatarına,
   
   Durnalar geri dönməyir.
   
   
   
   Hanı başı papaqlısı,
   
   Papağı qeyrət olanın?
   
   Durnaları qayıdarmı,
   
   Vətəni qurbər olanın?...
   
   
   
   Çox tez-tez dillərdə, hətta televiziya ekranlarında səslənən, 2012-ci il dünyanın sonu olacaq" və. s fikirlər məni çox narahat edir. İnsanların quraşdırdığı bu naqis fikir məni pərişan edir:
   
   
   
   İnanmıram əcəl ilə
   
   Ölmək dünayın sonudur.
   
   Birdən birə havalanıb,
   
   Gülmək dünyanın sonudur.
   
   
   
   Dəli şimşəklər çaxdısa,
   
   Qara leysanlar axdısa...
   
   Son ümid - son yarpaqdırsa,
   
   Külək dünyanın sonudur.
   
   
   
   Haqdi Tanrının bölümü,
   
   Birdir sevinci,zülümü.
   
   Ölməkdən qabaq ölümü
   
   Bilmək dünyanın sonudur.
   
   
   
   Ötüşər pəsdən durnalar,
   
   Hürküşər səsdən durnalar.
   
   Pozulsa səfdən durnalar,
   
   Demək dünyanın sonudur.
   
   
   
   Deyəsən mətləbdən bir az uzaqlaşdıq ...
   
   Quyruq doğan ayı da gəldi çıxdı. Təbiətin bu nizamına uyğun olaraq, İncəlilərdə öz yaşantılarını bu nizam üstündə kökləyir, halal zəhmətləri, torpağa olan sevgiləriylə Allahın yaratdığı bu nizamın bir hissəsinə dönürdülər.
   
   Yaylaqda artıq soyuqlar başlayırdi, yayın payız dönəmi, quyruq doğdu"-dan başlayır, binələri seyrələn dağları çən, yağış, qar bürüyürdü. Belə günlərin birində Ağamalı Sadiq yazırdı:
   
   Gümüş şimşək göy dələndə,
   
   Körpə bulaq kövrələndə,
   
   Binələri seyrələndə,
   
   Öz - özündən küsən dağlar ...
   
   
   
   ***
   
   Yaylağa köç başlayanda bir başqa növrağı olan yaylaqlar kimi, yaylağa köçənlərin də bir ayrı ovqatı olardı. Köçün də öz qayda qanunları var idi. Uşaqdan böyüyə, hətta ən kasıb adamlar belə öz vədəsində yaylağa gedər, kənddə, Ağırlıqçı" adlanan 4-5 nəfər qoca kişi qalardı. Onların hərəsi bir məhləyə, yurda cavabdeh olardı.
   
   Həftələrlə yol gedən köç karvanlarının hayı - harayı hər yanı başına götürər, qabaq hissədə çobanlar qoyun sürülərini haylayar, atlar kişnəşər, quzular mələşər, qulağı, quyruğu kəsilmiş qaplan itlər hürüşərdilər.
   
   Ulaqlar qoşulmuş arabalar xırça - xırçla yol daşlarını əzə-əzə yırğalanar, arabanın cağlarından asılmış vedrələr cınqıldaşar, at belində gedən bər - bəzəkli xanımlar arabaya doluşmuş uşaqlara nəzarət edər, cavan qızlar yolboyu bənövşə, nərgiz, baldırğan, quzuqulağı, sapaq, süpürgə dərərdilər.
   
   Yorulmuş köç yurd yerlərində, bulaq başında dayanar, azuqələr süfrələrə düzülər, yemək, içmək məclisi başlanar, bir yanda qara zurna göy üzünə havalanar, bir tərəfdən də saz havaları dağlara layla oxuyardı. Bir ayrı növrağı vardı köç yollarının...
   
   Uzun Allahverəndə öz ailəsi ilə birgə bu köç karvanının lap ön sırasında göy atının belində tərlan görkəmində köçə bələdçilik edirdi.
   
   Adətən köç zamanı erməni quldurları köçə hücum edər , camaatı incidər, azuqə və s. qarət edərdlər. Amma Uzun Allahverən olan köçə heç biri cəsarət edib basqın edə bilmirdi. Onun sərrast atıcı olduğunu beşikdə mələyən körpələrinəcən hamı bilirdi. Aslanbəyli camaatının əsas yaylaq, düşərgə yerləri Ermənistanın Dilcan və Kirovanan (Qarakilsə) şəhərlərinin ərazisində olan, Çardaqlı", Yağlı gədik", Məzəm" və s. adlanan yurd yerlərində düşərgələr salınar, hər kəsin özünə məxsus, Şəmmədli yurdu", Məlikli yurdu ", Yaxvıllı yurdu" və s. Yurd yerləri olardı...
   
   Yaylaqda artıq yır-yığış fəsli gəlib çıxmışdı və yaşlı ağsaqqallar bir yerə toplaşıb Aran köçünün məsləhət - məşvərətini edirdilər. Yanaqları qıpqırmızı qızarmış uşaqlar gəlinlər, qızlar dəyələrə girib çıxar, kilimləri, gəbələri çırpıb yığır, nehrələri, qarınlara yığılmış məsil yağlarını, sapsarı kəhrəbaya oxşayan qurumuş qurudları, pendir yığılmış iri qabları, üstüdən yağı daman motalları arabalara doldurdular.
   
   Quyruq doğan aydan, avqustun ortalarından sonra hamı qayda qanunla arana köçməyə hazırlaşır, kökəlib dərisinə sığmayan qoyun, quzu sürüləri bir idisə, iki olub, arana dönərdi.
   
   Uzun Allahverən də öz ailəsiylə hazırlıq işləri görürdü. Ailəsi 3 nəfərdən ibarət idi. Arvadı Mələk xanım, qızları Güləndam və Sənubər (kənd camaatı onu Tamaşa kimi tanıyırdı) yır-yığışa başlamışdılar. Allahverən dəyənin çadırlarını səliqə ilə qatlayıb, arabanın alt hissəsində döşəmişdi. Artıq ulaqların boyunduruqları keçirilib aşağı hissədən samılarla bərkidilir, uzunqulaqlar palanlanır, dolu xurcunlar bellərindən aşırılır, orta hissəyə iri şələlər bağlanardı. Beləliklə yurd yerində ancaq bozaran dəyə yerləri, birdə köçənlərin arxasınca baxan ocaq yerləri, sacayağı əvəzi düzülmüş yastı, qara daşlar, odu sönmüş kösöylərdən başqa bir şey gözə dəymirdi .
   
   Uzun Allahverən atını yəhərləyə-yəhərləyə hələ də özünü danlayırdı ki, gərək Mamoy bəyə bələdçilik edəydim.
   
   Qardaşı Qiyas bəyə görə tutulacağından ehtiyat edən Mamoy bəy türkiyəyə keçmək fikrinə düşmüşdü. Gəmi ilə keçməkdən, atla keçməyi üstün tutan Mamoy bəy Qarakilsəyə gəlir, yolda bələdçilik və xilaskarlıq köməyi almaq üçün Uzun Allahverənin məhləsinə gəlir. Fikrini ona bildirdikdə Allahverən razılıq verir. Amma bu şərtlə ki, bacısı Səyalı xanımdan xeyir-dua alsın.
   
   Səyalı xanım üç bacının kiçiyi olduğu üçün onun xətrini cox istəyirdilər. Qardaşının Türkiyəyə keçmək istəyini biləndə bacıları və uşaqları ilə birgə onun ayağına döşənirlər. Vəziyyəti belə görən Mamoy bəy Allahverənsiz keçməli olur. Səfərin planı artıq məlum idi. Məzəm yaylağından Qarakilsə görünürdü . Ordan "Gümrü"-yə ( Leninakan), oradan da Türkiyyəyə keçməli idi .
   
   Uzun Allahverən atı yəhərləyib, su ilə doldurulmuş tuluqları qançırlardan asdı. İçi azuqə və patronlarla dolu heybəsini yəhərin arxa tərəfinə bərkitdi. Qara, qıvrım yapıncısını bükərək heybənin üstündən möhkəmcə sarıdı. Beşaçlanının mağazinini bir də yoxlayıb patrondaşla bəzənmiş çiyninin arxa tərəfindən keçirdi. Artıq arabalar köçə hazır vəziyyətdə idilər.
   
   Kənddə yaşayan olmadığından kəndin rəhbərləri də ailəsiylə yaylağa köçürdülər. Həmin vaxt Aslanbəylinin kənd sovet sədri, həm də partiya təşkilat katibi Aşır oğlu Şərif idi. Köç yolları adətən bu zamanlar Erməni qaçaq-quldurları ilə dolu olurdu. Onların axtardıqları kənd rəhbərləri və partiyaçılar idi. Bunu Aşır oğlu Şərifdə çox gözəl bilirdi. O da bütün ümidlərini isə uzun Allahverənə bağlamışdı. Odur ki, məsləhətləşib uzun Allahverənlə, Aşır oğlunun məhləsi eyni gündə hazırlaşıb yola düşdülər. Araba ilə kəndə köç dörd günlük yol idi. Yüklü arabaları kişilər sürür, qadınlar isə at belində gedərdilər.
   
   Qabaqda Aşır oğlu Şərifin arabası gedir, arxasınca isə başqa arabalar qatarlanmışdılar. Köçün ikinci günü Noyanbıryan şəhərinə çatdı. Armudlu yoxuşu hamının gözünə durmuşdu. Min metirlik bu yoxuşu çıxana kimi yol əhli bir dəfə dayanıb dincəlməli olurdular. Arabalara qoşulmuş kəllər fısqırar, ağızları köpüklənərdi. Yorulmuş uzunqulaqlar, qatırlar qamçının şaqqıltısına baxmadan dayanıb tövşüyə-tövşüyə nəfəs alırdılar. Yoxuşun başına çatanda, atlı arvadlar atdan düşüb atlarına dincəlmək üçün istirahət verdilər.
   
   Uzaqdan gələn bir dəstə atlı tozanaq qopararaq köç karvanına tərəf çapırdılar. Hamı təşviş içindəydi. Gələn atlılar vəhşiliyi və qəddarlığı ilə seçilən Vaniçko və Hamponun dəstəsi idi.
   
   Qadınları və atları nəzərdən keçirərək gümüşyəhərli göy atın qantarğasında yapışan Hampo Səyalı xanımın qışqırtısından diksinib geri çəkildi.
   
   - Ala bilməzsən. Bu atın sahibi olmaq istəyən çox erməni başından keçib.
   
   Elə bu vaxt Aşır oğlu Şərifin arabası hadisə yerinə çatdı. Qabaqda gedən arabaçılar quldurların yolu kəsdiyini arxaya çatdırdılar. Özünü yetirən arabanın Aşır oğlu Şərifin olduğunu bilən kimi Hampo tüfəngi çəkərək qışqırdı:
   
   - Şərif! Qəlyanın odu keçən vaxtıdır, vəsiyyətini elə, son sözünü de.
   
   Aşır oğlu cavab fikirləşirdi ki, Allahverən sərrast atəşi ilə Hamponun əlindəki silahı vurub yerə saldı.
   
   Allahverənin şimşək kimi gurlayan atəşi, gur, amiranə səsi Hamponun canına üşütmə saldı:
   
   - Ey kafir oğlu kafir. Nə qədərki qızıl qanın yeri gölməçə etməyib, qaçaq quldurlarını da götür sürük burdan.
   
   Hampo özünü toparlaya bilməmiş, Uzun Allahverən bir alıcı qırğı kimi geri dönməyi ilə ikinci güllə açıldı. Onu arxadan vurmaq istəyən qaçağın papağı başından qopub qaratikan kolunun budağından sallana qaldı. Yerlərində donub qalan quldurlar Allahverənin məharəti qarşısında mat-qut qalmışdılar.
   
   Papağı başından quş kimi uçan Vaniçko qara tikan koluna yaxınlaşıb papağını götürdü. Dəstə kor peşiman gəldikləri səmtə qaçaraq gözdən itdilər.
   
   (Ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV